Əlinə gəldikcə yığ ver qızıla,Bəxt çəkib gətirər pul səninkidi.Aldadıb alırsan naxış yetirir,Haqsız, təmənnasız qul səninkidi.

Soy, soyundur, işlət fitnə-felini,Dolaşdır işini, bağla dilini,Nəyi var verəcək uzat əlini,Qazanıb hazırdı, mal səninkidi.

Bağından barını silkələ gətir,Verməsə qəlbinə vəlvələ gətir,Çalış ixtiyarın tez ələ gətir,Başının ağası ol, səninkidi.

Yalvarıb, yaxarsa, tutma sözünü,Yazığın gəlməsin çıxart gözünü,Soy gətir gönünü, görsət özünü,Aləmdə qüvvətli qol səninkidi.

Versə, yaxın durma yüz min manata,Çox al, tez çatasan varlı həyata,İşləyər pətəyə, istəməz yata,Arı şana çəkir bal səninkidi.

Bəzə süfrə üstə pilovu, aşı,Kababı, konyakı, dolma, bozbaşı,Ye, gey zər-zibanı, oynat daş-qaşı,Dünyanın sərvəti bol səninkidi.

Bir xəbər söyləyim rəngin solmasın,Qəlbin qaralmasın, gözün dolmasın,Yükünü yüngül tut, ağır olmasın,Örkən, noxta, palan, çul səninkidi.

Nəyi var əlindən al, canı çıxsın,Verməyəni dama sal, canı çıxsın,Deyinsə, ölüncə çal, canı çıxsın,Qaz kimi tükünü yol, səninkidi.

Öldürmə Vəlini az günahınan,Çox nifrət alıbsan qarğış-ahınan,Cənnəti görməzsən bu tamahınan,Cəhənnəmə gedən yol səninkidi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов