Страница 1 из 2

İlyas, çayın kənarındakı söyüd kötüyünün üstündə oturub çaya baxırdı. Çünki Xanəgah kəndindən Gəncəyə gələnlər çaydan keçib gəlməli idilər. Çayda su o qədər də çox deyildi. Lakin İlyasın nəzərində çayda bir coşqunluq var idi, dalğalar yenə də qartal kimi qanad açaraq bir-birini təqib edirdi. Çay nə qədər susuz və sakit olursa olsun, İlyas yenə də ondakı coşqunluğu heç bir zaman unuda bilmirdi, çünki o, öz sevgilisi Rənanı çayın ən coşqun bir günündə görmüş və coşqun bir ürəklə də sevmiş idi. Buna görə də o, daima çayın kənarında oturduğu zaman fikri keçmişlərə qayıdardı.

Şair, neçə gündən bəri Rənanın görüşə gəlmədiyini xatırlayıb çaya baxırdı. Çayın o biri sahilində Xanəgah kəndindən şəhərə gələnlər yığın-yığın durub çaydan nə cür keçməyi fikirləşirdilər. Heyvanı olanlar, heyvanı olmayan kəndlilərin şeylərini qucaqlarına alıb sudan keçirirdilər. Suya yıxılıb qalxanlara, üst-başı islananlara gülənlər, hətta sudan öz şeylərini keçirə bilməyənlərdən ağlayanlar da var idi. Körpü çox uzaqda idi. Bazar isə çayın körpü olmayan tərəfinə yaxın idi. Buna görə də kəndlilərin hamısı şeylərini axşam bazarında satmaq üçün körpüsüz yerlərdən çayı keçməyə tələsirdilər.

Keçmiş, İlyasın gözü qarşısında canlandı:

Çaydan heyvanlı və heyvansızların hamısı keçmişdi. O tərəfdə yalnız gənc bir qız qalmışdı, o öz şeylərini çaydan keçirə bilmədiyindən əlacsız qalıb ağlayırdı. Qızın bu ağır vəziyyəti İlyasa toxundu, o dərhal çayın o biri sahilinə keçib qıza dedi:

– Ağlama! Mən sənin şeylərini sudan keçirməyə gəlmişəm.

Qız gözünü yaşını silərək İlyasa dedi:

– Sizə zəhmət olmazmı?!

– Burada heç bir zəhmət yoxdur. Həm də mən özüm də su ilə əylənməyi sevirəm.

– Məncə, belə deyil, sizi bu zəhmətə öz mərhəmətiniz məcbur edir. Bilmirəm, siz hamının haqqındamı belə mərhəmətlisiniz?

– Mərhəmətli olmaq hər kəs üçün lazımdır. Lakin bir çoxlarında mərhəmət yarada biləcək xüsusiyyətlər yoxdur.

Qız, İlyasın nə dediyini anlamadı, onun üzünə sualverici nəzərlərlə baxdığı zaman, İlyas bunu dərhal hiss etdi və fikrini kəndli qıza izah edərək dedi:

– İnsanlarda öz həmcinsi olan insanlara qarşı bir insanlıq əlaqəsi olmalıdır. İnsanlar bir-birini sevməlidirlər. Bunsuz yaşamaq olmaz. Həmcinsinə qarşı sevgi bəsləyənlər və insanların çətinliyə düşdüyünə qeydsiz baxa bilməyənlər, insanların ən yaxşısı və mərhəmətlisidir. Demək ki, mərhəməti yaradan şey, vicdan və insafdır. Kimdə vicdan, insaf və öz həmcinsinə qarşı sevgi varsa, o mərhəmətlidir.

İlyas bu sözləri qızla bərabər çayı keçdiyi zaman deyirdi. Çayı keçdilər. Qız sahildə dayanıb ayaqqabılarını geydi, şeylərini götürüb getmək istərkən, İlyasa tərəf dönərək:

– Siz burada tez-tezmi gəzirsiniz?

İlyas:

– Hava müsaid olduğu zaman hər axşam bu bağçalarda, bu meşələrdə gəzirəm, – dedi.

Qız təəccüblə:

– Əcəba, hər gün bu yerə gəlmək sizi yormurmu? – deyə soruşduqda, İlyas da:

– Xeyr, gözəl qız yormur. Madam ki, mən bu yerə yorğunluğumu çıxarmaq və dincəlmək üçün gəlirəm, o zaman nə üçün də yorulum, – dedi.

– Şəhərdə ağır işdəmi çalışırsınız?

– Ağır işlərdə çalışmıram, lakin ağır iş insanı heç bir vaxt yormaz. İnsanı yoran başqa şeylərdir.

– Siz onları mənə deyə bilməzsinizmi?

– Nə üçün deyə bilmərəm? Lakin sən şəhərdə yaşamasan mənim deməyimlə haman yorucu şeyləri öyrənə bilməzsən. Gəl mən sənin şeylərinə kömək edim. Səni bazarın yaxınlığına qədər yola salım, bizim evimiz də o tərəfdədir.

İlyas bu sözləri dedikdən sonra qızın bazara gətirdiyi şeyləri götürüb onunla bərabər yola düşdü. Qız yenə də yolda İlyasa sual verdi:

– Siz şəhərdəki yorucu şeylər haqqında mənə danışmaq istəmirsinizmi?

– Nə üçün istəmirəm? Şəhərin həyatı çox yorucudur. Şəxsi həyat üzərində qopan gurultular, yemək və qazanc üstündəki vuruşmalar, aldadanların şadlığı, aldananların göz yaşı, haqqını müdafiə edənlərin məğlubiyyəti, qaliblərin bayram təntənələri, daha açığı əzilənlər və onlara gülənlərin acı və dəhşətli görünüşləri tamamilə məni yoran işlərdəndir. Buna görə də tez-tez bu tərəflərə gəlib qulaqlarıma, gözlərimə və fikrimə dinclik vermək istəyirəm.

Gənc qız bu sözləri eşidəndən sonra İlyasa müraciət etdi:

– Rica edirəm, dur bir az dincini al, yoruldun, bu ağır şeyləri daşımaq buna adət etməyən şəhər gəncləri üçün çətindir. Biz kəndliyik, ağırlığa öyrənmişik.

İlyas yenə də fikirli başına hərəkət verərək dedi:

– Doğrudur. Şəhərin daşıdığı ağırlıq başqa, kəndin daşıdığı ağırlıq isə bir başqadır. Bunların arasında böyük bir fərq vardır. Şəhərin daşıdığı ağırlıqların bir çoxu hissedilməz və ölçülməz ağırlıqlardır. Bu barədə danışmaq lazım olsa, sən bazara yubanarsan.

Qız yenə də sual verdi:

– Siz sabah burada olacaqsınızmı?

– Olacağam. Hər gün olacağam!

– Mən də sabah gələcəyəm.

– Gəl, yenə də sənə kömək etməyə hazıram.

– Mənim adım Rənadır. Kəndimiz buraya çox yaxındır. Xanəgah kəndindənəm. Bəs sizin adınız nədir?

– Mənim adım İlyasdır.

Qız əlini İlyasa uzadıb vidalaşmaq istərkən, İlyas diksindi və keçmişin şirin və nəşəli xatirələrindən ayrıldı. Bir daha çaya baxdı. O tərəflərdən, ta uzaqlardan belə gələn yox idi.

İlyas bir daha qəlbində:

– O bu gün də gəlmədi, – dedi, – əcəba, onun gəlməməsinə səbəb nədir? Xanəgah kəndindən bura qədər olan beş addım yolu gəlmək çətin idimi? O ki son günlər görüşdüyümüz zaman xəstə deyildi. Onun məndən çəkilib getməsinin başqa bir səbəbi olmalıdır. Mən onu heç bir zaman öz sevgimə bağlamaq üçün məcbur etməmişdim, hələ mən görüş yerinə bir az gec gələndə o şikayətlənirdi. İndi necə oldu ki, üç gündən bəri mənim tərəfimə üz çevirmir?! Mən onun bu qədər laqeyd bir qız olduğuna inana bilmirəm. Hər halda bu işi təhqiq etməliyəm. Ata-anası çox qocadır. Bəlkə də onlara bir bədbəxtlik üz vermişdir, elə isə, nə üçün mən özüm onu arayıb axtarmıram?

Bəlkə də qızın ata-anası onun tez-tez görüşə gəlməsinə mane olur? Lakin buna da inana bilmirəm, çünki onlar mənimlə Rənanın arasında başlanmış sevgidən şadlanırlar, onlar daima məni gördükləri zaman “indi bizim oğlumuz da var” deyə sevinirdilər. Bəs necə oldu ki, Rəna mənim görüşümdən ayaq çəkdi? Mənim ona laqeyd deməyə haqqı yoxdur, çünki mənim özüm də laqeydəm. Onlar köməksiz bir ailədir. Oğulları yox, işləyə bilən ailə üzvləri də yoxdur. Ailənin bütün ağırlığı və təsərrüfat işlərini sahmana salmaq vəzifəsinin hamısı tək bir qızın öhdəsindədir.

İlyas Xanəgah kəndlilərindən bir nəfər taparaq Əhməd kişinin ailəsindən xəbər tutmaq istədi, odur ki, düz-doğru qəbiristanın yanına gəldi. Xanəgah kəndinə gedənlərin ancaq buradan keçib getdiklərini bilirdi. İlyas anasının qəbri üzərində də bir az oturdu və qəbir daşını gördüyü zaman anasının ölərkən verdiyi vəsiyyətləri xatırladı. Sanki anası onu qolları arasına alaraq:

– Səni sevməyən qız dünyanın gözəli olsa da onunla evlənmə, oğlum! – deyirdi.

İlyas ağladı, gözünün yaşından bir neçə qətrə də qəbrin daşına düşdü. Qəmli bir halda qəbrin üzərindən qalxdı, qəbiristandan çıxıb Xanəgah kəndinə doğru yol elədi. O yenə də keçmişlərin xatirəsilə əylənir, ağır addımlarla yol gedir və Rənaya yazdığı şeirləri əzbərləyirdi:

Nədir bu qəmli baxış səndə, sevgilim Rəna,
Dodaqlarında duran bir sükuti-pür məna!
Nədən qəriqi kədərdir üzarü pürxəndən?
Xəzanmı hiss elədin, ey nəcib gül, məndən?

İlyas bu misraları təkrar edə-edə getdiyi zaman birdən-birə qızların qəhqəhə səslərini eşitdi, diksinib dayandı, başını qaldırıb baxdıqda özünü Xanəgah kəndinin altındakı bulağın başında gördü. Bulaqdan səhəngini doldurub qayıdan, su aparmağa gələn, inəyini çöldən gətirən qız və qadınlar tez-tez İlyasın yanından gəlib keçirdi. Axşam idi, üfüqlər küsən bir qızın baxışı qədər tutqun idi. Artıq gəlib-gedənləri seçmək, tanımaq olmurdu. İlyas bir qədər söyüd ağacına söykənib durandan sonra yenə öz-özünə dedi:

– Burada durmağın nə mənası vardır?! O məni görməkdən xoşlansaydı, gəlib məni tapardı. Mənim bura gəlməyimin nə əhəmiyyəti var idi?

İlyas bu düşüncələrin içərisində söyüd ağacından ayrıldı və üzünü şəhərə tərəf çevirdi. Bu zaman bir qız da inəyini qabağına qatıb evə aparırdı. Onun bütün boy-buxunu, yerişi, görünüşü Rənaya bənzəyirdi. İlyas dərhal dayandı, o artıq əvvəlki fikrindən daşındı, qıza bir daha diqqətlə baxdı, qızın başındakı ağ ipək kəlağayı axşam qaranlığına baxmayaraq onun Rəna olduğunu söyləyirdi. Buna görə qeyri-ixtiyari olaraq İlyasın ağzından bu sözlər çıxdı:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов