Miskin Vəlinin Canbağça səfəri
Страница 7 из 9 · 67%
Ana deyib durdum sənin yanında,
Heç məni yadına salmadın, nənə.
Şirinmi yatırsan xabın kanında,
Qayğıma, qeydimə qalmadın, nənə.
Zeynəb qarı gördü cavab verməsə olmaz, gərək o da öz ürəyini boşalda. Saçından üç tel ayırıb basdı sinəsinə görək Vəliyə necə cavab verdi:
Bir düşkün qarıyam incitmə məni,
Hər zaman qulluqda ola bilmirəm.
Deyimmi sözümü açıb sinəmi?
Necə oynuyum sağa-sola bilmirəm.
Aldı Vəli:
Buyuraram söhbətinən, sazınan,
Sən də qulluq eylə, işvə, nazınan,
Dəyişmərəm gəlininən, qızınan,
Heyif bir dərdimi bilmədin, nənə.
Aldı Zeynəb qarı:
Oğul, bir söz deyim sənə gəlginən,
Sözlərimin qiymətini bilginən,
Get ağlın kəsənin birin alginən.
Bundan qeyri tədbir bilə bilmərəm.
Aldı Vəli:
Könüldən çəkirəm qübar deyirəm,
Bir tuti qamətli dilbər deyirəm,
Vəliyəm sözümü aşkar deyirəm,
Sevdiyimi neçün almadın, nənə?
Aldı Zeynəb qarı:
Mən Zeynəbəm, sən baxginən üzümə
Bir qulluqçu lazım gəlir özümə,
Ha deyirəm baxan yoxdur sözümə
Sevdiyin gözəli ala bilmirəm.
Söz tamama yetdi. Şair Cavad üç-dörd gün dostunun yanında qalıb qayıtdı Qabaqtəpəyə.
Bir aydan neçə gün keçmişdi ki, Vəli Şəmkirdən qayıtmışdı. Fikirləşdi ki, daha vaxtdı, Canbağçaya səfər etmək lazımdı. Onun bir qardaşı da var idi. Adı Məhəmmədəli idi. Məhəmmədəli Vəlidən beş-altı yaş böyük olardı. Özü ilə Məhəmmədəlini də götürdü. Cürəni evdə qoydu, çünki adam yanında çıxarmaqdan ar elədi. Xülaseyi-kəlam, iki aşığa bir saz götürüb yola düşdülər. İki gün o kənddə, bir gün bu kənddə axır gəlib bir kəndə çıxdılar. Gördülər, kənddə bir evdə bir vay-şivəndi ki, Allah göstərməsin, elə bil Kərbəla müsibətidi. Gəldilər bu hay-haray olan yerə. Öyrəndilər ki, bəs, deməzsənmi bu bir tacirin evidi. Tacirin cahcəlalı, malı-pulu adnan söylənirmiş. Elə bu yaxınlarda tacir ölür. Onun iki oğlu var imiş. Qırxı çıxmamış tacirin oğulları başlayır atalarının mülkünü, pulunu bölməyə. Mülkü bölüb qurtarırlar. Elə ki, iş çatır pula biri deyir sənə çox oldu, o biri deyir yox sənə çox oldu. Bu deyir, o deyir, axırda tutaşası olurlar. Qardaşın biri tüfəngi çəkir, vurub o biri qardaşını öldürür. Vəli baxdı ki, bir ağbirçək arvad özünü şəhid edir. Allah göstərməsin, üzünü, başını bir günə salıb ki, sağ tutar yer yoxdu. Soruşdu ki, bu kimdi. Dedilər, tacirin arvadıdı, ölən də bunun oğludu. Doğrudan da, ağır dərdiydi. Ölən oğul, öldürən oğul. Əl yetəsi yer yoxuydu. Bu hadisə Vəliyə çox ağır təsir elədi. Götürüb orda belə yazdı:
Göstərən hünəri əzəldən bəri,
Oxuyan, hər elmə çatansan, ey pul.
Sözlərin gövhəri, dillər əzbəri,
Şirin canlar alıb satansan, ey pul.
Varlının şöhrətli, şanlı adısan,
Şahlar dostu, kasıbların yadısan,
Fitnəsən, fəsadsan, sehri-cadusan,
Natiqlər nitqini tutansan, ey pul.
Bir camal göstərən aynadan sənsən
Ölkələr yerindən oynadan sənsən,
Aləmdə çox qanlar qaynadan sənsən,
Dünyanı bir-birinə qatansan, ey pul.
Şanlı cəlalları quran da sənsən,
Uçuran, zərbələr vuran da sənsən,
Bəşəri qırdıran, qıran da sənsən,
Milyonlar qanına batansan, ey pul.
Sən üçün götürür biri ağır daşı
Sən üçün başlayır qanlı savaşı,
Sən üçün öldürür qardaş qardaşı,
Tutduğun əməldən utansan, ey pul.
Birinə şirinsən, birinə acı,
Birinin başına qoyursan tacı,
Dərin dəryalardan alan xəracı,
Dağları kül edib atansan, ey pul.
Miskinli Vəlini gətirsən sana,
Mehriban elləri salma ziyana,
Köməksən, arxasan, cansan insana,
Ürəklər üstündə yatansan, ey pul.
Vəli ilə Məhəmmədəli dəfndə iştirak elədilər. Aşığa lazımdır ki, elin xeyirində, şərində iştirak eləyə. Elə ki, cənazə aparılıb dəfn edildi, camaat başsağılığı verib dağışılmağa başladı. Vəligil də oradan yol aldılar Canbağça səmtinə. Soruşa-soruşa haca gedib çıxmaq olar, onlar da soruşa-soruşa gəlib yolla Canbağça tərəflərə çıxdılar. Bir yerdə baxdılar ki, yol haçalanır, bilmədilər hara gedələr. Dedilər, həm bir az oturaq nəfəsimizi dərək, həm də bir Allah bəndəsi rast gəlsə, soruşaq görək hansı yolla getməliyik. Bəli, bir az keçmişdi ki, gördülər bir adam qabağında da balaca bir naxır haylayıb örüşə aparır, dedilər:
– Qardaş, olarmı səni narahat eləyək?
Naxırçı cavab verdi:
– Niyə olmur ki, buyurun.
– Canbağçaya gedən yol hansıdır?
Naxırçı yolu göstərdi. Amma gördü bunlar heç buralar adamına oxşamırlar. Birinin də çiynində saz var. Yəqin etdi ki, aşıqdı. Dedi, yəqin şair Cahanla deyişməyə gedir, soruşdu:
– Qardaş, deyəsən buralar adamı deyilsiz?
– Yox, uzaqdan gəlmişik.
– Canbağçaya getməkdə xeyir ola.
– Gedirik usta Cahanın yanına saz almağa.
Naxırçı saz almaq sözünü belə başa düşdü ki, yəni onunla deyişib sazını almağa, amma bu usta sözünü heç anlaya bilmədi. Ona görə də soruşdu:
– Necə yəni usta Cahan, Cahan usta deyil ki…
– Necə yəni usta deyil?
– Cahan bir şair qızdı, aşıqlar əlindən zara gəlib, indiyə qədər iyirmi iki aşığın sazını əlindən alıb yola salıb. Özü də şərt qoyub ki, kim mənə uduzsa, gərək aşıqlıq eləməyə, kim də məni udsa, ona ərə gedib ömrüm boyu qabağında nökərçilik eləyəcəyəm.
Naxırçı belə deyəndə Vəli ilə Məhəmmədəli baxdılar bir-birinin üzünə. Vəli barmağını dişlədi. Anladı ki, aşıq Məhəmməd onu aldadıb, qəsdən Canbaxçanı nişan verib ki, Vəli gedib şair Cahanın cənginə keçsin, uduzub el içində biabır olsun, bir də əlinə saz almasın. Daha haraya yetəcəkdi, iş işdən keçmişdi. Məhəmmədəli dedi:
– Qardaş, daha hara gedək ki, gəl qayıdaq, bizim şair Cahanla nə işimiz.
