Miskin Vəlinin Canbağça səfəri
Страница 9 из 9 · 89%
Bu dəfə Vəli nə dedisə, şair Cahan hamısına cavab verdi. Vəli ikinci bağlamanı deyəsi oldu. Cahan hiss elədi ki, iş yaxşı getmir, deyəsən, biabır olacaq. Ancaq çarə yox idi, meydana girmişdi, gərək meydanı davam etdirəydi. Vəli bu dəfə bağlamanı divani üstündə dedi:
Aldı Vəli:
Ustad, sən ki söz deyirsən,
Söz nədi, insan nədi?
Ol Adəmdən ol Xatəmə
Gərdişi-dövran nədi?
Min nəfər beş min nəfərə
Verdiyi fərman nədi?
İyirmiylə başa vurur
Onu bir oğlan nədi?
Cahan gördü iş müşküldü, bağlamanı aça bilməyəcək. Sazı kökləmək bəhanəsilə çəkib simi qırdı, sonra da dedi:
– Aşıq, arxasını da de, bu saat simi bağlayıb hamısına bir yerdə cavab verəcəyəm.
Vəli bağlamanın arxasını dedi:
Əlli min qoşunu var,
İkidəndi səfləri.
Bir sərkərdə əmr verir
Düzəldir o ləşkəri.
Min nəfər yüz min nəfərə
Düzgün verir pərgəri.
Sözlərimi aydın eylə
Nişan və nişan nədi?
Miskin Vəli yetik oldu
Sözün haqqı-sayına.
Bir nəfər yüz nəfəri
Qail edir payına.
İnsanlığın pərgəridir
Qaranlığa ayına.
Açammasan yerbəyerdən
Qalarsan heyran nədi?
Cahan qaldı naçar. Bağlamanı aça bilmədi. Üz tutdu Vəliyə ki, aşıq, bəlkə, birini də deyəsən. Vəli razılaşdı. Götürüb o birisi bağlamanı ərz elədi:
Bir işıqdı, bir qaranlıq, bir acı,
Bir şirindi bir insana dolanır.
Bir qüdrətdi, bir mərifət, bir nəfəs,
Bir xeyirə, bir ziyana dolanır.
Bir qanmayan, bir yarımçıq, bir qanan
Bir doğrudu, bir əyridi, bir yalan,
Bir satandı, bir satılan, bir alan,
Bir yaxşıya, bir yamana dolanır.
Bir Vəlidi, bir qələmi, dəftəri,
Bir taleyi, bir qisməti, qədəri,
Bir alimdi, bir xanəsi, bir dəri,
Bir həqiqət, bir əfsanə dolanır.
Cahan yenə bağlamanı aça bilmədi. Daha təslim olmaqdan başqa əlacı qalmadı. Boynuna aldı ki, uduzub. Amma öz ürəyində fikir elədi ki, əgər bunun şəyirdi belədirsə, gör ustası necədir. Vəli dedi:
– Aşıq, söz vermişdin ki, uduzsan ikinci şərtini deyəcəksən. İndi şərtini de, bilək.
Cahan başından papağı götürdü, uzun, qara hörükləri dal gərdənində topuqlarına qədər töküldü. Sonra Vəliyə dedi:
– Aşıq, indi gördün ki, mən kişi yox, qızam.
Vəli cavab verdi:
– Bunu mən bayaq sən içəri girəndən bilirəm.
– Bilirsən lap yaxşı, deməli, arif adamsan. O ki qaldı ikinci şərtə, bu gecəni qalın burda, sabah ustan da, sən də gedərsiniz bizə, şərtimi deyərəm. Vəli baş üstə dedi. Camaat dağılışıb getdi. Vəli ilə Məhəmmədəli gecəni yatdılar. Səhər açıldı, sübh üzünüzə xeyirliyə açılsın. Hər ikisi çaydan-çörəkdən yeyib şair Cahangilə gəldilər. Xoş-beşdən sonra Cahan onları içəri dəvət elədi. Bağladığı aşıqların sazını evdə yığmışdı yan-yana. Öz sazını da götürüb onların yanına qoydu, sonra Vəliyə üz tutdu:
– Aşıq, əvvələn, sənə sözüm odu ki, bax burda iyirmi iki saz var, öz sazımı da üstə qoydum iyirmi üç oldu. İndi bunların hamısı sənə çatır. İkincisi də, şərtim belədir, mən əhd eləmişəm ki, hər kim məni bağlasa, ona da ərə gedəcəyəm, ömrü boyu qulluğunda duracağam.
