Страница 1 из 3

Poçt-teleqraf rəisi ilə mən hamıdan əvvəl yatağımızdan çıxıb əl-üzümüzü yuduq, balkona çıxarkən Hacı xanın bizdən əvvəl qalxdığını gördük. Bərabər oturub bir o qədər söhbət etmişdik ki, onun qulluqçularından biri gəlib baş əyərək:

– Cənab xan, hamam hazırdır, – dedi.

Xan bizə müraciətlə:

– Bu gün hamama heç kəs buraxılmayacaq, axşamdan əmr vermişəm. Nə qədər xanımlar yatmışdır, siz buyurub yuyuna bilərsiniz, – dedi.

Otağa qayıdıb alt paltarlarımızı hazırladıq. Xanın nökərləri boğçalarımızı götürdü və hamama getdik.

Ağ mərmərdən tikilmiş qayət təntənəli bir hamam idi. Səkidə salınmış fərşin üstündə oturduqda iki nəfər hamam xidmətçisi gəlib bizim paltarlarımızı soyundurmaq istədi. Biz razı olmadıq. Bu xidmətçilər hamamdan çıxanda da bizi geyindirmək istədi. Görünür ki, xanın özü, oğlanları hamama gələrkən hər işlərini bu xidmətçilər görürmüş.

Hamamdan qayıtdıq, çay süfrəsi hazır olsa da, ətrafında oturan yox idi.

Miss Hanna otaqdan çıxaraq məni çağırdı, hamama gedib-getməməsini soruşdu, mən hamamın təmiz olduğunu söylədim və onun getməsini məsləhət gördüm.

Xanımlar hamamdan qayıdıncaya qədər biz bağı dolaşdıq. Hacı xan söhbətə başlayaraq:

– Ağalar, əslinə baxsanız, ağalıq, mülkədarlıq və rəiyyət saxlamaq həvəsindən düşmüşəm, bunun üçün də on dörd kəndimi dəyər-dəyməzinə satdım, əlimdə qalan beş kənddən də təngə gəlmişəm, – dedi.

– Nə üçün, cənab xan?

O, bir ah çəkərək dedi:

– İranda mülkədar olmaq üçün iranlı olmaq yaramaz. Çar təbəəsi olmalısan. Mənim kəndlərimin arasında çar təbəəsi olan gəncəli Məhəmmədovların xaraba bir kəndi vardır, kəndin bütün gəliri əlli xalvar arpa-buğdadan ibarət idi. O xaraba kəndin vasitəsilə də gəncəlilər minlərcə xalvar gəliri və minlərcə nüfusa malik olan kəndlərimi əlimdən aldılar.

Mən təəccüblə bunun səbəbini soruşdum.

– Kəndimin suyunu kəsdilər, rəiyyətlərini öyrədib kəndlərimin taxıllarını otardılar, şərarət işlər görüb kəndlilərimin həbs edilməsinə səbəb oldular, müxtəsər, kəndliləri dilənçi halına saldılar. Mən onların məqsədini bilirdim: onlar kəndimi dəyər-dəyməzinə almağa çalışırdı. Doğrusu, mən rəiyyətin bu ağır vəziyyətinə dözə bilmədim. Mənim səbəbimə onlar olmazın fəlakətlərini gördülər. Kəndlilər qorxusundan öz bağına, öz əkininə çıxa bilmirdi. Gəncəlilərin rəiyyəti harada Hacı xan rəiyyətini görürdüsə, başını parçalayırdı.

Mən Hacı xandan:

– Hökumətə müraciət etmədinizmi? – deyə soruşdum.

– Hökumət kimdir ki? Bizim özümüz hökumətik. Mənim anam Abbas Mirzə Nayibsəltənənin qızıdır: o, atasından sonra doğulduğundan bütün Qacar xanədanı onu sevirdi. Hacı xanım bütün İranda məşhurdur. Nəsrəddin şah ona bibi deyərək əlindən öpərdi. Müzəffərəddin şah da Təbrizdə vəliəhd olduğu zaman anam gəlmədən süfrəyə oturmazdı. Mən gəncəlilərin zülmündən şikayətə getdim. Özüm də Təbrizə gedəndə Müzəffərəddinin evində mənzil edərdim. O da mənim dərdimə çarə tapa bilmədi: «Sat, yaxanı qurtar, çar təbəəsidirlər, həyasızdırlar, şərarətçidirlər», – deyə məni yola saldı. Ona ikinci dəfə müraciət etdim, yenə: «Mülkünü sat onlara, başqa yerdə sənə kənd verim», – dedi. Müxtəsər, kəndlərimi satmaq üçün Təbrizə getdim, hər kəsə təklif etdimsə, «Qonşun çar təbəəsidir, bacara bilmərik», – deyə kəndlərimə qiymət vermədilər. Almaq istəyənləri də adam göndərib qorxutdular. Axırda onlara qonşu olan üç kəndimi yüz min tümənə satdım; halbuki üç kəndin birillik gəliri 150 min tümən idi.

– Bununla yaxanız qurtardımı? – deyə soruşdum.

– Xeyr, onlar iki il babat keçindilərsə də, sonra başqa kəndlərimdə də həmən əvvəlki oyunları başladılar. Axırda kəndliləri üzərimə qaldırdılar. Mən kəndliləri təqsirləndirmirəm, onların da haqqı var, çünki mənim əlimdə qaldıqca əziləcək idilər, axırda satdım, qurtardım, onlara qonşu olan bütün kəndlərimi dəyər-dəyməzinə əllərinə keçirdilər.

– Bəs indi necə yola gedirsiniz?

– Bəli, əl çəkmişlər, çünki qonşuluğumuz yoxdur. Bir də onlar böyük işlərlə məşğuldur. Gərgər kimi şəhəri udub, indi də Ələmdarı yemək istəyirlər. Ələmdar alınarsa, ondan sonra növbə mənim əlimdə olan Livarcanındır. Hazırda Livarcanda gəncəlilərin əllidən artıq casusu vardır, – deyə xan bir ah çəkdi.

– Ağa müxtəsərcə deyim ki, bu saat İranda kəndli də məzlumdur, mülkədar da məzlumdur. Çünki hökumət zəifdir, müdafiə edənimiz yoxdur.

– Nə etməli. Uşaqlar böyümüşdür, qızlar da nişanlanmışdır, ərləri Tehranda böyük iş sahibidir. Burada yaşamaq imkanı olmazsa, yığışıb Tehrana gedə bilərəm, lakin bu bağlara, bu gözəl qəsəbəyə heyfim gəlir, xüsusən anamın yadigarı olan bu binanı buraxıb gedə bilmirəm.

Biz bağçadan qayıdıb balkona çıxdıqda xanımlar da hamamdan gəlmişdi, oturub çay içdik. Çaydan sonra Hacı xan:

– İndi də buyurun, anama atası Abbas Mirzədən yetişən mirasa tamaşa edin! – dedi.

On iki otaq ziyarət etdim, hamısı döşənmişdi. Hacı xan yerə döşənmiş xalçaların tarixini oxuyurdu.

Hacı xan digər bir otağı da açaraq:

– Bu da rəhmətlik anamın otağıdır, bu otaqda olan şeylərin hamısı babamdan qalan şeylərdir, – dedi.

Tarixi iki yüz ili keçən xalçaların rəngi belə solmamışdı. Böyük salona ancaq üç böyük xalı döşənmişdi. Kiçik və ipək xalçalar bükülüb güvə deməmək üçün tütünə qoyulmuşdu. Fil sümüyündən qayrılmış və ətrafına yaqut və firuzə düzülmüş qayət incə bir çarpayı qoyulmuşdu. Üstündə qələmkar yorğan, zərrin yastıq, qiymətli məxmər döşək olan bütün yatacağın hər tərəfi inci və zümrüd daşları ilə toxunmuşdu. Əntiqə şeylərdən birisi də Abbas Mirzənin qələmdanı idi. Qələmdanın üzərində Abbas Mirzənin Gəncəyə hücumu təsvir edilmişdi. Abbas Mirzənin müharibə səfərlərində boynuna həmayil etdiyi müzəhhəb Quran. Öz yazdığı əlli səhifəlik «Tarix-Nadir», öz əlilə çəkdiyi rəsmlərin və tabloların hamısı göndən tikilmiş bir sandıqçanın içində saxlanırdı. Atlaz bir boğçaya bağlanmış qəbalələr, məktublar, əl yazıları daha maraqlı idi. Abbas Mirzənin «Nayib» təxəllüsü ilə yazdığı bir çox şeirlərə təsadüf etdik. Şeirlərin əksəriyyəti türkcə idi. «Bunların heç birinin təzkirədə göstərilməməsinin səbəbi də türkcə yazıldıqları üçündür», – deyə Hacı xan bir ah çəkdi.

Mən türkcə bir neçə şeirini yazdım, eyni zamanda Füzulidən təxmis etdiyi bir beşləməsinin də surətini götürdüm.

Türkcə yazdığım şeiri bundan ibarətdi:

Bəzmi-mey xali deyil, heç bir zaman əndişədən,
Mey deyildir, əşki-həsrətdir süzülmüş şişədən.
Ləblərimdə xun-nahaqdan haram olsun şərab,
Bir də sənsiz badə alsam saqiyi-bədkişədən,
Nayibi sərgəştəyəm, min dəfədir xərrati-eşq,
Cismi-bimiqdarımı yonmuş, keçirmiş tişədən.

Füzulinin məsnəvisindən müxəmməs halına gətirilmiş beşləməsi də:

Eyləsə min tənə gər eşqimdə mərdu zən mənə,
Eylə rüsvayəm ki, rüsvalıqdadır məmən mənə.
Kimsədən qorxmam, bəla gəlsə gəlirindən mənə.
«Karügər düşməz xədəngi təneyi düşmən mənə.
Kəsrətü peykanın etmişdir dəmirdən tən mənə».

Sinəmə min tirü düşmən dəysə olmaz karügər,
Qətlimə ancaq o bir tək navəki-müjgan yetər.
Mən şəhidi-xəncəri-fovladi-eşqəm müxtəsər.
«Andanam rüsva ki, silab-sirişkim çak edər,
Zəxm tiğin qanı geydirdikcə pirahən mənə».

Fərqsizdir rəhmsiz dövranın eyşi-matəmi,
Zəhridən aludə qılmışdır dəmadəm badəmi,
İstirahətgahim olmuş sevdiyim eşq aləmi.
«Eymənəm səngi məlamətdən kim alıb dövrəmi.
Oldu zənciri-cünun bir həlqeyi ahən mənə».

Zövqsiz dünyada bir zindanım olmuş hər cəhət,
Nayibəm, tale mənə zindani görmüş məsləhət.
Olmasa gər eşq təsirində hər bir məmləkət,
«Ey Füzuli, odlara yansın büsati-səltənət
Yeydir ondan haq bilir, bir guşəyi-gülxan mənə».

Abbas Mirzənin canamazı, Fətəli şahın inci təsbehi, Məhəmməd şahın ənfiyadanı, qəlyanı, üzüyü, Abbas Mirzənin anasının boyunbağısı, qolbaqları, qızıl və bahalı daşlarla bəzənmiş araqçınları, üzükləri və sair şeyləri gözdən keçirdik. Şeylərin hamısına baxıb qurtarmaq mümkün olmadı. Hacı xan qoca olduğu üçün bunların barəsində məlumat verməkdən yorulmuşdu.

Biz otaqdan çıxdıqda miss Hanna mənə dönərək:

– Milyonlarla qiyməti olan bu tarixi sərvət daş otaqlar içərisində ölüb-gedir, – deyə təəssüf etdi.

Buna hər kəs təəssüf edə bilərdi.

Başqa otaqları da gəzdik. Əntiqə şeylərin həddi-hesabı yox idi. Hacı xan bir ah çəkərək dedi:

– Dünyanın sərvəti babamın əlində idi: padşah onu göz bəbəyi kimi sevirdi. İran dövləti ilə işi olan hər bir hökumət qabaqca babama müraciət edərmiş. İndi isə onun övladı gəncəli Məhəmmədovların əlindən başını götürüb bir tərəfə qaçmağa hazırlanır. Zəmanənin üzünə lənət!


Biz bu gün çaydan sonra Livarcanın içərisinə çıxıb şəhəri seyr etməyi Hacı xandan rica etdik. O, Süleyman adlı bir xidmətçisini bizə qoşdu. Qapıda əllərində və yanlarında quzu, cücə, toyuq, yağ, qatıq, yumurta, meyvə və sair şeylər olan bir çox kəndlinin durduğunu gördüm.

– Bunlar kimdir? – deyə nökərdən soruşdum.

– Bunlar Hacı xanın rəiyyətləridir, xanın əziz qonağı olduğunu eşitdikləri üçün hədiyyə gətirmişlər. Bunların çoxu xanın satdığı kəndin rəiyyətlərindəndir. Onlar yenə də Hacı xanı öz ağaları bilir, həmişə də öz dərdlərini Hacı xana ərz edirlər. Xan da yaman gündə bunlara əl tutur, – dedi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İntibahnamələr

İntibahnamələrin xalq tərəfindən nə cürə qarşılandığı hər kəsi maraqlandırırdı. Yoldaşlardan bir neçəsinin fikrincə, Səmədxanın bu qədər təzyiqini görən və çar kazaklarının ayağı altında əzilən xalq bir daha inqilab adını çəkən intibahnamələrin ətrafına dolanmaq istəməyəcəkdi.Biz bu fikrin nə qədər doğru olub-olmamasını yoxlamaq üçün şəhərə çıxdıq. İntibahnamələrin daşdan tikilmiş mağazalar ətrafında yapışdırıldığını bildiyimiz üçün yolumuzu o tərəflərdən saldıq.

17 мин
Nizamüddövlə bağında

Səhər saat 11-də Hacı Səmədxanın faytonu qapımızda dayandı. Faytonla gələn Hacı Səmədxanın əmisi oğlu Mahmud xan, bir də onun silahlı nökəri idi.Mahmud xan içəri girməyə icazə istədi və Hacı Səmədxanın yazdığı məktubu verdi.

16 мин
Şümşad xanım

Bir tərəfdən Mahmud xan Nina ətrafında hərlənir, sərdar Rəşid və İraida ilə əlaqəyə girir, o biri tərəfdən də Rəfizadə və Şümşad xanım amerikalı qızın ətrafında dolaşırdı.Nina məsələsi aydın idi: mən Mahmud xan ilə qarşı-qarşıya gəlmək məcburiyyətində idim. Bu barədə mən nə Səmədxanın, nə çar konsulunun mənə qarşı dostluq əlaqəsinə arxalana bilməzdim, çünki bunların hər ikisi üçün Mahmud xan məndən daha əhəmiyyətli və daha yüksək adam idi.

26 мин
Mahmud xan

Mahmud xan gündüzlər sərdar Rəşid və İraida ilə Ninanı əldə etmək planlarını birlikdə müzakirə etməkdə, gecələr isə qaraçı məhləsindəki fahişəxanada oturub amerikalı qızın yolunu gözləməkdə idi.Mahmud xanın məni Təbrizdən rədd etmək planları və tamamilə də olmasa, mənim üçün qismən aydın idi. O mənim haqqımda nə konsula, nə də Hacı Səməd xana bir söz deyə bilməyəcəkdi, çünki onların heç birisi buna razılıq verməzdi. Onun yeganə çarəsi məni məhv etməkdi.

7 мин

Стихи других поэтов