Страница 2 из 2 · 50%

– Bir həftədən bəridir ki, bu ədəbsizi tutmaq olmurdu. Mən bunları tərbiyə etməyi bacarmıram, bunlar külliyyətcə ədəbsizdirlər. Bu nadürüst hər gecə bağın yanından keçəndə oxuyurdu, oxuduğu sözləri nədir? Səttarın vaxtında deyilən hərzə və hədyanlar.

Birlikdə balkona çıxdıq. Xan narahat kimi idi. Özü də dönüb tez-tez hovuza sarı baxırdı. Mən bilirdim ki, bu narahatlıq gəncə verilən cəzanın yarımçıq qaldığına görə idi. Aşkardı ki, mənim gəlişim işgəncəni yarımçıq qoymuşdu. Görünür Hacı Səmədxanın xəyalı gənci ölüncəyə qədər suda döydürmək imiş.

Qəbul salonuna daxil olduq. Xüsusi icazə ilə görüşə gələnlər, çörələmə salınan döşəkçələrin üstündə sıra ilə oturmuşdular. Onlar hamısı biz içəri girincə qəlyanlarının qəmişini ağzından çıxarıb ayağa qalxdı.

Səmədxan məni orada oturanlara təqdim edərək dedi:

– Cənab Əbülhəsənbəydir. Cənab general konsulun və bizim səmimi dostumuzdur. Cənab generalın sağ əlidir, özləri də generalın ailəsinə mənsubdurlar.

Bu söz Hacı Səmədxanın ağzından çıxarkən burada olan əlliyə qədər adamdan hər birinin çöhrəsindəki ifadənin ani olaraq necə dəyişdiyi məndən gizlin qalmadı. Bu çöhrələrdə yaltaqlıq, riya, təməllüq və alçaqlığın hər cür şəklini görmək mümkün idi.

Başlar əyilir, dişlər ağarır, yalançı təbəssümlər və saxta sözlər işə düşürdü:

– Bəndəçiliyimiz var!

– Mərhəmətiniz artıq!

– Şərəfyab olduq!

– Sərafraz olduq!

– Nökərçiliyimiz vardır və i.

Təbriz zadəganı, Təbriz ziyalısı, Təbriz əsilzadə və tacirinə məxsus bütün ikiüzlülük meydana qoyulduğu zaman, mən də Hacı Səmədxanın sağında salınmış döşəyin üstündə diz çökük oturmuşdum.

Bir ara qəlyanların xorultusu və çay qaşıqlarının səsi yüksəldi. Öskürmələr, asqırmalar, boğaz arıtmalar bir-birinə qarışdı. Mənə də papiros gətirdilər.

Danışan yox idi, mən də oturub Hacı Səmədxana gətirdiyim qiymətli saatı nə cür təqdim edəcəyimi düşünürdüm. Məşədi Kazım ağanın əmlakına vurulan möhür bu gün götürülməyəcək olursa, sabah malları daşınıb aparılacaq idi.

Bir saatdan artıq müxtəlif sahələrdə danışdıq. Sərdar Rəşid də hüzura gəldi. Hacı Səmədxan onu görən kimi:

– Cənab Əbülhəsənbəyin qohumları və tanışları üçün vədə verdiyimiz əmniyyət vəsiqələri hazırdırmı? – deyə soruşdu.

Sərdar Rəşid:

– Bəli, hazırdır, bu saat ağanın hüzuruna təqdim ediləcəkdir, – dedikdə,ələ fürsət keçdiyini hiss etdim və sözə başladım.

– Bəndə yaşadığım evin sahibi Məşədi Kazım, doğrudan da, həzrət Əşrəfin həqiqi xeyirxahlarındandır. Hətta həzrət Əşrəf şəhərə təşrif buyurduqları gün, evində yüz nəfərlik bir ziyafət də düzəltmişdi. Bəndə özüm də o ziyafətdə iştirak etdim, eşitdiyimə görə onun əmlakı da möhürlənmişdir.

Hacı Səmədxan təəccüblü bir surətdə sərdar Rəşidə müraciətlə:

– Bu səhvi düzəltmək lazımdır. Biz öz dostlarımızı tanımalıyıq, – dedi və sərdar Rəşid də cavabında ərz etdi:

– Bəndənin bu işdən xəbəri yoxdur. Mahmud xan əlində möhrü tutub şəhəri dolanır və kefi istədiyi qapını möhürləyir. Mən də bu barədə həzrət Əşrəfə ərz edəcəkdim.

– Cənabın anbarından tezliklə möhrü götürüb özünə tapşırasınız və mənim dilimdən də ondan üzr istəyəsiniz.

Bu sözdən sonra Səmədxan möhrünü ağ kağıza basıb sərdar Rəşidə verdi. Yarım saat sonra sərdar Rəşidin əmri ilə katib yüz əmniyyət vərəqəsi və anbarlardan möhrü götürmək üçün də bir əmrnamə gətirdi. Hər şeydən əmin oldum, indisə durub getməyə tələsirdim. Hacı Səmədxan mənə müraciət edərək:

– Tələsməyə lüzum yoxdur, – dedi, – naharı birlikdə yeməliyik.

Bu sözdən sonra Hacı Səmədxan jiletinin cibindən qapaqlı və qara emaldan qayrılmış bir saat çıxarıb baxdı və onun tarixindən bəhs edərək dedi:

– Bu saat bəndə üçün çox qiymətlidir. Bunu Müzəffərəddinşah mərhum Frəngistanda mənim üçün almışdı, böyük yadigardır. Amma yaxşı işləmir, usta əlinə verməyə heyifim gəlir.

Mən:

– Yaxşı olardı ki, həzrət Əşrəf mərhum şahın hədiyyəsini öz əntiqəxanasına qoyub özü də başqa bir saat saxlayaydı, – dedim, – hazırda «Mauzer» firmasının çox nəfis saatları vardır. Bəndə çox arzu edərdim ki, həzrət Əşrəf onlardan birisini nümunə üçün yanında saxlasın. Hərgah həzrət Əşrəf bəndələrdən bir dostluq yadigarı qəbul etmək tənəzzülündə bulunsaydı, mən öz yanımda olan çox nəfis bir saatı ona təqdim edərdim.

Saatı çıxardım, cəlladın gözü saatın üzərindəki qiymətli daşları görünçə daha da qızardı. O saata çox həris nəzərlərlə baxır və çevirib arxasındakı yazını diqqətlə oxuyurdu:

«Bərayi yadigari-Əmirnoyan cənab Hacı Şücaüddövlə Səmədxan».

Səmədxan bunu oxuduqdan sonra:

– Hərgah cənab ağa bizə bu ləqəbi əta buyurursa, biz kəmali məmnuniyyətlə qəbul edərik! – dedi və bu cümləni salonda oturanlara oxudu.

Salondakılar bu ləqəbi, təbrik etdi. Yaltaqlıq və riyakarlıq səhnəsi bir daha təzələndi, saat əldən-ələ gəzirdi. Oturanlar onu bir-birən verdikdən sonra, nəhayət, saat bu biri tərəfdən gəlib Səmədxanın əlinə yetişdi. Xan yenə də o tərəf-bu tərəfinə baxıb, saatı qoynuna soxdu.

Etimadüddövlə mənə belə bir sual verdi:

– Cənab Əbülhəsənbəy, bu saatlardan xərid etmək mümkündür, ya yox?

Mən:

– Xeyr! – dedim, – bu saatı mən ay yarım bundan əvvəl ancaq həzrət Əşrəf üçün Berlinə sifariş vermişdim.

Hacı Səmədxan bu sözdən olduqca razı qaldı və:

– Biz də bunun müqabilində cənab Əbülhəsənbəyə Əbülhəsənxan deməliyik, – dedi və bu barədə fərman yazılmasına əmr verdi.

Biz birlikdə qalxıb nahar otağına keçmək istərkən, Mahmud xan içəri girdi.

– Hacı Mirməhəmməd ağa geçpez gəlib, sizi ziyarət etmək istəyir, – dedikdə Hacı Səmədxan narazı bir ahənglə cavab verdi:

– Buyursun görək!

Hacı Mirməhəmməd daxil oldu. Hacı Səmədxanın icazəsilə əyləşdi. Oturanlarla boylanıb salamlaşdı, bir neçə kərə qalxıb oturdu, başını sağ-sola, yuxarı və aşağı əydi, sonra da qarşısına qoyulan çay və qəlyanla məşğul oldu.

Onun qoynundan bir kağız çıxarıb Hacı Səmədxana təqdim etdiyini gördüm. Hacı Səmədxan, məncə, hələ kağızı axıra qədər oxumamışdı ki, birdən sanki barıt anbarına od düşdü. O həddindən artıq acıqlandı, qan piyaləsinə bənzəyən gözləri daşmağa başladı. Mirməhəmmədə qəzəbli bir nəzər ataraq:

– Cəddin sənə qənim olsun! – dedi. – Xiyalın bütün Təbriz camaatını dara çəkdirməkdirmi? Axır bəsdir. And olsun başıma, evladi-peyğəmbər olduğuna baxmayaraq, bu saat səni asdıraram! Dur gözümdən rədd ol! Bir də bu bağın qapısından daxil olma! Həyasızın birisi, deyəsən, bizim Təbrizdə adam boğdurmaqdan başqa bir işimiz yox imiş.

Məclisdə oturanların heç biri Hacı Mirməhəmmədin nə vaxt çıxıb qaçdığını bilməmişdi.

Nahar otağı kiçik bir salondan ibarət idi. Yemək xonçaları aralığa gəlmədən əl suyu verdilər. Əl suyunu üç nəfər gətirmişdi. Onlardan birisi Hacı Səmədxanın əlinə su tökdü, ikinci mənim, üçüncü isə Səmədxanın sol tərəfində oturan sərdar Rəşidin əlini yudu. Hacı Səmədxanın əlinə su tökən başqasının əlinə su tökmədən salonu buraxıb getdi. İki qəfər isə sırada oturanların əllərinə bir-iki damcı su tökərək salondan çıxdılar. Əllərini silən yox idi. Hər kəs əlini şiş kimi qarşısına uzatmışdı. Su damcıları xalçanın üzərinə salınmış «ruyi-fərş»in üzərinə tökülürdü.

Xonçalar ortalığa gəldi. Süfrədə birinci yeri tutan plov idi. Təbrizdə hökm sürən aclığa baxmayaraq, valinin süfrəsində əlli cürə xörək saydım. Tatlılar, mürəbbə isə bura daxil deyildi. Süfrə başında oturanların bir gözü Hacı Səmədxanın ağzında, digər gözü isə qarşısında qoyulan ləzzətli yeməklərdə idi.

Yemək icazəsi verilmədən heç kəsin xonçalara əl uzatmağa cürəti yox idi. Hələlik Hacı Səmədxan da mənim ilə başladığı söhbətini bitirməmişdi. Söhbətlər Hacı Səmədxan ilə çar konsulu arasında olan səmimi dostluq əlaqəsi ətrafında gedirdi. O, İranın səadətini çar himayəsində görür və bunu da iranlılara tövsiyə edirdi.

Süfrə başında oturanların səbri tükənmişdi. Onlar Səmədxana baxmaqla bərabər başqa xonçalarda qoyulan yeməkləri də müqayisəyə başlamışdı. Cücələrin köklüyünü, yağlı, yağsız olduğunu, mürəbbələrin əqsamını və sairləri gözdən keçirən çox idi. Uzun bir intizardan sonra Hacı Səmədxan bir kərə:

– Ağayan, bismillah! – dedi.

Süfrə başında oturanlar dərhal qarğa-quzğun kimi qanadlarını plov nimçələrinin üzərinə gərdi: barmaqlar nimçələrin böyrünü didməyə və ətləri çıxarmağa, cücələri cırmağa, plov nimçəsinə şapalaq vurmağa başladı.

Hacı Səmədxan düyüdən bir loğma yeyərək durmuşdu, onun nimçəyə dirənən gözü yol çəkirdi. Nəhayət, aşpazı səslədi.

Aşpaz içəri girib təzim etdi.

Səmədxan qayət acıqlı bir surətdə ona müraciət edərək:

– Düyünü nə üçün əzibsən? – soruşduqda, aşpaz qorxusundan cavabı təxirə saldı. Buna görə də Səmədxan adamlarına müraciətlə:

– İndi ki, cavab vermir, aparıb ağzını tikin, – dedi.

Aşpazı apardılar. Mənim tüklərim biz-biz durdu. Lakin etiraz etmək imkanı yox idi. Başqaları da etiraz etməyərək plov yeməkdə davam edirdi. Ağzını cücə əti ilə doldurub burnundan nəfəs alanların fısıltısı içəridə ağzı çuvalduz qıyıq ilə tikilən aşpazın iniltisini eşitməyə mane olurdu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci iclas

Səhər erkən qalxmışdım. Hüseynəli əmi bizdən də tez yuxudan durub həyəti sulamaqda idi. Mən ona bir məktub verərək Mirzə Əhməd Süheylinin evinə gördərdim. Məktubda evdə oturub məni gözləməsini yazmışdım. Çünki başqa yerdə iclas etmək mümkün deyildi. Hacı Əli, Abasəli qəndfüruş və başqa inqilab rəhbərlərinin qapısında xəfiyyələr dolaşdığından o tərəflərə dolanmaq mümkün deyildi.Səhər çayını Mirzə Əhmədin evində içməli idik. Hüseynəli əminin samovarı hazırlamasına baxmayaraq, biz Əlekbər yoldaşla birlikdə Mirzə Əhmədin evinə getdik.

7 мин
Nina ilə ikinci görüş

Nina məni bir saatdan bəri gözləyirmiş, mən içəri girdikdə o, gözlərinə inanmayan bir adam kimi üzümə baxdı və əllərini üzünə tutdu. Nina daima ağlamaq istədikdə əllərini üzünə tutardı, bunu Təhminə xanımın qızları da bilirdi, bunun üçün də Nina əllərini üzünə tutarkən Təhminə xanımın qızları dışarı çıxdı.Nina ağlayırdı, mən onun əllərini üzündən çəkdim, saçlarını oxşamağa başladım. Bu oxşamadan aldığım səmimi hislər vücudumun hər yerinə yayıldı.

5 мин
İraida

Bu gün iş günü olmadığından Nina ev işləri ilə məşğul olaraq, heç bir yerə getməmişdi. Nina mənə İraidanın haqqındakı fikrini tamamilə söylədi. Bu gün yenə də İraida Ninanın görüşünə gəldikdə o, Məcidi vannaya salıb çimdirir və onunla əylənirdi. İraida başını tərpədib, istehzalı bir nəzərlə Ninaya baxdı və masanın üzərindəki albomu götürüb vərəqləməyə başladı.Məcid çimdirilib qətfəyə büründü. Təhminə xanım onu geyindirmək üçün otağa apardı.

5 мин
Səttar xana məktub

Səttar xanın evi çar casusları tərəfindən ciddi nəzarət altına alınmış olduğundan onunla tez-tez görüşmək olduqca qorxulu idi. Hətta Səttar xanın evinə şey aparan hamballar da istintaq altına alınırdı.Bala Tağının evində toplaşan iclas Səttar xana bir məktub göndərmək və məktub vasitəsilə bəzi məsələləri həll etməyi qərara almışdı.

7 мин

Стихи других поэтов