Страница 6 из 9 · 56%

Bəli, Vəli evlərinə gəlib bir-iki gün qaldı. Onun bir nənəsi var idi, adına Zeynəb qarı deyərdilər. Zeynəb qarı ayrı bir evdə tək yaşayırdı. Məsləhət, məşvərətdən sonra Vəli gedib onun yanında qalası oldu. Dedilər, qoca qarıdı, həyanı – zadı yoxdu. Ölüb elər, camaat içində biabırçılıq olar, heç olmasa, yanında bir adam olsun. Vəli gəlib Zeynəb qarının yanında qalmağa başladı. Qarı qoca olsa da qıvraq idi, ancaq qulağı bir az ağır eşidirdi, bir də Vəli ilə danışmaqdan heç arası yoxuydu. Evə gəldi lal-dinməz oturardı. Zeynəb qarının günü o qapıda-bu qapıda söz gəzdirməkdə, qeybət qırmaqda keçərdi. Gündə, Allah bilir, neçə ev tikərdi, neçə evi yıxardı. Allahın ikicə cadını salmazdı ki, dişin arasında çeynəyəsən. Sərasər bir ay belə keçdi. Vəlinin qarnı isti xörək, əyni təmiz paltar görmədi. Zeynəb qarı Vəliyə yatmaq üçün bir mitil vermişdi ki, iysindən adamın bağır-öfkəsi ağzına gəlirdi. Evin səliqə-səhmanı da, Allah göstərməsin, bayquş yurdunu xatırladırdı. Evin bir tozu var idi, elə bil, pinti dəyirmançı un ələmişdi. Vəli bir istədi qayıda evlərinə, amma namusa boğuldu, dedi, deyəcəklər qarı ilə yola getmədi, tək qoyub qayıtdı. Xülasə, içinə salıb bir təhər dözdü. Ancaq Vəlinin saz çalmağı qarını lap təngə gətirmişdi. Elə ki, Vəli cürəni alırdı əlinə, üzünü cəhənnəm alması kimi bozardırdı.

Bəli, elə ki, Cavad gəlib Vəligilə yetişdi, dedilər ki, Vəli Zeynəb qarıgildədir. Şair Cavad ordan Zeynəb qarıgilə gəldi, çağırdı:

– Ay ev yiyəsi!

Vəli bayıra çıxdı, gördü bir aşıqdı, çiynində də saz. Nə Vəli Cavadı tanıdı, nə də Cavad Vəlini. Cavad dedi:

– Qardaş, Vəli burdamı yaşayır?

Vəli cavab verdi:

– Bizdə Vəli çoxdu, hansını deyirsən?

– Əvvəl çoban imiş, indi istəyir aşıqlıq eləsin!

– Bəli, burda yaşayır.

– Kimdi?

– Mənəm.

– Allah qonağı istərsənmi?

– Allaha da qurban olum, qonağına da, buyur gəl!

Şair Cavad keçdi içəri, Zeynəb qarı, Allah bilir, hansı qapıda idi. Vəli oturmağa yer göstərdi, ürəyində də fikir elədi ki, xeyr ola, görəsən bu aşıq nədən ötrü gəlib. Cavad oturmadı, dedi:

– Oturmazdan əvvəl səninlə işim var.

– Çox əcəb, nə işin var buyur.

– Deyirlər, sən neçə il çoban olmusan, indi başlayıbsan aşıqlığa, bildiyin iki kəlmə şey yoxdu, nə birinə şəyird durubsan, nə aşıqlıq elmindən xəbərin var. Sən belə iş görməklə aşıqlığı bihörmət eləyirsən. İndi gəlmişəm sənnən deyişməyə, işdi cavab verə bildin sözüm yoxdu, aşıqlığını eləyərsən, yox cavab verə bilmədin kirmiş get çomağını götür.

Vəli gördü deyişməkdən ayrı əlac yoxdu, dedi:

– Yaxşı, nə olar, ya sənə verər Allah, ya mənə.

