Miskin Vəlinin Canbağça səfəri
Страница 2 из 9 · 11%
Zeynal bəy dedi:
– Yaxşı Məşədinin könlünü sındırma, de gəlsin. Bu da çarıq ha deyil, sürtüləndə dərdini çəkəsən ki, yırtılacaq, ayağım yalın qalacaq…
Vəli sazsız, mizrabsız aldı görək nə dedi:
Səbri olan qatarından üzülməz,
Qarışmaz cərgəyə, sana səbirsiz.
Səbirli düşünər, havayı gülməz,
Tez başlayar şər, böhtana səbirsiz.
Məşədi Həmid fikirləşirdi ki, nökərin nə şeiri olacaq, yəqin ağlına gələni dal-dala düzüb, adını da şeir qoyub. Elə-belə maraq üçün dedirirdi ki, görsün nə zayıllayır. Amma baxdı ki, yox əşşi, nökər yaman deyir. Ona görə də diqqətlə qulaq asmağa başladı.
Səbirli ustaddan dərsini alar,
Səbirsiz tay-tuşdan geridə qalar,
Səbri olan günbəgündən ucalar
Batar, çıxmaz heç bir yana səbirsiz.
Səbirli bəsləyər bağçanı, bağı,
Səbirsiz düşünməz axşam, sabahı,
Səbirli gözləyər dalı, qabağı,
Düçar olar çox ziyana səbirsiz.
Səbirli xətadan bir təhər keçər,
Səbirsiz zəhəri tələsik içər,
Səbirli yüz ölçər, bir dəfə biçər,
Dərhal düşər nahaq qana səbirsiz.
Bu yerdə Məşədi Həmid dözə bilmədi:
– Ədə, zalım oğlu, elə məni deyirsən ki…
Vəli sözün möhür bəndini dedi:
Səbirli ucalar, qalxar göylərə,
Səbirsiz xətalar gətirər sərə,
Miskinli Vəliyəm yazdım dəftərə,
İnsan olmaz hər divana səbirsiz.
Söz məclisdəkilərin hamısının xoşuna gəldi. Zeynal bəy də zarafatyana qürrələndi:
– Məşədi Həmid, gör nökəri belə olanın ağası necə olar?
Məşədi Həmid də zarafatından qalmadı:
– Hə deynən, nökəri şair olanın toyuğu cüt yumurtlar, biri keçəl, biri saçlı.
Məşədi Həmid birdən nə fikirləşdi, nə fikirləşmədi üz tutdu Zeynal bəyə:
– Zeynal bəy, gəlsənə bu nökəri verəsən mənə çoban, gedib mənim sürümü otarsın. Onsuz da onunku işdəməkdi, ya dağda, ya aranda. Bir az da mən haqqını artıq elərəm.
Zeynal bəy dedi:
– Neynirsən onu, məgər sənə çobanmı yoxdur?
– Yox, sən ölməyəsən bunun ayrı ləzzəti var, qoy desinlər Xarçonun xançalı var, yəni qoy desinlər Məşədi Həmidin çobanı şairdi.
Bu sözə hamı güldü. Zeynal bəy dedi:
– Özünüz danışın, o Vəli, o da sən, əgər razılaşır qoy qalsın.
Vəli gördü Məşədi Həmid pis adam deyil, fikirləşdi ki, mənimki onsuz da qara gündü, bəlkə, Məşədi haqqını bir az artıq elədi, elə olsa, qalaram, dedi:
– Ağa Məşədi, mənə haq nə verərsən?
– Nə istəyirsən özün de!
– Nə istəyəcəyəm, bir qarın çörək, bir geyim paltar, qalanı baxır sənin insafına.
– Mənim insafım deyir ildə əlavə bu kişiyə sürüdən beş qoyun ver.
Vəli gördü bu yaxşı haqdı. Məşədi nainsaflıq eləmədi, daha çək-çevir eləməyin yeri yoxdu, razılaşdı. Xülasə, göftügu uzun çəkmədi, hər ikisi bu işə razılaşdı. Amma Məşədi Həmid düşündü ki, görüm yaxşını yamandan, əyrini düzdən ayıra bilirmi, bir iş görəndə yol-yoldaşını tapa bilərmi, soruşdu:
– Bala, yaxşını pisdən, pakı napakdan necə ayırarsan? Bir işin düzgün yolunu tapmaq üçün neylərsən?
