Maral
Qalın meşəlikdən talaya çıxdın,Durub ürkək-ürkək dörd yana baxdın,Bəlkə düz üstümə yollanacaqdın,Məni görməsəydin əgər sən, maral?Bəs niyə boynunu əyirsən, maral?
Gör necə qaradır, qara gözlərin,Vurub neçə qəlbə yara gözlərin.De, belə zillənib hara gözlərin?Niyə məlul-məlul baxırsan, maral?Könlümü yandırıb-yaxırsan, maral?
De, hansı dərədən, düzdən keçmisən?Özünə haranı oylaq seçmisən?Hansı bulaqlardan, de, su içmisən?Keçdiyin yerlərdən keçəydim, maral!İçdiyin sulardan içəydim, maral!
Qaçma, pöhrəlikdən üzə çıx, dayan,Çökər gözlərimə qaranlıq, dayan.Barı, heç olmasa bir anlıq, dayan,Qoy baxım doyunca sənə, ay maral!Tələsmə, gedərsən yenə, ay maral!
Qoysan, lap yanına gələrəm sənin,Oxşayıb qədrini bilərəm sənin.Gözlərin yaşarsa silərəm sənin,Nədir üzündəki sual, ay maral?Mən ovçu deyiləm, maral, ay maral!
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-maral
Клавиши ← → для перехода, R — случайное стихотворение