Bu gün Azərbaycan istiqlaliyyətinin şərəfinə verilən ziyafət Baği-İrəmdə təşkil olunmuşdu. Bu ziyafətə istiqlaliyyətə inananlar da, inanmayanlar da dəvət olunmuşdu.

“Müqəddəratımızı öz əlimizə aldıq!” – deyə sevinənlərlə yanaşı olaraq, “Əmirin vəziyyətini möhkəmlətmək üçün düzələn bu macəra çox da uzun sürməz!” – deyənlər də var idi. Ziyafətdə iştirak edənlər hovuzlardakı qız heykəllərinə, onların döşlərindən vuran fəvvarələrə, Azərbaycanın hər tərəfindən gətirilmiş cariyələrə, cariyələrin tovuz quşu qanadından daha bəzəkli olan libaslarına tamaşa etdikləri zaman, Nizami ilə Fəxrəddin də Qərənfil xiyabanında gəzərək söhbət edirdilər.

Nizami, Fəxrəddinin şübhələrini dağıtmaq üçün onu bir tərəfə çəkərək yavaşdan dedi:

– Bu ziyafət və bu istiqlaliyyət şənliklərinin hamısı bir oyun və bir siyasi əyləncədir. Azərbaycandan ərəblərin qovulması da bu əyləncənin müəyyən bir şöbəsidir. Xəlifə tərəfindən Gəncəyə göndərilmiş xətibin sürgün edilməsi də yalan və uydurmadır. Xətibə müəyyən xərclik verib, Kəbə ziyarətinə göndəriblər. Mühakim ibn-Davudun sürgün edilməsi də saray intriqalarından doğan bir hadisədir. Eyni zamanda, Əmirin oynadığı bu oyun öz mündərəcəsilə hazırkı zamanımız üçün əlverişlidir; çünki xalqın Şirvan şahlığına qoşulmaq fikirlərini ancaq bu yol ilə dağıtmaq mümkün idi. Bu oyun avam xalq üçün nə qədər inandırıcı olursa olsun yenə də savadsız və düşünülmədən düzələn bir macəradır. Çünki Azərbaycan istiqlaliyyətini avam Azərbaycan miqyasında həyata keçirmək lazımdır. Əmir İnanc bu macərası ilə həm aldadır, həm də adlanır. Burada bizim qazana biləcəyimiz bir şey varsa, o da Məhsəti xanımın Gəncəyə qayıda bilməsindən ibarətdir.

Əmirin vəziri Toxtamış ziyafətə gələnlərə göz qoymuşdu. Onun təyin etdiyi və tapşırıq verdiyi müəyyən adamlar, dəstələrə bölünüb qonaqların içərisinə girir və onların fikirlərini öyrənirdilər.

Toxtamış, Nizami və Fəxrəddinin heç bir dəstəyə qoşulmayaraq uzaq bir xiyabanda gəzdiklərini gördüyü zaman dərhal Hüsaməddini çağırıb tapşırıq verdi:

– Əziz qonaqlara arkadaşlıq et. Onları əyləndir.

Hüsaməddin, Nizamiyə və Fəxrəddinə sezdirməmək üçün dərhal Qərənfil xiyabanının bu biri tərəfində gəzməyə və qərənfillərdən dərib dəstə tutmağa başladı. O, Nizamiyə yanaşdığı zaman qərənfilləri uzadaraq dedi:

– Gənc şairin qərənfil gülünə olan marağını eşitdiyim üçün bunları dərib təqdim etmək istədim.

Nizami:

– Təşəkkür edirəm, – dedi. – Mən daima qərənfil gülünü sevəcəyəm, qocalsam da bu sevgi qocalmayacaqdır, çünki qərənfil gülü daima gəncliyin qoxusunu verir.

Hüsaməddin onlara qoşuldu, lakin heç bir şey öyrənə bilmədi, Nizami onun gəldiyini hiss edərkən, söhbətin mövzusunu dəyişmişdi. Ziyafətdə İran şairi Kəmaləddin də iştirak edirdi. O, yazdığı bir şeirində Əmirin ədalətini, səxavətini mədh etdiyi üçün ziyafətdə olanlar hamısı onun ətrafına yığılmışdı. Kəmaləddin öz şeirini bitirdikdən sonra Əmir Nizamiyə müraciət edərək dedi:

– Mən gənc şairin şeirləri ilə hər bir kəsin şeirindən artıq maraqlanıram.

Nizami təşəkkür edib dedi:

– Bu qədər böyük bir ziyafətdə oxunacaq layiqli şeirim yoxdur. Xüsusən yaşlı və böyük şairlərin iştirak etdiyi bu məclisdə bizim şeir oxumağımız küstaxlıqdır.

