Üçüncü məclis
Страница 3 из 3 · 67%
ONUNCU GƏLİŞ
Yusif, Pərzad, Qulu.
P ə r z a d. Əbəs yerə fikrə-zada getmə. Bu iş çox az pula başa gələr.
Q u l u. Ağa Niyaz bəy sizi görmək istəyir.
Y u s i f (təəccüblə). Niyaz bəy?
Q u l u. Bəli.
Y u s i f (tərəfə). Pərvərdigara! Görəsən nə ittifaq üz veribdir. (Mizin üstünü təmiz edir. Quluya tərəf.) Ay gədə, oraları yığışdır, de, buyursun. (Qulu dişqarı çıxır.)
P ə r z a d (durur). Mən də gedim, salamat qal. Amma dediyimi elə, cavansan, yazıqsan. (Gedir).
Y u s i f (kitabları duzəldir). Sağ ol!
(Niyaz bəy daxil olur.)
ON BİRİNCİ GƏLİŞ
Niyaz bəy və Yusif.
N i y a z b ə y. Səlaməleyküm, Yusif bəy!
Y u s i f. Xoş gəlibsiniz, əyləşin. (İkisi də əyləşirlər.)
N i y a z bəy. Yusif bəy! (Yusif xəcalətdən jepə baxır.) Mən çox təəccüb edirəm ki, bu vaxtadək siz öz dost-düşməninizi tanımırsınız.... Mənim burada sizinlə açıq danışmağım əbəsdir.... Ümidvaram ki, mən dediyimi başa düşərsiniz.
Y u s i f (başı aşağı). Bəli....
N i y a z b ə y. Amma, bağışlayınız, mən sizə nəsihət edirəm.
Y u s i f. Niyaz bəy! Mən sizi başdan özümə böyük bilmişəm. Ona görə nə buyursanız, mən sizin qulluğunuzdan çıxmaram....
N i y a z b ə y. Çox sağ ol, əzizim! Bu iş sizin üçün gərəkdir dərs olsun. Adam hər bivəfa adama çörək verib özünə rəfiq etməz. Yaxşı ki, mən işi bir az uzadıb qızın ata və anasını inandırmışam ki, Şamdan əsla layiq deyil ki, ona qız veriblər.
Y u s i f (başını qaldırıb). Necə ki?!
N i y a z b ə y. Şirvandan onu tanıyan adam gəlib və mən hətta kağız almışam. Görünür, çox nanəcib və bədəsil adamın biriymiş.... Bunu yəqin edəndən sonra fikirlərini dəyişib yenə əvvəlki fikirdə oldular....
Y u s i f (gedib Niyaz bəyin əlindən öpür və Niyaz bəy ona xeyir-dua verir). Niyaz bəy, əvvəldən axıradək mənə ata yerində olubsunuz və təvəqqe edirəm ki, məni bağışlayasınız. Çünki mənim bu işimdə çox zəhmət çəkibsiniz.
N i y a z b ə y (ayağa durur, əlini Yusifin çiyninə qoyub). Xudavəndi-aləmdən istəyirəm ki, hər ikiniz ömrünüzü xoşbəxtliklə keçirəsiniz! Və yaman adamın dostluğundan allah sizi saxlasın! Dəxi mənim bir sözüm yoxdur, ancaq təvəqqe edirəm ki, hazırlaşıb bir həftəyədək toy edəsiniz....
Y u s i f (baş əyib). Çox məmnunəm.
N i y a z b ə y. Dəxi mən gedim. (Əl verir.) Salamat qal! (Çıxır.)
Y u s i f (qapıyadək dalınca gedir). Xoş gəldiniz. (Gələ-gələ). Niyaz bəyin mənim boynumda çox haqqı vardır. Of ... allah! Nə xoş xəbərdi, mən eşitdim!.... Neçə gün idi gözümün yaşı tökülməkdən qurumuşdu.... Başım fikirdən az qalırdı çatlasın. Neçə dəfə istəmişəm özümü həlak edəm.... Çox şükür, çox şükür ki, xoşbəxtlik yenə mənim üzümə güldü!....Zalım oğlu özünü qəribə pis qələmə verdi! (Fikir edir.) Cəzasıdır, qoy çəksin! Ümidvaram ki, bundan da pis günə düşə.... (Fikrə gedir.)
(Murad tez içəri daxil olur)
ON İKİNCİ GƏLİŞ
Murad və Yusif.
M u r a d. Yusif! Muştuluğumu ver, iş düzəlibdir.
Y u s i f (gülə-gülə). Sən ver, mən səndən tez bilmişəm.
M u r a d. Sən mənim canım!?
Y u s i f. Sənin canın üçün.
M u r a d. Hardan bildin?
Y u s i f. İndicə qızın dayısı gəlmişdi, o dedi.
M u r a d. Niyaz bəy?
Y u s i f. Bəli.
M u r a d. Səndə xəbər varmış. De görüm, nə söhbət etdi?
Y u s i f. Söhbət çox oldu, sonra danışarıq.... Xülasə, nə istəyirsən, iş qurtarıbdır. Bir həftədən sonra toydu.
M u r a d (əlini-əlinə vurur). Ay can! Amma o zalım oğlunun acığına gərək bir iş edək ki, utandığından ölə.
(Bu vaxt Rza bəy, Heydər bəy, Nəcəf bəy, Rəsul və Sultan daxil olurlar.)
ON ÜÇÜNCÜ GƏLİŞ
Rza bəy, Heydər bəy, Nəcəf bəy, Rəsul, Sultan, Murad və Yusif.
R z a b ə y. Sizə demədim, Murad indi orada olacaq?
H a m ı s ı. Salaməleyküm. (Yusifə və Murada əl verirlər.)
H e y d ə r bəy. Yəqin muştuluq almağa gəlibdir. (Hamı gülür).
M u r a d. Elə ondan ötəri gəlmişdim, amma Yusif qabaqladı.
H a m ı s ı (Yusifə tərəf). Necə ki?
Y u s i f (gülə-gülə). Niyaz bəy buraya gəlmişdi, o dedi.
H a m ı s ı. Çox yaxşı!
Y u s i f. Əyləşiniz. (Hərə bir stul ustə oturur.)
R z a b ə y. Bəli, indi toya hazırlaşmalıdır.
H a m ı s ı. Əlbəttə, əlbəttə.
H e y d ə r b ə y. Keçən gecə İsrafil bəylə qəstində əyləşmişdik. Balkonda qilü-qal düşdü, gedib görürük, aşnamız Şamdan qəstin yiyəsi ilə dava edir. Söhbətlərindən belə məlum oldu ki, neçə gündür qəstində yeyib-içib, indi pul istəyirlər, deyir yoxdur. Qəstin sahibi də şələsini dalına verib qovaladı.
H a m ı s ı. Ay nə olubdur!
N ə c ə f b ə y. Hələ bundan da pis gün görəcəkdir.
H a m ı s ı. Qoy görsün, əməlinin meyvəsidir.
R ə s u l. Dünən də bizə gəlibmiş. Evdə olmamışam.
H a m ı s ı. Hə ... Hə ... Genə yavuqlaşmaq istəyir.... Görükür, başına dəyibdir....
R z a b ə y. Hələ onun pis günü daldadır, qoy bir toyu eləyək. Doğrudan, Yusif, toy nə vaxtdır?
Y u s i f. İnşaallah, bir həftəyədək!
H a m ı s ı. İnşaallah!
R z a b ə y (Murada). Sən allah, Murad, toy üçün bir şer yaz oxuyaq.
H e y d ə r b ə y. Həqiqət, Nəcəf bəyin toyunda ki, yazmışdın, bir eləsini yaz görək.
M u r a d. Hazır varımdır. Bir yaxşı hava ilə oxumaq olar.
R ə s u l. Yanındasa, görək necə şeydir.
H a m ı s ı. Doğrudan, bir bax görək.
M u r a d (əlini qoynuna salıb çıxarır.) Budur, tapdım. (Hamı gedib onun yanına kağıza baxır).
R z a b ə y. Bir oxu görək, necə şeydir?
M u r a d. Hamısını hələ qurtarmamışam.
H e y d ə r b ə y. Zərəri yoxdur, oxu görək necə şeydir.
(Murad oxuyur.)
H a m ı s ı. Bərəkallah! İndi qoyun hava ilə oxuyaq.
(Myrad qabaqda oturub, onlar dalda, oxuyurlar).
Gecə aydın, yuxum gəlməz yatmağa,
Gül üzündən yarım qoymaz dadmağa, hay dadmağa,
Bülbül düşüb ayrı güldən, çöllərə,
Necə deyim dərdimi mən ellərə, hay ellərə.
İnsan gərək ağa olsun dilinə,
Gətirməsin heç vaxt pis söz dilinə, hay dilinə.
Yaxşı olmaz yoldaşlıqda xəyanət,
Tutar çörək gözlərini həməvaxt, hay həməvaxt.
PƏRDƏ
Kitabxana.az · https://kitabxana.az/ru/works/nerimanov-samdan-bey-ucuncu-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vaqe olur İsfahanda, Nadirin iş otağı: bir tərəfdə stol, üstündə kitablar. Otaq xalılarla döşənmiş; Mirzə Mehdi xan oturub yazır.*M i r z ə M e h d i x a n. Görəsən belə bir vücudu İran daha görəcəkmi? Çətin! Sözü bir, ürəyi saf, şir ürəkli, aslan qüvvətli, vətənini sevən, millət yolunda can qoyan, sahibsizlərə sahib, köməksizlərə kömək edən, yetimlərə pərvəriş verən
Şamdan bəyƏFRADİ-ƏHLİ-MƏCLİSY u s i f-- mədəniyyətli, qulluq edən cavan oğlan, Avropa libasında.
Birinci məclisƏVVƏLİNCİ GƏLİŞYusif otağında əyləşib kağız oxuyur. Ev, şəhər evi. Bir neçə kürsü və bir küncdə miz üstündə kitablar və kağızlar.
İkinci məclisƏVVƏLİNCİ GƏLİŞHacı İbrahimin evi. Dövlətli, Avropa qaydasında. Xədicə tək.