Miskin Vəlinin Canbağça səfəri
Страница 4 из 9 · 33%
– Sən bir boz-bulanıq çoban, o boyda Xəstə Qasıma qabaq özündən nə deycəksən ki?
– Aşıq, o qıfılbəndi Növrəs İman açıb, onu dedim, bu onun açması, o ki, qaldı ona qabaq söz deməyə mən öz borcumu verəjəm.
Aşıq Məhəmməd cavabında güldü. Yəni bu gülmək o idi ki, sən bu sözə nə qabaq deyə bilərsən ki? Daha söz güləşdirməkdən keçmişdi, Vəli cürəsini sinəsinə basıb üz tutdu Aşıq Məhəmmədə:
Ol adəmdən çox əvvələ düzələn nizam mənim
Ələsdüdü aləmində verilən fərman mənim,
Bir taleyim nə gətirsə, yaxşı və yaman mənim,
La mənimdi, ləbbeyk mənim, uruhu insan mənim.
İzzət mənim, ləzzət mənim, nemət mənim, nan mənim.
Yeddi nəfər, yeddi səfər, yeddi dillər əzbəri,
Yeddi açar, yeddi bağlar, yeddi yazar dəftəri,
Yeddi piri, yeddi nuru, yeddinin var xəbəri,
Yeddi məkan, yeddi inam, yeddi iman sərvəri,
Əvvəl mənim, axır mənim, can mənim, cahan mənim.
Doğru yolu düz yerisəm, sərimə gəlməz xəta,
Öz işimi yaxşı bilsəm, sözüm keçər isbata
Xeyir əməlim saleh olsa, əlim çatar həyata,
Nəfsim məni aparmasa, yolum düşməz zulmata.
Kamal mənim, sual mənim, haq mənim, divan mənim.
Gələn mənəm, gedən mənəm, könül, yatma yuxuda!
Əlim boşdu, üzüm qara, zəlil, məlil, tər cida,
Dilim kəlmə gətirərsə, guşum alanda nida
Şəfaətçim Məhəmməddir, pənahım şiri-xuda,
Acı mənim, şirin mənim, dərd mənim, dərman mənim.
Əslim Eymir, Miskin Vəli, sığınmışam Sübhana,
Yeddi nəfər dörd pərgərin şöləsinə pərvana,
Məhəmmədə - «bəli» - deyib inanmışam Qurana,
Umudumdu, pənahımdı, qulam şahi-mərdana,
Nüsrət mənim, qiymət mənim, şövkət mənim, şan mənim.
Söz tamama yetdi. Aşıq Məhəmməd işi belə gözləmirdi, düşündü ki, şər deməsən xeyir gəlməz. Birdən Vəli bunu bağladı, ondan sonra aləmdə biabır olacaq. Deyəcəklər ki, qırx ilin aşığı gedib bir çobana uduzdu, hörməti-izzəti düşəcək, hər yetirən başına bir qaxınc vuracaq. Deyişməyinə peşiman oldu, ama daha iş işdən keçmişdi. Durub məclisin ortasında deyəsi deyildi ki, daha deyişməyək. Aşıq Məhəmməd bu dəfə özündən deməyi qərara gəldi. Ya mədəd deyib meydanı dolaşdı. Aldı Aşıq Məhəmməd:
Səndən xəbər alım, ay çoban Vəli
O nədir çox gəzir, ayə, görünmür?
Gah yıxır, gah tikir qurğu-büsatı,
Gah salır üstünə sayə görünmür?
Aldı Vəli:
Al cavabın deyim, Aşıq Məhəmməd,
O fikirdir gəzir, ayə, görünmür.
Gah yıxır, gah tikir abad könlümü,
Gah salır üstümə sayə görünmür.
Aldı Aşıq Məhəmməd:
O necə meyvədir bağı pozulmaz?
Dərməyinən budağından üzülməz?
Hərcayının dəftərinə yazılmaz?
Ariflər saxlayır maya görünmür.
Aldı Vəli:
Şairin sözünün bağı pozulmaz,
Dərməyinən dəhanından üzülməz,
Hərcayının sinəsinə yazılmaz,
Ariflər saxlayır maya görünmür.
Aldı Aşıq Məhəmməd:
Məhəmməd, qəhrindən yata bilmədim,
O necə şikardır yetə bilmədim?
Bir bərəyə gəldim ötə bilmədim,
Hər kim gəlsə, o bərəyə görünmür.
Aldı Vəli:
Vəli, bu dünyada yatan olmayıb,
Kamınca mətləbə yetən olmayıb,
Ölüm bir bərədi ötən olmayıb,
Hər kim gəlsə o bərəyə, görünmür.
Hər iki tərəfdən söz qurtardı. Vəli soruşdu:
– Aşıq, yenə sözün varmı?
Aşıq Məhəmmədin səsi indi bir az asta çıxırdı, elə bil kal qovun yemişdi, səsi tutulmuşdu, dedi:
– Yox, indi sən de!
Vəlinin fikri-zikri Nazlı xanımdaydı, ancaq üzə düşər deyə elə xəlvəti-xəlvəti baxırdı ki, heç kəs duyuq düşməsin. Bir də gözucu baxdı, gördü Nazlı xanım qara gözlərini süzdürüb elə baxır, elə baxır elə bil ahu balasını bərədə görüb, əlində də bir qızılgül tutub. Meydanı dolaşmaq bəhanəsilə bir dəfə dövrə vurdu, fikir verdi, gördü qızılgülün üstündə üç yarpağı da var. Aşıq Məhəmməd Vəlini dinləməyə müntəzir dayanmışdı. Deyirdi, görüm nə deyəcək. Nazlı xanımın məclisdə olmağı, onun bu məlul halı Vəliyə təsir elədi. Ya Allah səndən mədəd deyib cürəsini sinəsinə basdı, üz tutdu Aşıq Məhəmmədə:
Hərə xəlq olmuşuq bir qətrə sudan
Abi, atəş, xaki, baddı, dördü nə?
Səyahətdə səkkiz gözəl sevmişəm,
Yerdi, göydü, aydı, gündü, dördü nə?
Aşıq Məhəmməd işarə elədi ki, arxasını da desin, hamısına birdən cavab verər. Ona görə də Vəli sözün mabədini dedi:
O nədir ki, sinəsindən dağlıdı?
Nədir belə qaralıdı, ağlıdı?
Səkkiz şey var cismi cana bağlıdı,
Hava, həyat, yemək, içmək, dördü nə?
O nədi bilinmir əvvəli, sonu?
Nəfəs var, canı yox, neçədir donu?
Vəli, səkkiz şey var dolanır onu?
Gecə, gündüz, sudu, yeldi, dördü nə?
Vəli sözünü qurtardı, Aşıq Məhəmməd bir udqundu, iki udqundu, bilmədi nə cavab versin, dedi:
– Bəlkə, birini də deyəsən!
Baş üstə, deməyi məndən, cavabı səndən.
Vəli götürüb ikinci qıfılbəndi görək Aşıq Məhəmmədə necə dedi. Biz deyək, eşidənlər qəm görməsin.
Bir bağa bağban oldum
O bağın budağı beş.
Dünyanın şöhrətidir
Yanarsa çırağı beş.
Dolandım ətrafını
Heyran oldum müxtəsər,
Hər nişan meyvə gətirir,
Kökü birdi, tağı beş.
Orda iki dürr gördüm,
Çoxdur onun qiyməti.
İksi alar verə bilməz,
Bax, böylədir adəti.
Biri alar, həm də verər
Bu bağ üçün ziynəti.
Alimi də aciz eylər
Dönərsə növrağı beş.
Miskinli şair Vəlinin
Sözünün mənası var.
Dalğalanan hər tərəfə,
Coşan bir dəryası var.
Daşı yox, kərpici yox,
Qurulmuş xanası var.
Dörd budaqdı, hər budağın
Tökülən yarpağı beş.
Aşıq Məhəmməd yenə cavab verə bilmədi. Özünə min lənət oxudu ki, axı, deyişməyə niyə girdi. İndi zurnası gedib İsfahana çatacaq ki, bəs, Aşıq Məhəmmədi bir çoban bağlayıb. Ancaq iş işdən keçmişdi, min ah-uf eləyəydi, bir yana çatası deyildi. Yerbəyerdən camaat dedi:
– Aşıq, uduzmusan, sazı ver!
Aşıq Məhəmməd ağ bir-qara bir, heç nə demədi, kirmiş sazı gətirib Vəlinin qabağına qoydu. Vəli gözünü hərləyib xəlvəti Nazlı xanıma baxdı. Gördü xudaya, Nazlı xanım elə şaddı, elə şaddı, elə bil ahu ovçu əlindən qaçmış balasına yetişib. Vəlininki buraya kimiydi, yəni Aşıq Məhəmmədi bağlamaq idi. Onun sazında filanda gözü yox idi. Yaxşılığa yaxşılıq hər kişinin işidi, yamanlığa yaxşılıq ər kişinin işidi. Bir də Vəli fikirləşdi ki, tutaq Aşıq Məhəmmədin sazını aldı, bəs, toyu kim yola verəcək. Bir də gedib haradan aşıq tapasan. Sazı qaytarıb Aşıq Məhəmmədə verdi, gördü Aşıq Məhəmməd namusa boğulub sazı almaq istəmir. Bir nöynən onu vəziyyətdən çıxarmaq istədi, oydu ki, dedi:
– Aşıq Məhəmməd, gəlsən bu gündən dost olaq.
Aşıq Məhəmməd cavab verdi:
– Olaq deyirsən, olaq mən razı.
– Onda bu camaatın qabağında mən bu gündən səninlə dost oluram, ona görə də dost ərməğanı kimi bu sazı sənə verirəm.
Camaat yerbəyerdən Vəliyə sağ ol dedi. Aşıq Məhəmmədin də könlünü almaq üçün dedilər:
– Adam dost bəxşişini geri qaytarmaz.
Əslində Aşıq Məhəmməd sazı götürmək üçün bəhanə gəzirdi, intəhası abrının üstündən atlana bilmirdi. Elə ki, iş bu üzünə oldu, sazı aldı. Guya ki, Vəlinin və camaatın sözünü yerə salmadı. Vəli ilə Aşıq Məhəmməd əl verib dost oldular. Bu günlük məclis qurtardı. Camaat dağılışmağa başladı. Məşədi Həmidin on üç-on dörd yaşlarında bir oğlu var idi. Nazlı xanımın yanında dayanmışdı. Vəli onu çağırdı, cürəni verdi ki, aparıb çoban otağına qoysun.
Məşədi Həmidin ikimərtəbəli bir imarəti var idi. Birinci mərtəbədə bir otaq da çobanlar üçün ayırmışdı. Bu otağa çoban otağı deyirdilər. Vəli ilə Əhməd indi gedib sabah kəsiləcək qoyunları ağıla salıb rahatlamalı idilər ki, dağılıb getməsin. Ona görə də indi cürəni Məşədi Həmidin oğluna verirdi ki, aparıb otağa qoysun.
Bəli, Vəli ilə Əhməd qoyunları rahatladılar. Yornuq-arnıq gəlib yatdılar. Sübh tülküdurmazdan oyandılar, çünki iş-güc çox idi, tez durub görüləsi işləri görməli idilər. Məşədi Həmidin oğlu cürəni evin bir küncünə qoymuşdu. Əhməd çıxdı bayıra, Vəli də istəyirdi çıxsın, sonra dedi, qoy cürəni yerindən asım, əl-ayağa dolaşmasın. İstədi əl atıb götürsün, baxdı ki, cürənin siminə bir qızılgül keçrilib, qaldı məəttəl, dedi, yəqin Məşədi Həmidin oğlunun işidi. Bir də fikir verib gördü ki, balam, qızılgülün üstündə üç yarpaq var. Nazlı xanımın dünən əlində tutduğu qızılgül yadına düşdü, dedi, bəlkə o qızılgüldü. Ancaq bir ayağına baxdı, bir başına baxdı, özü öz fikrinə güldü. Dedi, atalar yaxşı deyib, ac toyuq yuxusunda darı görər. Nazlı xanım yəqin mənim papağımla çarığıma aşiq olub. Çox çək-çevirdən sonra bir şey ayırd edə bilmədi. Vallah, dedi, bir bəhanə ilə Nazlı xanımdan soruşacağam, qoy görüm bu qızılgül onunkudu, ya yox. Amma baxdı ki, qızılgül heç cürəyə yaraşmır. Elə bil çürük kötük üstə mirvari qoyublar. Bir az öz-özünə xəcalətləndi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-miskin-velinin-canbagca-seferi
Другие произведения автора
Стихи других поэтов
Mən elə kimsəyəm aşiqə bənzər,Könlüm əhli-haldı, dilim dərdi-sər,
KeçsinŞəhla eynin, siyah qaşın can alır,Gələndə nakəslər daldala, keçsin.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,