Qətibə və Dilşad pəncərənin qarşısından asılmış tənzif pərdənin dalında oturub Nizamini dinləmək istəyirdilər. Lakin Qətibə, Nizaminin belə bir ziyafətdə şeir oxuyacağına heç də inanmırdı. Ziyafətdə iştirak edənlər isə Nizamiyə müraciətlə:

– Rica edirik! Bir şey oxuyun, – deyə təkrar edirdilər.

Hətta Fəxrəddin də Nizaminin qulağına pıçıldayıb:

– Mənim xatirim üçün bir şeir oxumalısan, – dedi. – Qoy sənin sükutuna qorxaqlıq və bir məğlubiyyət kimi məna verməsinlər.

Əmirin özü də Nizaminin şeir oxumaqdan boyun qaçırdığını hiss edincə:

– Mən şair deyiləm, lakin bu qədər gözəl bir baharı görüncə hər bir insan şair olmaq istəyir, şeir yazmağa, şeir oxumağa və şeir eşitməyə həvəslənir, – dedi. – Rica edirəm, ziyafətimizi zinətləndirin.

Nizami ayağa qalxdı və hazırkı vəziyyətə dair bir şeir oxudu:

Öylə bir aləmdəyəm, dinara dəyməz mərifət,
Elm-ürfan əhlinə zindan kəsilmiş məmləkət.
Bir zamandır kim qovulmuş səhnədən ərbab hal,
Feyz alan yox şerimizdən hər tərəf bir qilü-qal.
Məhv olub ülfət, bəşərdən əlhəzər söylər bəşər,
Ruzigarı nabəkarın sülhü doğmuş şuri şər.
Məmləkət beytülhəzəndir, qalmamış həmdərdlər,
Hökmürandır hər tərəfdə bir yığın namərdlər.
Möhtərəmlər düşdü qiymətdən, dənilər möhtərəm,
Ehtirasındanmı yazsın qanlı xaqanın qələm?!
Gül deyil yerlərdə, qandır, bir biyabandır çəmən
Oğlu ölmüş bir qadın zülfündən oxşar yasəmən.
Bülbülün fəryadı eşqindən deyildir, nalədir,
Qanə dönmüş sinələrdir çöldə sanma lalədir.
Min fəlakət var önündə hər müqəddəs niyyətin,
Gülməmiş ruxsarı bir an madəri-hürriyyətin.

Nizaminin şerindən alınan təsir ziyafətdə gözlənilməz bir vəziyyət yaratdı. Əmirin üsul-idarəsinə qarşı bir düşmən kimi hücum edən gənc şair öz böyüklüyünü və qorxmazlığını ziyafətdə olanların hamısına göstərdi. Nəhayət, Əmir özünə aldırmadan dedi:

– Şairin dili öz xalqının iradəsidir. O, şerində məmləkətin və xalqın nə qədər ağır bir vəziyyət keçirdiyini qeyd etdi. Mənim özüm də həmin bu ziyafəti şairin göstərdiyi vəziyyətləri aradan qaldırmaq üçün təşkil etmişəm. Bütün nöqsanlar orasındadır ki, indiyə qədər xalq öz məmləkətini özü idarə edə bilməmişdir. Xalqın müqəddəratı başqalarının əlində olmuşdur. Zənn edirəm ki, azadlıq əldə edildikdən sonra yenə də biz Azərbaycanın gözəl təbiətindən istifadə edə biləcəyik. Artıq bizim bağlarımızın bülbülləri xalq matəmi dastanını yox, öz eşqnaməsini tərənnüm edəcəkdir.

Qətibə də Nizaminin kəskin şerini eşitdikdən sonra Dilşadın qulağına yavaşdan dedi:

– Qəhrəmandır, qorxmaz və cəsarətli bir gəncdir. Lakin təəssüf ki, o, atamın dostu deyil.

Dilşad da Qətibənin qulağına bu sözləri pıçıldadı:

– O qəhrəman olmasaydı, Gəncə qəhrəmanı onunla yaxın dost olmazdı. Ancaq bunu da qeyd etməlidir ki, o, sənin atanın düşməni deyil. Bunu demək üçün bir şeyə əsaslanmaq lazımdır.

Qətibə cavab verdi:

– Mənim əlimdə olan əsas bundan ibarətdir ki, o cür adamlar mənim atam kimi adamlarla dost ola bilməzlər.

Əbül-Ülanın cariyəsi Səba xanım, Qətibənin Nizami barəsindəki sözlərini eşitdikdən sonra öz-özünə düşündü: “Mən bu yetim uşağın böyük bir şair olacağını bilsəydim, onun qətibələr kimi kübar ailə qızları tərəfindən seviləcəyini anlasaydım, onu çoxdan əlimə alaraq istifadə edə bilərdim. İndi də gec deyil. Madam ki, Qətibə onu sevir, məndən bacarıqlı bir vasitəçi tapa bilməyəcəkdir”.

Səba xanım bunları dedikdən sonra Qətibəyə sual verdi:

– Bu şairin oxuduğu şeirlər xoşuna gəldimi?

Qətibə bu sualdan sonra Səba xanımın üzünə şübhəli nəzərlə baxaraq soruşdu:

– Bu sualdan məqsədin nədir? Şerin mənim xoşuma gəlib-gəlməməsi sənin nəyinə lazımdır?

Səba xanım özünü itirməyərək:

– Elə-belə soruşurdum. Mən şairi çoxdan bəridir tanıyıram, – dedi.

– Haradan tanıyırsan?

– Bu hələ yetim bir uşaq olduğu zaman Əbül-Ülanın evinə gedib-gələrdi. Lakin bir hadisə nəticəsində oradan uzaqlaşdı.

Qətibə maraqlandı və tez soruşdu:

– Nə kimi hadisə?

– Əbül-Üla bir qızını Xaqaniyə verəndən sonra kiçik qızı Mahtab xanımı da həmin bu şairə vermək istədi. Şair bu təklifdən boyun qaçırdığı üçün aralıqda inciklik çıxdı.

Qətibə bu sözlərdən sonra:

– Yaxşı da elədi ki, boyun qaçırdı. Mahtab xanım haranın qızıdır ki, bu cür qiymətli bir adama sahiblənə bilsin, – dedi.

Səba xanım da cavabında:

– Mənim də dediyim budur, – dedi. – Mən buna heç də razı deyildim. Bu cür adamın bir tükünü yüz nəfər Mahtab xanım kimi adamlara dəyişmərəm. Mən öz ağamın şairə qarşı bəslədiyi uyğunsuz münasibətini heç də nəzərə almayaraq, o gənclə əlaqəmi kəsməmişəm. Hətta onun ailə qurması işinə də kömək edəcəyəm. Qoy bundan ötrü ağam məni cəzalandırsın.

Qətibə, Səba xanımın bu söhbətlərindən çox şirin ümidlər aldı və onun vasitəsilə Nizamini ələ almaq və məqsədə nail olmaq arzularına qapıldı. O, Səba xanıma yaxınlaşmaq üçün belə bir çarə düşündü və Səba xanıma dedi:

– İndi ki, sən bu şərəfli insanla tanışlığı davam etdirmək istəyirsən, ağanın sənə cəza verməsi barəsində heç də düşünmə. Sənin mənim yanımda xidmət etməyə meylin olarsa, mən sabahın özündə səni Əbül-Ülanın ailəsindən çıxarıb öz yanıma gətirdərəm.

Səba xanım gələcəkdə Qətibədən çox böyük mənfəətlər əldə edə biləcəyini yəqin etdi və Qətibəyə yalvararaq:

– Ölüncə xanımın xidmətindən boyun qaçırmaram, – dedi. – Məni haman ailədən qurtarmaq, vicdan əzabından qurtarmaq deməkdir, çünki mən heç bir zaman bu möhtərəm şairi Mahtab xanımın eşqinə razı edə bilməyəcəyəm, onlarsa bunu məndən tələb edirlər.

Qətibə, Səba xanımın son sözlərindən diksinərək soruşdu:

– Yenədəmi onlar bu möhtərəm şairin yaxasını buraxmaq istəmirlər?

– Rica edirəm, bunu heç kəs bilməsin. Onlar məni məhv edərlər. Onlar öz dəyərsiz qızlarını acı dərman kimi, bu sağlam gəncin boğazına tökmək istəyirlər.

Qətibə bir kərə:

– Hələ mən ölməmişəm! Mahtab xanım kimdir ki, mənim qabağımdan şikar aparsın?! Bir gün sonra sən mənim xidmətimdə olacaqsan. Nə iş görəcəyin barəsində sonra danışarıq.

Söhbətlər burada bitdi, çünki İrəm bağçasında verilən ziyafət qurtarmışdı.

Dilşad, Səba xanımın Qətibə ilə başladığı yaxın tanışlığına heç də razı deyildi. Çünki onun Gəncədə olan cariyələr arasında söz gəzdirdiyini bir neçə kərə eşitmişdi. Səba xanım Qətibədən ayrılıb getmək istədikdə Qətibə xanım ipək dəsmala bağlanmış yüz dinar qızılı onun əlinə tapşırdı.

Bağ boşalmışdı, Əmir qoca vəzirin qolundan tutub bağda dolaşdığı zaman vəzir Nizaminin çıxışına işarə edərək:

– Düşmən böyük düşməndir, – dedi. – Qorxmaz düşməndir. Ağıllı düşməndir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов