Hacı xan
Страница 3 из 3 · 67%
– Ağlamağa, lüzum yoxdur. Məramınız xaricində olaraq heç bir hərəkətdə bulunmayacağam, – dedim.
Fayton gəlib çıxmışdı. Son gecəmiz idi. Səhər saat beşdə hərəkət etməli idik. Ələkbər yoldaş Mərənd şəhərini görməmək üçün dağlıq və kəsmə yollarla getməyi təklif etdisə də, amerikalı qızın o yollarla aparılmasını heç kəs məsləhət görmədi.
Gecə söhbət əsnasında Hacı xan bizə müraciətlə:
– Siz burada ikən bir çox şeyləri unutmuşdum, bir yerə yığılıb vaxt keçirirdik. Gəncəliləri belə yaddan çıxarmışdım, lakin sabahdan yenə də iki həftə bundan qabaqkı halıma düşəcəyəm, – dedi.
– Siz nə üçün əcnəbi təbəəsi olmayırsınız? – deyə miss Hanna heç gözlənilmədən Hacı xana ciddi bir müraciətdə bulundu.
– O bizə nə verə bilər?
– Madam ki, bir əcnəbi təbəəsi sizin haqqınıza təcavüz edir, madam ki, məhəlli hökumət də bunun qarşısını almaqda acizdir, siz də o zalım əcnəbi təbəəsinin qabağında başqa bir əcnəbi dövlətin himayəsini qoya bilməzmisiniz? Sizin icazəniz olursa, mən bir həftədən sonra sizi Amerika təbəəliyinə qəbul etdirər və əmlakınızın müdafiə vasitələrini hazırlaram.
Hacı xan:
– Xeyr, yaramaz, – dedi, – Amerika güclü və nüfuzlu dövlətdir. İran hökumətinə də xeyirxahdır, sizdən də çox razıyam, lakin bu dediklərinizə mənim vicdanım razı ola bilməz. Mən iranlıyam, vaxtilə bizim babamız bu məmləkətin başında durmuşdu, indi isə kimimiz var: ruslarla baş-başa vuran Ağa Məhəmməd Qacar yox, Abbas Mirzə yox, Qacar xanədanı indi bir qoca arvaddan da acizdir, xalq arasında hörməti yoxdur. Məmləkətin cilovu mollaların əlində, mollalar isə çar hökumətinin xidmətindədir. Belə bir zamanda əcnəbi təbəəsi olmaq namussuzluqdur. Torpaq yenə də kəndlilərindir. Hərgah əcnəbi təbəəsi onu soyursa, o da müvəqqəti işdir. Eybi yoxdur, qoy uşaqlar az xərcləsinlər.
Nə miss Hanna, nə də mən Hacı xana başqa bir cavab verə bilməzdik. Mən ancaq bunu deyə bildim:
– Əqidə hər şeyə hakimdir. Fikirlərinizin bir çox cəhətlərinə şərik də ola bilərəm. Doğrudur, torpaq hər kimin olursa-olsun, nəhayət, o kəndlinindir. Hərgah kəndli bu gün əzilməyə, istismara razı olur, sabah razı olmayacaqdır.
Hacı güldü:
– Bilirəm, nə demək istəyirsən, hələlik torpağı idarə edə biləcək kəndlilər İranda doğulmamışdır. Kəndlilər hər şeydən artıq dinçidir. Torpağı kəndliyə vermək mülkədarların işi deyil, kəndlinin öz işidir, onun özü haqqını istəməlidir. Bu məsələ hökumətin quruluşu ilə əlaqədardır. Hökumət quruluşu mədəni deyil, ibtidai quruluşdur. Bu quruluş ağasız rəiyyəti idarə etməkdən qorxur. Bəlkə də, acizdir. Buna görə də hökumət müxtəlif xasiyyətli və milyonlarca rəiyyəti tanımaqdansa, müəyyən bir miqdarda mülkədarı sevir, çünki bunlarla anlaşmaq daha asandır.
Mülkədar, hətta böyük mülkədar olan Hacı xanın hökumət quruluşu barəsindəki fikri qismən doğru idi. Lakin o, hökumətin mülkədarlar hökuməti olduğunu bir dürlü anlamırdı. O bilmirdi ki, İranda torpaq məsələsini həll etmək hazırkı hökumət quruluşu və hazırkı parlaman üsulunun həll edə biləcəyi məsələ deyildi. Torpağın kəndliyə verilməsi, hökumət quruluşunu, yəni mülkədar hakimiyyətinin kökündən dəyişməsini tələb edirdi.
Parlamanda oturan, hökumət kabinetini təşkil edən, hətta Təbrizdə bizimlə yan-yana əks-inqilabla mübarizə aparan bir çox rəhbərlər də torpaq məsələsini əsaslı surətdə həll edə bilməyəcəkdilər. Kəndli azadlığı, kəndli hakimiyyəti onları da qorxudurdu. Çünki, hər şeydən əvvəl, onlar da mülkədar idilər.
Hər halda, mən Hacı xanın söhbətlərindən belə bir qərar çıxara bildim: xan torpaqlarının rəiyyət əlinə keçməsindən razıdır, lakin bu razılıq onun sinfi mənafeyi ilə əlaqədar idi. Xan öz düşmənləri ilə mübarizədə acizdir, hökumət də onu müdafiə edə bilmirdi, bunun üçün də hələlik rəiyyətin tərəfində durmağa məcbur idi. Bunu xan özü açıq-açığına etiraf edirdi:
– İndi ki, torpaq öz həqiqi sahiblərinin əlindən çıxır, qoy yazıq rəiyyətin əlinə keçsin!
Şeylərimizi yığışdırdıqda Hacı xanın kiçik qızı İrandüxt gümüş bir qutu gətirdi və miss Hannaya verərək:
– Anam bu kiçik hədiyyəni qəbul etməyi və şeylərinizin arasına qoyub bizdən yadigar aparmanızı rica etdi, – dedi.
Miss Hanna üzümə baxaraq hədiyyəni aldı. Onun ehtiyatla hərəkət etdiyini görüb:
– Alınız, xanla tanış olan hər əziz qonaq ondan hədiyyə almalıdır, – dedim.
İrandüxt getdi, gümüş qutu açıldıqda amerikalı qızın Şərqdən mühüm bir yadigar apardığının şahidi oldum.
Qutudakı hədiyyə: iki parça firuzədən qayırılmış iynə qabı, qaşdaşlarla işlənmiş altın üskük, yenə də qiymətli daşlarla zinətlənmiş bir kirşan qabı, bir də fil sümüyündən düzəlmiş altun milçədən ibarət idi. Amerikalı qız bu qiymətli hədiyyədən göz götürə bilmirdi. O, qutudakı incə və nadir şeyləri bir-bir nəzərdən keçirirdi və:
– Aman Allah, mən yuxumu görürəm? Mən bunları röyamda da belə görsəydim, inanmazdım, – deyirdi.
Qız bu hədiyyənin bəxş etdiyi nəşə ilə xeyli xumarlandıqdan sonra mənə dönərək:
– Dünən gecə mənə balkonda dediyiniz sözlər yadınızdadırmı? – deyə soruşdu.
Mən onun nə dediyini bildiyim halda:
– Hansı sözlər? Yadımda deyildir, – dedim.
Qız yavaşca:
– «Sizin məramınız xaricində olaraq heç bir hərəkətdə bulunmayacağam», – deyərək şeyləri toplamağa məşğul oldu. Məndən gözlədiyi cavab təxirə düşdüyündən qalxıb dışarı çıxmaq istədi. Mən onun qabağını kəsib:
– Yadımdadır, əziz dostum, yadımdadır, – dedim, o, başını qaldırıb mənə baxdı, ağlamaq üzrə olan gözlərinin gülməyə başladığını gördüm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-haci-xan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İntibahnamələrin xalq tərəfindən nə cürə qarşılandığı hər kəsi maraqlandırırdı. Yoldaşlardan bir neçəsinin fikrincə, Səmədxanın bu qədər təzyiqini görən və çar kazaklarının ayağı altında əzilən xalq bir daha inqilab adını çəkən intibahnamələrin ətrafına dolanmaq istəməyəcəkdi.Biz bu fikrin nə qədər doğru olub-olmamasını yoxlamaq üçün şəhərə çıxdıq. İntibahnamələrin daşdan tikilmiş mağazalar ətrafında yapışdırıldığını bildiyimiz üçün yolumuzu o tərəflərdən saldıq.
Nizamüddövlə bağındaSəhər saat 11-də Hacı Səmədxanın faytonu qapımızda dayandı. Faytonla gələn Hacı Səmədxanın əmisi oğlu Mahmud xan, bir də onun silahlı nökəri idi.Mahmud xan içəri girməyə icazə istədi və Hacı Səmədxanın yazdığı məktubu verdi.
Şümşad xanımBir tərəfdən Mahmud xan Nina ətrafında hərlənir, sərdar Rəşid və İraida ilə əlaqəyə girir, o biri tərəfdən də Rəfizadə və Şümşad xanım amerikalı qızın ətrafında dolaşırdı.Nina məsələsi aydın idi: mən Mahmud xan ilə qarşı-qarşıya gəlmək məcburiyyətində idim. Bu barədə mən nə Səmədxanın, nə çar konsulunun mənə qarşı dostluq əlaqəsinə arxalana bilməzdim, çünki bunların hər ikisi üçün Mahmud xan məndən daha əhəmiyyətli və daha yüksək adam idi.
Mahmud xanMahmud xan gündüzlər sərdar Rəşid və İraida ilə Ninanı əldə etmək planlarını birlikdə müzakirə etməkdə, gecələr isə qaraçı məhləsindəki fahişəxanada oturub amerikalı qızın yolunu gözləməkdə idi.Mahmud xanın məni Təbrizdən rədd etmək planları və tamamilə də olmasa, mənim üçün qismən aydın idi. O mənim haqqımda nə konsula, nə də Hacı Səməd xana bir söz deyə bilməyəcəkdi, çünki onların heç birisi buna razılıq verməzdi. Onun yeganə çarəsi məni məhv etməkdi.
Стихи других поэтов
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.