Vəli dedi:
– Ağa Məşədi, olarmı sualına mən istəyən kimi cavab verim?
– Buyur, niyə olmur ki!...
Orda görək Vəli Məşədi Həmidə nə dedi, biz deyək, eşidənlər şad olsun:
Dilə alsan öz hünərin,
El gücünü bilməlisən.
Zərrələrin, qətrələrin
Sel gücünü bilməlisən.
Eşidəndə bir-birini,
Gəzəndə dünya sərrini,
Görəndə acı-şirini
Dil gücünü bilməlisən.
Əl atıb dağda, aranda
Köklü ağac qoparanda,
Yerdən üzüb aparanda,
Yel gücünü bilməlisən.
Bu qüvvətə çatmaq üçün,
Ağır dağlar atmaq üçün,
Özünə yer tapmaq üçün
Yol gücünü bilməlisən.
Toxumları gətirəndə,
Əkib, səpib bitirəndə
Hər məhsuldan götürəndə
Gül gücünü bilməlisən.
Yaşın çata düz əlliyə,
Boy atasan yüz əlliyə,
Diqqət versən gözəlliyə,
Əl gücünü bilməlisən.
Vəli, bir bağ sala bilsən,
Ondan ilham ala bilsən,
Həmişəlik qala bilsən,
Qal gücünü bilməlisən.
Söz hamının xoşuna gəldi. Məşədi Həmid Vəlini çox bəyəndi, gördü o, bunun düşündüyündən daha ağıllı sözlər dedi. Nökər olanda nə olar, ağıl Allah vergisidi, ağaya, nökərə baxmaz.
Bəli, Zeynal bəy taxılını aldı, tədarükünü gördü, yola düşüb Miskinliyə qayıtdılar. Vəli isə o qalmaq Məşədi Həmidin yanında qaldı, çoban Əhmədlə birlikdə onun sürüsünü otardı.
Onun atadan qalma bir sazı var idi. Saz da deyəndə, əslində saz deyildi, köhnə bir cürə idi, Allah bilir nə vaxtdan qalmışdı. Vəli sifariş göndərdi həmin cürəni dağdan ona göndərdilər, hərdən dınqıldadıb başını qatardı. Bundan düz sərasər beş il keçdi. Beş ilin tamamında Məşədi Həmid hər ildə Vəliyə beş qoyun verdi. Doğub artanı, o yan-bu yanı onun beş ildə qoyunlarının sayı artıb əllini ötdü. Deyir qoyunun oldu əlli, adın aləmə bəlli. Vəlinin kefi kök idi. İstəsəydi qoyunlarını da qabağına qatıb üzüyuxarı dağa haylar, gəlib özünə gün-güzəran qurardı, amma Məşədi Həmidin yanında işi yaxşı gedirdi. Bir də Məşədiyə dönük çıxmaq istəmirdi. Deyirdi, Məşədi deyər mənim çörəyimlə kişi olub, indi məni bəyənmir. Hələ bir müddət də çobanlıq etmək fikrindəydi.
Məşədi Həmid hər il yayda sürünü yaylağa çıxartdırar, payız düşəndə arana qaytartdırardı. Bu il də elə oldu. Sürü aranda Şəmkirin üç-dörd verstliyində yataqda saxlanırdı. Sürünü dağdan qaytardıqları on-on beş gün olardı. Məşədi Həmid iki adam göndərdi ki, sürüyə həyan olsunlar. Vəli ilə Əhmədi də ismarladı ki, bəs, qardaşım oğlunun toyudu, gəlib əl-ayaq versinlər. Deyir, lalın dilini yiyəsi bilər, qoyunu kəsib soymağı, doğramağı fərli çoban hamıdan yaxşı bacarar. Vəli ilə Əhmədi də Məşədi Həmid bundan ötrü çağırırdı. Elə ki, toy xəbəri Əhmədin qulağına çatdı Vəliyə dedi:
– Əyə, gedək bir-iki gün canımız bu sürüdən azad olsun, bir adamdan-zaddan görək.
