Oğul toyu
Unudulmaz Gülarə üçün
Bu qış isti gəldi,
Bu necə qışdı?
Hayıf, görmədin.
Arzuya toy etdik,
Dünya axışdı,
Hayıf, görmədin.
Bir gözüm ağladı,
Bir gözüm güldü,
Hayıf, görmədin.
Çoxdan gözlədiyin
Gəlinin gəldi,
Hayıf, görmədin.
Cahan göylərində şimşək çaxsa da,
İllər qəmli gəlib,
kədərli getdi.
Bir Arzu ulduzu
doğdu dünyada.
Dünyada bir ümid çiçəyi bitdi.
Bir gün qovuşmaqçın tale ulduzu,
Bir ömür yol keçdi ümidlə Arzu.
Qəlbinə süzülən
Nurlu üfüqlə
Arzu addımladı ulduzum, — deyə.
Göylər çəmənindən axan şəfəqlə,
Ümid də səsləndi gəl, Arzum, — deyə,
Çalan kim, gülən kim,
toy qızışmışdı.
İçəridə bahar, bayırda qışdı.
Birdən yer üzündə sirli yel əsdi,
saçımda əl gəzdi,
İstidən isti.
Milyon əl içində o doğma əldi,
Sehirli dünyadan sehirlə gəldi.
Necə darıxmışdım
O əllər üçün,
O əldən süzülən
Nur sellər üçün,
Sən elə baxırdın,
Gülümsəyirdin.
Deməli, bu gün də
sənsiz deyildik.
Sən oğul toyunda
dua deyirdin.
Bu toyda, düyündə
Sənsiz deyildik.
Yağırdı bayırda qar səpə-səpə,
Oğlunun, gəlninin üzündən öpən,
Sən ki, özündün!
Toya işıq saçan sanki özündün.
Nurlu baxışların
Dünənki kimi,
Bizi ayırmayıb elə bil aləm.
— Niyə ağlayırsan, — deyirdin, — Nəbi,
Axı mən burdayam,
mən səninləyəm!
Gəl birgə oynayaq, göz yaşını sil,
...Açdın qollarını, qanad tək açdın.
Bir rəqs burulğanı
qopdu elə bil,
Ömrümdə heç belə
oynamamışdım.
Oldun müsafiri
Sən bircə anın,
Getdin, dərdin, qəmin sorağı qaldı.
Sanki arasında
iki dünyanın
Sönməyən bir işıq
zolağı qaldı.
O zolaq sehirli
nərdivan kimi,
Çəkirdi göylərə mənim qəlbimi.
Gəldin oğul toyu
Arzusunda sən,
Sirli dəqiqələr,
geri qayıdın!
Bəlkə əbədiyyət yuxusunda sən,
O gecə ilk dəfə rahat uyudun.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-ogul-toyu
Клавиши ← → для перехода, R — случайное стихотворение