Rəfizadə və Şümşad xanım
Страница 1 из 2
Hacı Səmədxanın evindən çıxıb Ninanın yanına gəldim. Bütün əhvalatı danışdım, təşəbbüsümü təqdir etdi.
Mən Təhminə xanımı göndərib axşam saat doqquzda Həsənağanın Tütünçüoğlunu da götürüb bizə gəlmələri sifarişini verdim.
Bir saat rahət olmaq istədim, lakin mümkün olmadı. Məcid çarpayının üzərinə atılıb yenə də tülkü ilə xoruzun nağılını başladı. Yata bilmədim. Təhminə xanımın qızları Töhfə və Sənubər xanımlar da gəldi. Nina, Mahru və İraidanın gələcəyini də xəbər verdi. Onun dediyinə görə, bu gün Mahrunu yasdan çıxarmaq və qara yas paltarını dəyişmək lazım gəlirmiş.
Durub çarpayının üzərində oturmuşdum. İndi Məcid nağıl deməyi buraxıb Səttar xan olmuşdu.
Səttar xanın ağ atını təmsil etmək üzrə bir qarğı ata minmişdi. Səngər evin ortasında qurulmuşdu. Balaca sandığın dalısında Qaradağ atlılarını əvəz edən oyuncaqlar bulunurdu. O, bir kərə qılıncını çəkərək səngərə hücum elədi və oyuncaqları darmadağın etdi.
Mən onu tutub qucağıma aldım. Saçlarını oxşamağa başladım və ona sual verdim:
– Sənin adın nədir?
– Səttar xan.
– Nəçisən?
– Məcayib
– Kimin oğlusan?
– Anamın!
– Anan kimdir?
– Anamdır!
– Adı nədir?
– Anam.
– Göstər görüm.
– Odur, bax, qab aparır. Hələ anamı tanımırsan?
Nina bizə tamaşa edirdi. O, qollarını Məcidə açdı. Məcid dərhal mənim qollarımın arasından çıxıb onun qucağına sıçradı. Nina onu öpərək:
– Bəlkə, sən də olmayaydın, bəs mən bu evdə kimlərlə əyləncəkdim? – dedi.
Ninanın bu sözü mənə də təsir etdi, hərgah Təhminə xanım gəlməsəydi, bu söz bizim Nina ilə başlayacağımız uzun bir söhbət üçün giriş olacaq idi.
Təhminə xanım gəlib, tapşırığımı Həsənağaya yetirdiyini söylədi. Mən də evdə iclas olacağını Ninaya xəbər verərək vidalaşdım.
Axşama o qədər qalmamışdı. Çoxları dükanlarını bağlayıb evinə gedirdi. Uzaqda yaşayan tacirlərin ağ uzunqulaqları, sürətlə sağa, sola, şimala və cənuba getməyə tələsirdi. Hələ vaxt var idi. Üzümü qırxdırmaq üçün Həsənxan dəlləyin dükanına girdim. Orada bir çox adam toplaşmışdı. Birisini döyürdülər, döyülən adamın söyüş və bəzən də yalvarış səsi gəlirdi.
– ... yedim. Atamla, anamla, cəddu əbimlə, lənət öz atama olsun, anama olsun, bəsdir, vurmayın. Çakəşlər. Əl çəkin məndən.
Səs lənətçi Məşədi Məhəmmədin səsinə bənzəyirdi. Onu döyənlər isə dəllək Həsənxan və onun şagirdləri idi.
Həsənxan onu hər dəfə təpik ilə vurduqda deyirdi:
– Köpəkoğlu, sən özünü elə yetirmisən ki, cənab Hacı Səmədxana da lənət oxuyursan?
Mən buna inanmadım. Bir mən yox, lənətçi Məşədi Məhəmmədin Hacı Səmədxana lənət oxumasına heç kəs inana bilməzdi.
Həsənxan bir təpik də vurub:
– Köpəkoğlu, sən bilmirsən ki, Hacı Səmədxan da üzünü qırxdırır? Sənin nə həddin var ki, üz qırxdırana lənət oxuyursan? – dedi.
Məsələ aydın oldu. Lənətçi Məşədi Məhəmməd hər gün Həsənxan dəlləkdən bir qran pul alardı. Bunun əvəzində o, dükanının qabağında durub üz qırxdıranlara lənət oxumamağı öhdəsinə götürmüşdü. Nəhayət, dəllək pul verməkdən yorulur, ona daha pul verməyəcəyini söyləyir. Lənətçi isə bunu görürkən, səhər tezdən dəlləyin dükanının qabağını kəsib üz qırxdıranlara lənət oxumaqla dükana heç bir kimsəni buraxmır, həftələrlə dükana müştəri gəlmir. Nəhayət, dəlləyin qardaşı Xasaxan Hacı Səmədxanın xüsusi bərbəri təyin olunduğu gün, Həsənxan cürətlənərək lənətçi Məşədi Məhəmmədən intiqam alır.
Lənətçini dəlləyin əlindən alıb buraxdılar. Zarıya-zarıya, xəstə kimi gedirdi, nəhayət, bir az uzaqlaşdıqdan sonra, yenə də adəti üzrə:
– Gözü ilə görənə lənət! – deyə gözdən qeyb oldu.
Müxtəlif hadisələrə meydan olan küçələrdən keçə-keçə evə gəldim. Qaranlıq düşmüşdü. Evdə çıraqlar təzə-təzə yandırılırdı. Ələkbər yoldaş masa başında oturub Culfaya məktub yazırdı. Hüseynəli əmi çubuğunu dəmir milçə ilə qurdalayıb kökləyirdi. Səriyyə xala çay hazırlayır, Məşədi Kazım ağa isə yenə də səhər oturduğu yerdə əyləşib mürgüləyirdi.
O, gözlərini açaraq məni gördü, ayağa qalxmaq istədikdə əlimlə çiynindən basaraq qoymadım.
O, altdan yuxarı başını qaldırıb üzümə baxdı və minnətdarlıqla gözlərimə baxmaqdan çəkinərək dedi:
– Məni əfv edin! Mən səhər sizin övqatınızı təlx etdim. Bütün var-dövlətim məşrutə yolunda qurban olsun. Ancaq sizin başınızdan bir tük əskik olmasın. Qoy anbarları da götürüb getsinlər, amma sizin səhər çay içməmiş getdiyiniz mənim qəlbimə toxundu. Siz məni fikirli görəndə başqa şey düşünməyin, doğrusu hərdənbir uşaqlar yadıma düşür. Onun üçün darıxıram.
Mən yenə də səhərki kimi əlimi onun çiyninə qoydum.
– Necə ki, demişəm, yenə də deyirəm, – dedim, – məşrutədən hər kəs zərər görürsə-görsün, sən mənfəət görəcəksən.
Məşədi Kazım ağa bu sözdən sonra nə edəcəyimi çox səbirsizliklə gözləyirdi. O tamam bir diqqət kəsilmişdi. Ağzımdan çıxacaq sözün intizarını çəkir, bütün hərəkətlərimə göz qoyurdu. Mən əlimi qoltuq cibimə uzatdıqda diksindi. Fərmanı çıxarıb ona verdim:
– Al, – dedim, – get bunu darğabaşıya ver, Hacı Səmədxanın fərmanıdır. Bununla darğabaşı möhrünü qırıb anbarlarını və hücrəni özünə tapşırsın.
O, ilk əvvəl gözlərinə və qulaqlarına inanmırdı. Sonra birdən Hacı Səmədxanın möhrünü görüncə yerindən sıçradı, qapıya atılıb gözdən qeyb oldu.
Saat doqquz idi. Tütünçüoğlu ilə Həsənağa gəldi. Məşədi Kazım ağa da anbarların möhrünü açdırıb sevinə-sevinə qayıtmışdı. Hələ iclası başlamamışdıq. Rusca bir məktub yazıb Məşədi Kazım ağaya verdim:
– Sabah konsulxanaya gedərsən, – dedim, – bu məktubu konsula verərsən.
– Bu nə məktubdur?
– Burada sizi konsula tərifləmişəm.
– Nə üçün?
– Sizə pul qazandırmaq üçün!
– Haradan?
Bunu xəbər alarkən onun gözləri maraqdan iri-iri açılmışdı.
– Siz gedərsiniz konsulun yanına, – dedim, – hazırda rus ordusunun təchizat işlərində bir çox tacirlər çalışır; bütün təchizat sənin vasitənlə düzələcəkdir. İşləri öz istədiyin adama tapşıracaqsan.
– Doğrudanmı?
– Doğrudan!
– İndi getsəm olmazmı? Bəlkə də, səhərə kimi bir başqası gedib bu işə burnunu soxdu?!
– Otur! Tələsmək lazım deyil. Heç kəsə verilməz. Sən oradan yenə də milyonlar qazanacaqsan.
İclası başlamaq istərkən, miss Hannanın məktubunu gətirdilər. Məktub çox qısa yazılmışdı.
«Əbülhəsənbəy! Xüsusi işimdən ötrü səni təcili surətdə görmək istəyirəm.
Sizi sevən Hanna».
Mən də cavabı qısaca yazdım.
«Əziz dostum Hanna! Gecə saat 11-in yarısında... Əbülhəsən...»
İclas şəhərə intibahnamə buraxılması məsələsini müzakirə etməli idi.
Əvvəlcə Hacı Səmədxanın çar konsulu əlində alət olduğunu ifşa etmək, sonra da Səmədxanın Mirzə Rza pişnamaza beş top ağ göndərib Məhəmmədəli şahın İrana qayıtması üçün imza toplamaq istədiyini əhaliyə bildirmək lazım idi.
Birinci növbədə Mirzə Rzaya təhdid məktubu yazıldı.
«Cənab Mirzə Rza!
Bu xəbərdarlıq məktubudur. Siz elə düşünməyin ki, məşrutənin çırağı tamamilə sönmüşdür. İranın azadlığı uğrunda çarpışanlar sizdən baş verən hər bir xəyanəti görür. Vaxtında hər kəs öz əməlinin cavabını verəcəkdir. Siz çar konsulu və onun aləti kəsilən Hacı Şücaüddövlənin tərğibi ilə Məhəmmədəli şahı İrana gətirmək üçün Təbriz xalqından imza yığmaq istəyirsiniz.
Sizi xəbərdar edirik. Sizə göndərilən beş top ağ sizin və sizin kimilərin kəfəni olacaqdır.
Sizə Təbrizdən çıxmaq üçün bir gün vaxt veririk. İkinci gün sizi amansız bir ölüm cəzası gözləyir.
İran inqilab komitəsi».
Məktub poçta vasitəsilə göndəriləcək idi. Sonra da özüm düzəldib yazdığım intibahnaməni iclasdakılara oxudum. Hamı intibahnaməni təqdir etdi. Vərəqləri yaymaq isə Tütünçüoğluna və Həsənağaya tapşırıldı. Bu yoldaşlar xalça fabrikası işçiləri ilə görüşüb onları təşkil etmək işini də öhdələrinə götürdülər.
Miss Hanna balkonda durub məni gözləyirdi. Mən bir az gecikmişdim. İçəri girdikdə, yemək otağında təntənəli şam süfrəsi açıldığını gördüm. Miss Hanna süfrəni göstərərək:
– Burada səni görmədiyin bir çox adamla tanış edəcəyəm! – dedi.
– Kimlər ilə?
– Amerika konsulxanası işçilərindən Rəfizadə, arvadı Şümşad xanımla və bacıları ilə.
Çay otağına keçdik. Qadınlar orada yoxdu, orada ancaq ortayaşlı bir iranlı gördüm.
Miss Hanna məni tərifləyərək ona təqdim etdi:
– Haqqında sizə danışdığım və bütün varlığımla səmimiyyət bəslədiyim Əbülhəsənbəydir.
Sonra Rəfizadəni təqdim edərək:
– Amerika konsulxanası mütərcimlərindən Rəfizadə cənablarıdır! – söylədi.
Miss Hanna bizi orada buraxıb özünün əlbisə otağına keçdi. Mən oturub Rəfizadəni ayağından başına qədər gözdən keçirir, onun geyimi ilə çox maraqlanırdım.
Onun boğazına taxdığı ağ sümük yaxalıq həddindən artıq uca idi, yaxalıq qulaqlarının yarısına qədər qalxmışdı. Çox uzun olduğuna baxmayaraq, çənəsi yenə də yarısına qədər yaxalığının içərisinə girmişdi. Yaxalığın üstündən bağladığı qara atlas qalstuk bütün döşünü örtəcək qədər enli idi. Qara sürtuğunun yaxalığını təzəcə dəyişmişdi. Çünki sürtuğun bozarmış mahudu ilə şəvə kimi parlayan atlaz yaxalıq bir-birinə uymurdu. Heç şübhə yoxdu ki, bığlarına da həna yaxmışdı. Lampanın işığı onun üzünə düşərkən bığlarının tükləri xoruz qanadı kimi parlayırdı. Onun simasındakı daimi təbəssümlərin də süni və yersiz olduğu aydındı. Ortalıqda təbəssümə səbəb olacaq heç bir şey olmadığı halda belə, onun dişləri ağarırdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-refizade-ve-sumsad-xanim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı!Təri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı!
ŞiələrYetişib mahi-əzası şiənin,Təzələndi yenə yası şiənin.
Mö’minlərəQibləgahım, dinpənahım, bəxtəvər mö’minlərə,Hərzə, hədyan söylərəm hər ləhzə xor mö’minlərə.
XanbacıXanbacı, bu kişilər bizdə həya qoymadılar,Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar.
Стихи других поэтов
Yazı bu yerlərin ayrı büsatdı,Ağbaba elinin yörəsi gözəl.
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
Rəqib töhməti etdi məni cüda, ey dustRəqib töhməti etdi məni cüda, ey dust!Bu zülmü gördü rəva, görməsin səfa, ey dust!
BaxtımNə müddətdir bu qəflətdən,Oyanmırsan, qara baxtım.