Vəli dedi:
– Ay yazıq, elə fikirləşmə ki, Məşədi səni kefə çağırır. Deyir, dəvəyə dedilər, gözün aydın səni toya çağırırlar, dedi, haraya çağırırlar, çağırsınlar, mənim yüküm belimdədi. Bizi toyda iş görməyə çağırırlar.
Daha neyləməliydilər, yığışıb gəldilər Şəmkirə. Məşədinin qardaşı varlı-hallı adam idi, gözünün ağı-qarası tək bircə oğlu olmuşdu. İndi elə bir toy çaldırmaq istəyirdi ki, səsi aləmə yayılsın.
Məşədi Həmidlə qardaşı qonşu idilər, yəni gəl-get elə çətin deyildi. Toya bu tərəflərin ən məşhur aşığı Aşıq Məhəmməd çağırılmışdı. Məşədi Həmid qardaşı oğluna üç gün üç gecə toy eləyəcəkdi.
Bəli, camaat yığışdı, toy başlandı. Qoyunu kəsmək, soymaq, doğramaq işinə Vəli ilə Əhməd baxırdı. Toyun birinci günü keçdi, axşam oldu. Adətə görə camaatın bir hissəsi dağılsa da, bir hissəsi qalardı. Aşıq gecə yarıya qədər toyu davam elətdirər, dastan danışar, məzəli əhvalatlar söylərdi. Ancaq qaranlıq düşər-düşməz aşıq Məhəmməd sazı yığışdırdı. Dedi, ya Allah, axşamın xeyirindən sabahın şəri yaxşıdı, sabah davam elərik. Dedilər, a kişi, etmə, eləmə bu boyda camaat sənin başına yığışıb olmadı. Aşıq Məhəmmədi yola gətirə bilmədilər, dedi, sabah, vəssalam. Vəli ilə Əhməd də bu günlük iş-güclərini qurtarıb elə yenicə ya Allah, eləmişdilər ki, gəlib toyda otursunlar, bir az aşığa qulaq assınlar. Gördülər, Aşıq Məhəmməd sazı yığışdırdı. Camaatı belə qoyub yığışmağı Vəliyə yaman pis təsir elədi, üz tutdu Aşıq Məhəmmədə:
– Aşıq, özün istəmirsənsə, onda icazə ver, mən məclisi davam etdirim.
Aşıq Məhəmməd dönüb Vəliyə baxdı, gördü, başında motal papaq, ayağında çarıq, təhər-töhüründən hiss elədi ki, çobandı. Elə bil başına qaynar qazandan su tökdülər, öz-özünə dedi, gör, Aşıq Məhəmmədin məclisini kim aparmaq istəyir, dözə bilməyib dedi:
– Deyəsən, çobansan, hə…
– Çobanam, özü də lap zırınnan…
– Balam, onda arığın nə işi var girə qoruğa, vurub qol-qıçını sındıralar.
– Arıq da qoruğa elə vaxt girər ki, qoruğun sahibi holdurumhop oynar, gözü dünyanı görməz.
Aşıq Məhəmməd gördü, çoban dil-dil ötür, onu maraq götürdü, dedi, qoy bir çalıb oxusun, görüm, nə çalıb oxuyacaq.
– Yaxşı, deyəsən, dilin çox uzundu, indi çal, oxu görək nə zayıllayacaqsan, amma sazı özün tap, mən hər çoban-çoluğa saz verən deyiləm.
Vəli bir göz qırpımında yerindən qalxdı, gedib cürəsini gətirib meydana girdi. Cürəni görəndə Aşıq Məhəmmədi gülmək tutdu:
– Deyirəm ki, kor atın da kor nalbəndi olar, sənin kimi aşığın da belə əntiqə sazı olar.
Cürə, doğrudan da, yaman gündəydi, elə bil Nuhu taxtda görmüşdü. Hər simi bir dil çalırdı, ancaq əlac yox idi. Aşıq Məhəmməd sazını vermirdi, ayrı yaxşısını da hardan tapaydılar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-miskin-velinin-canbagca-seferi
Другие произведения автора
Стихи других поэтов
Mən elə kimsəyəm aşiqə bənzər,Könlüm əhli-haldı, dilim dərdi-sər,
KeçsinŞəhla eynin, siyah qaşın can alır,Gələndə nakəslər daldala, keçsin.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,