Страница 3 из 4 · 50%

Fəxrəddin və İlyas Məhsəti xanım üçün gətirdikləri yol tədarükünü, paltarları və yemək şeylərini Yəquba tapşırdıqdan sonra:

– Məktub göndər, biz də göndərəcəyik. Biz əminik ki, bu hadisələr sənin təbinə daha mühüm təkanlar verəcəkdir, – deyə ayrıldılar.

Məhsəti xanımla Yəqub yola düşdülər. İlyas durub Məhsəti xanımın dalınca baxırdı. Gedənlər qaranlığın qoynuna girib gözdən itərkən o:

– Gəncənin qəzəlxan bülbülü susdu, rübaimizin dahi sənətkarını bizdən ayırdılar, – deyərək Gəncəyə tərəf döndü.


Axşam idi. Əmir İnanc Gəncə çayına hakim olan uca köşkündə oturub dalını yumşaq balışlara söykəmişdi. O, çox diqqətlə, oynamaqda olan rəqqasələrin titrək döşlərinə baxdıqca əlindəki inci təsbehin dənələrini dolu kimi bir-birinin üstünə axıdırdı.

Sultan Səncər camesinin minarəsindən “Allahu əkbər” səsi eşidildi və “Allahu əkbər, kəbirən kəbira” – dedi.

Musiqi səsi kəsildi. Rəqqasələr Əmirin qarşısında baş vurub çəkildilər. Sanki azançının minarədən yüksələn “Allahu əkbər” səsi ancaq rəqqasələrə istirahət vermək üçün bir işarə idi.

Əmir İnanc qalxıb fəvvarəli hovuzun kənarında dəstəmaz almağa başladı. Xalqın borcunu verməyənlər Allahın borcunu verməyə hazırlaşırdılar. Namaz otağına keçdilər. Canamazlar rəqqasələrin oynadığı xalçaların üzərində açıldı, namaz qılanlar Allahı xatırlayaraq gözəl rəqqasələrin qədəmləri dəyən yerləri öpmək üçün səcdəyə düşdülər. Şam və xüftən namazı bitdi. Namazdan sonra, canamazların yerində şərab süfrələri açıldı. Namazlarında istədikləri huriləri əvəz etmək üçün gözəl qızlar, gənc saqilər salona daxil oldular. Musiqi dəstəsi öz işinə başladı, rəqqasələr yenə gəldilər. Allahın borcunu verib bitirənlər öz şəhvətlərini söndürməyə başladılar.


Gecədən çox keçmişdi, şərab büsatı da yığışmışdı. Əmir İnanc, sevgili qadını xəlifənin qızı Safiyə xatun və gözəl qızı Qətibənin yanında idi. Xidmətçi içəri girib:

– Hüsaməddin cənabları gəlib sizi görmək istəyir, – dedikdə, Əmir:

– Buyursun! – deyə yenə də gözəl Qətibənin saçlarını oxşamağa başladı.

Hüsaməddin içəri girib baş əydi və dedi:

– Araz çayını keçmək istəyən bir nəfər qasid tutulub Gəncəyə göndərilmişdir.

Əmir soruşdu:

– Qasid haradadır?

– Hazırdır, ya Əmir!

– Yanıma gətirin!

Hüsaməddin getdi, az sonra yanında Məhsəti xanımın xidmətçisi Yəqub salona daxil oldu. Əmir, Yəqubu başdan ayağa qədər gözdən keçirdikdən sonra dedi:

– Kimin tərəfindən qasidsən? Amma onu da bilməlisən ki, nicatın doğru danışmaqdadır.

Yəqub heç də təxir etmədən:

– Yalan demək üçün bir səbəb yoxdur. Mən Zəncandan Məhsəti xanım tərəfindən Gəncəyə göndərilmişəm. Məni tutmasaydılar da, bura gələcəkdim.

– Nə iş üçün göndərilmisən?

– Məhsəti xanımın anasına və İlyas adlı gənc bir şairə məktub gətirmişəm.

– Gətirdiyin məktublar hanı?

– Məktubları Araz çayından bu tərəfə keçdiyim zaman sizin adamlarınız aldı.

