Страница 1 из 2

Əhvalat vaqe olur Hacı Qafarın evində. Ev sərvətdar bir şəxsin evini təsvir edir. Hacı Qafarın oğlu doktor Akif oturub başı açıq kitab oxuyur. Nökər Əsədulla daxil olur.

Əsədulla — Ağa, bir nəfər xanım gəlib, sizi görmək üçün icazə istəyir.

Akif — Oğlan, necə xanımdır?! Get çağır yanıma! (Əsədulla gedir) Əcəba bu kim olmalı?

Şərifə xanım daxil olur.

Şərifə — Əvət, asudə və unuducu bir qəlbə malik olan kişilər əsiri-məhəbbət olan zavallı qadınların iztirab içində keçirdikləri uzun dəqiqələri düşünməz, özünü romanlarla da məşğul edə bilər.

Akif — Yox-yox! Şərifəm, öylə söyləmə! Nə mənim qəlbim unudacaq bir qəlbdir, nə də sən unudulacaq bir mələk.

Şərifə — Mənə kişilərin eşq və məhəbbətə qiymət qoymayacaqlarını bir çoxları söyləyirdi — inanmırdım, lakin burasını sizdə təcrübə elədim.

Akif — Şərifəm, öylə söyləmə! Məhəbbətinə yəmin edirəm ki, məndən məhəbbətsizliyi deyil, verdiyim sözün uğrunda can verməyə hazır olduğumu dəxi təcrübə edəcəksən, mən heç vaxt səni unutmamışam.

Şərifə — Əvət, unuduldum! Bir küşəyə atıldığım bəs olmurdu, təzədən bir zalımın qucağına düşüb bir cahilə qadın olmaqla da təhdid olunuram.

Akif — Kimdə o hünər vardır ki, mənim təmiz ruhumu bədənimdən çıxarıb kəsif bir cismə daxil eləsin.

Şərifə — Hər nədən isə mən məhv oluram! Sən isə (ağlayır) məni unudacaqsan!

Akif — Heç kəs iki nəfsin e’damına fitva verəməz, verərsə də xeyir aparmaz!

Şərifə — Ah kişilər unuducu! Kişilər zalım! Xüsusən ata-analar daha da qatildir (ağlayır).

Akif — (Şərifənin başını sinəsinə alaraq) Şərifəm! Mələyim, ağlama. Sən də, mən də ataların istibdadı altında əzilirik. Lakin genə də mənə zalımlıq yaraşmaz! Zira mən sənə söz verdiyim vaxt canımı, ruhumu, hissimi də sənə təslim etmişəm və haman əhdimə vəfa edəcəyimə genə də söz verirəm. Zira mən eşq və məhəbbət hekayələrini Şərifə adı ilə başlayıb, Şərifə adı ilə bitirmək istəyirəm.

Şərifə — Akif, məni məzəmmət etmə! Mən səni gözəllik və elmin üçün sevmiş olsaydım səndən də elmli, səndən də gözəl bir kişi tapmağla öz eşqimi dəyişə bilərdim. Lakin səndəki təbii gözəlliyi mən bir başqasında tapacağıma əmin deyiləm!

Akif və Şərifənin əlləri bir-birində olduğu halda Akifin anası Mə’sumə daxil olur.

Mə’sumə — Akif! Oğlum! Bu qız kimdir?

Akif — Ana, bu həyalı qızı sizə təqdim edirəm. Bu haman Şərifə xanımdır ki, mənim ilə Şvetsariyada doktorluq məktəbində oxuyurdu. Bu qız arzu edir ki, daima sizin hüzurunuzda yaşasın. (Şərifə tutub Mə’sumənin əlini öpür).

Mə’sumə — Çox xoş gəlib səfa gətiribdir. Özü də bir xoş vaxtda gəlibdir ki, bundan da yaxşı gün olmaz. Bu günlər istəyirik ki, sənin də toyunu başlayaq. Daha nişanlın Asya da yazıqdır. Dörd ildir gözü yoldadır!

