Bağdad və Həmədan üzərinə
Страница 2 из 3 · 33%
Sən mənim iraqlılarla bağladığım müqavilədən xəbərsiz deyilsən. Xəlifənin məsləhəti ilə bağlanan müqavilədə İraqda və Həmədanda ancaq İraq qoşunlarının qalması şərt qoyulmuşdur. Buna görə də mən Azərbaycan qoşununun Həmədana, Bağdada və İraq-Ərəbə yaxınlaşmasına icazə vermirəm.
Paytaxtdan icazəsiz bu qədər qoşunu səfərbərliyə alıb bu tərəflərə gətirməməli idin. Sənin bu hərəkətin qonşu hökumətlərlə olan dostluq əlaqəmizə fəna bir surətdə təsir edə bilər.
Məktubu alan kimi qoşunları geriyə qaytarıb Azərbaycanın işləri haqqında məlumat vermək üçün hüzuruma gələrsən. Sənə qəti əmr verirəm: göndərdiyi qoşun Bisütundan o tərəf keçməməlidir.
Xəlifə Nəsirəddinbillahdan aldığımız göstərişə görə Kirmanşah, Xanəqinə, Mahüdəşt, Şəhrəban və Qızıl Rübat tərəfləri Darüssəlam dairəsinə daxildir. Bu yerlər xəlifənin öz himayəsində olduğu üçün ayaq basılmazdır”.
Qızıl Arslan Toğrulun göndərdiyi məktuba əhəmiyyət vermədi, oxuyub qəhqəhə ilə güldü və vəziri Şəmsəddinə müraciət edib:
– Əlahəzrət icazə vermir, – dedi və qoşunun hərəkət etməsinə əmr verdi. Ordu Həmədana daxil oldu. Azərbaycan qoşunu şəhəri mühasirəyə alıb bir həftəyə qədər çadırlarda oturdu. Nəhayət, Qızıl Arslan qoşunun Bisütuna çatdığını və İraq ilə Həmədanın əlaqəsini kəsdiyini xəbər alınca öz sərkərdələri və vəzirləri ilə bərabər Həmədana girdi.
Qətibənin göndərdiyi matəm heyəti Qızıl Arslanı şəhərin kənarında qarşıladı və Qətibənin göndərdiyi məktubu verdi. Məktubda bu sözlər yazılmışdı:
“Mərhum qardaşınız üçün bir hökmdara layiq təziyə saxlamaq mümkün olmamışdı. Hökmdarın gəldiyini eşidib mərhumun təziyəsini təzələdim. Buna görə də Atabəy sarayına təşrif gətirib təziyədə iştirak edənlərin başsağlığını qəbul edəsiniz”.
Qızıl Arslanın Atabəy sarayına getdiyi küçələrin hər tərəfi Azərbaycan qoşunları tərəfindən əhatə edilmişdi. Toğrulun tapşırığına görə Həmədan əyan və alimlərindən bir nəfər də olsa Qızıl Arslanın istiqbalında iştirak etmədi. Hətta qoşun və qoşun rəhbərləri də istiqbal edən dəstələrin içərisində görünmədi. Qızıl Arslanı istiqbal edənlər səmimi vətənpərvərlər və məmləkətin nicat yolunu Qızıl Arslan tərəfdarlığında görənlər idi.
Küçələrdən: “Yaşasın Qızıl Arslan! Yaşasın Azərbaycan!” səslərindən başqa bir səs eşidilmirdi. Sarayın qarşısına yığılanlar işdən qovulan, nahaq cərimə edilən, mülkü və evi alınan, ticarət və dükanı İraq qoşunları tərəfindən qarət edilən azərbaycanlılardan ibarət idi. Atabəy meydanına yığılan bu qədər xalq Qızıl Arslanı görünçə bir daha “Yaşasın Azərbaycan hökmdarı!” – deyə qışqırdı. Qızıl Arslan və Atabəy Məhəmmədin oğlu gənc Əbubəkr atlarından piyada olub Atabəy sarayına daxil oldular. Onları yüzlərcə qulam və cariyələr istiqbal edib böyük salona gətirdilər. Qətibə xatun başından ayağına qədər qara matəm libasında Qızıl Arslanı qarşıladı və:
– Xoş gəlib səfa gətirdin, hökmdar! – deyərək ağladı. Qızıl Arslan isə onun əlini öpərkən:
– Mələkədən üzr istəyirəm. Atabəyin facianə ölümü barəsində məktub aldığım zaman təziyənizdə iştirak edə bilmədim. Çünki facianə ölümün xəbəri məmləkət daxilində rahatsızlığa səbəb olmuşdu. Hazırda mələkəyə bəyani-təziyət vermək və onun səhhətini soruşmaq üçün gəldim.