Vəli dedi:
– Sazlardan iyirmi ikisi sənin, biri mənim.
Sazların içindən birini seçdi. Elə bir saz idi ki, xotkara göndərsən sənə xanlıq bağışlardı. Sonra ta muzdurluqdan başlamış Aşıq Məhəmmədlə Nazlı xanımla olan əhvalata qədər hamısını birbəbir Cahana danışıb axırda da dedi:
– Cahan, sənin gözəlliyinə söz yoxdur, mən heç sənin əlinə su tökməyə layiq deyiləm, ancaq Allahdan gizlin deyil, səndən nə gizlədim, mən öz qəlbimi vermişəm Nazlı xanıma. İndi mənim yolumu gözləyir. Əgər məsləhət bilsən, biz qardaş-bacı olarıq.
Cahan gördü Vəli ağıllı söz deyir, razılaşıb dedi:
– Yaxşı, indi ki iş belədir, bu gündən sən mənim qardaşım, mən də sənin bacın. O ki, qaldı Məşədi Həmidi razı salmaq məsələsinə, o mənim boynuma. İndi mən səninlə gedəcəyəm Miskinliyə, ağsaqqaldan-qarasaqqaldan da götürüb Məşədi Həmidin yanına elçi gedəcəyəm. Nazlı xanımı almamış geri döndü yoxdu.
Bəli, elə həmin gün yığışıb üçü bir yerdə Miskinliyə yola düşdülər. Ləngiyə-ləngiyə bir həftədən sonra gəlib Miskinliyə çatdılar.
Sizə deyim Aşıq Məhəmməddən. Aşıq Məhəmmədə xəbər çatdı ki, bəs deməzsənmi Vəli gedib Canbağçada şair Cahanı bağlayıb, hal-hazırda Cahan da onunla bərabər gəlib, Vəligilin evindədir. Hərçəndi Aşıq Məhəmməd məyus oldu, ancaq haraya çatacaqdı, fikirləşdi ki, yəqin, Vəli Aşıq Məhəmmədin onu aldatdığını hiss elədi, bundan sonra harda gəldi onun pisinə danışacaq, el içində xar eləyəcək, gərək vaxtında başının çarəsini qıla. Yol alıb Vəligilə gəldi. Şair Cahanla Aşıq Məhəmməd bir-birini yaxşı tanıyırdı, görüşdülər, hal-əhval tutdular. Deyir, bəzi insanın iki sifəti bir üzü olar, bəzi insanın da iki sifəti min üzü. Aşıq Məhəmmədin də iki sifəti min üzü var idi. Başladı ki:
– Vəli, qardaş, görürsənmi mən sənə salıq verdim ki, gedib şair Cahanı bağlayasan, sazını da alıb gətirəsən. Bilirdim ki, onda elə saz var ki, tayı-bərabəri yoxdu.
Vəli bir istədi olanı-qalanı deyə, Aşıq Məhəmmədin qəlbindəkini üzünə vura, amma, dedi, qonaqdı, deyəcək məni qapısından qovur, can onun cəhənnəm Allahın.
Elə ki, Aşıq Məhəmməd Cahandan nə üçün gəldiyini öyrəndi, düşündü ki, yaxşı fürsətdi, indi Vəliyə bir hörmət eləsin ki, aranı sazlasın. Cahana dedi, mən də elçi gedəcəyəm. Bu Cahan üçün göydəndüşmə oldu, çünki Məşədi Həmid Cahanı tanımaya bilərdi, ancaq Aşıq Məhəmmədi tanıyırdı. Aşıq Məhəmməd də onu yaxşı təqdim edər, Məşədi Həmid bilər ki, Cahan kimdi. Xülasə, Cahanla Aşıq Məhəmməd üç-dörd ağsaqqal da götürüb Məşədi Həmidin qapısına elçi gəldilər. Aşıq Məhəmməd Cahanı təqdim elədi. Məşədi Həmid onun adını eşitmişdi, necə lazımdısa, hörmət-izzətlə qəbul elədi, gəlişdərinin səbəbini soruşdu. Cahan dedi:
– Məşədi Həmid, sənin qızın Vəlini, Vəli də sənin qızını istəyir, indi gərək bu işə razı olasan. Allahın izni, bəndənin razılığı ilə mən onların toyunu eləyib qayıdam öz elimə-obama.
Sonra Cahan onunla Vəli arasında olan əhvalat necə var idisə, danışdı. Məşədi Həmid baxdı ki, vallah bu heç də Nazlıdan əksik qız deyil, gərək onun sözünü yerə salmaya, qızı da Vəlini istəyir. Amma ürəyində dedi, hələ səbr eləmək lazımdı, səbr Allahın adıdı. Bir yaxşı-yaxşı fikirləşsin, məsləhətləşsin görsün qohum-əqraba nə deyir. Odur ki, dedi:
– Şair Cahan, yəqin ki, mənim qapıma səndən hörmətli adam gəlməyəcək, ancaq mən də bir qohum-əqrəba ilə məsləhətləşim, görüm nə deyirlər. Həsini, yoxunu beş-üç günə deyər, sizə bir cavab verərəm.
Bəli, belə də razılaşdılar. Ancaq ürəyində Məşədi Həmidin bu işə o qədər də razılığı yox idi. Deyirdi, deyəcəklər, Məşədi Həmid adam tapmadı, qızını bir çobana verdi. Nazlıya evdən bayıra çıxmağı qadağan elədi, dedi, qızdı birdən qoşulub qaçar, onu el içində bihörmət elər.
Sizə deyim Vəlidən. Beş gün keçdi, on gün keçdi, Məşədi Həmiddən cavab çıxmadı. Vəlinin ürəyi dözmədi, Nazlını görmək istədi, xəbər göndərdi ki, filan vaxt filan bulağa suya gəlsin, onu görmək istəyir. Deyilən vaxt gəlib nə qədər gözlədisə, Nazlı xanım gəlib çıxmadı. Vəlinin xəbəri yox idi ki, Məşədi Həmid onu ev dustağı eləyib. Götürüb Nazlıya belə bir namə yazdı:
Ürəyimdə gizli, pünhan sözüm var,
Onu aşkar Nazlı yara deyimmi?
Bilirəm desəm də sözüm tutulmaz,
Üzü dönmüş beyilqara deyimmi?
Dolanım başına, dərdin mən alım,
Yolunda qurbandı dövlətim, malım
Xəstəyəm, təbibsən bimürvət zalım,
Həsrətəm qoynunda nara deyimmi?
Miskinli Vəliyəm eşqi həvəsdə,
Fərhadam, Şirinsən, şirin nar üstə
Məcnunam, Leylisən, gəl bulaq üstə
Gətir bu dərdimə çara deyimmi?
Yenə neçə gün keçdi, Məşədi Həmiddən bir xəbər-ətər çıxmadı. Vəli tab gətirmədi, deyir, eşqli başda səbr olmaz. Götürüb Məşədi Həmidə də belə bir namə yazdı:
Mən sənə üz tutdum xubların xubu,
Sən də insaf elə, ayə, cavab ver.
Eşqin atəşinə yandırma məni,
Salginən üstümə sayə cavab ver.
Arifsən guşuma xoş gəlir sədan,
Sənə insaf versin qadiri-sübhan
Mətləb istəsən də, istə xudadan,
Sən ol Qurandakı ayə cavab ver.
Məhəbbət oduna yandırma məni,
Dost-düşmən içinə endirmə məni,
Tay-tuş arasında sındırma məni,
And verirəm ol xudayə cavab ver.
Mənim sözlərimdən incimə, küsmə
Saralmış bostanam, üstümdən əsmə
Bir kəlmə söz üçün il vədə kəsmə,
Vəli kimi mərdanəyə cavab ver.
Məktub, doğrudan da, Məşədi Həmidə təsir elədi. Bu arada Cahan xanım yenə beş-üç ağsaqqal götürüb gəldi Məşədi Həmidgilə. Dedi ki, bəs, mən Vəlinin toyunu eləyib geri qayıtmalıyam. Xahiş elədi ki, işi ləngitməsin. Yazıya pozu yoxdur. Allah-taala bir qızın yazısını yazıb bir oğlana, istər çoban olsun, istər padşah. Allahın məsləhətindən bəndə qaça bilməz. Bu işə xeyir-dua verməkdən başqa çarə yoxdu.
Məşədi Həmid gördü Cahan xanım düz deyir, qismətdən qaçmaq olmaz, dedi:
– Cahan xanım, indiki iş belədir, mən razı, tale nə yazıb qismət də odu.
Bəli, toy tədarükü görüldü. Vəli əlli qoyunu satıb pulunu toy üçün saxlamışdı. Özünə yaxşı bir toy elədi. Cahan xanım toyda üç gün, üç gecə çalıb oxudu. Belə bir toy keçdi ki, səsi, sorağı hər yana yayıldı. Üç gün üç gecədən sonra Nazlı xanımı Vəliyə gəlin gətirdilər. Onlar uzun ömür sürüb xoşbəxt oldular. Siz də xoşbəxt olasız.
Ustad bu duvaqqapma ilə dastanı tamamladı:
Bax gözələ, mah camala
Yanağı lala yaxşıdı.
İnci dişi, qələm qaşı,
Gözləri ala yaxşıdı.
Dodağı süd qaymağı
Dönüb zülala yaxşıdı.
Var maçı, qarğı saçı,
Tökülüb dala yaxşıdı,
Səhər durur, ziynət vurur,
O mahcamala yaxşıdı.
Özü cavan, mətləb qanan
Bu gözəlin nazına bax.
Kitab əldə, şirin dildə
Oxuyur avazına bax.
Gör nə göyçək açıb çiçək,
Baharına, yazına bax.
Hər kim gördü olmaz dərdi,
Söhbətinə, sazına bax.
Aşıq gərək dastan yaza
Belə camala yaxşıdı.
Gəzib eldə, şirin dildə
Nə görsəm onu yazıram.
Gözəlin, duran telin
Nədir nişanı yazıram.
Ay gözəlim, dərdin alım
Səni tək canı yazıram.
Xəstəyəm, can üstəyəm
Hanı dərmanı yazıram?
Arıyam, sızıldaram,
Pətəkdə bala yaxşıdı.
Bax bu gələn, canlar alan
Gözəllərin ülkəridi.
Həm sərfiraz, sinə bəyaz,
Dağların təzə qarıdı.
Mən dediyim, istədiyim,
Tər şamama nübarıdı.
Danışıram, alışıram,
Sinəmdə eşqin narıdı.
Bülbüləm gül ucundan
Qonmuşam dala yaxşıdı.
Qönçə dəhan, gülü-reyhan
Ay boyu mina gözəlim.
Təbibim ol, dərdimi bil,
Yetir dərmana, gözəlim.
Olma naşı, eşq ataşı
Qalama cana gözəlim.
Muradımdı, nə lazımdı
Deyim, inana gözəlim?
Vəli sözdə qiymətini,
Verir kamala yaxşıdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-miskin-velinin-canbagca-seferi
Другие произведения автора
Стихи других поэтов
Mən elə kimsəyəm aşiqə bənzər,Könlüm əhli-haldı, dilim dərdi-sər,
KeçsinŞəhla eynin, siyah qaşın can alır,Gələndə nakəslər daldala, keçsin.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,