Şərifə — (Diksinib əlini başına qoyaraq) Akif, mən artıq dayanmayıram, daha mən gedirəm, salamat qal! (gedir).

Akif — Aman allahım, nə oldu? Bu nə xəta?!

Mə’sumə — Akif, bəs yoldaşın nə üçün tez gedir?

Akif — (Bir gözü qapıda) Çünki sən onu buradan qovdun, çünki sən onun nazik qəlbini yaxdın... Ah zavallı Şərifə, dərdinə çarə üçün gəldisə də yeni bir yara ilə qayıtmağa məcbur oldu.

Mə’sumə — Subhanalla, mən ona şirin dildən başqa ki, söz söyləmədim.

Akif — Mənim toyum şad başlanarsa ancaq bu qəlbini sındırdığınız Şərifə ilə başlanacaq. Yasım, qəmli, əcəlli, fəlakətli günlərim isə sənin sevdiyin Asya ilə vücuda gələcək. Çünki o, mənim ürəyimə biganədir, yabançıdır.

Mə’sumə — Uzun qara olsun, bu nə sözdür?

Akif — Əvət doğru söz budur. Sən bunu atama da söylə. (Gedir).

Mə’sumə — Bura bax, bura bax! Bir bunun ağlına tamaşa elə! Vallah özümü öldürərəm!

Hacı Qafarın öskürmək səsi gəlir. Daxil olur.

Hacı Qafar — Ay arvad, sənə deməmişəm ki, qaraçı kimi səsini başına salma? Genə evdə bu nə hay-küydür? Gəlin hara gedibdir? Ah, qocalıq nə yaman şeydir.

Mə’sumə — Allah sənin evini başına uçursun. Allah səni bu qoca vaxtında imansız dünyadan aparsın. Sənə yüz dəfə dedim ki, oğlunu doktorluğa göndərmə, elə mən dedim, mən də eşitdim. De buyur indi cavabını ver!..

Hacı Qafar — Səsin çox da xoşuca gəlməsin! Sözü qısa söylə görüm nə olub ki?

Mə’sumə — Nə olacaq, kişinin qızının evini yıxdın.

Hacı Qafar — Lə’nəti-ilahiyə giriftar olasan. Mənim saqqalımın bu vaxtında qız ilən, zad ilən nə işim var? Qız kimdir?

Mə’sumə — Kim olacaq! Rəhmətlik Hacı Qasımın qızı Asya, belə sənin oğlun Akifin adaxlısı, indi anladın ki?

Hacı Qafar — Ay imansız öləsən, daha məndə ürək qalmadı, açığını söylə görüm axır qıza nə olub?

Mə’sumə — (ağlayır) Daha bundan açıq nə deyim! Oğlum gedib başı açıq gəzən Şərifəni gətirib evə ki, buna mən məktəbdə oxuyanda söz vermişəm, alım.

Hacı Qafar — Arvad, məgər ixtiyar ondadır ki, gedib Şərifəni alsın? (Həlimə daxil olur). Kişinin qızına dörd ildir ki, üzük verilib, budur böyük bacısı on ildir mənim oğlumun evindədir. (Qəzəbli) Vallahi ki, elə bir səfeh xəyala düşsə bu mal-dövlətdən elə məhrum eləyərəm ki, gün çörəyinə möhtac qalar. (Həliməyə) Get bir içməli su gətir. (Həlimə gedir).

Mə’sumə — (Həliməni göstərir) Budur, bir halal süd əmmiş arvaddır, bir nəfərin yadına gəlməz ki, bunu başıaçıq görsün. (Hacı Qafara) Hələ kiçik bacısı ki, bir parça cavahirdir. Bir barmaq boyda idi anası məscidə gətirəndə üzünü tutardı.

Hacı Qafar — Arvad, elə mən də bu fikri elədim. Dedim iki bacı bir evdə olsun, çörəyim də parçalanmasın.