Vəli bir aşağı fikirləşdi, bir yuxarı fikirləşdi, çox götür-qoydan sonra dedi, ölmək ölməkdi, xırıldamaq nə deməkdi. Buraya kimi gəlib burdan qayıtmaq kişilik deyil, gedib Cahanla deyişəcək. Udar lap yaxşı, uduzar da yenə qayıdıb çomağını götürər, çobanlığını eləyər. Vəli bir də özünə güldü ki, Aşıq Məhəmməd usta Cahan deyəndə o, elə bilmişdi ki, Cahan kişidi. Ancaq indi öyrəndi ki, bu qız imiş. Nə isə, Məhəmmədəli çox dedi, Vəli az eşitdi. Canbağçaya gedəsi oldular, axır ki gəlib kəndə çatdılar. Kənddə bir evdə qonaq qalası oldular. Deyir, yer qulaqlıdı, bir saatın içində xəbər şair Cahana çatdı. Dedilər, bəs deməzsənmi kəndə iki aşıq gəlib, özü də filankəsin evinə düşüblər.
Kənd öyrəşmişdi, bir aşıq gələn kimi bilirdilər ki, şair Cahan onunla deyişməmiş buraxmayacaq. Odur ki, hamı tökülüb gəlirdi. İndi də camaat başladı yığışmağa. Bir saatın içində Vəli baxdı ki, içəri adamnan doldu.
Sizə deyim şair Cahandan. Cahan aşıq paltarı geyindi, başına papaq qoydu, belinə xəncər bağladı, əlqərəz tanınmamaq üçün özünü kişi qiyafəsinə saldı. Sazını da götürüb Vəli ilə Məhəmmədəlinin olduğu evə gəldi. Xoş gəldiniz eyləyib keçib sakitcə bir tərəfdə əyləşdi. Elə ki, şair Cahan içəri girdi, Vəli onun əlindəki sazı görüb şübhələndi, zənn eləyib gördü ki, balam, bu, qızdı, kişi patları geyinib, mətləbi başa düşdü. Amma üstünü vurmadı.
Ağsaqqalardan biri xahiş elədi ki, aşıqlar çalıb oxusunlar. Doğrudan da, camaat aşıqların başına yığışmışdı, elin adətinə görə indi gərək çalıb oxuyaydılar. Aşıq Məhəmədəli sazı köynəyindən çıxardı, bir-iki ağız oxumuşdu ki, Cahan soruşdu:
– Qardaş, haralar aşığısınız?
– Miskinlidən gəlmişik.
– Zər gətirmisiz, ya zər almağa gəlmisiz?
Aşıq Məhəmmədəli duruxdu, bilmədi nə cavab versin. Vəli bunu hiss elədi. Odur ki, cavab verdi:
– Zər gətirib zərgər aparmağa gəlmişik.
– İkiniz də aşıqsınız?
Yenə Vəli cavab verdi:
– Bəli, mən şəyirdəm, o aşıq usta.
– Sərrac bizsiz, aşıq sazsız olmaz. Bəs, niyə ikinizə bir sazınız var?
– Biri var, birini də burdan alarıq, olar iki.
– Burada bəyəm saz satırlar ki, alasız?
Düzdü, Cahanı görəndən Vəlinin ürəyi əsirdi. Deyir, Allahdan qorxmayan kafərdi. Amma elə ki, danışmağa başladılar, nədənsə bir az ürəkləndi. Düşündü ki, cəhənnəm, uduzaram da uduzaram, islanmışın sudan nə qorxusu, nə var deyəcəyəm. Ona görə də dedi:
– Yox, deyirlər burda bir şair Cahan var, iyirmi iki aşığın sazını alıb. Gəlmişik onu bağlamağa, fikirləşdik ki, daha onun sazını alacağıq, ikinci sazı özümüzə yük eləməyək.
Cahan baxdı ki, bu çox yuxarıdan getdi. Ürəyində dedi, eybi yoxdu, indi köpünü alaram, dedi:
– Birdən Cahan səni bağladı, onda neynərsən?
– Onda deyərəm aldığın iyirmi iki sazın hamısını bir-bir vur mənim başıma, ölərəm ölərəm, qalaram qalaram.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-miskin-velinin-canbagca-seferi
Другие произведения автора
Стихи других поэтов
Mən elə kimsəyəm aşiqə bənzər,Könlüm əhli-haldı, dilim dərdi-sər,
KeçsinŞəhla eynin, siyah qaşın can alır,Gələndə nakəslər daldala, keçsin.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,