Bu sözdən sonra Atabəy Məhəmmədin oğlu Əbubəkr irəli keçib ögey anasının əlini öpmək istərkən, Qətibənin heyrətli gözləri öz qarşısında sanki Atabəyin durduğunu görüb diksindi. Qızıl Arslan onu Qətibəyə təqdim edib:
– Bu sizin oğlunuzdur. Anasına bəyani-təziyət vermək üçün gəlmişdir, – dedikdə, Qətibə də:
– Oğlum! – deyərək onu bağrına basıb öpdü və ağladı.
Atabəy sarayının yüzlərcə qulam və cariyələri iki saatdan bəri Qızıl Arslan və Əbubəkri rahat etmək və çimdirməklə məşğul oldu. Nəhayət, onlar Qətibə xatunun düzəltdiyi şam süfrəsinin başına dəvət olundular. Qətibənin özü şam süfrəsində iştirak etmədi, çünki qadınla kişilərin bir süfrədə oturması adət deyildi.
Qızıl Arslan yemək süfrəsindən qalxmaq istərkən Fəxrəddin daxil olub şəhərin vəziyyəti barəsində məlumat verdi:
– Hüsaməddin həbsə alınmışdır. Qoşun tamamilə tərk-silah edilibdir. Əlahəzrət Toğrulun vəzirlərinin hamısı öz evlərində həbsə alınmışdır. Əlahəzrətin saray qarovulları tərk-silah edilərək, yerlərinə Azərbaycan qoşunlarından təyin edilmişdir. Çadırlarda yerləşə bilməyən qoşunlar şəhərə daxil olub karvansaralarda və böyük evlərdə yerləşmişdir. Qoşuna yemək vermək üçün xüsusi dükanlar göstərilmişdir. Şəhərin əmniyyətini təmin etmək üçün gəzmə qoşun dəstələri çıxarılıbdır. Zəhir Bəlxi və Kəmaləddini indiyə qədər ələ keçirmək mümkün olmamışdır. Onların bir həftə əvvəl Həmədandan qaçdıqlarını söyləyirlər.
Fəxrəddin məruzəsini bitirəndən sonra Qızıl Arslan əlavə əmrlər verib dedi:
– Hər nə deyirəmsə, yadından çıxmamaq üçün dəftərinə yaz! Bu saat Həmədan şəhərinin qazısını və xətibi həbsə aldır. Azərbaycan ordusunun istiqbalına çıxmayan şəhər əyanları və şəhər ülamasının siyahısını tutub bir nəfərinə qədər həbsə aldır! Həmədan qalasını Azərbaycan qoşununun üzünə açmaq istəməyən qələbəyini darvazanın qabağında asdır və günahını yazdırıb döşünə yapışdır. Dükanlarını açmayıb şəhərə bahalıq salmaq istəyənlərin hamısını həbsə al və mallarını, evlərini qarət etdir. Həmədan şəhərindən bir nəfər də olsa kənara adam buraxmayın. Sabahdan etibarən hökumət idarələrində məsul işlərdə çalışanların siyahısını tutub, kimliyini təyin edin. Bütün dediklərimi həyata keçirəndən sonra yazılı olaraq əlahəzrət Toğrula belə xəbər verərsiniz:
“Əlahəzrətin hökmranlığını müdafiə və onun taxt-tacını möhkəm etmək məqsədilə aşağıdakı tədbirləri həyata keçirdik. Əlahəzrətin bu barədə əlavə fərmanlarını gözləyirik.
Həmədan şəhəri qoşununun fövqəladə mühafizə rəisi Fəxrəddin”
Fəxrəddin baş endirib getmək istədikdə, Qızıl Arslan onu dayandırıb:
– Bütün şəhərə elan verdirərsən, küçələrə carçı saldırıb əhaliyə bildirərsən: cümə günündən başlayaraq mərhum Atabəyin təziyəsi saxlanmalıdır. On gün tamam şəhərin bütün fəqirlərinə ehsan vermək lazımdır. Bunların hamısını həyata keçirilməsi üçün görülən işlər barəsində sabah axşam məruzəni eşidəcəyəm.
