Hacı Səməd xana verilən saat
Страница 1 из 2
Məşrutəyə açıqdan-açığa tərəfdar olan tacirlərin mallarını, konsulxana tərəfindən düzəldilmiş komissiya müsadirə edib qurtarmışdı. Yeni vali Təbrizə girəndən sonra əski zamanda olduğu kimi özü üçün gəlir mənbəyi axtarmağa çalışırdı. Nəhayət, Hacı Səmədxan da çar konsulunun getdiyi yolu təqib etməyə başladı və Təbrizdə yüzlərcə tacirin hücrəsini və anbarını möhürlətdi. Hacı Səmədxan bu barədə çar konsulundan icazə almışdı. Konsul çar təbəələri və çar himayəsində olan tacirlərə toxunmamaq şərtilə buna icazə vermişdi.
Yüzə qədər hücrə və anbara möhür vurulmuşdu. Hacı Səmədxanın əmisi oğlu Mahmud xan da Hacı Səmədxanın verdiyi siyahı xaricində olaraq öz kefinə görə istədiyi anbarları möhürləyirdi. Mən bu günə qədər Məşədi Kazım ağanın hücrəsinin və anbarının möhürləndiyini eşitməmişdim.
Bu gün tezdən şəhərə çıxmışdım. Adətim üzrə şəhəri dolaşaraq səhər çayı üçün qayıtdığım zaman, Məşədi Kazım ağanı evdə gördüm. Mən indiyə qədər Məşədi Kazım ağanı bu qədər kədərli, bu qədər də qəmgin görməmişdim. Göz qapaqları bir-birindən güclə aralanırdı. Kirpikləri bir-birinə qarışıb, bütün vücudu ölüşgəmiş və əndamı quru alma kimi büzüşmüşdü, sanki həyat ona bir kərə «məndən ümidini kəs!» söyləmişdi. O, ətrafına baxmırdı; gözünü bir nöqtəyə, oturduğu xalçanın nəqşinə zilləmişdi.
Onun sabiq nökəri Hüseynəli əmi ayaq üstündə, bir heykəl kimi quruyub durmuş, əlindəki dəmir milçə ilə çubuğun başını qurdalayır və boğazını arıtlayırdı.
Səriyyə xala evin bucağına qısılıb tez-tez kirpik çalır və ağzındakı saqqızını yavaş-yavaş çeynəyirdi. Otaqda onun dodaqlarının marçıltısından başqa bir səs yoxdu.
Məşədi Kazım ağa məni görən kimi ayağa qalxaraq könülsüzlüklə salam verdi, yenə də xəstə adamlar kimi yerinə çökərək əvvəlki vəziyyətini aldı. Ələkbər yoldaş da yataq otağından çıxaraq çay salonuna keçdi. Məşədi Kazım ağa yenə də qalxıb salam verdi, sonra da əllərini dizlərinə qoyub sarban tərəfindən xıxlanmış dəvə kimi dizləri üstündə yerə çökdü.
Mən ona belə bir sual verdim:
– Təzə nə xəbər vardır?
– Allaha şükür, hər şey təzədir.
– Orası doğrudur. Bizə nisbət bir təzəlik vardırmı?
– Olar da, olmaz da, bə nə olar?
– Mən bunu anlamadım. Bir az açıq danışsaydınız yaxşı olardı.
– Hacı Səmədxanın zülmü həddindən aşmışdır.
Mən dərhal ona böyük bir zərər dəydiyini dərk etdim. Onun: «olar da, olmaz da, bə nə olar?» kimi müəmmadan ibarət olan cümləsinə qarşı mən də o şəkildə bir cavab verdim:
– Hacı Səmədxanın zülmü başdan aşar da, aşmaz da, bə nə olar?
O bu sözümdən sonra güclə göz qapaqlarını qaldırıb gözlərimin içinə baxdı və dedi:
– Mən bunu heç də anlamadım.
– İndi ki, anlamadınız sözünüzü açıq deyin görüm nə olmuşdur.
– Hacı Səmədxanın əmrinə görə inqilaba hüsni-rəğbət göstərən bütün tacirlərin, hətta mənim də anbarımı və hücrəmi möhürləmişlər, məni də onlara qoşub evimi yıxmışlar.
– Siz Hacı Səmədxanın yanında demək üçün əzbər etdiyiniz sözləri mənim yanımda deməməlisiniz. Necə yəni «məni də onlara qarışdırıblar», əcəba, siz məşrutə tərəfdarı deyildinizmi? Siz məşrutəyə kömək vermədinizmi?
O, yenə də müəmmalı və anlaşılmaz sözlər danışmağa başladı. Sanki mən Hacı Səmədxanam, o da mənim qarşımda durub danışır və inqilabçı olduğunu gizlətməyə çalışır.
O mənim: «Siz məşrutəyə kömək vermirdinizmi?» – sualıma cavab olaraq:
– Verirdik də, vermirdik də, bə neynirdik? – deyə cavab verdi.
O bu sözləri deyərkən, mən təəccübə dalmışdım. O isə kömək istəyən gözlərini mənə açıb durmuşdu. Mən sükut içində evi dolaşdıqda onun gözləri də məni izləməkdə idi. Bir qədərdən sonra ona müraciətlə dedim:
– Demək ki, belə?..
– Əlbəttə ki, belə, mallarımı daşıyıb aparacaqlar.
Gözünü məndən çevirərək yenə xalçanın naxışına dirədi, sakit oldu, öz sükutu ilə də sanki mənə bu sözləri demək istəyirdi: «Məşrutə mənim evimi yıxdı, olmazın zərərlərini çəkəcəyəm».
Lakin o indiki halda məşrutədən əvvəd az sərmayəli bir tacir olduğunu və məşrutənin ona milyonlar qazandırdığını, mənim səbəbimə ingilis bankında milyon para yatırdığını, İranın müxtəlif şəhərlərində mülk aldığını heç də yadına salmaq istəmirdi. Biz ona verdiyimiz mənfəətin beş faizini belə inqilab mənfəətinə verməmişdi.
Mən Səttar xan vaxtında düşündüklərimi yenə də xatırladım və Məşədi Kazım kimi tacirlərin gec-tez inqilabçıları düşmən qarşısında buraxıb çəkiləcəklərini bir daha qəlbimdə təkrar etdim. Artıq düşünməyə lüzum yox idi, irəli gəlib əlimi onun çiyninə qoydum:
– Düşünməyə lüzum yoxdur, – dedim, – siz məşrutədən bir şahı da zərər çəkməyəcəksiniz. Siz bu dağılmış, tar-mar edilmiş, beş-altı nəfərlə gizlin iş üsuluna keçmiş Təbriz inqilabından yenə də milyonlarca mənfəətlər götürəcəksiniz. Bu barədə əmin ola bilərsiniz.
Ələkbər yoldaşın haldan çıxmağa başladığını hiss etdiyimdən artıq söz danışmaq istəmədim.
Əlbisəmi dəyişmək üçün içəri otağa keçdim, var-yoxum olan ağacdan hörülmüş çamadanımı açdım, oradan incə almazlara süslənmiş bir cib saatını götürüb çıxdım. Bu saatı mənə Ələkbər yoldaş hədiyyə vermişdi. Evdən çıxıb getmək istədikdə:
– Yoldaş Ələkbər, siz çayınızı içiniz, – dedim, – mən mühüm bir işdən ötrü getməliyəm.
Birbaş möhür qazanların yanına gəldim. Saatın üzərində bu cümləni yazdırdım:
«Bərayi yadigari – Əmirnoyan cənab Hacı Şücaüddövlə Səmədxan».
Faytona əyləşərək Hacı Səmədxanla görüşmək üçün Nizamüddövlə bağına gəldim. Qapıda bir qiyamət idi. Əlində Hacı Səmədxana veriləsi kağız olmayan bircə özümü gördüm. Burada bütün ictimai təbəqələrin nümayəndələri ilə bərabər malları alınan, anbar və hücrələrinə möhür vurulan tacirlər də bulunurdu.
Bunlardan başqa, xəfiyyələr, casuslar, ehsan istəyənlər, mədhiyyə yazan şairlər, yeni qəsidəsini oxumaq istəyən dərvişlər, küçə oxuyanlarından kor əsgər kimilər, korlar, şillər, dilənçilər, vəzifə almaq üçün rüşvət gətirənlər də durub gözləyirdi.
Faytona yol açdılar, qapıçıya yanaşdım.
– Həzrət Əşrəfə, Əbülhəsənbəyin hüzura müşərrəf olmaq istədiyini ərz ediniz, – dedikdə, o icazə almaq üçün getdi. Mən də qapıda durub ətrafdan eşidilən danışıqları dinləyirdim.
– İnsan buna təəccüb edirdi. Səttar xan vaxtında bizə istibdadçı deyib dağıdırdılar. Hacı Səmədxan vaxtında adımızı inqilabçı deyib anbarlarımı möhürləyirlər. Siz Allah, bir baxın görün Allah bu zülmü götürəcəkdirmi?
– Bəs mənim işimə nə deyəsən? Yeznəmiz rus himayəsində, tövləmizdə də qoşun atları bağlanıbdır.
– Mənim işim lap gülməlidir. Məhəmmədəli şahın və cənab konsulun tərəfdarı olan «İslamiyyə» mənim mülkümdə oturmamışdımı? Bəs belə olanda mənim anbarıma nə üçün möhür vurulsun?
– Hacı Şücaüddövlənin bundan xəbəri yoxdur, mənim qızım Nəcarovun qardaşı nəvəsinin arvadıdır. Nəcarov da ki, imperator himayəsindədir. Bu dəxi vəsiqəsinin surəti!
– Bəs buna nə deyirsən? Hacı Mirzəağa kimdir! Qardaşım qızı ona siqə deyilmi?
İnqilab vaxtında Səttar xanın qapısında durub pul istəyən kor Şəfi, indi də Nizamüddövlə bağı ətrafına köçmüşdü. «Ay mənə yüz altun para verən, Allah sənin malını müstəbidlərə qismət eləməsin» deyən bu adam, indi də:
– Ey mənə yüz altun para verən, Allah sənin pulunu mücahidə, əks-inqilabçılara, bənnəyə, at dəllalına, bağbana, yol kəsənə, qan tökənə qismət eləməsin! – deyə qışqırırdı.
Dərvişlərin qəsidəsi də məzmununu dəyişmişdi. Buradakıların nə sözündə, nə də simasında inqilabın kiçik bir təsirinin izi belə sezilmirdi.
Şairlərdən birisi də Hacı Səmdxana yeni yazdığı şeirini yanındakılara ucadan oxuyurdu. Lakin dinləyən yox idi: çünki hər kəsin özünə görə bir dərdi var idi.
Mənim bağa daxil olmağıma icazə verildi. Bağa daxil oldum. Bu gün şiddətli küləklər başlamışdı. Bağdakı ağacların çılpaq budaqları biri digərini döyür, bəzən budaqların dallarında donub qalmış buzlu qar parçaları qopub xiyabanlara tökülməkdə idi. Külək bağdakı ağaclardan qalxan zəif qanadlı quşları da özləri istəmədiyi tərəflərə qovub aparırdı. Müqəddəratını küləklərə tapşıran sərçələr payız xəzəli kimi havada oynaşır və bir-birinə toxunurdu.
Mən Hacı Səmədxanı həyətdəki hovuzun başında gördüm. O mənimlə görüşmək üçün oturduğu kürsünün üstündən qalxdı və məni çox mülayimətlə qarşıladı.
Onun halında nə isə bir başqalıq vardı.
O, qolumdan tutdu. Onunla balkona tərəf yönəldikdə mən hovuzdan çılpaq bir adamın çıxarıldığını gördüm. O, bir gənc idi, bütün vücudundan qan axırdı. Səmədxan onu buzlu suyun içinə salıb çubuq ilə döydürmüşdü.
Gənci ayağından tutub sürüyə-sürüyə aparırdılar. O inləyirdi. Hacı Səmədxan işgəncəsinin bu şəkli məni tamamilə sarsıtdı və bağda Hacı Səmədxanın, yaxud başqalarının olduğunu belə unutmuş kimi oldum.
Səmədxan mənim vəziyyətimi çox tez anlamış olmalı ki, bu işgəncənin səbəbini izah etdi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-haci-semed-xana-verilen-saat
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səhər erkən qalxmışdım. Hüseynəli əmi bizdən də tez yuxudan durub həyəti sulamaqda idi. Mən ona bir məktub verərək Mirzə Əhməd Süheylinin evinə gördərdim. Məktubda evdə oturub məni gözləməsini yazmışdım. Çünki başqa yerdə iclas etmək mümkün deyildi. Hacı Əli, Abasəli qəndfüruş və başqa inqilab rəhbərlərinin qapısında xəfiyyələr dolaşdığından o tərəflərə dolanmaq mümkün deyildi.Səhər çayını Mirzə Əhmədin evində içməli idik. Hüseynəli əminin samovarı hazırlamasına baxmayaraq, biz Əlekbər yoldaşla birlikdə Mirzə Əhmədin evinə getdik.
Nina ilə ikinci görüşNina məni bir saatdan bəri gözləyirmiş, mən içəri girdikdə o, gözlərinə inanmayan bir adam kimi üzümə baxdı və əllərini üzünə tutdu. Nina daima ağlamaq istədikdə əllərini üzünə tutardı, bunu Təhminə xanımın qızları da bilirdi, bunun üçün də Nina əllərini üzünə tutarkən Təhminə xanımın qızları dışarı çıxdı.Nina ağlayırdı, mən onun əllərini üzündən çəkdim, saçlarını oxşamağa başladım. Bu oxşamadan aldığım səmimi hislər vücudumun hər yerinə yayıldı.
İraidaBu gün iş günü olmadığından Nina ev işləri ilə məşğul olaraq, heç bir yerə getməmişdi. Nina mənə İraidanın haqqındakı fikrini tamamilə söylədi. Bu gün yenə də İraida Ninanın görüşünə gəldikdə o, Məcidi vannaya salıb çimdirir və onunla əylənirdi. İraida başını tərpədib, istehzalı bir nəzərlə Ninaya baxdı və masanın üzərindəki albomu götürüb vərəqləməyə başladı.Məcid çimdirilib qətfəyə büründü. Təhminə xanım onu geyindirmək üçün otağa apardı.
Səttar xana məktubSəttar xanın evi çar casusları tərəfindən ciddi nəzarət altına alınmış olduğundan onunla tez-tez görüşmək olduqca qorxulu idi. Hətta Səttar xanın evinə şey aparan hamballar da istintaq altına alınırdı.Bala Tağının evində toplaşan iclas Səttar xana bir məktub göndərmək və məktub vasitəsilə bəzi məsələləri həll etməyi qərara almışdı.
Стихи других поэтов
Aradım, tapmadım qapusinSaray səndən yol istərəm
Böhtan yazılıbdırBu söz, a Baba, bizlərə çoxdan yazılıbdır,Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.
Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasındaHəbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
Ver xəbər (Qaranı)Qul Qaranı:*Bizi yoxdan var eyləyən ol sübhandan ver xəbər,