Miskin Vəlinin Canbağça səfəri
Страница 1 из 9
Ustadlar dastanı ustadnamə ilə başlıyallar. Biz də deyək bir olsun. Xəbisin, xainin yeri qəbir olsun.
Naqabil qanmazı işə buyurma,
Sözün yerə düşər, heç miqdar olmaz.
Hər nə ki kar görsən öz əlinlə gör,
Nadürüst işində cəfakar olmaz.
Özündən böyüyün saxla yolunu
Ədəbnən, ərkannan soruş halını,
Əmanət, əmanət qonşu malını
Yox istəyən qonşu özü var olmaz.
Soruşun qul Abbas halın necədi?
Gündüzlərin ay qaranlıq gecədi,
Sərv ağacı hər ağacdan ucadı,
Əsli qıtdı, budağında bar olmaz.
Ustadlar ustadnaməni bir deməzlər iki deyərlər, biz də deyək iki olsun, düşmən gözü ovulsun:
Qadir allah, budur səndən diləyim
Sən mərdi namərdə möhtac eyləmə.
Qeybi xəzinədən yetir ruzusun,
Sən mərdi namərdə mötac eyləmə.
Ədalət kanısan, kərəmin çoxdu,
Tənəli söz xəncər, nizədi, oxdu,
Qardaşın qardaşa vəfası yoxdu,
Qardaşı qardaşa möhtac eyləmə.
Namərd körpüsündən, ölsəm keçmərəm,
Karvan olsam, mənzilinə düşmərəm,
Əlindən camını alıb içmərəm,
Sağ əli sol ələ möhtac eyləmə.
Şair olan deyər sözün arısın
Arısı olmasa olsun yarısın,
Qoy lap alsın gözlərimin birisin,
Bu gözü o gözə möhtac eyləmə.
Dəllək Murad deyər sözün zatını,
Əl əldən ötkündü, işin çətini,
Qurda, quşa qismət elə ətini,
Atanı oğula möhtac eyləmə.
Ustadlar ustadnaməni iki deməzlər, üç deyərlər, biz də deyək üç olsun, yaxşılıq qalsın, yamanlıq heç olsun:
Dəllal yüz dil töksə, sərraf tanıyar
Qızıl qiymətinə gil ola bilməz.
Əyridə həqiqət, səyridə diqqət,
Səfikdə sədaqət bil, ola bilməz.
Sazım əldən düşüb pas tutsa simi,
Sönməz alovlara yaxar qəlbimi,
Hər çala-çuxurda bir dərya kimi,
Səbəbli, sərvətli göl ola bilməz.
Duz-çörək tamını bilməyən nadan,
Soraqsız, çıraqsız gedər dünyadan.
Himar köhlən olmaz, keçi kərkədan,
Qatır boy atmaqla fil ola bilməz.
Dünyada bir iz sal, ürəklərdə qal,
Zəhmətdən zövqün al, qüdrətdən ucal,
Xaində doğru hal, zaildə kamal,
Naqisdə dürr tökən dil ola bilməz.
Vəli, de, yaz, yarat, onu yəqin bil,
İtirməz qiymətin keçsə yüz min il.
Ala qarğa laçın, boz sərçə bülbül,
Hər kol çiçək açsa, gül ola bilməz.
Bəli, sizə kimdən deyim, Miskin Vəlidən. Miskin Vəli elə, doğrudan da, günü-güzarını miskin bir adam idi. Yarandığı gündən Allah-taala qara günü başından tökürdü. Anasının dediyinə görə o, doğulanda bir selləmə yağış yağmışdı ki, bütün əkini-tikini yuyub aparmışdı.
Vəlinin atası ağac ustası idi. Həm ev tikdirmək istəyənlərə ağac işi görər, həm də kürəkdən, tabaxdan, oxlovdan, filandan düzəldib satar, bir təhər ailəsini dolandırardı. Vəlinin iki yaşı olanda bir dəfə atası meşədə ağac kəsərkən ağac üstünə yıxıldı. Yazıq kişi elə onunla da canını tapşırdı. Vəli yetimliknən böyüyüb doqquz yaşına çatdı. Ağlı kəsər-kəsməz ailəni dolandırmaq üçün muzdurluğa başladı. O qapıda-bu qapıda görmədiyi yaman gün, eşitmədiyi pis söz qalmadı. Bir qarın çörək, bir geyim paltar üçün min bir dərdə dözməli oldu. Atalar deyib dünya elə dünyadı, kimiyə səfadı, kimiyə cəfadı.
Neçə il ötdü, bu neçə ildə Vəli neçə qapıda işlədi. Axır gəlib Zeynal bəyin qapısına çıxdı. Zeynal bəy fikir verib gördü ki, bu həm çox işləkdi, işə can yandırır, həm də halal adamdı, yalannan, əyriliknən işi yoxdu. Elə ki, Vəli Zeynal bəylə danışdığı işin muzdunu alıb daha ondan ayrılmaq istədi, Zeynal bəy dedi:
– Oğul, görürəm, sən halal adamsan. Gündə bir qapıda gün keçirməkdənsə, gəl elə biryolluq mənə nökər ol.
Doğrudan da, qapı sanamaqdan Vəlinin canı boğaza yığılmışdı. Fikirləşdi ki, elə yaxşı fürsətdi, qalıb burda nökərçilik etsin. Əgər görsə ki, bəy haqqını kəsir, onda çıxıb gedər. Bəli, o qalmaqla Vəli Zeynal bəyin qapısında qaldı. Bəy də onunla pis rəftar eləmədi, haqqını kəsmədi, qarnı dolusu çörək verdi, canı cırım-cındır paltardan qurtardı.
Payızın bir xoş günündə bəy başına beş-altı adam topladı. Onlara tapşırdı ki, hazırlaşsınlar gedib arandan qış üçün taxıl gətirəcəklər. Adamların hamısı nökər-nayib idi. Vəli də bunların içindəydi. Deyir, dərziyə dedilər köç, iynəsini taxdı yaxasına ki, mən hazır. Nökərin nəyi var idi ki, hazırlaşa. Bəy dedi hazırlaşın, dedilər biz hazırıq.
Əlqərəz, Miskinlidən arana yol başladılar. Zeynal bəyin Şəmkirdə Məşədi Səfər adında bir dostu var idi. Gəlib onun evinə düşdülər. Məşədi Həmid evdə yox idi. Dedilər, Gəncəyə gedib, axşama harda olsa, gələr.
Zeynal bəylə Məşədi Həmid dədə-babadan dost idilər, o qədər qaynayıb-qarışmışdılar ki, bir evli kimiydilər. Məşədi Həmid yayda arandan yaylağa köç edəndə aylarla Zeynal bəyin evində qalardı. Zeynal bəyin də arana yönü düşəndə bu evə baş çəkməmiş getməzdi. İndi Məşədi Həmid evdə olmasa da, Zeynal bəy nökərnayibi ilə keçib rahatlandılar, başladılar Məşədi Həmidin yolunu gözləməyə.
Gün əyilən vaxt Məşədi Həmid gəlib çıxdı. Qonaqlara xoşbeş elədi, hal-əhval tutdu. On-on iki yaşlarında bir oğlu var idi. Ona tapşırdı ki, atı həyətə bağlayıb, atın yəhər-yüyənini alıb aparıb buraxsın. Uşaq bayıra çıxdı, gördü ki, uşaqlar evdən bir az aralıda, yolda aşıq-aşıq oynayırlar. Atalar yaxşı deyib, molla aşı gördü, quran yadından çıxdı. Uşaq atı yaddan çıxardı, qaçdı uşaqların yanına, başladı aşıq-aşıq oynamağa.
Bir xeyli keçdi, Məşədi Həmid nədən ötrüsə bayıra çıxmalı oldu, baxdı ki, at həyətdə bağlı qalıb, oğlu da yolda aşıq-aşıq oynayır. Bir ağız çağırdı, iki ağız çağırdı, uşaq başı oyuna qarışdığından eşitmədi. Cin vurdu Məşədi Həmidin beyninə. Bu əsnada Zeynal bəylə Vəli də bayıra çıxdılar. Zeynal bəy gördü Məşədi Həmid yaman hirslənib, getsə, uşağı yaman bərk vuracaq. Məşədi Həmid yönəldi yola, Zeynal bəy qışqırdı ki, əyə, hirsli başda ağıl olmaz geri qayıt. Vəli də istədi yüyürüb Məşədi Həmidi geri qaytara, amma bacarmadı. Məşədi onu itələyib yoldan kənar elədi. Çatmağı ilə uşağa sillə ilişdirməyi bir oldu. Uşaq bayaq ha, yumbalanıb yolun kənarındakı su arxına düşdü. Arxın suyu qurumuşdu, amma içində til daşlar var idi. Uşaq təpəsi üstə düşdüyündən başı daşa dəydi. Dəyməyi ilə də qan fışqırmağı bir oldu. Vəli yüyürüb uşağı qaldırdı. Baxdılar ki, uşağın qolu da çıxıb. Haray düşdü, həqiqətdə də uşaq ayaq üstə dura bilmirdi, qan axdıqca da sustalırdı, rəngi ağarıb kəfənə dönmüşdü. Məşədi Həmidin ürəyinə qorxu düşdü. Gördü uşağın halı, doğrudan da, yamandı. Daha hirs falan yeri deyil. Tez bir adam qaçırdılar, ara həkimi gətirdi. Ara həkimi davadan-dərmandan elədi, bir təhər qan kəsdi, hannan-hana uşaq da özünə gəldi.
Məşədi Həmidin rəngi sapsarı saralmışdı. Ürəyində özünü yamanlayırdı ki, bu nə iş idi mən tutdum. Bir tərəfdən uşağın halının çox pis olmağı, o biri tərəfdən də qonağın yanında belə bir vaqeə törətməyi onu peşman eləmişdi. Ancaq haraya çatacaqdı, iş işdən keçmişdi. Özünü öldürsəydi də, xeyiri yox idi.
Bəli, elə ki uşaq bir az özünə gəldi. Məşədi Həmid də, qalan adamlar da bir qədər toxtadılar. Yenidən keçib əyləşdilər. Zeynal bəy Məşədi Həmidi məzəmmət eləməyə başladı. Sonra söhbət səbrdən, səbirsizlikdən düşdü. Hərə öz fikrini dedi, səbirli olmağın faydasından, səbirsizliyin ziyanından neçə əhvalatlar danışıldı. Məşədi Həmid fikir verib gördü ki, balam, hamı danışır, ancaq bayaq uşağı arxdan çıxaran nökər ağzına su alıb durub, bir kəlmə də dinmir, elə camaata qulaq asır, dedi:
– Zeynal bəy, sənin bu nökərin nə əcəb danışmır, deyəsən, buna danışmağı qadağan eləmisən.
Vəli Zeynal bəydən qabaq cavab verdi:
– Ağa Məşədi, mən danışıram, qorxuram xoşuna gəlməyə.
Məşədi Həmid hirsli olsa da, baməzə adam idi, baməzə danışıqdan da xoşu gələrdi, oydu ki, dedi:
– Əyə, yoxsa atamıza-anamıza söyəcəksən?
– Yox, ağa Məşədi, Allah eləməsin.
Zeynal bəy Vəlinin hərdən bir şeir zad yazdığını bilirdi. Neçə kərə öz yoldaşlarına söz qoşduğunu da eşitmişdi. Anladı ki, indi də Vəli sözünü şeirlə demək istəyir, dedi:
– Məşədi Həmid, mən elə balaca kişi deyiləm ki, nökərim də sözü elə-belə, dillə deyə, onun üçün gərək bir saz ola. Sazın varsa desin!
Məşədi Həmid mətləbi başa düşdü. Amma indi sazı haradan alaydı. Zeynal bəyin cavabında zarafatyana dedi:
– Zeynal bəy, nökəri şair olanın qamçısı da saz olar. Qamçını ver sinəsinə basıb sözünü desin.
Hamı gülüşdü. Məşədi Həmid əl çəkmədi, dedi, bu dəfə də sözünü sazsız de, eybi yoxdu biz qəbul edərik. Onu maraqlandıran oydu ki, görsün nökər nə şeir deyəcək. Vəli gördü Məşədi əl çəkmir Zeynal bəyin üzünə baxdı, yəni deyim, ya deməyim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-miskin-velinin-canbagca-seferi
Другие произведения автора
Стихи других поэтов
Mən elə kimsəyəm aşiqə bənzər,Könlüm əhli-haldı, dilim dərdi-sər,
KeçsinŞəhla eynin, siyah qaşın can alır,Gələndə nakəslər daldala, keçsin.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,