Fəxrəddin baş endirib getdi. Qızıl Arslan da tək oturub Nizamiyə məktub yazmağa başladı:
“Möhtərəm şair!
Təbrizdən çıxdığım iyirmi bir gündür. Bunun on dörd gününü yolda olmuşam. Havaların istiliyi qoşunun sürətli hərəkətinə mane oldu. Biləks biz Təbrizdən Həmədana 9 günə gəlməli idik. Mən özüm ancaq rəcəbin yeddisində Həmədana gəlmişəm, bir həftədir ki, şəhərin kənarında oturub şəhərə girmiş Azərbaycan qoşunu ilə şəhər xalqının nə cür rəftar etdiyini öyrənirdim. Təsadüf etdiyim maraqlı hadisələrdən birisi Həmədan üləma və Həmədan ruhanilərinin Azərbaycan ordusuna qarşı aldığı düşmənanə vəziyyətdən ibarətdir.
Şübhəsizdir ki, mən şəhəri işğal edən qoşuna, üləmaya, ruhanilərə toxunulmaması və ehtiram göstərilməsi barəsində xüsusi tapşırıq vermişdim. Lakin bir həftədən bəri şəhərin vəziyyətinə dair əldə etdiyim məlumatda, ruhanilərin məscidlərdə əleyhimizə təbliğat apardıqları xəbər verilir. Xüsusən qazı və xətibin minbərlərdən əhaliyə: “Bəla dənizlərinin ləpələri gəlir” – deyə bizim gəlməyimizlə əhalini qorxuya salması məni düşündürür. Buna görə də sizin mənə tövsiyə etdiyiniz “Məmunun xülasələri” adlı əsəri açıb məşğul oldum. Doğrudan da, Şərqdə (İslam Şərqində) vücuda gələn ixtilafların əsas mənbəyi din qanunları ilə hökumət qanunlarının qohum olmasındadır. Buna görədir ki, bir çox təsadüflərdə ruhanilər bilavasitə hökumət qanunlarının icraya keçməsi işində iştirak edir və hətta hökumət kişilərinə təsir göstərməyi də bacarırlar. Məmunun xülasələrinin əsas yeri də bu nöqtədən ibarətdir.
Lakin, hazırda biz məsələni açıq qoya bilmədiyimiz kimi, Məmun da öz xülasələrində sözünü açıq deyə bilməmişdir. Mən belə bir etiqada gəlmişəm ki, xülasədə Məmunun hədəf etdiyi nöqtə Qurandan ibarətdir. O demək istəmişdir ki, hökuməti əsri qanunlar, yəni mühit və şəraitdən alınan təcrübələr əsasında qoyula biləcək qanunlarla idarə etmək lazımdır. Ancaq bu yolu əsas tutmaqla Quranın və ruhanilərin nüfuzunu məscidlərin çərçivəsində bağlayıb saxlamaq mümkün olardı. Həmədan üləmasının mənə qarşı aldığı düşmənanə vəziyyət də göstərir ki, məmləkətin alimləri və ruhaniləri üçün möhkəm və iradəli hökmdar əlverişli deyildir. Onlar üçün zəif hökmdarlar gərəkdir ki, hökumət işlərinə asan bir surətdə müdaxilə edə bilsinlər.
Bilmirəm, Məmunun xülasələrində olan əsas nöqtələrdən birisi olan Quran tərcümələri məsələsinə diqqət verdinizmi ya yox?
Məmunun bütün təğyir və tərcümələrini müqayisə etdirməkdən məqsədi hər bir ruhaninin və hər bir təğyirçinin Quranı öz şəxsi məqsədinə uyğun bir surətdə təğyir etməsi macərasını meydana çıxarmaq istəməsi məqsədindən ibarət imiş. Məncə, biz buna nail ola bilsəydik, böyük bir iş görmüş olardıq.
Biz onda xalqa göstərə bilərdik ki, doğrudan da, Quranla hökuməti yoxdur, ancaq dini idarə etmək lazımdır. Ruhanilərin avam xalqı öz tərəflərinə çəkə bilməsi və onları Quranın qara cildinə təhkim edib saxlaya bilməsi səbəblərinin başlıcası peyğəmbərə xariqüladə sifətlər verməklərindən ibarətdir. Mən hələ Təbrizdə ikən Məhəmmədin meracına dair yazdığınız əsəri aldım. Onu özümlə bərabər götürmüşdüm. Yolda diqqətlə oxudum. Bədii cəhətləri olduqca xoşuma gəldi. Sonra əsərlə bərabər göndərdiyiniz məktubda mənə bir sual verib soruşursunuz:
“Hökmdar, yaz görüm bu meracnaməni yazmaqda mən nə kimi bir məqsədi təqib etmişəm?!”
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-bagdad-ve-hemedan-uzerine
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu gün Azərbaycan istiqlaliyyətinin şərəfinə verilən ziyafət Baği-İrəmdə təşkil olunmuşdu. Bu ziyafətə istiqlaliyyətə inananlar da, inanmayanlar da dəvət olunmuşdu.“Müqəddəratımızı öz əlimizə aldıq!” – deyə sevinənlərlə yanaşı olaraq, “Əmirin vəziyyətini möhkəmlətmək üçün düzələn bu macəra çox da uzun sürməz!” – deyənlər də var idi. Ziyafətdə iştirak edənlər hovuzlardakı qız heykəllərinə, onların döşlərindən vuran fəvvarələrə, Azərbaycanın hər tərəfindən gətirilmiş cariyələrə, cariyələrin tovuz quşu qanadından daha bəzəkli olan libaslarına tamaşa etdikləri zaman, Nizami ilə Fəxrəddin də Qərənfil xiyabanında gəzərək söhbət edirdilər.
MüşavirəƏmir İnancın Azərbaycan istiqlalı barəsində buraxdığı müraciətnaməni ifşa etmək və bu istiqlalın nədən ibarət olduğunu xalqa anlatmaq üçün geniş bir müşavirə təşkil edilmişdi.Müşavirədəki müxtəlif fikirlərdən birisi də Fəxrəddinin Aranın istiqlaliyyətini elan etmək barəsindəki təkliflərindən ibarət idi. O, Əmir İnanc tərəfindən buraxılan müraciətnamə məsələsinə keçərək dedi:
Rənaİlyas, çayın kənarındakı söyüd kötüyünün üstündə oturub çaya baxırdı. Çünki Xanəgah kəndindən Gəncəyə gələnlər çaydan keçib gəlməli idilər. Çayda su o qədər də çox deyildi. Lakin İlyasın nəzərində çayda bir coşqunluq var idi, dalğalar yenə də qartal kimi qanad açaraq bir-birini təqib edirdi. Çay nə qədər susuz və sakit olursa olsun, İlyas yenə də ondakı coşqunluğu heç bir zaman unuda bilmirdi, çünki o, öz sevgilisi Rənanı çayın ən coşqun bir günündə görmüş və coşqun bir ürəklə də sevmiş idi. Buna görə də o, daima çayın kənarında oturduğu zaman fikri keçmişlərə qayıdardı.Şair, neçə gündən bəri Rənanın görüşə gəlmədiyini xatırlayıb çaya baxırdı. Çayın o biri sahilində Xanəgah kəndindən şəhərə gələnlər yığın-yığın durub çaydan nə cür keçməyi fikirləşirdilər. Heyvanı olanlar, heyvanı olmayan kəndlilərin şeylərini qucaqlarına alıb sudan keçirirdilər. Suya yıxılıb qalxanlara, üst-başı islananlara gülənlər, hətta sudan öz şeylərini keçirə bilməyənlərdən ağlayanlar da var idi. Körpü çox uzaqda idi. Bazar isə çayın körpü olmayan tərəfinə yaxın idi. Buna görə də kəndlilərin hamısı şeylərini axşam bazarında satmaq üçün körpüsüz yerlərdən çayı keçməyə tələsirdilər.
Səba xanımQətibə, Səba xanımı Əbül-Ülanın qadını Cahan Banudan almaq üçün o qədər də vaxt sərf etmədi. Çünki onsuz da qoca şairin ailəsi söz gəzdirən və macəraçılığı sevən bu fitnəkar cariyənin əlindən qurtarmağa çalışırdı. Səba xanımın fitnələri səbəbinə Gəncədə yaşayan bütün ziyalı ailələr Əbül-Ülanın ailəsilə əlaqəni kəsmişdi.Səba xanımın fitnəkarlığı o dərəcəyə çatmışdı ki, hətta bir çox gənclərdən pul və hədiyyələr alıb Əbül-Ülanın kiçik qızı Mahtab xanımla onları tanış edəcəyini vədə eləmişdi.
Стихи других поэтов
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz