Bahar
Страница 4 из 5 · 60%
Bir neçə dəqiqə keçəndən sonra qulamlar İlyası aralığa alıb gətirdilər. Səba xanım İlyası görən kimi tələsik Qətibənin qulağına pıçıldadı:
– İlyas, İlyas! Şairdir, haman şeri yazan şairdir:
“O gözəl, incə, sevgilərdən şən
Bir çiçəkdir, doğuldu şəbnəmdən”.
Qətibənin bütün varlığı titrədi. O dərhal İlyası tanıdı və öz qəlbində dedi: “Nə gözəl, nə də əlverişli bir təsadüf. İndi mən gənc şairlə lazımi qədər danışıb qonuşa bilərəm”.
Qətibə üzündən niqabını qaldırıb İlyasın üzünə baxdı. O, gənc şairin qəlbini dərhal, hətta birinci nəzərdə oğurlaya biləcəyinə inanırdı, çünki ərəb, türk və rum qanının bir-birinə aşılanmasından doğulan bu afəti birinci görüşdə sevməmək qabil deyildi. Gözəlliyin xarici xüsusiyyətlərini tamamilə mənimsəyən bu qız, əsrinin ən zəngin zinətlərini daşıyırdı.
Qətibə İlyasa sual verdi:
– Bu gün meşənin qoruq olduğunu bilmirdinmi? Əmirin qızına baxmaq üçün meşədə gizlənən naməhrəmlərin ağır cəzalara düçar olacağını eşitməmişdinmi?
– Son cümlənizi bilirdim, lakin meşənin qoruq olduğunu bilmirdim. İnsan hər şeyi bilməyə qadir deyildir. Bu barədə nə car çəkilmiş, nə də xəbər verilmişdi. Eyni zamanda, Əmir həzrətlərinin qızına baxmaq məqsədilə də meşəyə gəlməmişdim. Mən daima meşədə gəzirəm. Buna adət etmişəm, çünki təbiətin böyük möcüzələri bu yaşıllıqların içərisindədir. Yaşıl şaxələrdən doğan qırmızı yaqutlara tamaşa etmək, gəlin kimi nazlanan qızılgüllərin qarşısında təzim edən sərv ağaclarına baxmaq, çəmən qızlarına nəğmə oxuyan quşları dinləmək daima sənətim olmuşdur.
Qətibə özünü ağır tutaraq İlyasa bir sual da verdi:
– Demək ki, sən bu meşələrdəki möcüzələri öyrənirsən?
İlyas Qətibənin onu danışdırmaq istədiyini hiss etdiyindən ona belə cavab verdi:
– Xeyr, möcüzələri öyrənməklə bərabər, möcüzə yaratmaq üçün də meşələrdə gəzməyi sevirəm.
Bu sözlərdən Qətibə daha özünü saxlaya bilməyərək gülümsündü və soruşdu:
– Demək ki, sən peyğəmbərsən?
– Xeyr, peyğəmbərlər yaradılmışdır, mənsə yaradıram.
– Elə isə Allahmısan?
– Bəli, mən Allaham, lakin mən varlığından uca düşünən insanları yox, hər şeydən ucada duran şeri və ədəbiyyatı yaradıram.
Bu sözlərdən sonra Qətibə və onun yanındakılar qəhqəhə ilə güldülər. Sonra Qətibə İlyasla olan söhbətini davam etdirdi və ciddi bir vəziyyət alaraq dedi:
– Allaha şərik qərar verənlərin kafir olduğunu bilmirsənmi? Kafirin cəzası sənə məlum deyilmi?
İlyas bu sözlərə gülümsünərək dedi:
– Allaha şərik qərar verənləri cəzalandırmaq lazım gəlirsə, insanların bir çoxunu cəzalandırmaq lazım gələcəkdir. Hətta xanım həzrətlərinin ən adi nökərləri də bu cəzanı alacaqlar, çünki onların hər birisi Gəncədə özünü Allah bilir.
İlyasın bu sözündən sonra indiyə qədər gülənlərin siması birdən dəyişdi. Cariyələr, qulamlar, qullar və qara kənizlər belə bu gəncin qorxmaz bir adam olduğunu bildilər. Qətibə isə İlyasın bu cavabından titrədi və kimlə danışdığını təyin etdi. O, yanındakılara müraciət edərək dedi:
– Gedib meşəni gəzin. Mən bununla təklikdə danışacağam.
Hamı çəkilib getdi. Qətibə üzünü İlyasa tərəf çevirib:
– Otur! – deyə əmr etdi.
İlyas oturmayaraq:
– Mənim oturduğum müəyyən yer vardır.
– Buradan uzaqdırmı?
– O qədər də uzaqda deyil.
– Elə isə gedib orada oturaq.
Qətibə İlyasın dalınca düşüb böyrü üstündə yıxılmış söyüd ağacının yanına gəldi, ikisinə də yer var idi, oturdular. Çox yaxın oturdular, çünki vəziyyət bunu tələb edirdi. Qətibə İlyasdan soruşdu:
– Əcəba, bu qədər geniş meşəlikdə özünə buradan da gözəl bir yer tapa bilmədinmi?
– Burada oturduğum zaman təbiətin bir çox incəlikləri gözümün qarşısında durur. Siz o çaya yaxşı baxın, görün onda nə qədər ciddi bir təlaş vardır. O qabarıq dalğaların arzu və əməllərlə dolu olan bir qəlb kimi çırpındığını görürsünüzmü? Bir-birini ötüb keçmək istəyən ləpələrin müsabiqəsi məqsəd uğrunda çalışmaq istəyən hər bir gənc üçün təcrübə dərsi deyildirmi?
Qətibə üzünün o biri tərəfini də açaraq İlyasa dedi:
– Bu gün xoşbəxtlik mənə üz göstərdiyi üçün mən də birinci dəfə olaraq üzümü yad kişiyə göstərəcəyəm. Səndən utanmayacağam.
– Adi bir işdən ötrü utanmağın mənası yoxdur. Lakin bundan ikinci adamın zərər çəkməsini düşünmək lazımdır. Atanızın açıq gəzən qadınları görəcək gözü yoxdur. Məhsəti xanımın başına gələn fəlakətdən xəbəriniz olmadımı?
– Sən nə üçün məni Məhsəti xanımla müqayisə edirsən? Mən üzümü yalnız sənə göstərirəm, o isə bütün şəhərə göstərirdi. Hətta üzü örtülü gəzməyi də qanun və şəriət xaricində bilirdi. O hətta Gəncə xətibinin oğlu Əmir Əhmədi də bədbəxt etmişdi, halbuki Əmir Əhməd ibadətxanalarda həyat keçirən bir adam idi. Nəhayət, Məhsəti onu Xərabat məhəlləsinə cəlb etdi. O da üzü açıq gəzməyi Gəncə qızlarına vəsiyyət elədi, axırda bu qədər qanların tökülməsinə səbəb oldular.
İlyas qızın yersiz mühakimələrinə imkan verməmək üçün yanındakı gül ağacının bir budağını çəkib Qətibəyə göstərdi və soruşdu:
– Bu budaqdakı nədir?
Qətibə baxıb dedi:
– Qönçədir.
Bundan sonra İlyas o biri əli ilə gülün başqa bir budağını göstərib soruşdu:
– Bəs bundakı nədir?
Qətibə baxaraq:
– Bu da güldür, – dedi.
– İndi deyin görüm sizcə, bunların hansı birisi yaxşıdır? Gülün qönçəlikdə qalmasımı, yaxud pərdədən çıxıb gül olmasımı?
– Qönçənin gül olması daha gözəldir.
– Qönçənin gül olması yaxşıdırsa, nə üçün qız və qadınların daima qönçələr kimi pərdədə qalmasını tələb edirsiniz?
– Sən də üzü açıqlığı sevirsən?
– Sizin birinci görüşdə üzünüzü açıb göstərdiyiniz mənə böyük bir cəsarət verdi.
– Mən öz fikrimi ancaq öz şəxsiyyətimdə həyata keçirməkdəyəm. Heç şübhə yoxdur ki, bu fikri ümumiləşdirmək və yaxud qanun çərçivəsinə salmaq istərsəm, məni də Məhsəti kimi tənqid edəcəklər.
– Siz də üz açmağı Məhsəti xanımdan öyrəndiniz?
– Xeyr, mən ondan öyrənmədim.