Hüsaməddin məktubları çıxartdı və:

– Ya Əmir, məktublar budur, – deyərək iki məktubu Əmirə uzatdı.

Əmir birinci məktubu açıb oxuduqdan sonra ucadan:

– Sübhanallah! – dedi, – bir qadın, özü də əxlaqsız bir qadın, gör nə kimi məsələlərlə məşğuldur!

Bu sözləri dedikdən sonra, Hüsaməddinə müraciətlə:

– Eşit, gör o xanəndə və şeir yazan əxlaqsız nə yazır, – dedi:

“Əziz dostum İlyas! Çox zəhmətlərdən sonra gəlib Zəncan şəhərinə çatdım. İkinci gün “Əxi Fərruxun” ziyarətinə getdim. Əxi Fərrux o qədər sevimli və xoş əqidə, xoşsöhbət bir adamdır ki, mən onunla görüşdüyümün birinci saatında Gəncə ruhanilərindən gördüyüm təhqirləri tamamilə unutdum. Əxi Fərruxun əqidəsi xalqların dostluğunu qurmaq əqidəsidir. Bu əqidə haqqında hərtərəfli məlumat yığdım. Bunun Şimali və Cənubi Azərbaycanda inkişaf etdirilməsinə çalışmaq lazımdır. Bu əqidəni daşıyanlar arasında qardaşlıq əlaqəsi mövcuddur. Ona görə də bunlar özlərinə “Əxi” adı veriblər. Sənin barəndə cənab Əxi Fərruxla danışdım. Sənin şeirlərindən də ona oxudum. O sənin gələcəkdə zəki və məşhur bir şair olacağına inandı və mənə böyük ümidlər verdi.

Dostum İlyas! Mənim başıma gələn fəlakət sənin mətanətini qırmasın. Zəmanə bu məhvər üzərində uzun zaman davam edə bilməyəcəkdir. Bu günlər Zəncandan köçüb Bəlx şəhərinə gedirəm, oradakı şairlərlə görüşmək istəyirəm. Hərgah yolun düşərsə, bizim məhəlləmizə get, anamı axtar tap, ona təsəlli ver. O mənim şeir və musiqi sənətimdən bir həzz apara bilmədi; onu daima mənim səbəbimə təhqir etdilər. Məktubumun cavabını yazıb öz təzə şeirlərinlə bərabər Yəquba tapşır. Yazdığım rübailəri də sənin üçün göndərirəm. Fəxrəddinə salam!

Zəncan, Məhsəti Gəncəvi”.

Məhsəti xanım ikinci məktubu da öz anasına yazmışdı.

Əmir İnanc məktubları oxuyub Hüsaməddinə acıqlandı:

– Məmləkət idarə edən adam sizin kimi olmaz! Ölkənin qadın və qızlarından başlamış gənclərinə qədər siyasi məsələlərlə məşğuldurlar. Bəs siz nə işdəsiniz?! Bu nə deməkdir? “Zəmanə bu məhvər üzərində çox da davam edə bilməyəcəkdir”. Bunu kim deyir?! Şair və xanəndə bir qadın... Get bu saatda adına məktub gələn İlyası və məktubda adı çəkilən Fəxrəddini hüzurumda hazır et!

Hüsaməddin baş endirib getdi. Əmir yenə də qızı Qətibəni yanında əyləşdirib onun saçlarını oxşamağa davam etdi. Qətibə, Məhsəti xanımın məktub göndərdiyi gənc İlyasla çox maraqlanırdı. O, Məhsəti xanım kimi şöhrətli bir şairənin, öz gözəlliyilə bütün Şərq ölkələrində məşhur olan bir qadının, adi adamlara məktub göndərməyəcəyinə inanırdı. Buna görə də gözəl Qətibə İlyası cürbəcür simalarda təsəvvürünə gətirir və ona müəyyən bir şəkil verməyə çalışırdı. O, İlyası gah bir qəhrəman kimi düşünür, gah sakit və aciz bir tələbə kimi xəyal edirdi, lakin yenə də bu təşbihin üzərində dayanmayaraq öz-özünə deyirdi: “Yəqin ki, o çox gözəldir. Gözəl və mərifətli bir gənc olmasaydı, Məhsəti xanım ona məktub göndərməzdi”. Bu düşüncələrdən sonra Qətibə yenə də İlyasa verdiyi şəkilləri öz qəlbində araşdırır, bir-bir təhlil edir və deyirdi: “Qəhrəmanlıq o qədər də qiymətli bir şey deyildir. Dünyada pəhləvanlar çoxdur. Pəhləvanlarda axmaqcasına bir qorxusuzluq vardır. Məncə, qəhrəmanlıq bambaşqadır. İnsanlar öz güclü qolları, qılınc və nizələri sayəsində özlərini qəhrəman hesab etsələr də, həqiqi qəhrəmanlıq bu deyildir. Qəhrəmanlıq kişinin mətanəti, ağlı, fərasətilə ölçülür. Kişinin bir qadın kimi gözəl olması da faydasızdır. Kişinin gözəlliyi, ona aid olan xüsusiyyəti azaldır. Məncə, ağıllı qızlar kişiləri gözəl olduqları üçün deyil, kişi olduqları üçün sevməlidirlər”.

Qətibə bundan sonra:

“İndi İlyas gələcək, bağışlanmaq üçün atamın ayaqlarına düşüb ağlayacaqdır” – deyə düşünürdü. – “Hərgah o ağlarsa və yalvararsa, qəhrəman deyildir. Əbəs yerə Məhsəti kimi məşhur bir qadın onun adına məktub göndərmişdir”.

Qətibə bunları düşündükdən sonra, atasına müraciət etdi:

– Ata, indi haman oğlan bura gətirilərsə, sən onu öldürəcəksənmi?

Əmir yenə də qızının başını sığallayaraq sual verdi:

– Birisi sənin baban xəlifənin hökmranlığına qarşı xəyanət düzəldərsə, sən özün ona nə edərsən?

Qətibə bir az düşünərək yavaşdan dedi:

– Mən onun özünü görməmiş və nə cür gənc olduğunu bilməmiş heç bir söz deyə bilmərəm.

Qətibənin bu sözündən həm Əmir, həm də Qətibənin anası Safiyə xatun qəhqəhə ilə güldülər. Qətibə isə utandı və başını aşağı salıb heç bir söz demədi. Bir azdan sonra Hüsaməddin daxil olub Əmirə baş əydi və:

– İlyası tapıb gətiriblər, – dedi.

Əmir:

– Get yanıma gətir! – dedi və qadınına müraciət edərək: – Siz də durub gedin, – dedi.

Safiyə xanım durub getdi. Qətibə isə Əmirin yanında qaldı.

İlyası Əmirin otağına gətirdilər. O, qapının qabağında durub nə baş əydi, nə də salam verdi. Bu, Əmirə təsir etdi. O, acıqlı bir vəziyyət aldı və soruşdu:

– Məmləkətdən sürgün edilmiş Məhsətinin fikirlərini Gəncədə intişar edən gənc şair İlyas sənsənmi?

İlyas başını qaldırıb:

– Hazırda mən öz fikirlərimi intişar etmək üçün özümə köməkçi axtarıram. Başqalarının fikrini yaymağa vaxtım yoxdur, – dedi.

– Sən nə ilə məşğulsan ki?

– Mən öz şerimi və öz əqidəmi intişar etməklə məşğulam.

Əmir İnanc acıqlı bir surətdə gülərək dedi:

– Hələ tezdir. Çox gəncsən. Əqidə intişarı ilə məşğul olmağının vaxtı deyil.

– Əqidə daşımayan şeir şairin simasını göstərə bilməz.

– Elə isə nə üçün Məhsəti xanımın fikirlərinə tərəfdar çıxmırsan?

– Məhsətinin şeir və musiqi aləmindəki fikirlərinə tərəfdaram.

– Onda sən onun hökumət əleyhinə olan fikirlərinədəmi tərəfdarsan?

– Mən Məhsətinin hökumət əleyhinə olduğunu indicə eşidirəm. Lakin Əmir burasını bilməlidir ki, Məhsətinin buna haqqı vardır.

– Onun hökumət əleyhinə olmasına nə kimi bir səbəblə haqq qazandıra bilərsən?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Şeyx Əbdüləzəl Müəyyəd

Təbrizdə başqa söhbət yox idi, bütün bazarlarda, məscidlərdə, camaat yığılan yerlərdə Sahibəzzəman Mehdinin zühur etdiyi söhbəti idi. İngilis-rus konsulxanaları tərəfindən düzəldilmiş bu macəra, İntizariyun firqəsinin xətti-hərəkətini doğrultmaq məqsədi ilə düzəldilmişdi, çünki onların İraqa cİntizariyunə adı altında göndərdikləri casus təşkilatının birinin fəaliyyəti eSahibəzzəman Qaiməl-Məhəmmədə:i zühur etdirməkdən ibarət olmalı idi. Nəhayət, onlar bu macəranı həyata keçirməyə başladılar.15-ci ilin əvvəllərində İranda Rusiya dövlətinə qarşı alman-osmanlı təbliğatı ciddi bir şəkil almışdı. Osmanlıların bu təbliğatda iştirak etməsi rus və ingilis dövlətlərini dini macəralar törətməyə və İran xalqının şüurunu din və mövhumat ətrafında səfərbərlik etmək məcburiyyəti qarşısında qoymaqda idi.

6 мин
Arşak Surenyans

Mən bir az yubanqmışdım, saat 1-in yarısı idi. Biz Ksenya ilə tam saat 12-də görüşməli idik. Hava soyuq idi, qızı gözləməyə məcbur etmişdim, küçələrdə olan böyük izdiham mənim bu qədər təxirlə getməyimə səbəb olmuşdu.Mən uzaqdan qızı gördüm. O tərəf-bu tərəfə baxa-baxa dolanırdı. Soyuq ona təsir etmişdi: qalın paltar geyindiyinə baxmayaraq, yenə də ayağının birini götürüb o birisini qoyurdu.

15 мин
Çar kazakları mərsiyəxanlıqda

Təbrizdə din hərəkatının gurultusu bir neçə gün davam etdi. Camaatın yanında mövhumat əleyhinə danışmaq mümkün deyildi. Təbriz ziyalılarından bəziləri bu hərəkatın əleyhinə danışdıqları üçün ölümcül halda döyülmüş və müctəhidlərin yanına aparılmışdı. Buna görə də, biz təcili iclas çağırdıq və bu iclasda din və mövhumat əleyhinə, bir kəlmə də olsa, küçələrdə danışmamağı qərara aldıq.Rus və ingilis konsulxanaları bizim dini hərəkata qarşı apardığımız mübarizəyə qarşı əks-hücuma keçmişdi. Bizim məqbərə və ziyarətgahları, məscid və mərsiyəxanları nüfuzdan salmaq təşəbbüsümüzə qarşı ingilis və rus konsulxanaları çox təsirli bir tədbirlə meydana çıxmışdılar. Təbriz xalqını tanımaq mümkün deyildi, onlar inqilab dövrünü keçirən təbrizlilərə bənzəmirdi: onlar yenə də orta əsrə aid mövhumatın donunu geymişdilər. Söhbətlər axirətdən, behiştdən, cəhənnəmdən, imamdan, peyğəmbərdən, məscidlərdən və moizədən idi.

5 мин
Şeyx Əbdüləzəlin nümayəndəsi

İngilislərin Təbrizdə düzəltdiyi xəfiyyə və casus təşkilatının üzvlərini öyrəndik, onların sayı 145 nəfər idi. Bu barədə həm sərdar Rəşid, həm də Mirzə Ələkbər xan bizə lazımi məlumatı vermişdi. Bu təşkilatın əsas vəzifəsi inqilabçıları tapmaq və gizli təşkilatı məhv etməkdən ibarət idi.Çar konsulu və çar agentlərinin ciddi köməyinə, Mirzə Həsən və onun oğlu Mizə Məsud ağanın dini himayəsinə baxmayaraq, ingilislərin düzəltdiyi bu təşkilat on gündən artıq yaşaya bilmədi, çünki ingilislər Təbriz xalqının xüsusiyyətini bilmirdi. Onlar təşkil etdikləri adamların əhvali-ruhiyyəsini anlamırdı.

8 мин

Стихи других поэтов