“Namus”
Toxtamış bir çox təlaşdan sonra Əmir ilə Safiyə xatun arasında baş vermiş ixtilafı ləğv edə bilmişdi. Əmir Safiyə ilə Mühakimin əlaqə məsələsinə inansa da, belə çətin bir zamanda qadın və ailə məsələləri ilə məşğul olmaq istəməmişdi. Buna görə də Safiyə xatunla barışmış və necə olursa olsun, bu hadisəni unutmağa çalışmışdı. Əmir axşam yeməyindən sonra adəti üzrə yenə də öz ailəsi içərisində vaxt keçirirdi. O yenə də Qətibənin saçlarını tumarlayır, onun başından öpür və onu nazlandırırdı. O, əlini atıb kitabın arasından bir parça kağız götürdü, Qətibəyə göstərdi və soruşdu:
– Gözəl qızım, sən şeiri və ədəbiyyatı sevirsənmi?
– Mən yalnız başqalarının şeirini oxumaqla kifayətlənməyərək, özüm də şeir yazmağa həvəslənirəm. Bağdadda oxuduğum zaman iki şeyi çox sevirdim. Onlardan birisi fəlsəfə, ikincisi isə şeir və ədəbiyyat idi. Müəllimənin məni şeirlə məşğul olmaqdan çəkindirmək istəməsinə baxmayaraq, yenə də kitablarımın arası Məknunənin şeirləri ilə dolu olardı. Türfə xatunun şeirlərini məndən artıq sevən olmazdı. Nədənsə Azərbaycana qayıdandan sonra ərəbcə şeirlərə olan marağım tamamilə sönmüşdür.
Əmir bir daha onun alnından öpərək dedi:
– Çünki ərəbcə şeirlər sənin doğma dilində deyildir.
Safiyə xatun buna etiraz edərək dedi:
– Ərəb lisanı onun ana dilidir. Onun yerli dil və ədəbiyyatla heç bir əlaqəsi yoxdur. Dini kitabların ərəbcə olduğunu və Quranın göydən ərəbcə nazil olduğunu qeyd etmək lazımdır. Xüsusən, Yer üzünün xəlifəsi də ərəbdir.
Əmir Safiyənin dediklərinə etiraz etmədi, çünki təzə ixtilaf çıxarmaq istəmirdi. Buna görə də söhbəti şeir üzərinə çevirib:
– Son zamanlar yerli dildə gözəl şeirlər yazılır, xüsusən gənc şairlərin təbiət təsviri haqqındakı yazıları məni tamamilə heyrətə gətirmişdir. Eşit, gör nə qədər incə, nə qədər mozun, nə qədər səlis və bədii şeirlər yazırlar.
Əmir bunu deyərək şeiri Dilşada verdi. Dilşad şeir oxumaqda saraydakı cariyələrin içərisində şöhrət qazanmışdı. Dilşad həvəslə ayağa qalxaraq şeiri oxudu:
Fələyin geydi yaşıl don qocaman piri yenə,
Gəncliyin şaxəsi rərq oldu yaşıl nur içinə.
Bir təbəssümlə gülün çöhrəsi həngam bahar –
Qızarar çıxsa tamaşasına gənclər, qocalar.
Quşların eşq tərənnümləri başlar yenidən,
Yeni bir eşq ilə baş qaldırar əbnayi-çəmən.
Gənc, yaşıl şaxə düzər qırmızı yaqutu hava,
Zümrüdün qəlbinə yüz inci saçar badisəba.
Qırqovul pərləri reyhanlara vermiş yeni rəng,
Bülbülün ləhn-pürahənginə bir bax nə qəşəng.
Dindirən bülbülü insan gülünün çöhrəsidir,
O həzin nalə xəzandidə turacın səsidir.
Dilşad şeiri oxuduqdan sonra əzbərləmək üçün özündə saxladı.
Qətibə isə:
– Nə qədər mödzun və oynaq bir şeirdir! – dedi və əlini atıb bir parça kağız çıxartdı.
– Məndə daha yüksək məzmunlu bir şeir vardır, – dedi və şeiri Dilşada uzatdı.
Dilşad Əmirə müraciətlə:
– Əmir həzrətləri, oxunmasına icazə verərmisiniz?
– Oxu, mənim kədərlərimi ancaq şeir və musiqi unutdura bilər.
Dilşad yenə də ayağa qalxıb şeiri oxudu:
Fəqirəm, bəxtiyaram, sanmayın kim tirə bəxtim var,
Məhəbbət mülkünün soltanıyam öz tacü-təxtim var.
Cahanın, yummuşam göz sərvətindən, xələtindən mən,
Fəqirəm, feyz alır yüzlərcə hatəm şer süfrəmdən.
Bulanmaz xatirim, dərya qədər fikrimdə yekrəngəm,
Mən ölçülməz mühitəm, öz mühitimdə həmahəngəm,
Nə dərdim! İncilərdən incədir hər beytim, hər fərdim,
Qəzəlxan bülbüləm, hər bağçadan bir türfə gül dərdim.
Alar sərmayə şairlər tükənməz söz xəzinəmdən,
Bir əflakəm, düşər bir gün günəş dünyaya sinəmdən.
Dənizlər yerləşir sinəmdə sönməz bir təlatüm var,
Mənim öz sənətim, öz sərvətim, öz kainatım var.
Əmir bütün fikrini səfərbərliyə alaraq Dilşadın ağzına baxırdı. O, şeir oxunub bitdikdən bir neçə dəqiqə sonra, şeirdən bir misra təkrar edərək: “Məhəbbət mülkünün soltanıyam öz tacü-təxtim var” – dedi və: – kimin şeiridir? – deyə Qətibəyə müraciət etdi.
Qətibə sakit oldu, cavab vermədi, utandı, rəngi qızardı və başını aşağı salıb dizi üstə qoymuş olduğu əllərinə baxmağa başladı. Əmir İnanc şeirlə maraqlandı. O, bu şeirin Nizami tərəfindən yazıldığını yəqin etdi, çünki yerli şairlər cərgəsində xələt və sərvətə boyun əyməyən bir adam varsa o da ancaq gənc şair Nizami idi. Buna görə də Qətibənin saçlarını oxşayaraq soruşdu:
– Gözəl qızım, bu şeir kimin şeiridir?
Qətibə qara gözlərini qorxu ilə Əmirə tərəf çevirib soruşdu:
– Şeirin sahibini desəm acıqlanmazsan ki?
Əmir təəccüblə sual verdi:
– Əcəba, sən məni bu qədər də mədəniyyətsizmi bildin?!
– Xeyr! Ancaq mənim şairlə tanış olmağım bəlkə də sənin xoşuna gəlmədi.
– Mən çox şadam ki, qızım məmləkətin şair və ədibləri ilə tanış olur. Bu mənim müqəddəs arzularıma müvafiqdir.
Qətibə bu sözü Əmirdən eşidəndən sonra:
– Bu şeir Nizaminin şeiridir, – dedi. – Lakin əvvəlki şeirin kimin tərəfindən yazıldığını bilmədim. Atam mənə onu deyə bilməzmi?
– Əvvəlki şeir də Nizami tərəfindən yazılmıdır. Mən öz qızımı təbrik edirəm. Sənin şairlə olan tanışlığın tarixi bir qələbə qədər əhəmiyyətlidir. Bu tanışlığı davam etdirməyi bir daha sənə tapşırıram.
Safiyə xanım indiyə qədər sakit oturmuşdu. Söhbət bu yerə çatdığı zaman başını qaldırıb acıqlı-acıqlı Əmirə baxdı və dedi:
– Çox rica edirəm ki, qızıma bu cür məsləhətlər verməyəsən. Heç zaman qızımın eşq-məhəbbət düşkünlərinə qoşulub şeirbazlıq etməsinə yol verə bilmərəm.
Əmir nəsihətverici bir vəziyyət alaraq dedi:
– Siyasət bunu tələb edir.
– Namusu siyasətə çəpər etmək doğru fikir deyil.
– Ailənin xoşbəxtliyi bundadır.
– Xoşbəxtliyi namussuzluq üzərində qurmağın özü bir bədbəxtlikdir. Sənin çürük fikirlərin ailəmizdə təzə bir bədbəxtliyin yaranmasına səbəb olacaqdır. Xəlifə nəvəsinin meşələrdə şeir oxuyanlara qoşulmasına imkan verən bir adam, namus və şərəfin qədrini nə biləcəkdir?! Sərapərdələrdə oturub namusla yaşamayan bir qızı hansı bir kübar ailənin içərisinə buraxarlar?
Əmir Safiyə xatunun bu sözlərinə qəhqəhə ilə güldü:
– Avam qadın, sən namus sözünü tamamilə başqa mənada işlədirsən. Namus heç bir zaman qadınların şəxsiyyətində işlənməmişdir. Namus və kübarlıq heç bir vaxt sərapərdələrdə doğmamışdır. Əsil namus siyasət səhnəsində doğulur. Siyasətdə uduzanlar, namus da daxil olmaq şərtilə, bütün varlığını itirmiş olurlar. Hazırda oynadığımız qumarın bir üzündə namus, o biri üzündə isə qələbədir. Namus qələbədən asılıdır. Qələbəni uduzduğun zaman namusu da uduzursan. Mənim qadınım bilməlidir ki, namussuzluq sözü dünyada yoxdur. Həyatın hər bir şəklində zühur edən məğlubiyyət – namussuzluqdur. Məğlub olanların sərapərdələrdə oturan, xalqa görünməyən və zəmanə afəti sayılan gözəl qızlarının, örtülü bir xəzinə deyil də, biləks xalqa görünməkdən utanan bir eybəcərdən daha iyrənc olacaqlarını bilməlisən. Mənim gözəl qadınım yenə də bilməlidir ki, qələbənin günəşdən yüz qat artıq olan şəfəqləri o qədər göz qamaşdırıcıdır ki, qaliblərin ailəsində olan namussuzluqları görmək üçün heç bir gözə imkan verməz. İndi mənim fikrimi anladınmı?
Safiyə başını qaldıraraq:
–Bəli, anladım, – dedi, – namusun nədən ibarət olduğunu bildim.
Əmir Dilşadı yanına çağırıb əlini onun saçlarına çəkdi və:
– Sən də mənim ailəmi bir qəhrəmanla başladığın məhəbbətlə xoşbəxt etməlisən, – dedi. – Fəxrəddin ağıllı, kübar və məğlubedilməz bir qəhrəmandır. Hələlik onu öyrən. Bəxt elə bir şey deyil ki, birinci qədəmdə onu sınamaq mümkün olsun. Məhəbbət bir ağacın tumurcuğu kimidir. Onun çiçəklənməsi və meyvə şəklinə düşüb yetişməsi lazımdır. Bunu qızım Qətibəyə də, sənə də tapşırıram. Tanış olmaq ərə getmək deyil, tanışlıq sözü bir-birini öyrənmək deməkdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-namus
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İngilis generalı Mərkəzi Kaspi Diktaturası üzvlərindən aldığı etiraz məktubu barəsində London və Bağdad ilə müzakirə apardıqdan sonra Bakını boşaltmağın təxirə salınmasını qət etdi.İngilislər Almaniya-Fransa çəbhəsindəki dəyişikliklər və Bolqarıstanın Türkiyə-Almaniya ittifaqından çıxması ilə əlaqədar olaraq, Bakının türklərə təslimini təxirə salmağa qərar verdilər. Zira Bolqarıstanın Türkiyə-Almaniya ittifaqından çıxaraq müttəfiqlərin təkliflərini qəbul ilə ayrıca sülh müqaviləsi imza etməsi, İstambula quru yolu açmış olacaq və bununla da müttəfiqlərin qoşunu İstambula girə biləcəkdi.
XXXIII. Osmanlı xəfiyyəsiOsmanlı xəfiyyə təşkilatının birinci gündən başladığı iş, Leyla xanımı axtarmaqdan ibarət idi.Əvvəlcə onlar Leylanın sentyabrın 14-də axşam saat ona iyirmi dəqiqə işləmiş Hacının evindən faytona oturub getdiyini öyrəndilər. Bütün şəhəri alt-üst etdilər. Onun erməni qızı Esterlə tanış olduğunu və Esterin də sentyabrın 14-də oğurlandığını öyrəndilər. Bu da fayda vermədi. Sonra onlar Bakı qoçularının şöhrətlilərini toplayaraq Leylanı və erməni qızı Esteri onlardan tələb etdilər.
XXXIV. Leylanın romanı1. Bağdad, mart 1917-ci il.Şərq ölkələrinin tükənməz sərvətini Dəclə çayı kimi xəlifələrin xəzinəsinə axıdan, ticarət və siyasətin əsas qərargahı kəsilən Bağdad şəhəri, martın ortalarında sanki yeni bir dövrə girməyə hazırlaşırdı.
XXXV. İngilislər BağdaddaBu gün Xanəgeyn şəhəri ingilis və çar bayraqları ilə bəzənmişdi. İngilislərin Bağdadı işğal etməsi münasibətilə bayram elan edilmişdi. Bağdadın işğalı Almaniyanın cahangirlik planındakı Berlin-Bağdad məsələsini nəticəsiz qoyur və Almaniyanın İngiltərə müstəmləkələrinə yaxınlaşmaq yolunu kəsirdi.Gömrükxana bağında yerləşən Biçeraxov qərargahı nəfərləri də bugünkü bayramda iştirak edirdi. Bağ bəzənilmişdi. Limu, narınc və portağal ağaclarından yüzlərcə əlvan fənərlər asılmışdı. Bağın hər tərəfində ikinci Nikolay və onun xalası oğlu beşinci Keorkinin rəsmi asılmışdı.