Yetim Söyün
Страница 2 из 7 · 14%
– A kişi, xoş gəldin, beş gəldin, on beş gəldin.
Kişi qayıdır ki:
– Arvad, sən sən olalı, mən mən olalı, sən mənə gələli, sən mənə xoş gəldin deməzdin, belə şirin qarşılamazdın, qəlbində nə var, nədən ötrü sən belə ilticalıx eliyirsən?
Kişi belə deyəndə arvad qayıdır:
– A kişi, düz deyirsən, sən sən olalı, mən mən olalı, mən sənə gəlif gəlin olalı, bu yaşa dolalı heç bizim qapıya bu hörmətdə, bu ləyaqətdə, bu bəzəkdə, bu ziynətdə qonax gəlmiyif. Bu günün muzdunun başından keçginən bu qonağın qarşısında utanmıyax.
Yazıx kişi gedir, bu günün muzdunun başınnan keçir, lazım olan şeylərdən alıf gətirir arvada verir. Arvad tez lətif xurdu-xörək qayırır, gətirif şahın qabağına süfrə salır, xurdu-xörəyi şahın qabağına qoyur.
– Qonax qardaş, bağışdaynan, varını verən utanmaz. Yoxdan verən də o kişidi, o da gözə görünməz. Buyur çörək ye.
Elə ki, kişi bu sözü deyir, şah qayıdır ki:
– Mən istəyirəm, heç sizin bu çörəyinizdən kəsmiyəm.
– Səbəbi nədi, niyə kəsmirsən?
Şah içəri girəndə baxıf görmüşdü, bu otağın bir tərəfində bir gərdək var. Öz-özünə fikirləşir ki, yağın təzə toy oluf, bu gərdək də təzə bəynən gəlinindi, əmə nə qədər gözdüyürsə, görür nə bəy gəldi, nə də gəlin. Deyəsən, gərdəyin heç yiyəsi yoxdu, eləcə boşdu. Şahı fikir götürürkün bəs, boş-boşuna bu gərdəyi niyə quruflar, nədən ötrü quruflar. Axırda ürəyi dözmüyüf deyir:
– Sənin çörəyini yemək istəmirəm onnan ötəri ki, bax, bu gərdək kimindi? Bunun dalında kim var? İndi əgər gəlinindi, mən bu evə gəlmişəmsə, gərək onun boygördüsünü verəm. Yox, ayrı bir işdi gərək onu biləm. Gərdəyin kimin olduğunu deməsən, mən sənin çörəyini kəsən deyiləm.
Arvad dinmir, kişi görür ki, ayrı əlac yoxdu, gərək gərdəyin dalında kim olduğunu deyə. Oydu ki, deyir:
– Qonax qardaş, vallah, indi ki iş belə oldu gərək deyəm. Bax o gərdəyin dalındakı mənim qızımdı. Xudavəndi-aləm ona o qədər eyb verib ki, eybinə səbəb onu üzə çıxara bilmirəm.
Şah xəbər aldı ki, onun eybi nədi. Naxırçı dedi:
– Gözdəri kordu, qulaqları kardı, dili laldı, ayaqları topaldı, əlləri də şildi.
Şah öz-özünə fikirləşir ki, xudavəndi-aləm bu yaratdığına bu qədər zülm eliyif eyb verirsə, doğrudan da, böyük dərddi. Onnansa bunu elə öldürsə, yaxşı imiş. Ancax şah fikrində bir götür-qoy eliyir, başa düşür ki, burda nəsə bir əmmə var. Ona görə də deyir:
– A kişi, sənin qızın laldı, şildi, topaldı hər nədi, mənə qəbuldu. Sən onu allahın əmrinnən verərsən mənə. Olar mənim halal arvadım. Mən də sənin halal çörəyini yeyərəm.
Kişi qayıdır ki:
– Ay qonax, sən bir bazburutdu, yaraşıxlı oğlan, o da bir eyibli insan, mən onu sənə verə bilmərəm.
Şah deyir:
– A kişi, sənə nə lazımdı, mən dilimnən ilqar verirəm, hər nədi mənə qəbuldu.
Kişi qayıdıf deyir:
– Ay qonax, bu axşam evimdə qonax olmağının xətrəsi üçün, bu qabağına açdığım süfrənin xətrəsi üçün, indi ki, sən məsləhət görürsən, mən qızımın eybini sənə dedim, sənə qəbuldusa, mən razıyam. Ancax bir anasınnan da razılığ alax.
Arvad deyir:
– Elə ha döyül mən kişinin sözünü qaytarmış olam, kişi razı, mən də razı.
Şah Abbas bir molla çağırtdırıb Allahın əmrinnən qızın nigahını kəsdirir özünə. Şah fikirrəşir ki, bir baxım görüm kişi deyən eyiblər bu qızda düzdümü. Duruf gərdəyi açanda görür ki, bəh-bəh, gərdəyin dalında bir qız oturur, bir qız oturur:
Cəlal-xaliq, cəlal-xaliq,
Gör nə gözəl can yaradıb.
Behişti-ədnan içində
Huriyi-qılman yaradıb.
Gözlər cəfərbər kimi, yanaqlar qızılgül yarpağı, dodaqlar süd qaymağı, əli düz, əyağı düz, qaməti sərf, məmələr baş veribdi döşündən, nə yetkindi, nə ötkündü, nə kaldı. Allah sənin allahlığına şükür, nə gözəl şikarın oldu. Şah qızın bu cahi-cəlalına, gözəlliyinə aşiq olur. Götürüf orda qıza belə bir tərif deyir. Kim olsa, deməz. Başqası beşini də artıq deyər.
Bir gözəldi şövqün salıb cahanə,
Saxla tiflin kimi gözəl göz alə.
Aşıq deyər cahanə,
Cahan qurban Cahanə,
Xudanın xoş bəndəsi
Xoş gəlifsən cahanə.
Yaradan yaradıb salıb cahanə,
Gör necə yaradıb gözəl göz alə.
Bağbansan, gir bağa, bağ işini gör,
Bağ becər, bağ bəstə, bağ işini gör.
Ay aşıq, bağ işin gör
Bağ becər, bağ işin gör,
Ovçusan dur bərədə
Şikarın bax, işin gör.
Bir cəllad gözdünün baxışını gör,
İstəyir canımı gözəl göz alə.
Mən Abbasam deyim sözüm sənə, yar,
Həsrət könlüm sənə bağlı, sənə yar.
Aşıq deyər sənə yar,
Canım verdim sənə yar,
Qış otaqda, yaz bağda
Mehman olum sənə yar.
Dolandım dünyanı neçə sənə, yar,
Görmədim sənintək gözəl göz alə.
Arvad deyir:
– Ay kişi, təzə oğlan, təzə qız, bəlkə, deyib danışajaxlar, öpüşüf görüşəjəklər. Bizim bunların yanında duruf bunları utandırmağımızın nə mənası var. Cavan vaxtlarımızı yadımıza salax. Dur, bir eşiyə çardağa çıxax. Bizimki bunlarınkınnan şirin olajax.
Qarı-qoca eşiyə çıxır. Eşikdə qiyamət qopur, öpüşə bax, qışqırığa bax.
Bəli, şah qıznan gecəni burda keçirər. Qızın adını soruşar. Qız deyər ki, mənim adım Xeyransadı.
Xeyransa soruşar:
– Bə, sənin adın nədi?
Şah Abbas cavab verər ki:
– Mənim adım Abbasdı, özüm də bir tacir babayam. İşim, gücüm o şəhər sənin, bu kənd mənim gəzməkdi.
Səhər dan üzü şah yerinnən qalxır ki, duruf getsin. Ta ki, onun burdan çıxıf getdiyini bir bəndeyi-bəşər görməsin. Nədən ki, birdən onu tanıyıf bilən olar. Xeyransaya deyər:
– Dur, anana deynən mənim atımı gətirsin, mən gedəjəm.
Şah Abbas belə deyəndə qızın qəlbini qan alır:
– Əə, bədbəxt oğlu, sən ki belə gəlif belə gedəjeydin bir gecədən ötrü məni niyə hörmətsiz elədin?
Şah Abbas cavab verər ki:
– Ay qız, daha oralarını deməynən, bu işin axırı inşallah yaxşı olar, pis olmaz.
Qız qayıdıf deyir:
– Yaxşı, indi ki, mənim bir adımı iki elədin, sabah mən atamın-anamın üzünə baxa bilmərəm. Heç olmasa mənə bir nişanədən-filannan ver, bəlkə, lazım oldu.
Deyillər, Şah Abbas yeddi ilin bacı-xərcınnan sağ qoluna bir bəzmənd qayırtdırmışdı. Bəzməndi açıf deyir:
– Xeyransa xanım, Allahın əmrinnən mən sənin kəbinini özümə kəsdirmişəm, sən mənim halal arvadım olufsan. Al bu bəzməndi, indi əgər qızım olsa, satıf xərcləyərsən. Nə qədər işıqlı dünya var sənə də, qızına da bəs eliyər. Yox, əgər oğlun olsa, elə ki on beş yaşına çatdı bəzməndi sağ qoluna bağlayıf yola salarsan. Harda olsa gəlif məni tapar.
Bu sözü deyif Şah Abbas bəzməndi qıza verir. Qız götürüf burda oğlana belə deyir:
İgiddər igidi, igiddər xası,
Getmə oğlan, mənə zülümdü zülüm.
Gəl çıxart könlümnən qaralı pası,
Getmə oğlan, mənə zülümdü zülüm.
Babamın taxtını yıxa bilmərəm,
Taytuş arasına çıxa bilmərəm,
Anamın üzünə baxa bilmərəm,
Getmə oğlan, mənə zülümdü zülüm.
Xeyransayam qara gəldi baxtım da,
Qoy şah tar-mar olsun tacı-taxtında.
Hardan rast gəlmisən gecə vaxtında,
Getmə oğlan, mənə zülümdü zülüm.
Söz tamama yetir. Şah Abbas atın yəhərini belinə basır, at yəhərli-yüyənni hazır olandan sonra Şah Abbas qızın ata-anasınnan xəbərsiz yola düşür.
İndi sizə deyim kimnən. Şah Abbasın vəzir-vəkilinnən, əyanəşrəfinnən, bir də qoşun-ləşkərinnən. Elə ki Şah Abbas ceyranın dalınca yola düşəsi oldu, əmr verdi ki, heç kəs yerinnən tərpənməsin. O gələnə qədər onu gözləsin. Bəli, bir gözlədilər, iki gözlədilər, gördülər nə şah var, nə də şahdan bir xəbər-ətər. Vəzir Allahverdi xan dözməyib axırda dedi:
– Əyə, bu evi yıxılmış harda qaldı? Gözləməkdən gözümüzə qara su gəldi.
Vəzir Allahverdi xan yola düşdü. Ta ki gəlib Şah Abbasdan bir xəbər-ətər öyrənsin. Nə isə bu evi yıxılmış da aza-təzə gəlif haman Lut şəhərinə çıxır. Şəhərə yaxınlaşan vaxtı bunun atı gəlif bir ceyilgahda battağa batır. Nə qədər çalışırsa da, atı battaxdan çıxara bilmir. Altı torpaq, üstü yarpaq battağın kənarında ağacın altında yatar, gecəni keçirər, səhər açılar. Səhərrər üzünüzə xeyirriyə açılsın. Bir vaxt vəzir baxar görər ki, budu şah gəlir.
– Əə, evin yıxılsın şah, hardaydın?
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-yetim-soyun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Qızılgül, ətrini yayıb hər yanaQızılgül, ətrini yayıb hər yana,Hədiyyə olursan dosta, düşmana.
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.