Yetim Söyün
Страница 5 из 7 · 57%
Qara vəzir deyir:
– İnşallah ölməzsən, a qızım. Yenə dərd yiyəsi dərmanını bilər. Sənə nə alım, nə gətirim, nə yeyəjəksən, nə içəjəksən, hansı təbibi, hansı loğmanı gətirim, kimnən sənə əlac olar, de, buyruğunda hazır eliyim.
– Ata, mənə həkim filan lazım döyül. Mənim dərdimin bircə əlacı var. O da budu ki, mənim yerimi dəyişəsən. Bu sarayda yaşamax heç mənə düşmür. Mənə elə bir yerdə bina tikdir ki, ora mənim xoşuma gəlsin.
– A qızım, xoşuna gələn yer haradı?
– Qənnət Məhəmmədin tükanının qabağındakı meydan mənim ən çox xoşuma gələn yerdi. Ordan mənə uca bir imarət tikdirsən, şəhərin hər yerini görərəm, dərdim olmaz, xəstəliyim də keçif gedər.
Bəli, nə olajax, vəziriymiş. Puldan, qızıldan əskikliyi ha yoxuydu. Əmr verdi, bir ayın içində Qənnət Məhəmmədin tükanının qabağındakı meydannan elə bir uca imarət tikdilər ki, dibində durub başına papaxlı baxsan papağın düşərdi.
Sənəm xanımın da elə o saat xəstəliyi, azar-bezarı, hər nəyi varıydı qurtardı. Özü də otuz doqquz qul-qarabaşnan köçdü bu imarətə. Elə ki imarətə köçdülər qızdardan birinə buyrux verdi ki, get, bir kənkan tap gətir. Qız gedif bir kənkan tapıf gətirdi. Sənəm xanım üz tutdu kənkana dedi:
– A kişi, sən bu otağın içinnən lağım götürəsən, Qənnət Məhəmmədin tükanınnan çıxarasan. Neçə vaxta başa gələr?
Kənkan dedi:
– Xanım sağ olsun, torpağımı şirin götürən olsa, üç günün tamamında hazır elərəm.
Sənəm xanımın buna acığı tutdu, dedi:
– Bunnan bizimki tutmadı, ötürün getsin.
Qızdar bunu ötürdülər getdi. Sənəm xanım buyrux verdi:
– Ayrı birini tapın.
Qızdar bir sahatın içində ayrı bir kənkan tapdılar gətirdilər. Sənəm xanım bunnan da soruşdu:
– A kişi, bu otaxdan lağımı götürəsən, Qənnət Məhəmədin tükanınnan çıxarasan, neçə vaxta başa gələr?
– Xanım, torpağımı şirin götürən olsa, iki günün tamamında hazır elərəm.
– Bu da yaramadı, ötürün getsin. Bir ayrı qoçağını tapın.
Bir ayrı qoçax kənkan tapıf gətirdilər. Sənəm xanım bunnan da soruşdu:
– A kişi, lağımı burdan götürəsən. Qənnət Məhəmmədin tükanınnan çıxarasan, neçə vaxta başa gələr?
– Xanım, torpağımı şirin götürən olsa, axşam başlaram sabaha hazır elərəm.
Sənəm xanım gördü, bu elə o axtardığıdı ki, var. Oydu ki, dedi:
– Hə, tapdıx, onda işə başla.
Sənəm xanım əmr verdi, qızlar kənkanın qazdığı torpağı çəkib bayıra tökməyə başladılar. Bir kənkanın qazdığı torpağı otuz doqquz qul-qarabaş zornan çatdırıb bayıra daşıyırdı. Hələ səhər işıqlaşmamış lağım hazır oldu. Ağca qız Sənəm xanımnan qabax əlində də şam lağımnan gəldi çıxdı Qənnət Məhəmmədin tükanına.