Mə’sumə — Kişi, getdiyin Məkkəyə and olsun, onun mə’minliyindən də artıq qıçının sınıxlığıdır. Uzaq yeri bağçadır, yaxın yeri mətbəx. Heç oğlun Kərbəlayi Haşım da arvadından qalıcı deyil. On yaşında qızı akuşkadan küçəyə baxdığı üçün az qalırdı qızı öldürsün.

Hacı Qafar — Gərək arvad, qız tayfasını elə ürküdəsən ki, bilməsin allahın günü göyün hansı tərəfindən çıxır, hansı tərəfindən batır.

Mə’sumə — Belə ha! Amma Şərifə şilapkanı qoyub başına, küçədə gedəndə gözləri havada oynayır.

Həlimə su gətirir verir Hacı Qafara.

Hacı Qafar — Atan Hacı Qasım abi-Kövsər suyundan sirab olsun.

Nökər Əsədulla daxil olur.

Əsədulla — Ağa, beş-altı nəfər kəndli gəlib sizi görmək istəyir. Amma sonra ağa məni yamanlama, özləri də kasıba oxşayırlar.

Hacı Qafar — Gədə, niyə demədin ki, hacı evdə deyil?

Əsədulla — Bəli, dedim ki, elə indicə gəlib, hələ namazını da qılmayıb.

Hacı Qafar — Allah sənə də lə’nət eləsin. Yüz dəfə demişəm ki, gördün ki, əyni-başı çırıqdır, deyinən ki, hacı evdə deyil, və halonki qardaşım da olmuş olsa. Get burax gəlsinlər, qanmaz haramzada. (Arvadına) Mənim bu kəndli tayfasından zəndlə zəhləm gedir. Elə yanına ki, gəliblər başlayacaqlar and içməyə.

Mə’sumə — Allah onları vursun. Gündə bir dəstə gəlib evi zibilləyib getməkdən başqa mənfəətləri yoxdur.

Kəndlilər daxil olurlar.

Hacı Qafar — Balam, genə nə var tökülüb gəlmisiniz? Qoymazsınız bir xalq evində rahat otursun?

Akif daxil olur, börkünü qoyub əyləşir qəzet oxumağa.

Nəzərəli — Hacı, sən olasan getdiyin Məkkə, sən olasan Xorasanın qızıl künbəzləri, sən olasan qırmızıgöz ağam, bir yaxamızı Kərbəlayi Haşım ağanın əlindən qurtar!

Akif həyrətli baxır.

Hacı Qafar — (arvadına) Gördün ki, mən sənə əvvəldən bunların həyasızlıqlarını demədimmi? (Kəndlilərə) Genə nə olubdur ki, tamam Məkkə, Mədinəni yığıb tökdünüz bura?

Nəzərəli — Nə olacaq, yanı dişi balalı inəyimi satıb verdim ki, borcdan xilas olum. Götürüb yanımda da bir kağız çırdı ki, bu da sənin höccətin. İndi görürəm ki, höccətimi qoyub suda evimi satdırmaq istəyir.

Hacı Qafar — Kəs səsini namərbut. Mən hacı adam, höccət zad bilmirəm.

Kərbəlayi Haşım daxil olur.

Ay qanmaz oğlu, bu cür haramzadalar ilən niyə alışveriş edirsən? Bəlkə bu evdə bir başqa adam olaydı. Elə bilərdilər ki, doğrudan da mən pul tənzili zad yeyən adamam. (Kəndlilərə) Çıxın buradan namərbut oğlanları!

Akif — Bilməyirəm yenə, ilahi, bu nə mənzərədir? (Atasına) Nə üçün bunların dərdlərinə yetişməmiş evdən qovursunuz?

Kərbəlayi Haşım — (Gəlir Akifin yanına) Akif, belə işlərə qarışma. Bu kəndlilərin xasiyyətidir. Mən bunun, doğrudur, höccətini qoymuşam suda, amma ondan bir də almayacağam. Çünki evi qorxuram satsın özgəsinə. İndidən istəyirəm ki, başını bağlayam. Qələt eləyir, bir damı vardır qoysun qalsın öz övladına, nə üçün satsın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов