Xərabat
Страница 1 из 4
Öz evlərinə qapanıb xısın-xısın ağlayanların sayı, küçələrə çıxıb şadlıq edənlərin sayından bir neçə qat artıq idi. Zahirdə şadlıq edən gəncəlilər bu şadlığı dərin bir kədər kimi qarşılayırdılar.
Azərbaycan hakimi Şəmsəddin Eldəniz təzəcə ölmüşdü. Onun yerinə oğlu Cahan Pəhləvan keçən gündən bəri Azərbaycan xalqının həyatı daxili müharibələrdə keçirdi. Cahan Pəhləvan Atabəy Məhəmməd iş başına keçdiyi zaman Azərbaycanın ən mühüm hissələri olan Marağa və Təbriz şəhərləri Ağ Süngər Əhmədin əlində qalmışdı. Buna görə də Atabəy Məhəmməd azərbaycanlıları, xüsusən aranlıları, səfərbərliyə alaraq Təbrizlə Marağanı qurtarmaq üçün uzunmüddətli bir müharibə təşkil etmişdi. Atabəy Məhəmməd Marağa və Təbrizi alandan sonra şəhərlərə qasidlər göndərib rəiyyətlərinə böyük qələbənin xəbərini elan edirdi.
Bu gün Atabəyin qasidi Gəncəyə gəlmişdi. Eyni zamanda illər uzunu cəbhələrdə yaşayan Aran ordusu Arana qayıdırdı. Gəncə hakimi Əmir İnanc bu qələbənin böyük bir şadlıqla qarşılanması üçün Gəncə xalqına qəti fərman vermişdi. Xalq cəbhədən qalib bir surətdə qayıdan ordunu qarşılamaq üçün küçələrə çıxmışdı. Lakin çoxları öz oğul və qardaşlarını qalib qayıdan ordunun cərgəsində görmürdü. Mizraqdan, nizə və qılıncdan salamat qurtaranların bir çoxu aclıqdan və xəstəlikdən məhv olmuşdu. Matəm və kədəri qələbənin saxta və aldadıcı pərdəsi ilə gizlətməyə çalışanlar küçələrdə böyük bir fəaliyyət göstərirdilər. Nə ağlamağa, nə də ölənlərdən danışmağa imkan var idi. Bu barədə Gəncə hakimi qəti tapşırıq vermişdi. Gəncə xalqına ancaq küçələrə çıxmaq və “Yaşasın Atabəy Məhəmməd! Yaşasın zəfər!” – deyə qışqırmaq icazəsi verilmişdi.
Qəlbində ağlayanların hamısı yuxarıdakı kəlmələri təkrar edir və qışqırırdı, çünki bu kəlmələri təkrar etməyənlər təqib edilir və adları siyahıya alınıb hökumətə təqdim olunurdu. Evindən çıxmayanlar ağac və qamçı zərbələri altında küçələrə çıxarılırdı. Əynində təzə paltarı olmayanlar geri qaytarılır və təzə paltar geyindikdən sonra təkrar küçələrə çıxarılırdı. Ruhanilər, xətiblər dəstələrin qabağına düşüb Quranda yazılan zəfər ayələrini bir-birinin dalınca oxuyurdular. Hər kəs hökumət məmurlarının yanından keçdiyi zaman özünü şad göstərməyə və kədərini gizlətməyə çalışırdı, lakin hər kəs “yaşasın zəfər” sözünü ancaq hökumət məmurlarının və hökumətə casusluq edənlərin yanından keçəndə qışqırırdı.
Minlərcə azərbaycanlının məhvi üzərində qurulmuş olan bu qələbənin bütün xalqın yox, ancaq bir nəfərin qələbəsi olduğunu xalqın simasından sezmək olurdu.
Küçələrə çıxanların içərisində iki gənc – İlyasla Fəxrəddin də var idi. Gəncə mühitini titrədən bu süni şadlığı görüncə bu iki yoldaşın ürəyində Atabəy Məhəmmədə və onun Gəncə hakimi Əmir İnanca qarşı dərin bir nifrət oyandı. Gənc İlyas, küçələrdən sel kimi axıb Məlikşah meydanına tərəf gedən xalqı Fəxrəddinə göstərib dedi:
– Sən mənə, boğazdan yuxarı “yaşasın” deyən bu xalqın içərisində bir nəfər də olsa xoşbəxt olan və Atabəy Məhəmmədin xoşbəxt olmasını istəyən adam göstərə bilərsənmi?
Fəxrəddin çox yavaşdan cavab verdi:
– Öz hökmranlığını möhkəmlətmək üçün onlar nə iraqlılardan, nə də iranlılardan istifadə edə bilərdilər. Buna görə də hər bir müharibədə azərbaycanlılar iştirak etməli və məhv olmalıdırlar.
Gənc İlyas ətrafını gözdən keçirərək yavaşdan dedi:
– Azərbaycan xalqı qırılıb azaldıqca məmləkətdə ərəb-fars nüfuzu çoxalmaqdadır.
İlyasla Fəxrəddin bu sözləri danışa-danışa Toğrulbəy küçəsindən El Arslan və Məsudiyyə küçələrinə girir və Sultan Səncər camesinin qarşısındakı Məlikşah meydanına yaxınlaşırdılar.
Əhali meydanda durub Gəncə xətibinin gəlməsini gözləyirdi. İlyasla Fəxrəddin də məscidin qapısı qarşısındakı hovuzun yanında dayandılar və camaata qoşulub xətibi gözləməyə başladılar.
Fəxrəddin fikirli halda başını qaldırıb, İlyasa dedi:
– Bəli, indi bu saat gələcək, Təbriz və Marağa fəthini elan edəcək, əvvəlcə xəlifənin, sonra da Toğrul və Atabəy Məhəmmədin adına xütbə oxuyacaqdır. Eyni zamanda, təzə bir müsibətin elanını da verəcəkdir.
İlyas Fəxrəddinə əyri bir nəzərlə baxıb soruşdu:
– Nə kimi müsibət?
– Atabəy Rey məmləkətinə hücum etməyə hazırlaşır. Rey hakimi səlcuqilər zamanından bəri Atabəylərə verdiyi vergidən boyun qaçırıbdır. Lakin bu müharibə qorxulu bir müharibədir. Çünki Rey hakimi öz ağzı ilə yox, Xarəzm şahlarının ağzı ilə danışır. Gec-tez onlar Rey məmləkətini öz əllərinə alacaqlar.
İlyas yenə də ona sual verdi:
– Sən buna nə cür baxırsan?
– Nə cür baxacağam? Azərbaycan torpağı deyil ki, müdafiə edək.
İlyas etiraz edərək dedi:
– Mən səndən bir qardaş kimi rica edirəm, bu fikrini başqalarının yanında demə, çünki tamamilə yanlış bir fikirdir.
Fəxrəddin təəccüblə soruşdu:
– Bu fikrin yanlışlığı harasındadır?
– Doğrudur, Rey bizimki deyil, Həmədan necə, bizimdir, ya yox?
– Bizimdir, Azərbaycanın qədim paytaxtıdır.
– Elə isə onu bilməlisən ki, Rey Azərbaycan atabəylərinin əlində olmazsa, Həmədanı saxlamaq mümkün deyil, çünki bir çox hadisələrdə reylilərin Qəzvini əldə etdiyi və Təbrizlə Həmədanın əlaqəsinə mancə törətdiyi görülmüşdür. Hayıf ki, mən qılınc və mizraq işlətmək işində savadsızam. Buna görə də sənə bir məsləhət görəcəyəm. İndi ki, qılınc və mizraq işlətməyə, ox və kaman işlərilə məşğul olmağa həvəsin vardır, onları yaxşı öyrən. Mən də qələm işlərində yüksək mərtəbə əldə etməyə çalışacağam. Bunların ikisi də bizə lazımdır.
İlyasla Fəxrəddin bu söhbətləri edərkən Gəncə xətibi öz müridləri ilə Gəncə hakimi Əmir İnanc da öz əsgər və qulamları ilə bərabər Məlikşah meydanına daxil oldular. Lakin bunlar xalq tərəfindən çox da təntənə ilə qarşılanmadılar.
İlyasla Fəxrəddin də əhaliyə qoşulub Səncər məscidinə daxil oldular. Xətib minbərə çıxıb, birinci növbədə, Atabəy Məhəmmədin Marağa və Təbriz altındakı müharibələrdə qazandığı qələbənin xəbərini verdi. Lakin bu xəbər xalqı tərpədə bilmədi; əhali bu xəbəri çox soyuqqanlılıqla qarşıladı. Xətib xəlifə və Atabəy Məhəmmədə dua etdiyi zamanda da xalqın bu iki ada qarşı bəslədiyi mənfi münasibət bir daha özünü göstərmiş oldu. Dualara qarşı deyilən: – Amin... Amin! – kəlmələri də ürəklərdən yox, boğazlardan çıxırdı. “Amin” səsləri o qədər zəif idi ki, camenin mərmər sütunları və qövsi tağları altında itib gedirdi. Ürəkdən “amin” deyənlər ancaq xətibin müridləri və Əmir İnancın nökərləri idi.
Bu vəziyyət həm Gəncə xətibinə, həm də Əmir İnanca çox piç təsir bağışladı.
Əmir İnanc xalqın soyuq münasibətini hiss edincə başını uzadıb Gəncə xətibinin qulağına nə isə pıçıldadı. Bu anda Fəxrəddin də ağzını İlyasın qulağına uzadıb:
– Müvəffəqiyyət! Müvəffəqiyyət! Xalqdakı dönüşü hiss edirsənmi? Bunu haramzadə hakim də hiss etdi. Xətibin qulağına, şübhəsiz ki, bu barədə pıçıldadı, – dedi.
Əmir İnanc xətibin qulağına pıçıldadıqdan sonra xətib təzə səfərbərlik haqqında bir söz danışmayaraq xütbəsini bitirdi.
Xətib minbərdən yerə düşməmiş, əhali hakimi və xətibi gözləməyərək məsciddən çıxdı. Bu hadisə də Əmir İnanca və Gəncə xətibinə qarşı bir hörmətsizlik kimi nümayiş edildi. Meydanda yığılan xalq bu barədə danışmağa və pıçıldaşmağa başladı.
Məscidin qapısında Əmir və onun əyanları üçün yəhərlənmiş atlar saxlandığı kimi, xətibin müridləri də ağ ulaqları hazır saxlamışdılar. Xətiblə Əmir məsciddən meydana çıxdıqları zaman yenə də pıçıldaşmaqda davam edirdilər.
Əmir xətibə olan hörmətini meydanda yığılan əhaliyə göstərmək üçün uzunqulağın üzəngisindən tutub xətibi mindirdi, sonra isə özü atına minib yola düşdü. Əmiri atlı nökərlər, əyanlar, xətibi isə yüzlərcə müridləri piyada olaraq müşayiət edirdi. Küçələr “Yol ver, çəkil! Başını əy!” səsləri ilə dolmuşdu.
Əmir İnanc Gəncə xətibini və Gəncənin əyanlarını Atabəy Məhəmmədin qələbə bayramı şərəfinə düzəlmiş ziyafətə dəvət etmişdi. Buna görə də şəhərin əyanları və xətibin müridləri xətibin və əmirin dalınca gedirdilər. Təntənə ilə keçən bu dəstə, hökumət sarayına getmək üçün yaxın bir yol seçməyə məcbur idi. Onlar Xərabat küçəsinin tinindən keçərək, Əlmənsur küçəsi ilə başıyuxarı qalmalı idi.
Dəstələr birdən-birə dayandı. Keçməyə yol yox idi. Pir Osman küçəsindən gələn dəstə Xərabat məhəlləsinin tinində durub ikimərtəbəli köşkün pəncərəsindən eşidilən musiqi və nəğmələri dinləyir və başqa küçələrdən gəlib keçmək istəyənlərə yol vermirdi.
Əmir atının, Gəncə xətibi isə uzunqulağının cilovunu çəkib dayandı. Minlərcə əhalinin heç birisindən səs çıxmırdı. Pəncərədən eşidilən incə nəğmələr, musiqi səsləri kütləni özünə cəlb etmişdi. Oxunan rübailərin hər bir kəlməsini və çalınan udun naləsini eşitmək mümkün idi.
Əmir və xətib dayanıb durmuşdular. Onlar qadın barmaqlarında inləyən pərdələrdən, qadın dodaqlarından çıxan misralardan ayrılıb gedə bilmirdilər. Onlar da xalqa qoşulub mənliyini itirmişdilər; onlar da pəncərədən eşidilən səsləri öz qanına yeritmək və onu öz ruhunda həzm etmək üçün bütün varlıqları ilə qulaq asırdılar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-xerabat
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təbrizdə başqa söhbət yox idi, bütün bazarlarda, məscidlərdə, camaat yığılan yerlərdə Sahibəzzəman Mehdinin zühur etdiyi söhbəti idi. İngilis-rus konsulxanaları tərəfindən düzəldilmiş bu macəra, İntizariyun firqəsinin xətti-hərəkətini doğrultmaq məqsədi ilə düzəldilmişdi, çünki onların İraqa cİntizariyunə adı altında göndərdikləri casus təşkilatının birinin fəaliyyəti eSahibəzzəman Qaiməl-Məhəmmədə:i zühur etdirməkdən ibarət olmalı idi. Nəhayət, onlar bu macəranı həyata keçirməyə başladılar.15-ci ilin əvvəllərində İranda Rusiya dövlətinə qarşı alman-osmanlı təbliğatı ciddi bir şəkil almışdı. Osmanlıların bu təbliğatda iştirak etməsi rus və ingilis dövlətlərini dini macəralar törətməyə və İran xalqının şüurunu din və mövhumat ətrafında səfərbərlik etmək məcburiyyəti qarşısında qoymaqda idi.
Arşak SurenyansMən bir az yubanqmışdım, saat 1-in yarısı idi. Biz Ksenya ilə tam saat 12-də görüşməli idik. Hava soyuq idi, qızı gözləməyə məcbur etmişdim, küçələrdə olan böyük izdiham mənim bu qədər təxirlə getməyimə səbəb olmuşdu.Mən uzaqdan qızı gördüm. O tərəf-bu tərəfə baxa-baxa dolanırdı. Soyuq ona təsir etmişdi: qalın paltar geyindiyinə baxmayaraq, yenə də ayağının birini götürüb o birisini qoyurdu.
Çar kazakları mərsiyəxanlıqdaTəbrizdə din hərəkatının gurultusu bir neçə gün davam etdi. Camaatın yanında mövhumat əleyhinə danışmaq mümkün deyildi. Təbriz ziyalılarından bəziləri bu hərəkatın əleyhinə danışdıqları üçün ölümcül halda döyülmüş və müctəhidlərin yanına aparılmışdı. Buna görə də, biz təcili iclas çağırdıq və bu iclasda din və mövhumat əleyhinə, bir kəlmə də olsa, küçələrdə danışmamağı qərara aldıq.Rus və ingilis konsulxanaları bizim dini hərəkata qarşı apardığımız mübarizəyə qarşı əks-hücuma keçmişdi. Bizim məqbərə və ziyarətgahları, məscid və mərsiyəxanları nüfuzdan salmaq təşəbbüsümüzə qarşı ingilis və rus konsulxanaları çox təsirli bir tədbirlə meydana çıxmışdılar. Təbriz xalqını tanımaq mümkün deyildi, onlar inqilab dövrünü keçirən təbrizlilərə bənzəmirdi: onlar yenə də orta əsrə aid mövhumatın donunu geymişdilər. Söhbətlər axirətdən, behiştdən, cəhənnəmdən, imamdan, peyğəmbərdən, məscidlərdən və moizədən idi.
Şeyx Əbdüləzəlin nümayəndəsiİngilislərin Təbrizdə düzəltdiyi xəfiyyə və casus təşkilatının üzvlərini öyrəndik, onların sayı 145 nəfər idi. Bu barədə həm sərdar Rəşid, həm də Mirzə Ələkbər xan bizə lazımi məlumatı vermişdi. Bu təşkilatın əsas vəzifəsi inqilabçıları tapmaq və gizli təşkilatı məhv etməkdən ibarət idi.Çar konsulu və çar agentlərinin ciddi köməyinə, Mirzə Həsən və onun oğlu Mizə Məsud ağanın dini himayəsinə baxmayaraq, ingilislərin düzəltdiyi bu təşkilat on gündən artıq yaşaya bilmədi, çünki ingilislər Təbriz xalqının xüsusiyyətini bilmirdi. Onlar təşkil etdikləri adamların əhvali-ruhiyyəsini anlamırdı.