Söyün şirin yuxuda yatdığı yerdə bir də baxıf gördü ki, əyə, otax işıqlandı. Bir dənə qadındı otaxda hərrənir, əlində də şam var. Öz-özünə dedi:
– Əşşi, gecənin bu vaxtı bu kimdi, cindi, şeytandı, nə işin yiyəsidi gəlif girif otağa?
Ağca qız gəlir, yatdığı yerdə boynunu qucaxlıyıf üzünnən öpür. Deyir, sonra onsuz da Sənəm xanım mənə rüsxət vermiyəjək. Qoy heç olmasa indi bir doyunca səni öpüm. Söyün baxır ki, bu Sənəm xanımın yanındakı qızdardandı. Xəbər alır:
– Bə, sən hardan gəldin, burya necə girdin?
Ağca qız lağımı göstərir ki, bəs, burdan. Hal-qəziyyədən Söyünü hali eləyir. Özü də deyir ki, Sənəm xanım səni çağırır. Söyünün üstünə, elə bil, gün doğur. Sevincinnən bilmir neyləsin. Duruf Ağca qızın arxasına düşür. Ağca qız qabaxda, Söyün dalda lağımnan gəlillər Sənəm xanımın yanına. Söyün baxıf görür ki, Sənəm xanım al-əlvan touz quşu kimi bəzənif, tel teldən keçir, bel üzükdən keçir. Səbirsizdiknən Söyünün yolunu gözdüyür. Görüşüllər, öpüşüllər, hal-əhval tutullar. Bir qədər söhbətdən sonra Sənəm xanım əmr verir, süfrə açılır. Dünyanın hər nazü neymətinnən süfrəyə düzüllər. Elə bil hind padişahi oğluna toy eliyir. Bəli, yeyillər, içillər. Bir qədərdən sonra Sənəm xanım deyir:
– Ay Söyün, indi bilirsənmi nə var? Mənim gözəlliyimi, göyçəkliyimi bir yana qoyax. Bu bir ayın içində gördüyün imarəti tikdirmişəm. Bir gecədə yerin altınnan lağım atdırıf Qənnət Məhəmmədin tükanına yol açdırmışam. De görüm, bu qədər əziyyətin, cəfanın qabağında mənim şəxsiyyətimə nə layiqdi, sən ona bir qiymət verginən, görüm doğrudu, ya yalan. Orda götürüf görək Söyün nə deyir, Sənəm xanımın əziyyətini necə qiymətləndirir.
Hər gözələ mən ha gözəl demərəm,
Gözəllərdə qeyri əlamət olu.
Zülf pərişan, gərdən düşüb bir yana
Özündən bixəbər bir babət olu.
Camalda, kamalda özü bir dənə,
Hər tərif yaraşır desən isminə,
Zər atlası salıb başdan gərdənə,
Açılsa sinəsi qiyamət olu.
Söyünün sevgisi nazik cilvəli,
Şirin ədaları nazü qəmzəli,
Kimin olsa yarı belə işvəli
Bu dünya qəminnən səlamət olu.
Söz tamama yetir. Sənəm xanımın öz otağıdı. Kimnən qorxusu, ürküsü ola bilər.
Bular burda kefdə-damaxda olsun. Sizə kimnən xəbər verim, şəhərin camahatınnan, bir də şəhərin tükançılarınnan… Xudavəndi-aləm tərəfinən Söyünə o qədər gözəllik, göyçəklik, şəxsiyyət verilmişdi ki, bir görən arzu eliyirdi ki, bir də göreydi. Söyünün bu gözəlliyinə tamaşa eləmək üçün şəhərdə eşidən, bilən Qənnət Məhəmmədin tükanına axışıf gəlir. Deyillər, görəsən, bu kimdi, nəçidi, hardan gəlif, nə işin yiyəsidi. İş elə olur ki, daha başqa tükançıların tükanına alış-veriş eləməyə gedən olmur. Hamı gəlif nə lazımdı Qənnət Məhəmmədin tükannınan alır. Axırda cəmi halvaçılar yığışıf Şah Abbasa şikayətə gedir ki, bəs belə-belə, biz xəzinəyə hər il tükanımızdan nə qədər vergi veririk. İndi Qənnət Məhəmmədin yanında bir oğlan peyda oluf. Camalda, şəxsiyyətdə misli-bərabəri yoxdu. Ona baxmağın dərdinnən hamı gedif al-verini Qənnət Məhəmmədnən eliyir. Şah Abbas bu sözə inanmıyıf deyir:
– Bir adamın nə qədər gözəlliyi olar ki, hamı gedif ona baxsın? Elə şey olmaz.
Buna deyillər:
– Şah sağ olsun, hər deyilən yalan olar, öz gözün görənnən danış. Yaxşı olar ki, bir özün get, bax gör biz yalan deyirik, ya gerçək.
Tükançılar bu məlumatı Şah Abbasa verənnən sonra Şah Abbası marax götürür. Deyir, görən bu nə olan şeydi. Fikirrəşir ki, bir bunu yoxlasın, görsün tükançılar yalan deyir, ya gerçək. Oydu ki, bir gün dərviş libas olur, gəzə-gəzə gəlif Qənnət Məhəmmədin tükanına çıxır. Baxır ki, şirin al-ver gedir. Halva satan cavan bir oğlandı. Şah Abbas buna o qədər tamaşa eliyir ki, mayil olur. Hər şey yadınnan çıxır. Müştəri çəkilənnən sonra Yetim Söyün üz tutur Şah Abbasa:
– Dərviş baba, bu tükanda sənin nə işin var? Niyə sözünü demirsən? Dinif danışmırsan?
Söyün belə deyəndə Şah Abbas cavab verir ki:
– Ay oğul, mən bu şəhərdə qəribəm, qonax yerim yoxdu. Məni bu axşam qonax saxlıyarsanmı?
– Dərviş baba, qonax Allah qonağıdı, buyur gözüm üstə yerin var.
Şah Abbas dərviş libasında burda qonax qalır. Əl-ayax çəkilir, gecənin bir vaxtı Sənəm xanım Ağca qızı göndərir ki, get gör Söyün niyə gəlmədi. Ağca qız şam əlində lağımnan üz tutur Söyünün olduğu tükana. O yerdən ki, lağım gəlif tükana çıxırdı, Söyün deşiyin ağzına bir xalça sərmişdi ki, gəlif-gedən lağımnan xəbər tutmasın. Bir vaxt Şah Abbas baxıf görür ki, xalça tərpənir. Bir də baxır ki, budu burdan bir qız əlində şam çıxdı, üz tutdu Söyünə:
– A Söyün, bu lağımda sürünməkdən əynimdə paltar da qalmadı. Siz xanımnan dünyanın ləzzətini çəkirsiniz, əziyyəti nə mənə düşür. Xanım səni gözdüyür axı.
Söyün cavab verir ki:
– Ağca qız, get xanıma deynən bu axşam gələ bilmərəm, çünki qonağım var.
Ağca qız gedir, beş-on dayqa keçməmiş təzədən qayıdıf gəlir ki:
– Bəs, Sənəm xanım deyir, mənim başımda otuz doqquz qız var. Otuz doqquz qonağı olanacan gətirsin.
İş belə olanda Söyün üz tutur dərvişə ki:
– Dərviş baba, gəlsənə mənnən bir yerə qonax gedəsən. Hər halda narazı qalmazsan.
Bəli, Şah Abbas razı olur. Ağca qız qabaxda, onnan sonra Söyün, lap arxada Şah Abbas lağımnan gəlif çıxıllar Sənəm xanımın otağına.
Şah Abbas baxıf görür ki, ey dili-qafil, bu, vəzirin qızı Sənəm xanımdı, özü də vəzirin qızı üçün tikdirdiyi həmən imarətdi. Burda bir kef-damax, çal-oyna var ki, elə bil xotkar oğluna toy eliyir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-yetim-soyun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Qızılgül, ətrini yayıb hər yanaQızılgül, ətrini yayıb hər yana,Hədiyyə olursan dosta, düşmana.
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.