Bahar
Страница 3 из 5 · 40%
Bu fikirlərə əsaslanaraq kişiləri bilavasitə öyrənmək qərarına gəldim.
Mən Bağdadda təhsilimi bitirib Gəncəyə gəldiyim zaman sənin qüdrətli bir şair olduğunu eşitmişdim. Hətta Əbül-Ülanın cariyəsi Səba xanım sənin on iki misralıq bir qəzəlini mənə vermişdi:
“O gözəl, incə, sevgilərdən şən,
Bir çiçəkdir, doğuldu şəbnəmdən”.
Bu qəzəlini gündə bir neçə kərə oxuyuram. Bu şeirdə bədiilikdən başqa, yüksək mündəricə vardır. Burada gözəl insanları yaradan bir qətrə murdar su şəbnəm kəlməsi ilə ifadə edilmişdir. Bədii ədəbiyyatda ancaq bədii kəlmələr işlətmək lazım olduğunu sən, gənc şair, hamıdan əvvəl təyin etmişsən. Bu qəzəlin haqqında danışmaq üçün səni görmək istəyirdim. Bir dəfə səni Məlikşah meydanından keçdiyin zaman uzaqdan görmüşəm. Bir kərə də Ozanlar məhəlləsinə girdiyin zaman gördüm. İki kərə də Əbül-Ülanın evində olduğun vaxt danışmaq istəyirdim, lakin mümkün olmadı. Bu təsadüflərin heç birisində sənin şəxsiyyətini təyin etmək mümkün olmamışdı. Son dəfə atam səni hüzuruna çağırdığı zaman səni lazımınca gördüm və şəxsiyyətinlə kifayət qədər tanış oldum. Doğrusu, xəyalımda sənə müxtəlif şəkillər verməkdən yorulmuşdum, haman tanışlıqdan sonra qismən dincimi aldım. O axşam mən qarşımda nümunəvi bir kişi siması görməyə müvəffəq oldum. İnan, İlyas! Anamın canına və babam xəlifənin müqəddəs varlığına and içirəm, mən haman axşam ancaq səni müdafiə etmək üçün mühakimə otağında oturmuşdum. Mən sənin barəndə çıxarılan hər bir mənfi qərarı dəyişdirəcəkdim. Səndən rica edirəm, həmin bu məktubun cavabını yazıb bağbanımız Salimin vasitəsilə mənə göndər. O məktub mənim qəlbim kimi hər bir kəsə gizlin qalacaqdır. Sən mənim məktubumu dostlarına göstərmə
Sənə daima bir dostluq hörməti bəsləyən Qətibə”.
İlyas Qətibənin məktubunu oxuduqdan sonra bir xeyli düşündü. Nəhayət, gülümsəyərək məktubu cibinə qoydu. O qalxıb getmək istəyirdi, çünki axşam yaxınlaşırdı, səyahətçilərin bir çoxu meşədən çəkilib gedirdi.
Rəna ağacların dalından çıxıb yavaş-yavaş İlyas oturan söyüd kötüyünün yanına doğru irəlilədi, sonra olduğu yerdə donub durdu. O utanırdı, başını yuxarı qaldırıb ətrafına baxmırdı. İlyas qalxıb getmək istərkən, Rənanın quruyub qaldığını gördü. Qızın məhbub çöhrəsində bir kədər var idi. Onun gözlərində İlyasa ilham verən o daimi gülüşlər artıq yox idi. Çöhrəsi tez-tez dəyişirdi. Çöhrəsinin rəngi yağışdan çıxmış fəzanın qövs-qüzehləri kimi rəngdən rəngə keçirdi. O, bahar buludu kimi dolmuşdu, yağmağa başlamasına az qalırdı. İlyas ona imkan vermək istəmədi, irəli gəlib onun hər iki çiynindən döşünə sallanmış qara saçlarını sığalladı və bu şeri oxudu:
Nədir bu qəmli baxış səndə, sevgilim Rəna?!
Dodaqlarında nədir ol sükut pürməna?!
Rəna İlyasın bu sualından sonra başını utana-utana yuxarı qaldırıb İlyasın üzünə baxdı, lakin yenə də kədərlərinin səbəbini açıq deməkdən utandı, ancaq bu sözləri deyə bildi:
– Mən çoxdan bəri ağacların dalında durub səni dinləyirdim, – dedi, – hətta yazdığın təzə şeri də eşitdim.
İlyas Rənanın nə demək istədiyini və nə səbəbə görə kədərləndiyini dərhal bir şair duyğusuyla hiss etdi və onun saçlarını sığallayaraq:
– Kədərlənmə, mənim ruhum! – dedi, – sənin məhəbbətin yaşayan qəlbə başqa bir məhəbbət yol tapa bilməz. Onu yəqin et!
Nəhayət, nisan buludlarından damcılar axmağa başladı. Rəna ağladı və başını İlyasın çiyninə söykədiyi zaman ancaq bir kərə yavaşdan:
– O qız çox varlıdır, – deyə bildi.
Rənanın bu sözündən sonra İlyas iki əlilə onun başını tutdu, qara saçlarını kənara çəkərək qızın gözlərinə baxdı və:
– Ağlamağa heç bir səbəb yoxdur, – dedi. – O qız varlı deyildir. O, sənin malik olduğun təbii zənginliyin qarşısında bir dilənçi müqabilində də deyil. Mən sənin məhəbbətinlə padşahların xəzinəsində tapılmayan nadir incilər yaradacağam.
Rəna tutqun və titrək bir səslə əlavə etdi:
– Mən heç bir vaxt sənin zənginliyini istəmirəm.
İlyas soruşdu:
– Nə üçün, mənim ruhum?
– Çünki sən zəngin olduğun zaman yoxsul bir qızı atacaq və “səviyyəmiz bir deyil” – deyə zəngin bir qız axtaracaqsan.
– Səhv etmə, Rəna! Mən şerimin qiymətli incilərini sənə olan sevgi duyğularımın nəhayətsiz dənizlərindən əldə edirəm. Sənin sevgindən aldığım ilham tarixdə misli yazılmayan dastanların mövzusunu verir. Rəna, sən onu bilməlisən ki, əsrlərin tarixi sənin qara saçlarından süzülüb böyük-böyük kitabların vərəqlərinə töküləcək. Əmin ol, Rəna! Gəncənin yaşıl təbiəti arasında çırpınan bu qəlbim ancaq sənin sevgilərinlə şeir dünyasını fəth edə biləcək. Mənə inan, Rəna! Bu gənc şair sevgi dastanını səninlə başlayıb, səninlə də bitirməyə çalışır.
Nəhayət, Rəna İlyasa sual verdi:
– Bəs o məktub nə məktub idi?
– O bir parça kağızdır. Sənin məhəbbətindən aldığım ilhamlar isə zəngin bir kitabxanadır.
Rənanın qəlbi bir az sakit oldu. O başı İlyasın çiynində ikən dedi:
– Bu gün oxuduğun şeir əvvəlki şeirlərə nisbətən daha zəngindir.
İlyas yenə də onun saçlarını sığallayaraq:
– Əlbəttə, sən o şeri sevəcəksən, çünki şerin mövzusu sənə olduqca tanışdır.
İlyasın bu sözündən Rəna təəccüb etdi. O, İlyasın üzünə baxıb soruşdu:
– Necə yəni “haman şerin mövzusu sənə tanışdır?” – Əcəba, sən o şeri mənim yanımda bir neçə kərə oxumuşdunmu?
– Xeyr, oxumamışdım. Lakin o şeir bahara yazıldığı üçün səninlə əlaqədardır. Çünki sən də mənim həyatımın baharında bitən ilk çiçəksən. Daha açığı o şeir Rənadır. O şerin içərisində qocalmaz bir gənclik bəslənir.
Bu sözlərdən sonra Rəna əlini İlyasın əlindən çəkərək sürətlə çəkilib getdi, İlyas onu dayandırmaq üçün səslədi:
Ey gözəl mələkim, dur, məni dinlə,
Dünya yaradıram sənin eşqinlə!
İlyas Rəna ilə görüşüb vidalaşdı. Çayın kənarındakı söyüdlərin kölgəsi ilə çəkilib getmək istəyirdi. İlyas getməyə tələsirdi, çünki uzaqdan qız-qadın səsləri gəlirdi. Səslər get-gedə yaxınlaşırdı. Az keçmədən Əmir İnancın nökərləri meşədə göründü və bunun dalınca da cariyə və kənizlərin oxumaq səsləri eşidildi:
Güllü, çiçəkli Gəncə,
Al kəpənəkli Gəncə,
Əlvan-əlvan güllərdən
Qoynu bəzəkli Gəncə!..
İlyas bu nəğmələri eşidərkən qədəmlərinə sürət verdi. Bu nəğmələr Əmirin arvadının və yaxud qızının meşə səyahətinə çıxdığını bildirirdi. İlyas bu gün meşənin qoruq olduğunu bilmirdi. Buna görə də meşənin səyahətinə çıxmaq qorxulu idi. Qulamlar və nökərlər meşəni aralığa alıb ağacların altını bir-bir axtarırdı. Çünki bəzən belə hallarda kişilər Əmirin qızına, qadınına və gözəl cariyələrinə tamaşa etmək üçün meşədə və çayın kənarında gizlənirdilər. Meşədə gizlənənlər tapıldığı zaman döyülür, həbsə alınır və yaxud qulamlar tərəfindən cərimələnib buraxılırdı. Bunun üçün də İlyas meşədən kənar olmağa çalışırdı. Ancaq bu zaman meşədə bərk axtarış gedirdi. İlyas çıxılmaz bir vəziyyətdə qalmışdı, onun meşədə ələ keçməsi böyük şübhələrə səbəb olacaqdı. Xüsusən Əmir İnanc İlyasın Qətibəyə tamaşa etmək üçün meşədə gizləndiyini eşitsəydi, onu cəzalandıracaqdı.
O biri tərəfdən də İlyas Qətibəyə rast gəlməməyə çalışırdı. Lakin qurtarmaq mümkün deyildi. O, hər tərəfə getsəydi, yenə də Qətibənin qulamlarına rast gələcəkdi. Heç bir tərəfdən çıxış yolu tapa bilmədiyindən, olduğu yerinə qayıtdı və həmişə oturduğu söyüd kötüyünün üstündə oturdu.
İki dəqiqə keçməmişdi, bir dəstə cariyə əllərində ud və çəng oxuya-oxuya meşəyə girdi. Bunların dalınca da bir dəstə qulam çiyinlərində taxt-rəvan gəldi. Taxt-rəvan yaşıl budaqlar və gül dəstələri ilə bəzənmişdi. Qətibə başında qiymətli daşlar düzülmüş qızıl tac olduğu halda taxt-rəvanın içində oturmuşdu. Əlvan ipəklər və cürbəcür qumaşlarla bəzənmiş Qətibə tovuz quşunun qanadları kimi parıldayırdı.
Taxt-rəvanı yerə qoydular. Gözəl cariyələr Qətibənin qolundan tutub taxt-rəvandan çıxardılar. Qulamlar çəkildi. Qətibənin ətrafında cariyələr və kənizlər qaldı. Qızlar çalıb oynamağa, qəhqəhələrlə gülməyə başlarkən İlyas da oturduğu yerdən bir tərəfə gedə bilmədiyindən həyəcanlı dəqiqələr keçirirdi. Qəhqəhə səsinə meşənin quşlarının da həyəcanlı səsləri qarışaraq meşədə qeyri-adi bir vəziyyət törəyirdi. Cariyələr Qətibənin yanında gələn iki nəfər xacəni qıdıqlayıb gülüşürdülər. Gözəl cariyələr xacələrin yaxasından tutaraq:
– Ölsən də, qalsan da sənə ərə gedəcəyəm, sənin eşqindən dəli divanəyəm, – deyərək zarafatlaşırdılar.
Qətibəni əyləndirmək və güldürmək üçün xacələr, cariyələrin əlində məzhəkə aləti kəsilmişdi. Cariyələr onları ağladana qədər oynadıb, Qətibəyə şikayətə gedincəyə qədər incitdilər. Nəhayət, Qətibə xacələri cariyələrin əlindən alıb buraxdı, indi də cariyələr qara kənizlərə yanaşıb onlarla əylənirdilər. Qətibənin Kafur adlı qulamı uzaqdan qışqırdı:
– Yabançı! Yabançı!
Bu səs eşidilən kimi, dərhal cariyə və kənizlərin içərisində sükut başladı. Əbül-Ülanın cariyəsi Səba xanım Qətibənin başına nazik ipəkdən toxunmuş bir niqab saldı. Taxt-rəvanın içərisindən bir kürsü gətirdilər, Qətibə acıqlı bir surətdə onun üstündə oturdu. Əmirin qızına baxmaq üçün meşədə gizlənən müqəssiri döydürmək üçün çubuqlar hazırlanırdı. Meşədə gizlənən naməhrəmləri Qətibənin özü cəzalandırmalı idi. Müqəssirin gətirilməsini əmr etdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-bahar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məhsəti xanım xəstəlik yatağında idi. Neçə gündü ki, süfrə başına gələ bilmirdi.Nahar vaxtı idi, Rəna süfrəni açıb Nizamini nahar yeməyinə çağırdı. Nizami yenə də səliqə ilə qələm və kağızını yığışdırıb yanındakı heybəyə qoydu və pilləkənlərdən qalxıb süfrə başına gəldi. Süfrə olduqca yoxsul idi. Orada süddən və arpa çörəyindən başqa heç bir şey yox idi. Nizami oturdu, nahar yeməyinə başlarkən Rəna ona sual verdi:
Vahid AzərbaycanQızıl Arslan Şimali Azərbaycanın bəzi hissələrini gəzdikdən sonra məmləkətin vəziyyəti barəsində Atabəy Məhəmmədə uzun bir məruzə məktubu göndərmişdi. O, məktubu yazırdı:“Üsyanların əsas səbəbi üsul-idarənin köhnəlməsi və qanunların qabalığıdır. Məmləkətin xalqı iki hissəyə ayrılmışdır. Acizlər, əzilənlər mühacirətdədirlər. Qolunda və qəlbində qüvvət hiss edənlər isə üsyan cəbhəsindədir. Səlcuqilər Azərbaycanda hökumət qurduqları yüz ilin müddətində islamın zühurundan bəri ərəblərin qurduqları üsul-idarədən istifadə etmişlər. Hazırkı vəziyyətdə peşəkarları şəhərə, kəndlini isə torpağa təhkim etmək imkan xaricindədir. Səlcuqilər dövründə və hazırkı hökumətin iş başına keçdiyi birinci illərdə yerli hakimlər xalqın etimadını tamamilə itirmişdir.
Atabəy MəhəmmədAtabəy Məhəmməd Qızıl Arslanın məktubunu Kirmandan Həmədana qayıtdığının ikinci günündə aldı. O, məmləkətin vəziyyətini çox da yaxşı hiss etmirdi. Bağdaddan gələn xəbərlər xəlifənin təzə bir qüvvətə istinad etməyə hazırlandığını bildirirdi. Əyyubilərin Misirdə böyük bir səltənət qurmuş fatimilərə qalib gəlməsi xəlifədə təzə bir ruh oyandırmışdı. O, xilafəti türklərin təsirindən qurtarıb əyyubilərin nüfuzuna tapşırmaq istəyirdi.Xəlifənin Atabəy ölkələri içərisində dolaşan təbliğatçıları əyyubilərin lehinə olaraq geniş təbliğat aparırdı. Musildə, Xarəzm şahlarının sərhəd şəhərlərində atabəylərə qarşı sui-qəsd hazırlanırdı.
Fitr bayramıGəncə hakiminin ürəyi iki hiss ilə çırpınırdı, birisi şadlığından, ikincisi isə qorxusundan idi. Bir tərəfdən Bağdad xəlifəsi göndərilən qızların yetişməsini Əmirə yazıb razılıq vermişdi. Xəlifə xüsusi olaraq Dilşadın gözəlliyindən şadlandığını qeyd etmişdi.Lakin Əmirin aldığı ikinci xəbər onun qorxusuna səbəb olmuşdu. Atabəy Məhəmmədin Azərbaycan səyahətinə çıxması xəbəri gələndən bəri Əmir öz müqəddəratının nə cür həll ediləcəyi barəsində düşünürdü. O bilirdi ki, Atabəy ayağını Şimali Azərbaycanın sərhədinə qoyan kimi ona minlərcə ərizə veriləcəkdi. Çünki o, xalqın hazırlıq gördüyünü çox yaxşı bilirdi.
Стихи других поэтов
Elə müəmmadır aşıq sənəti,Bir isimdə dörd hikməti dərindi.
Ekran qaralanda...– Qurtardı bugünkü verilişlərimizDinləyin sabahın proqramını. ...
Könlün istəsə qəm dərdiğə dəva, qədəh içKönlün istəsə qəm dərdiğə dəva, qədəh iç,Özüni etmə qəmü dərdə mübtəla, qədəh iç.
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,