– Bəs nə üçün üzünüzü açdınız?
– Qəlbimi açmaq istədiyim bir adamdan üz gizlətməyin nə mənası var idi. Ancaq, sən bir şeyi də bilməlisən ki, mən üzümü sənə açdığım zaman bunu haram bilirəm. Məhsəti isə bunu halal bilirdi.
İlyas sakit oldu, cavab vermədi, çünki Qətibə ilə çox da açıq danışmaq istəmirdi. Qətibə bir münasibət nəticəsində danışılan söhbətləri atasına da xəbər verə bilərdi. Sükut bir neçə dəqiqə davam etdi. Qətibə İlyasın uzun söhbətdən boyun qaçırdığını hiss etdiyi üçün çox əmniyyətverici bir surətdə dedi:
– Utanma və açıq danışmaqdan qorxma! Sən şairsən, bunu birinci görüşdə hiss etməli idin. Mən üzümdən pərdəni götürdüyüm zaman hər barədə pərdənin aralıqdan götürülməsinə icazə verdiyimi bilməli idin. Sənə göndərdiyim məktubun cavabını göndərməkdən qorxmamalı idin.
– Məktubunuz qorxulu məktub idi.
– Orada sənə bəslədiyim hörmətdən başqa bir şey var idimi? Xəlifənin nəvəsi tərəfindən göndərilən məktuba da qorxulu məktub demək olarmı?
– Qorxunun əsas cəhətini təşkil edən məsələ də elə sizin Əmirin qızı və xəlifənin nəvəsi olmağınızdır. Mən yoxsul bir şairəm. Sizin özünüzə də məlumdur ki, atanızın dövründə şairlərdən dəyərsiz və həqir bir adam yoxdur. Mənim sizə demək istədiyim bir çox məsələlər vardır ki, onları sizin fikrinizin tərəzisində çəkmək yaramaz. Mənfi bir nəticə verə bilər. Mənim demək istədiyim məsələlərin bir çoxunu sizin özünüz də bilirsiniz. Təbiətin ölçüsündən keçməyən heç bir şey yoxdur. Qadınların örtülü gəzməsi lazım olsaydı, təbiət bu lüzumiyyəti heç bir vaxt unutmaz və üzərindən keçməzdi. İndi sizin özünüz fikirləşin. Sizin üçün örtülü qalmaqmı və ya bu gözəl təbiətə açıq üz və açıq gözlə baxmaqmı yaxşıdır? Buna öz vicdanınızla cavab verin.
Qətibə heç də düşünmədən:
– Şübhəsiz ki, açıq gəzmək örtülü gəzməkdən daha yaxşıdır. Lakin hər kəsə görünmək, bilaistisna hər kəsin yanında açıq gəzmək qadının qiymətini azaldır. Örtülü şey nəzərləri açıq şeydən daha tez cəlb edə bilər. Bu fikir doğru deyildirmi?
– Hərgah xanım qız əşyadan bəhs edirsə, fikri doğrudur, lakin biz əşyadan daha çox, canlı insanlardan danışırıq. Bir məsələni qeyd etmək lazımdır. Canlı bir insanın örtülü gəzməsi insanlarda özlərinə qarşı maraq oyandırmaq əvəzinə, şübhələr oyandıra bilər, çünki özündə xəstəlik hiss edənlər və üzlərində bitən iyrənc yaranı göstərməklə kişiləri iyrəndirmək istəməyən qadınlar da çöhrəsini gizlədə bilər. Lakin gözəl bir qadının çöhrəsini gizlətməsi kişiləri təbiətin bəxş etdiyi nemətlərdən məhrum etmək deməkdir. Halbuki hər qədəm başında gözəl və sevimli simalara təsadüf etmək insanların ruhunu yüksəldir və kədərlərini unutdurur, daha açığı, təbiətin möcüzələrinə inandırır. “Özünü bilaistisna hər bir kəsə göstərən öz qiymətini azaldır” – fikri də yanlış fikirdir.. Örtülü şeyə qiymət verən olmaz. Şəxsən mən özüm meşələrdə gizlənərək sizi görmək istəyənlərə gülürdüm, bəzən onların döyüldüyünü, təhqir olunduğunu və ya cərimə edildiyini eşitdiyim zaman onlara acığım tuturdu. İndisə mən sizi açıq bir çöhrə ilə gördüyüm zaman sizi haqsız hesab edirəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-bahar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məhsəti xanım xəstəlik yatağında idi. Neçə gündü ki, süfrə başına gələ bilmirdi.Nahar vaxtı idi, Rəna süfrəni açıb Nizamini nahar yeməyinə çağırdı. Nizami yenə də səliqə ilə qələm və kağızını yığışdırıb yanındakı heybəyə qoydu və pilləkənlərdən qalxıb süfrə başına gəldi. Süfrə olduqca yoxsul idi. Orada süddən və arpa çörəyindən başqa heç bir şey yox idi. Nizami oturdu, nahar yeməyinə başlarkən Rəna ona sual verdi:
Vahid AzərbaycanQızıl Arslan Şimali Azərbaycanın bəzi hissələrini gəzdikdən sonra məmləkətin vəziyyəti barəsində Atabəy Məhəmmədə uzun bir məruzə məktubu göndərmişdi. O, məktubu yazırdı:“Üsyanların əsas səbəbi üsul-idarənin köhnəlməsi və qanunların qabalığıdır. Məmləkətin xalqı iki hissəyə ayrılmışdır. Acizlər, əzilənlər mühacirətdədirlər. Qolunda və qəlbində qüvvət hiss edənlər isə üsyan cəbhəsindədir. Səlcuqilər Azərbaycanda hökumət qurduqları yüz ilin müddətində islamın zühurundan bəri ərəblərin qurduqları üsul-idarədən istifadə etmişlər. Hazırkı vəziyyətdə peşəkarları şəhərə, kəndlini isə torpağa təhkim etmək imkan xaricindədir. Səlcuqilər dövründə və hazırkı hökumətin iş başına keçdiyi birinci illərdə yerli hakimlər xalqın etimadını tamamilə itirmişdir.
Atabəy MəhəmmədAtabəy Məhəmməd Qızıl Arslanın məktubunu Kirmandan Həmədana qayıtdığının ikinci günündə aldı. O, məmləkətin vəziyyətini çox da yaxşı hiss etmirdi. Bağdaddan gələn xəbərlər xəlifənin təzə bir qüvvətə istinad etməyə hazırlandığını bildirirdi. Əyyubilərin Misirdə böyük bir səltənət qurmuş fatimilərə qalib gəlməsi xəlifədə təzə bir ruh oyandırmışdı. O, xilafəti türklərin təsirindən qurtarıb əyyubilərin nüfuzuna tapşırmaq istəyirdi.Xəlifənin Atabəy ölkələri içərisində dolaşan təbliğatçıları əyyubilərin lehinə olaraq geniş təbliğat aparırdı. Musildə, Xarəzm şahlarının sərhəd şəhərlərində atabəylərə qarşı sui-qəsd hazırlanırdı.
Fitr bayramıGəncə hakiminin ürəyi iki hiss ilə çırpınırdı, birisi şadlığından, ikincisi isə qorxusundan idi. Bir tərəfdən Bağdad xəlifəsi göndərilən qızların yetişməsini Əmirə yazıb razılıq vermişdi. Xəlifə xüsusi olaraq Dilşadın gözəlliyindən şadlandığını qeyd etmişdi.Lakin Əmirin aldığı ikinci xəbər onun qorxusuna səbəb olmuşdu. Atabəy Məhəmmədin Azərbaycan səyahətinə çıxması xəbəri gələndən bəri Əmir öz müqəddəratının nə cür həll ediləcəyi barəsində düşünürdü. O bilirdi ki, Atabəy ayağını Şimali Azərbaycanın sərhədinə qoyan kimi ona minlərcə ərizə veriləcəkdi. Çünki o, xalqın hazırlıq gördüyünü çox yaxşı bilirdi.
Стихи других поэтов
Elə müəmmadır aşıq sənəti,Bir isimdə dörd hikməti dərindi.
Ekran qaralanda...– Qurtardı bugünkü verilişlərimizDinləyin sabahın proqramını. ...
Könlün istəsə qəm dərdiğə dəva, qədəh içKönlün istəsə qəm dərdiğə dəva, qədəh iç,Özüni etmə qəmü dərdə mübtəla, qədəh iç.
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,