Şair Cavad bayaqdan sazı köynəyindən çıxarmışdı. Vəlinin bu sözünü eşitcək sazının zilini zil elədi, bəmini bəm, sinəsi üstə müstəkəm. Aldı gərək nə dedi, tərəfindən ərz edək, eşidənlər şad olsun:

Aşıqlığın qaydasını bilməyən,
Saz götürüb hər meydanda danışır.

Bir kamil ustaddan dərsin almayan,
Heç utanmır arif yanda danışır.

Vəli də cürəsini divardan götürdü, görək şair Cavada nə cavab verdi:

Aşıqlıq elmindən xəbərdaram mən,
Saz götürüb hər meydanda gəzirəm.
Bir kamil ustaddan dərsim almışam,
Arif mənəm, arif yanda gəzirəm.

Aldı Cavad:

Dildə sümük yoxdu, deyir yalanı,
Mən tanıram dərsi dərin olanı,
Çomağa, çarığa yoldaş olanı
Həya bilməz canda, qanda danışır.

Aldı Vəli:

Gər həyan var unutmaynan özünü
Arif yanda çaşdırmaynan sözünü,
Yola salam sən kimisin yüzünü
Naşısansa, əl amanda gəzirəm.

Aldı Cavad:

Cavad deyər dəryalara dalmışam,
Cümlə ustadları xofa salmışam,
Neçə aşıqların sazın almışam,
İndi mənnən bir çoban da danışır.

Elə ki, şair Cavad öz adını çəkdi, Vəli barmağını dişlədi. Bildi ki, bu şair Cavaddı özü də ya zarafat edir, ya da onu sınayır. Özünü saxlaya bilmədi, köhnə dostunun üstünə atdı. Görüşdülər, hal-əhval tutdular. Vəli dedi:

– Sözüm yarımçıq qaldı, qoy tamamlayım, deyir, söz yarımçıq qalsa, şeytan buynuz çıxarar.

Vəli götürüb sözün möhür bəndini belə tamamladı:

Vəli çoban idi, olubdur aşıq,
Saza ziynət verir, sözə yaraşıq,

Güşt tutan önümdə, bil qalar yazıq
Mən sərrafam, gövhər-kanda gəzirəm.

Deyişmə təzəcə qurtarmışdı ki, Zeynəb qarı haçalaq-yumalaq hardansa gəlib çıxdı. Elə bil altı aylıq karvandan gəlmişdi, içəri girən kimi yanını verdi yerə. Şair Cavad gördü ev tökülüb itir, qarının xətrinə dəyməmək üçün dedi:

– Zeynəb nənə, sən qoca qarısan, bu günnən belə səninki, yeməkdi, yatmaqdı. Gərək bir gəlin ola ki, qulluq eləyə sənin də, işdən, gücdən qulağın dinc ola.

Zeynəb qarı dedi:

– Neynək deyirsən?

– Gəlsən, Vəlini evləndirək!

Bayaq hal-əhval tutanda Vəli Nazlı xanımla olan söhbəti necə varsa, Cavada danışmışdı. İndi Cavad Zeynəb qarının ağzını aramaq istəyirdi ki, görsün gəlini yola verər ya yox. Elə ki, Cavad bu sözləri dedi, elə bil qarı yatmışdı ayıldı. Fikirləşdi ki, ey dili-qafil, doğrudan da, Vəli, bəlkə, bir halal süd əmmişini ala, onun da canı işdən-gücdən arxayın ola, gəlin qabağında qulluqçuluq edə. Oydu ki, dedi:

– Bala, mən razı, kimi deyir elçi gedim.

Cavad istədi qızın adını deyə, Vəli göz elədi ki, sən neynəmək istəyirsən, Zeynəb qarıya dedin, elə bil car çəkib aləmə dedin, söz-söhbət Məşədi Həmidin qulağına çatar, aləm bir-birinə qarışar. Ona görə də Cavad dedi:

– Kimliyini deyə bilmərəm, amma nişanələrini deyə bilərəm.

– Yaxşı, de görüm nişanəsi nədi, buna necə qız lazımdı?

– Qarı nənə, qulaq as, gör Vəliyə necə qız gərəkdi! Belə şeyi söznən demək olmaz, gərək saznan deyəsən!

Aldı Cavad:

Nənə, bir söz deyim, sən də cavab ver,
Ən əzəl dünyada yar gözəl gərək.
Tovuz tamaşalı, sona cilvəli,
Qaşları sürməli qar gözəl gərək.

Vəli Cavadı saxladı ki, bir dayan, mənim də sözüm var. Bir ay idi ki, Vəli Zeynəb qarının əlindən boğaza yığılmışdı, içi dolu idi, dərdini deməyə adam axtarırdı. Gördü bundan yaxşı fürsət yoxdu, dərdini deməsə, ürəyi partlar, üz tutdu Cavada:

– Sən gözəlin bir cürəsini dedin, indi icazə ver mən də başqa cürəsini deyim.

– Yaxşı, de görək, sən necəsini deyəcəksən!

Aldı Vəli:

Cavad, sözlərinə cavab verirəm,
Yanaqları solan yar gözəl gərək.
Qocalmış, qartalmış, lap əldən düşmüş,
Saçları ağ olan qar gözəl gərək.

Zeynəb qarı gördü, Vəli bir az köntöy getdi, amma bir şey başa düşmədi.

Aldı Cavad:

Tərlan kimi silkinəndə binadan,
Seçilməyə yaşılbaşlı sonadan,
Belə gözəl tək-tək olar anadan
Məməsi sinədə nar gözəl gərək.

Aldı Vəli:

Budur gözəllikdə nişanın biri,
Günü keçmiş ola, caşa fikiri,
Əl qalında ola əndamın kiri,
Tecən məmələrdə bar gözəl gərək.

Aldı Cavad:

Tovuz tamaşalı, durna baxışlı,
Məlakə sifətli, əlvan naxışlı,
Mina gərdən ola, maral yerişli,
Belə nişanəsi var gözəl gərək.

Aldı Vəli:

Sözü deyən zaman fikirim çaşdı,
Çünki nənəm mənim ilə savaşdı,
Sinəsi gərməli, üzü qırtlaşdı,
Tərləyəndə axa kir gözəl gərək.

Zeynəb qarı baxdı ki, deyəsən, bu sözün bir ucu gəlib ona çatır, amma bir söz demədi, axırını gözlədi.

Aldı Cavad:

Pərişan olanda ürəyin qana,
Şuxluq edib ətrafında dolana,
Gözəlliyi şövqü sala cahana
Sinəsi meyvəli bar gözəl gərək.

Aldı Vəli:

Qulluğa buyursan, key qana sözü,
Beldən donqar ola zalımın qızı,
Çığnaya qonağı, görməyə gözü,
Yeyib-yata, pünhan yer gözəl gərək.

Aldı Cavad:

Min üç yüz əlli iki tarixdə yazdım,
Şirin ləhcəliydim, bülbül avazdım,
Cavadam seyr edib dünyanı gəzdim,
Namusu gözləyən ar gözəl gərək.

Aldı Vəli:

Unutmayın Vəli kimi sirdaşı,
Səksənə, doxsana yetişə yaşı,
Tökülə dişləri, ağara başı,
Dili lal, qulağı kar gözəl gərək.

Zeynəb qarı baxdı ki, deyəsəni-zadı yoxdu. Vəli elə onu deyir. Bir istədi gözünü yuma, ağzını aça. Birdə qonağın yanında lənət şeytana dedi. Başladı məzəmmətə ki, bala, mən sənə nə pislik eləmişəm, indi ağlına gələni danışırsan. Evə gəlməyimə peşiman eləmisən, bir çürük cürəni basırsan qucağına, dınqıltısından qulağım quta gedir. Mən sənə nə yamanlıq eləmişəm onu de. İş belə olanda Vəli qərara gəldi ki, gərək ürəyini tamam boşalda, daha oxunu atıb yayını gizlətməyə. Başa sala ki, Zeynəb qarının günahı nədi. Ona görə də sazı sinəsinə basıb üz tutdu Zeynəb qarıya:

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов