Böyük qazanc
Страница 1 из 2
Bugünkü iclas Məşədi Kazım ağanın evində idi. Məhəmmədəlinin İrana gətirilməsi və bundan Tehranın xəbərdar olub-olmaması məsələsi müzakirə ediləcəkdi. İclasda yalnız Hacı Əli, Əmir Heşmət, Mirzə Əhməd, Məşədi Kazım ağa iştirak edəcəkdi.
İkimiz oturub yoldaşları gözləyirdik. Mən əvvəlcə Məşədi Kazım ağaya amerikalıların fikrini bildirdim.
– Amerika ticarət müəssisələri ilə əlaqəniz vardırmı? – deyə soruşdum.
– Vardır. Onlar daima bizə böyük etibarlar buraxırlar, xüsusən bu günlər bizə böyük bir mal və uzunmüddətli bir kredit buraxmaq təklifini də etdilər, biz qəbul etmədik.
– Nə üçün?
– Çünki mallar ağır satılan mallardır. Dalısı da gəlir, o qədər də qazanclı deyildir.
– Səhər tezdən Amerika ticarət müəssisələrinin hamısı ilə müqavilə bağlar, əllərində olan bütün malları alarsınız.
– Bu mümkündürmü?
– Onlar sizə etibar etməzlərmi?
– Nə üçün etməzlər, biz aldığımız malları əridə bilərik.
– Sizə nə deyirəmsə, elə də edin. Vaşinqtondan və Tehrandan gələn əmrə görə, Amerika ticarət müəssisələri ticarəti dayandıracaq və İran tacirlərinə veriləcək kreditləri kəsəcəklər.
– Belə olduqda daha onlar bizə kredit buraxarmı, mal satarmı?
– Satarlar. Hələ onlara xəbər verilməmişdir, bu günlərdə ümumi müşavirə çağırılacaqdır.
– Amerikalılardan o malları ala bilsəm, onlar İrana bircə ay mal daxil etməsə, dinməz-söyləməz bircə milyon tümən pul qazanmaq olar. Heç şübhə yoxdur ki, bu qazancın yarısı sizə minnətdardır.
– Mənə şəxsən bir şey lazım deyildir, lakin əks-inqilab və onun arxa verdiyi çar hökuməti ilə aparılan mübarizədə bizə pul lazımdır.
– Onsuz da mən paraya olan bütün ehtiyacları ödəməyə hazıram, – deyərək ticarətin dadlı xəyalları bu İran demokratının nəzərində cilvələnməyə başladı.
Səhər çayını içməyə başlarkən yoldaşlar gəlib çıxdı. Mən rus konsulxanasından aldığım məlumatı iclasdakılara xəbər verdim, bu xəbər hamını düşündürdü.
– Tehrana xəbər verilməlidir, – deyə Hacı Əli söz aldı. – Müəyyən sərhədlərdə hazırlıq görmələri lazımdır. Tehran bilmir, bilsəydi, səs çıxarmışdı.
Hamı danışırdı, Məhəmmədəlinin Təbrizə gələcəyi ehtimalını aralığa sürdülər.
– Bəlkə də, o, buradakı ruslara arxalanmaqla öz qüvvəsini toplayıb Tehrana yürüş edəcəkdir, – deyə Mirzə Əhməd inandırıcı bir vəziyyət alaraq soruşdu.
– Yox, belə iş olmaz, – dedim. – Ruslar onu Təbrizə gətirməz. Açıqdan-açığa ona yardım belə verə bilməz. Məhəmmədəli Türkmənistan, yainki Koçan və Xorasandan işə başlayacaqdır.
İclasda Tehrana məktub göndərməkmi, teleqram vurmaqmı? – məsələsi də müzakirə edildi.
Məşədi Kazım ağanın Tehrandakı ticarət şöbəsinə teleqram göndərmək, oranın vasitəsilə də hökumətin qulağına çatdırmaq qərara alındı. Teleqramı Məşədi Kazım ağa özü tərtib etdi və xüsusi bir məktubla poçt-teleqraf rəisinə göndərdi.
Teleqram belə idi:
«Rusiyaya göndərdiyimiz malı geri qaytarırlar. Hansı bənddən keçəcəyi məlum deyildir. Əlbəttə, bu barədə təşəbbüsdə bulunmalısınız. Təfsilatı poçt ilə göndərəcəyəm.
Kazım».
Biz hələ müzakirəmizi bitirməmişdik ki, poçt-teleqraf rəisi göndərdiyimiz teleqramla bərabər gəldi və:
– Teleqramı belə göndərmək mümkün deyildir, – dedi, – ruslar bütün teleqramları müayinə edir, lentlərin hamısı Şahzadə bağında müəyyən adamlar tərəfindən tərcümə edilir. Bunun başqa bir çarəsi vardır. Mən hər gecə saat birdən sonra bilavasitə Tehran poçt-teleqraf rəisi ilə danışıram. Bu cür teleqramları ancaq onun vasitəsilə lazımi yerinə göndərə bilərik.
Mən bu adamı tanımırdım. Hacı Əli ağa bunu hiss etdiyindən məni poçt-teleqraf rəisi ilə tanış etdi.
– Məşhur vətənpərəstlərimizdən cənab Əlixan Bəsirilmülkdür. Qeyrətli cavanlarımızdan birisidir, – dedi. – İngilis və rusların birinci düşmənidir. Tehran teleqraf rəisi Nədimissoltan cənabları da cənab Bəsirilmülkün böyük qardaşıdır, bu dudman nəcib bir dudmandır.
Mən Bəsirilmülk ilə tanış oldum və tanışlıqdan çox məmnun qaldım. Çünki Culfa poçt-teleqraf rəisi ilə olan lazımi işlərimi bu vasitə ilə düzəltmək mümkün idi. Mən Bəsirilmülkə belə bir sual verdim:
– Sizin Tehranla olan müxabirənizin lentləri ümumi lentlərə daxil deyildirmi?
– Xeyr, onları tələf edirik, ancaq dəftərə düşən teleqramların lentləri tələb olunur. Bir də Təbrizdən başqa, rusların başqa teleqrafxanalarda nüfuzu yoxdur. Ona görə də biz Qəzvini çağırır, yolu açdıqdan sonra Tehran ilə danışa bilirik, rusların bunu təftiş etmək üçün də imkanları yoxdur. Bu barədə əmin ola bilərsiniz, – deyə bir daha əlimi sıxıb getdi.
İyul ayının 18-ci günü idi, Təbrizdə indiyə qədər belə istini xəbər verən yox idi.
Axşam evə çox tez gəldim. Hüseynəli yavaş-yavaş çubuğunun başını hovuzun daşına vuraraq boşaldıdı və gülləri suvarmağa hazırlaşırdı.
Mən bu gün Nina ilə görüşməmişdim, onlardan xəbərim yox idi. Yığışıb Ninanın evinə gedərkən Məşədi Kazım ağa gəldi.
– Teleqramın cavabı gəlmişdir, deyə sevinə-sevinə mənə müraciət etdi, Tehranın Məhəmmədəli məsələsindən xəbəri yox imiş.
Məşədi Kazım ağa bunu deyib gülməyə başladı.
– Nə üçün gülürsünüz? – deyə soruşdum, – yeni bir xəbər varmı?
– Üç Amerika ticarət müəssisəsi ilə bir iş düzəltdim, hər nə qədər əllərində malları varsa, aldım, – dedi və rəngi təğyir tapıb: – Hərgah Məhəmmədəli məsələsi yalan olsa, o, İrana gəlməsə və amerikalılar ticarəti dayandırmasa, mən müflis olacağam, börkümü də satsam, görməz, – deyə əlavə etdi. – Bu məsələ doğru olduqda isə Təbrizdə bir nəfər də olsa, mənim qabağıma dura bilməz, – ən azı bir milyon tümən, – deyərək bir də güldü:
– Gülməyinizə yenədəmi bir səbəb vardır? – deyə soruşdum.
– Vardır. Mən malları birdən çıxarmaq istəmirdim, deyirdim, bəlkə, etibar etmədilər, onlar isə mənim peşman olacağımdan qorxub, «Götür buradan rədd elə», – deyərək məni tələsdirdilər.
– Hamısını götürdünüzmü?
– Götürdüm. Hamısını öz anbarlarımızda yerləşdirdim. Amerikalılar məni aldatdıqlarını zənn edərək, dalımca gülürdülər.
Biz bu söhbətdə ikən Nina içəri girdi. O, sözlü adama bənzəyirdi. Nina əvvəlcə Məşədi Kazım ağanın əlini sıxdı, sonra isə «sözüm var», deyə mənə müraciət etdi.
– Bu gün Məhəmmədəli Rusiyanın «Xristofor» adlı paroxodu ilə Kaspi sahilindəki Gümüştəpə mövqeyinə çıxmışdır.
Ninadan bu məlumatı aldıqdan sonra biz məsələni yenə də Tehrana xəbər verməyi lazım bildik.
Məşədi Kazım ağa da ticarətində yanılmadığını duyduğundan sevindi. O, poçt-teleqraf rəisi Bəsirilmülkü görmək üçün getdikdə:
– Nina xanım da şam yeməyinə qalsın, bu saat qayıdıram, – deyə tapşırdı.
Nina ilə mən isə hovuzun ətrafındakı masa üzərinə qoyulmuş tutlardan yeməyə başladıq. Hüseynəli də masadan uzaqda öz kürsüsü üstündə oturub dincəlməyə başladı, çubuğunun yanından sallanan dəmir bizin ucu ilə çubuğun başını deşmişdi, püflədi, köklədi, göy qədək kisəsinin içinə salıb o tərəf-bu tərəfə buladıqdan sonra çıxardı. Barmağının yanı ilə çubuğun başındakı artıq tütünü kisəyə tökəndən sonra barmağı ilə tütünü basıb çubuğun başında bərkitdi.
Mən onun çubuğuna kibrit çəkmək istədimsə də, razı olmadı:
– Kibritin alovu çubuğun ləzzətini aparır, – deyə əlini börkünün təpəsinə aparıb bir az qov çıxardı, çaxmaqdaşı ilə yandırıb çubuğun başına qoydu, əvvəlcə dodaqlarının ucu ilə qovu bir balaca alışdırdı, sonra dərin nəfəslər vurmağa başladı və yenə də öz həyatından söhbət açdı.
– Mən hələ qocalmazdım, Səfinin dərdi məni qocaltdı.
– Səfi kimdir? – deyə Nina soruşdu.
– Qızım, dünyada var-yox bircə dənə oğlum var idi. Adı Səfi idi. Cavanlıqda əlimizdən getdi.
– Niyə öldü? – deyə yenə Nina soruşdu.
– Öz əcəli ilə ölsə idi, deyərdik ki, xudavəndi-aləm belə istəmişdir. Burada bir Əmir Nizam var idi. Adı Hüseynəli xan idi. Onun adını hər kəs Gərrus çağırardı. Çox zalım adam idi. O, bir gün olmaz idi ki, haqq-nahaq Təbrizdə beş-altı baş kəsdirməsin. Günlərin birində yazıq Səfi Ərkin yanından keçdiyi yerdə bir haramzadanın qurbanı oldu.
– Necə yəni qurbanı oldu? – soruşdu.
– Hüseynəli xan Əmir Nizamın sərbazları drüşgəçi İmanı dustaqxanadan çıxarıb Mirqəzəblə birlikdə başını kəsməyə aparırmışlar. İmanın qardaşları sərbazlara və onların dəhbaşılarına rüşvət verib İmanı buraxdırırlar. İmanı Ərkin dibində qaçırdıb, yalandan dalınca yüyürürlər, yazıq oğlumu onun yerinə tutub başını kəsirlər.
– Belə də iş olarmı? – deyə Nina dəhşətə gəldi.
– Olar, qızım, bir çoxlarının əvəzinə küçə hamballarını tutub aparırdılar. Hələ mən o zaman vəliəhdin gülçüsü idim, pişxidmətinə də bu əhvalatı dedim, heç bir şey çıxmadı. Uşağın iyirmi iki yaşı var idi. Gözəl, mərifətli uşaq idi. Ölüsünü də bizə vermədilər.
– Bəs nə oldu?
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-boyuk-qazanc
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yerdə əyyami-məhərrəm, şiələr qan ağladı,Ay tutuldu nalədən, göydə qəmər qan ağladı.
Şeyx əmi!Üstünə sal tazə əba, şeyx əmi,Saqqala yax rəngü həna, şeyx əmi!
Ağa dərvişBir tazə qəsidə edib inşad ağa dərviş,Xırmanda qurub şivənü fəryad ağa dərviş.
Ağam vayBilməm nə var adında, ey şəhsəvar, ağam vay!Titrər adın gələndə, xurdü kübar, ağam vay!
Стихи других поэтов
Sadələrin məzmunu var, mətanəti var –Biz onları daim məğrur bir dağ görmüşük.
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,