İngiltərə tərəfdarlarından məşhur Seqətülislam Tehrana gəlib camaat tərəfindən təntənəli surətdə pişvaz olmuşdur. Seqətülislam inkilis tərəfdarlarının parlamana intixab olunmaq tərəfdarıdır.

Hər rəngə girər istəsə gər əhli-şəriət
Fikrində əgər olsa qoyar hər cürə bid’ət.

Zahirdə böyük din gətirən alimi-dindar,
Və’zində edən gündə beş-on xariqə izhar,
Xasiyyəti xoş, nitqi gözəl, sevməli kirdar,
Məfkurəsinin zahiri hər yerdə qənimət.

Batində fəqət rə’şə saçan bir ulu şeytan,
Əfkarı xəyanət, özü bir qatili-insan,
Həp məl’ənətin mənşəi və’zindəki hədyan,
Adabi riya, haləti təzvir, özü lə’nət,

Əmmaməsinin hər teli bir fitnəyi-əyyam,
Təhtülhənəkindən asılır aləmi-islam,
Bu şə’bədədir milləti satmaqdan alır kam,
Bir zillidir altında sızıldar bəşəriyyət.

Hər və’də və ya altuna gizlicə satılmış,
Feysəl kimi İranda da meydana atılmış.
Bu tərzilə seçkilərə qabil su qatılmış,
İştə bu bizim molla, bu da etdiyi xidmət-

Əmmaməli Kerzon soyunub ortaya girmiş,
Və’d etdiyini seçkidə itmamə yetirmiş,
Alətləri bilcümlə parlamana keçirmiş.
Əmmamə, əba qurdu genə doğru hökumət.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира