Şümşad xanım
Страница 2 из 4 · 25%
Yolumuz uzun-uzadı küçələrdən, dar, qaranlıq, bəzən üstüörtülü döngələrdən, balaca meydançalardan, dolaşıq bazarçalardan, xarabalıqların qoynunda uyumaqda olan məhlələrdən keçirdi.
Onlar kiçik bir qəbiristanın yanında durdular, mən də durdum. Şümşad xanım yavaşca:
– O səs nədir, eşidirsənmi? Mən qorxuram! – dedi.
Rəfizadə cavab vermədi, durub xeyli dinlədilər.
Mən də diqqətlə haman səsi dinləyirdim. Ruzigar çox şiddətlə əsirdi, ara-sıra bir inilti eşidilirdi.
Onlar nə olursa-olsun haman qəbiristandan keçib getməli idi. Nəhayət, Rəfizadə cəsarətini toplayaraq qəbiristana daxil oldu. Mən də irəliləməyə başladım. İnilti, yolumun üstündə olan yeni bir qəbrin yanından gəlirmiş. Ruzigar ağzı sınmış bir səhəngin sınıq yerinə dəydiyi zaman səslənir və bu səs də yaralı bir insanın iniltisinə oxşayırdı. Təqib etdiklərim, bu qorxudan uzaqlaşmaq üçün addımlarını sürətləndirmişdilər.
Getdiyim yolları görməmişdim, oralarda tanıdığım yer ancaq «İstanbul qapısı» və «İki qala» arasında olan döngələr və qarmaqarışıq yollardı. Keçdiyim yolların deyil, qayıdacağım yolların qeydinə qalmışdım. Bunun üçün də qara heykəl kimi görünən palçıq damları, zürafə kimi boynunu uzadan söyüd ağaclarını, qaplan kimi baxan məzar daşlarını, qəbirlər yanındakı «timsah» kimi uzanan tabutları nişanlayaraq keçirdim.
İndi artıq hara getdiyimi bilirdim, çünki qaraçı məhəlləsinin «İstanbul qapısı» ilə «İki qala» arasında olduğunu eşitmişdim.
Qarşımızda gecə gəzmələri göründü. Mən qabaqda gedən Rəfizadə və Şümşad xanımın tutulacağını düşünərkən, onlar gecənin adını deyərək keçdilər. Gəzmələr mənə yaxınlaşırkən uzaqdan:
– İsm-şəbi! – deyə səsləndi. Mən:
– Kəngavər! – deyərək keçdim. Hərgah ism-şəb yanımda olmasaydı, məni həbs edərək payi-çırağa aparacaqlar idi. Səhər kim olduğumu təyin etmək üçün şəhər komendatının, yəni mənimlə mübarizə aparan Mahmud xanın ixtiyarına verəcəkdilər.
Hər halda, «Rəfizadə və Şümşad xanım da sadə adamlar deyilmiş, onlarda da hökumətin parolu varmış», deyərək düşündüm; çünki gecənin adını hər bir sadə adama verməzdilər.
Onlar alçaq və üstü tökülmüş bir divarın dibində durdu, həyətə daş atdıqlarını eşitdim, bir az sonra, qapı açıldı, onları içəri aldı, yenə də qapının həlqəsi dalından vuruldu. Mən tək bir nəfər... qaraçılar dərbəndi, şəhərin ən qorxulu məhləsi... Gecə vaxtı buraya insan ayağı düşməz, axşamdan buraya kef üçün gələnlər belə, günəş boy verməmiş dışarı çıxa bilməzdi.
Mən həman qapıda durub düşünürdüm: «Çox gözəl, artıq mən bunların kim olduqlarını, nə istədiklərini lazımınca öyrəndim. Daha burada durmağın, yaxud bu həyətə daxil olmağın nə mənası vardır? Hərgah mən amerikalı qızı müdafiə etmək istəyirəmsə, bir kəlmə ilə Şümşad xanımı və Rəfizadəni ona tanıdaram və onlara evlərinə gəlməyə yol verməməsini tapşıraram. Qız ki, mənim sözümü və mənim məsləhətimi rədd etməz».
Bu fikirlə qapıda gəzişirdim. Lakin bu düzgün hərəkət deyildi. Mən ya içəri daxil olmalı, yaxud da buradan təcili surətdə uzaqlaşmalı idim.
Lakin məsələni yarımçıq qoymaq da olmazdı. Çünki mən özüm də bu işlə əlaqədar idim. Məni də bu məsələ üzərində Təbrizdən rədd etmək istəyirdilər.
Mən içəri girmək üçün çarə düşünürkən, içəridən bir kamança səsi eşitdim.
Kamançanın həzin səsləri ilə qarışıq bir qadın səsi də gəlirdi. Bu səs, Şümşad xanımın səsinə çox bənzəyirdi. O səsin qüvvəti və təsiri bir anda məni qayıdıb getmək fikrindən daşındırdı.
Özümdə yenə də bir ruh yüksəkliyi duymağa başladım.
Bu səs və həzin tərənnümlər, dünyanın bütün xarabalığından daha xaraba, mədəniyyətcə böyük bir məhrumiyyətin qanadları altında yaşayan, gündə yüzlərcə insanın iqbalını göstərmək bəhanəsi ilə bədbəxt eləyən, fala baxmaq bəhanəsi ilə namusa və həyata təcavüz edən, insanlığını itirmiş adamların yuvasından gəlirdi. Bu səbəblə də insanı məşğul etməyə bilməzdi.
Bu nəğmələrin təsirilə Şərq nağıllarında oxuduğum həramilər yuvasının məchul şəkilləri nəzərimdə canlandığı zaman, Şümşad xanım bir daha kamança ilə oxudu:
«Səni də yetirrəm yara bu gecə
Telimdən çəksələr dara bu gecə».
Bu səs ətəyimdən tutub məni həyətə saldı. Mən əvvəlcə küçəyə çıxan qapını açdım, sonra yanımda olan tapançanı çıxarıb həyəti gəzməyə və gözdən keçirməyə başladım.
Həyətdə ikicə otaq vardı. Otaqlara bir dəhlizdən keçilib girilirdi. Dışarıya çıxılmasına imkan verməmək üçün qapını həyət tərəfdən bağladım. Həyəti bir də diqqətlə aradım. Orada ancaq, budaqları küçəyə enən iki söyüd ağacı, evin qabağında isə böyük bir badam ağacı vardı.
Ətrafımı yaxşı öyrəndiyimdən əmin olduqdan sonra kamança səsini dinlədiyim otağın pəncərəsi qarşısına gəldim. Otağın içərisinə tamaşa etmək üçün badam ağacının dibində qoyulan bir kürsünün üstündə oturdum və gözlərimi kiçik şüşələrdən içəri dikdim. Dərhal tüklərim biz-biz oldu, bədənim titrədi, bir neçə gün əvvəl miss Hannanın ziyafətində iştirak edən qadınların hamısı burada idi.
Özlərini Rəfizadənin bacıları deyə tanıdan Səlimə xanım, Şuxşəng və Pərirux xanımlar da hərəsi bir əyyaşın qucağında oturmuşdu. Vaxtilə mənə və miss Hannaya özlərinin kübar bir ailə üzvü olduğunu söyləyən bu qadınlar, insanın xəyal və təsəvvürünə gəlməyən bütün həyasızlıqların nümunəsini göstərirdilər.
Hacı Səməd xanın əmisi oğlu Mahmud xan və Rəfizadə dəxi burada idi. İki nəfər tar, kamança çalır, Şümşad xanım isə oxuyurdu:
«Ay gördü kaman qaşlarımı döndü hilalə,
Pəh-pəh bu qədü qamətə, pəh-pəh bu cəmalə,
Bağda gülü şərməndə qılar qonça dodağım,
Süzgün baxışım, qara gözüm, alma yanağım».
Şümşad xanım oxuyub qurtardıqda ayağa qalxdı və oturanların hər birisinə bir öpüş verərək, yenə də qayıdıb Mahmud xanın qucağında əyləşdi.
Pərirux xanım bir nəfər silahlı sərxoşun qucağında oturmuşdu. O, şərabı ağzına alır, sonra da dodaqlarını qucağında oturduğu sərxoşun dodaqlarına yapışdırıb, ağzındakı şərabı ona içirirdi.
Şuxşəng xanım tacir qiyafəsində olan bir nəfərin qarşısında arxası üstündə uzanmışdı, onun başı üzərində oturan tacir isə şərabı onun göbəyinə töküb oradan içir və tez-tez «Allahummərzüqna» deyərək şəraba batmış bığlarını fahişənin əndamına sürtməklə təmizləyirdi. Səlimə xanım qızarmış bir manqalın yanında oturub xalça üzərində böyrünü yerə vermiş iki nəfər tiryəkinin hoqqasını alışdırırdı.
Kamança səsi dayandı. Mahmud xan Rəfizadəni səsləyərək:
– Gədə, biqeyrət, bəs necə oldu o sarıtel qız? – dedikdə, Rəfizadə başını bucaqda söhbət etdiyi qızdan aralayaraq:
– Cənab Mahmud xan, Hüsni xanımdan xəbər al! – dedi: – Mən ki, öz xidmətimi müzayiqə etmirəm, aparıb amerikalı qızın evinə salmışam, daha nə istəyirsiniz?
Mən «Hüsni xanım kimdir», düşünərkən, Şümşad xanım cavab verdi:
– Nə qədər ki, o tacir qızın evinə gedir-gəlir, oradan heç bir şey çıxmaz.
Mən indi bildim ki, Şümşad xanım saxta bir ad daşıyırmış, onun əsl adı isə Hüsni xanım imiş.
Mahmud xan sərxoş halında Şümşad xanımın üzünə bir şillə çəkdi.
– Sırtıq cində, yalan deyirsən, görünür ki, onu bir başqasına satmaq istəyirsən. O tacirə gəldikdə isə bu yaxın günlərdə onu Təbrizdən qaçaq salacağam.
Rəfizadə:
– Hərgah siz bunu bizə vədə versəniz, qız ikicə gündən sonra sənin qucağında olacaqdır. Çətini bura gətirincədir, sonra o abrusuna qısılıb heç kəsə heç nə bildirməz və istədiyin zaman bura gələr.
Rəfizadə yenə də bucaqdakı qız ilə danışdıqda qızın döşlərinə əl atmaq istəyirdi. Qız əllərini qabağa verərək ona mane olurdu.
Qızın üzünü görmək mümkün deyildi, o çarşafını götürmüşdüsə də, çarqatına bürünüb oturmuşdu. Sanki o, birinci kərə idi ki, bu fahişəxanaya düşmüşdü. Aldadılıb buraya gətirildiyi hər bir hərəkətindən bəlli olurdu.
Rəfizadə qollarından tutub onu öpmək istədikdə, qız yerindən sıçrayıb qalxdı və çarşafını aldı:
– Səlimə xanım, bu nə deməkdir? – dedi. – Sən məni bura rüsvay etmək üçünmü gətirdin! Sən bilirsən ki, məni qardaşlarım və atam tikə-tikə doğrar. Mən gərək gün batanda evə qayıdaydım, sənin fala baxmağın bu imişmi?
Bu sözlərdən sonra Səlimə xanım qəhqəhə ilə gülərək qıza qışqırdı:
– Otur yerə, axmax qız! Hər şeyi öyrənmək lazımdır, evdə nə işin var ki, atan-anan da səni doğrasın? Sən özün düşün, bundan da yaxşı «fal» ola bilərmi? Ay ağılsız qız! Fal iqbaldan ötrü deyildirmi? Sən buradakı iqbaldan daha gözəl bir iqbal tapa bilərsənmi? Otur yerə, bu həyat sənə ancaq bir-iki günlüyə ağır gələcəkdir. Sonra elə öyrənişəcəksən ki, səni bu evdən qovsam da çıxıb getməyəcəksən.
Səlimə xanım qızın donundan dartıb yerə oturtdu və başındakı çarqatı da aldı, altına qoyub oturdu.
Mən o qıza diqqətlə baxırdım. Onun o vaxtkı vəziyyəti insan arasına buraxılmış vəhşi bir dağ keçisi vəziyyətinə bənzəyirdi. O, qaçmaq və azadlığa çıxmaq üçün bir yol arayırdı, lakin mümkün deyildi. Zavallı qız oturdu, o, olduqca gözəl, uca qamətli, sağlam vücudlu bir qız idi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-sumsad-xanim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nəcəf və Kərbəladən qaçıb gələn mollalar Tehranda də’vətnamə buraxıb ingilislərin dinə təcavüz etdiklərindən şikayət edirlər.*Gəlməmişdən bu həyasız kişi əvvəl Nəcəfə
Partlarız...Fas üsyançılarına muxtariyyət təklifi İtaliya faşistlərinin də xoşlarına getməyir.*Göydə quş, dəryada mahi yetsə azadiyyətə.
Hər iki fitnəm baş...Şayiə var ki, Puankare iş başından çəkilib yerinə Klemanso gələcəkdir.*Hər iki fitnəli baş fisqü fücurun qabıdır
Boş qayıtdılarİşçilər mərsiyəxanların quyruqlarına vedrə bağlayıb onları öz aralarından dəf etdilər.*Yüklədilər arxama karxanəmi,