Alış-veriş
Страница 2 из 3 · 33%
– Ağaların təşrif gətirmələrindən xeyli məmnun oldum, lakin ağaların nə məqsəd üçün gəldiyini bilmirəm.
Vəliəhdin bu sözündən sonra Hacı Fərəc Sərrafın oğlu Hacı Mirzağa qalxıb baş əyib danışmağa başladı:
– Heyət, həzrət vala vəliəhdə xalqın sədaqət və salamını yetirmək üçün hüzurunuza gəlibdir. Xalq özünü həzrət vala vəliəhdin təşrifi ilə məsud və bəxtiyar hesab edir.
Mən vəliəhdin Hacı Mirzağaya nə kimi cavab verəcəyi ilə maraqlanırdım. Məncə, o, Hacı Mirzağanın çar təbəəsi olduğunu bilməmiş deyildi. Mən bu düşüncəmi bitirmədən vəliəhd Hacı Mirzağaya sual verdi:
– Cənab ağa hansı xalqın salamını gətirmişdir? Bizim səmimi qonşumuz olan imperator təbəələrinin salamınımı gətirmişsiniz?
Vəliəhdin bu sözü Rusiya hökumətinə qarşı bir düşmən kimi deməsinə baxmayaraq, Hacı Mirzağa onun nə dediyini anladı, buna görə də əllərini döşünə qoyub, başını əydi və yerində oturdu.
Məclisə pozğunluq verməmək üçün ayağa qalxıb icazə istədim:
– Həzrət vala vəliəhd icazə versəydi, heyətin nə məqsədlə gəldiyi barəsində bir neçə kəlmə ərz edərdim.
Vəliəhd mənim İran taciri qiyafəsində olmağıma baxmayaraq, bir avropalı kimi ayağa qalxdığımı görüncə:
– Buyurun! Buyurun... Cənab ağanı eşidirəm! – dedi.
– Həzrət vala vəliəhdin hüzuruna gələn bu heyət Azərbaycanda yaşayan və sülh-səlaməti sevən bütün xalqların tərəfindən gəlmiş və onların sədaqətli salamını gətirdikləri gündən bəri bütün Azərbaycan xalqı ölkənin həqiqi bir hökumət iradəsi ilə yaşadığını hiss edir və bununla da şadlanır. Lakin son günlər xalqımız həzrət vala vəliəhdin Azərbaycanda qalmaq istəmədiyini eşitdiyi üçün bu heyəti sizin hüzurunuza göndərmişdir. Azərbaycan xalqı gənc şahzadəyə bir cəhətdən kömək göstərəcəyini və hərgah məmləkəti idarə etmək işində bir çətinlik vardırsa, o çətinliyi ümumi və müştərək qüvvətlə rəf edəcəyini vəd edir. Təbriz xalqı şahzadənin ata-babasına sədaqət göstərdiyi kimi, özünə və həmin köməyi göstərməyə hazırdır.
Vəliəhd məni çox diqqətlə dinləyirdi, mən beş dəqiqəyə qədər danışdım, vəliəhd mənim cavabımda:
– Həqiqətdə mən Təbriz xalqının köməyinə ümid bağlayaraq bu ağır vəzifəni boynuma götürdüm, mən bura gələn gündən də xalqın nümayəndələrinə öz məqsədimi anlatmaq istəyirdim. Biz Təbrizdə doğulmuşuq, Təbrizdə də böyümüşük, onun üçün də Təbriz xalqını sevirik. Allah şahiddir ki, nə mən, nə də qardaşım Əhməd şah təbrizliləri bir gün də olsa unutmamışdıq. Təbriz bizim vətənimizin ən qiymətli və ən əziz bir hissəsidir. Biz öz məmləkətimizin səadətini və xalqımızın rahətini məşrutə üsuli-idarəsində gördüyümüz üçün bu üsulun müdafiə edilməsinə and içmişik. Madam ki, Təbriz xalqı bizə öz köməyini vəd edir, biz də öz növbəmizdə bu qəddarlığı qıymətləndirməliyik. Xeyli sərəfraz buyurmuşsunuz, biz ata-babadan xalqın məsləhəti ilə hökumət sürmüşük, indi mən də, qibleyi-aləm də haman yolu davam etdirməkdəyik. Xalqımıza salam yetirib, mənim tərəfimdən buyurun ki, millətin səadəti hər nəyi tələb edirsə, onu həyata keçirməyə çalışacağıq.
Vəliəhd sözünü bitirdikdən sonra Nizamülmülk də danışdı. O da həmin sözləri dedi. Onların danışıqları doğru və səmimi olsa belə, biz onlardan heç bir müsbət nəticə gözləmirdik.
Vəliəhdin Təbrizdən getmək istəməsinin başlıca səbəbi, özünün Təbriz səfərindən gözlədiyi nəticələri əldə edə bilməməsi idi. Gənc vəliəhd Təbrizi Məmmədəli Mirzə dövründə gördüyü Təbriz hesab edirdi. Əvvəla, Məmmədəli Mirzə dövründə Təbrizdə çar nüfuzu hazırkı şəkildə deyildi. Yerli hökumət 1828-ci ildə İran
– Rusiya arasında bağlanmış Türkmənçay müahidəsinə əsasən, yarımmüstəqil bir şəkildə olsa da, məmləkəti idarə edə bilmirdi.
Məmmədəli şah vəliəhd olduğu zaman Təbrizdə Əmir Nizamların və peşəkarların mövcud olduğuna baxmayaraq, məmləkətin idarə işlərini tamamilə öz əlinə almışdı, hətta tacirlər arasında mövcud olan ticarət ixtilafları da Məmmədli Mirzənin şəxsən özü tərəfindən həll edilirdi ki, bu kimi ixtilafların həll edilməsində də Məmmədəli Mirzə müəyyən para almış olurdu. İndisə bunların heç birisi yox idi, az-çox rüşvət almaq mümkündüsə, onu da Nizamülmülk özü qamarlayır, gənc vəliəhdə bir şey dadızdırmırdı.
Gənc vəliəhd Azərbaycandan yığılacaq vergilərdən də bir şey əldə edə bilmirdi, çünki bütün vergilər İranın Rusiyaya olan borcünun faizlərini ödəmək üçün Rus-İran İstiqrazı bankına verilirdi. Bütün bunları nəzərə alanda vəliəhd ancaq Tehrandan aldığı müəyyən maaşla yaşamağa məcbur idi.
Yalnız vəliəhdin özü deyil, onun yanınca gələn xidmətçilər və nökərlər də böyük mənfəət mənbəyinə gəldiklərini düşünürmuşlər, çünki əvvəllərdə vəliəhdin məclisində ixtilaflı məsələlər həll edilən bir çox adamlar vəliəhdin özünə rüşvət vetdiyi kimi, onun böyük rütbəli xidmətçilərindən başlamış nökərlərinə, hətta qapıçısına qədər çay pulu verirdilər.
Biz qalxıb getmək istəyərkən vəliəhd sanki heyət üzvlərindən bir hədiyyə bəkləyən adam kimi əlimizin hərəkətinə baxırdı.
Mən gənc şahzadəyə başımla təzim edib ayrılmaq istədikdə, içində beş min tümənlik çek olan paketi dəyirmi mizin üstünə qoydum, başqaları heç bir şey gətirməmişdi. Biz isə vəliəhd ilə əlaqə saxlamaq və onun işlərini öyrənmək üçün ona bu hədiyyəni verməyi qərara almışdıq. Biz qapıdan çıxarkən dönüb geriyə baxdıqda mizin üstünə qoyduğum paketi vəliəhdin əlində gördüm.
Sərdar Rəşidin Zəncan şəhərində teleqrafxanaya girərkən öldürülməsi və qatilin ələ düşməməsi ildırım sürəti ilə Təbrizin hər tərəfinə yayıldı.
Cümşüd sərdar Rəşidi vurub qaçdığı zaman meyidin yanında bu məzmunda intibahnamələr qoymuşdu:
€Çar nökərlərinin və öz vətənini satanların cəzası budurlə
Bu intibahnamələr Təbrizə də gətirilmiş və çar konsuluna və vəliəhdə də verilmişdi. Özünü çar himayəsində elan etməklə İran kəndlisini və İran camaatını talamağa adət edən xainlər tısbağa kimi başını qınına çəkib dışarı çıxmağa cürət etmirdi. Çar konsulu Nizamülmülkü yanına çağırıb ciddi tədbirlər görülməsini və çar himayəsində olanların müdafiəsini təşkil etməyi tapşırırdı.
Elə bu günlərdə vəliəhdin qulamı bir məktub gətirib məni Şəmsülimarəyə çağırmışdı. Məncə, bu çağırış beş min tümən barəsində razılıq etmək üçün idi, lakin Məşədi Kazım ağa bu dəvətə tamamilə başqa cür məna verirdi.
– Mən bu it uşaqlarının ata-babasını tanıyıram, bunlara ki, üz verdin, daha dilənçi kimi yaxandan əl çəkməzlər, – deyirdi.
Mən Məşədi Kazım ağanı sakit etmək üçün:
– Eyb etməz, bu alış-verişdir, verdiyimiz pulların müqabilində bir çox şey əldə edə biləcəyik, – deyirdim.
Axşam saat doqquz idi. Mən Şəmsülimarəyə getdiyim zaman vəliəhdi həyətdə gördüm. O, gülləri sulamaqda olan bağbanla danişır və bu binada keçirdiyi uşaqlığını xatırlayırdı. Mən də onlarla bir qədər dolanıb cürbəcür gül kollarına tamaşa etdim və başqa yerlərdə təsadüf etmədiyim bir çox çiçəklərin adlarını soruşdum.
Saat onda bağçadan qayıdıb yazı və məşğuliyyət otağına gəldik. Vəliəhdin yazı stolunun üstündə bir neçə dərs kitabı gördüm, diqqətimi cəlb etdi, bunu vəliəhd özü də anladı.
– Madan ki, biz Rusiya ilə qonşuyuq, madam ki, müştərək mənfəət daşıyırıq, o zaman onların dillərini də öyrənməliyik. Bu barədə cənab general-konsul da mənə kömək verir, bir həftədirki, yanıma bir nəfər rus müəllimi təyin etmişdir.
– Gözəl fikirdir, – dedim, – biz öz qonşularımızla onların öz dilində danışmalıyıq.
– Cənab müəllim Yemelyanovun özü də çox diqqətli bir adamdır.
Mən Yemelyanovu çoxdan tanıyırdım, o, Tiflisdə bir çox inqilabi təşkilatları kəşf etmək üçün çalışmış, 4 və 5-ci illərdə Bakidakı inqilabi hərəkatı boğmaq üçün göndərilmiş məşhur çar iandarmı Runiçin şagirdlərindən idi. Şübhəsiz ki, çar konsulu tərəfindən vəliəhdə müəllim təyin edilən Yemelyanov vəliəhdin sarayına kimlərin gedib-gəldiyini konsula xəbər verəcək idi. Bu vəziyyət məni düşündürdü. Burada çar yandarmı ilə üz-üzə gəlmək məcburiyyəti var idi. Bu barədə də düşünmək sonranın işi idi. Hələlik vəliəhdin məni nə üçün çağırdığını bilmək lazım idi.
Çay gətirdilər, qəlyan təklif etdilərsə də mən təşəkkür edərək, buna adətim olmadığını söylədim. O, papiros çəkməyə icazə verdi, özü də bir papiros çəkdi.
– Mən öz razılığımı bildirmək üçün sizi bura dəvət etmişəm, lakin elə bilməyin ki, bu razılıq beş min tümən pul üçündür. Mən sizin qədrdan bir zat olduğunuzu bildiyim üçün razılıq verməyə və təşəkkür etməyə çağırmışam. Sizinlə bərabər mənim görüşümə gələnlərin bir çoxu vaxtı ilə bizim xanədanın süfrəsi başında vaxtını keçirənlər, ata-babamızın mərhəmətinə nail olanlar və bizim sayəmizdə əlinə böyük dövlət salanlar idi. Onlar mənim görüşümə bir dəstə gül və bir lumu ilə də gəlmədilər. Bunları nəzərə alaraq sizin bu qədər qədrdanlığınızı təşəkkürsüz buraxmaq istəmədim. Onlar Rusiya hökumətinin xoşuna getmək üçün bizi istiqbal etmədilər. Bizi şəhərin dilənçiləri və bazar əsnafi istiqbal etdi. Heç olmasa köhnə dostlarımız çar konsulunun bizə göstərdiyi ehtiram qədər hörmət göstərəydilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-alis-veris
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cənub küləkləri Xəzər dənizinin həyəçanlı qəlbini bir daha coşdururdu; dalğalar suya enmiş təyyarənin qanadları kimi sahilə hücum edirdi.Küləklər, sahil bağındakı söyüd ağaclarının sükutunu pozur və qızıl Bakının yaxın gələcəyindən dastanlar oxuyurdu.
II. «Metropol»Bolşevik düşmənlərinin ərkani-hərbi və əyyaşlarının yurdu sayılan «Metropol» otelində bu gecə fövqəladəlik vardı. «Metropol»da toplananlar sırasında daşnaq, eser və menşeviklər birinci yeri tuturdu. Böyük və kiçik salonların qapısında vərəqələr asılmışdı:«Buraxılış vərəqəsi göstərilmədən salona daxil olmaq qadağandır».
III. Fabrik-zavod rayonunaİngilislərin Bakıya gətirilməsi üçün zəminə hazırlamaqdan ötrü menşeviklər Bakı işçiləri arasında öz nüfuzlarını artırmağa çalışırdılar.Bunun üçün də menşevik və eser rəhbərləri, xanımları fabrik-zavod rayonuna aparmaq və öz tərəfdarlarını onlara göstərmək istəyirdilər. Bu səyahətin müvəffəqiyyətli keçməsi üçün menşevik və eserlər vaxt ikən işçi rayonlarına adamlar göndərmiş, menşevik tərəfdarları arasında çalışmış və xanımların mədən rayonuna getdiyi vaxt, işçilərin bolşeviklər əleyhinə çıxışlarını düzəltməyə səy etmişdilər.
IV. Brilyant sırğalarLeyla xanım doktor Araratyanın qızı Esteri təqib etməyə başlamışdı. Onun daşnaq rəhbərləri Hamazasb və Avetisovla əlaqəsi Leylanı şübhələndirmişdi.Buna görədir ki, Leyla Esterin stolu üzərindəki şeyləri, jaketinin cibini və redikulunu araşdırmaqdan heç də geri durmazdı.
Стихи других поэтов
Dünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Çoban Əli ilə Aşıq Heydərin deyişməsiCOBAN ƏLİ:Bir sarı köynəyin yandın oduna,