Təbriz şəhərinin havası və təmizliyi
Страница 5 из 11 · 36%
Soltanüşşüəra əlini uzadıb cibindən bir köhnə eynək çıxarıb çuxasının ətiyinin ucu ilə silib gözlərinə qoyur, əli belində başını qaldırıb Münəvvərə tamaşa edirdi. Münəvvər xanım kamali-ədəb və vüqar ilə keçir. Cənab Soltanüşşüəra əvvəlcə başında çiçək kimi yaşıl lentli şlyapasına, toplanıb dalına düşən qara zülflərinə, açıq və parlaq nasiyəsinə kəşidə, qara qaşlarına, bütün surət və simasına nöqtəbənöqtə tamaşa edirdi.
Münəvvər xanım heç tərəfə baxmırdı. Məhzunluq başının çiyninə tərəf məylal olduğundan mə’lum idi. Gözləri baxırdı, ancaq öz qarşısına. Camaatın izdihamını görürdü, üzlərini, qaş-göz atmaq kimi cahilanə hərəkətlərini deyil, danışdıqları müzəxrifatı eşitməklə Münəvvər xanım keçdi, Soltanüşşüəra cənabları da eynəyini çıxarıb cibinə qoydu. Üzünü yoldaşlarına çevirib: qəribə gözəldir, bimisl qızdır. Doğrudan qəzəl deməyə layiqdir deyib yola düşdü. Amma başında olan ə’yanlar və tüccarzadələr qəzəli nə qədər tez olsa deməyi təvəqqe edirdilər. Amma şair cənabları da Münəvvər xanımın gözəlliyinə dair bir yaxşı qəzəl inşa elədi. Haman qəzəl eynək burada yazılır. Bir para yerlərində qüsur olsa da bizə dəxli olmayıb, əvvəlcə eşidib hifz edənlərdədir. Bəndənin bu hekayəni yazmağını eşidən Eynulla xan Təbrizi cənabları həmin qəzəli yazdırıb göndərmişdir ki, qarə’lərin nəzər-diqqətinə qoymaqla Təbriz müsəlman şüərasının ədəbiyyatça nə qədər şaşmış olduqlarını filcümlə izhar edəcək.
Qəzəl
Çe şuxi ey be bala sərve-nov xiz,
Ke del berebudi ba zolfe delaviz.
Cəmalət afəti-cani-əzizan,
Negahət fitneyi-aşubi-Təbriz.
Peyi-qətləm kəşide türki çeşmət,
Ze mojqan tir, zərbu tiği-xonriz.
Be xubi dər cahan misləti nədidəm,
Bəhər kəs dide bekşudəm be hər çiz.
Xəta başəd əgər guyəm ke mahi
Nədarəd meh çe to ləle-şəkərriz.
Be şeşdər əfkəni mehra to mehri
Nəmai ruye-zolfe-ənbəramiz.
Münəvvər xanım aralıqda yoluna davam edib getməkdə idi. Təbriz camaatının danışıqlarını, Soltanüşşüəra ilə olan mükalimələrini bütün-bütünə düşünürdü. Deyirdi: – Bu Təbriz camaatı qəribə məğrur, qəribə vəhşidirlər?! Bunlar bilmirəm cəhənnəmi, behişti nə mülahizə edirlər? Özlərini bunlar yoxsa insan və müsəlman hesab edirlər?
Böyükxanım – Münəvvər, görürsən atan səni necə bədbəxt edib? Sənin əyninə bu paltarlar olmasa idi qulağın bu sözləri də eşitməzdi. Qorxma, indi sənə hamamda gözəlcə müsəlman libası geyindirib bu tövr töhmətlərdən yaxanı qurtararam.
Münəvvər xanım daha bu sözlərdən dilgir olurdu, deyirdi: – Mənim dilgir olmağım libas üçün, atamın mənə zülmü, qeyri-zülmü üçün də deyil. Mənim dalımca nə qədər danışırlar qoy danışsınlar. Mən rəncidə olmaram. Çünki insan eşitdiyi sözün natiqinə baxıb haman sözü qəbul edər. Ancaq məni dilgir edən camaatın cahilliyi, nadanlığıdır. Bizim bu camaat özlərini müstəhəqqi-behişt hesab edirlər. Amma başqa millətləri cəhənnəm əhli hesab etməkdədirlər. Bilmirəm bu yalançı müsəlmanların başqa millətlərə təfəvvüqü və axirətcə artıqlığı hansı əməlləri cəhətinədir. Görünür ki, xudavəndi-aləm behişti fəqət bu beş-on milyon camaatdan ötrü xəlq edibdir. Bir halətdəki, nisfdən çoxu yalançı və məzhəb oğularıdır. Yer üzündə olan bir milyard beş yüz milyon əhalidən yalnız üç yüz milyonu müsəlmandır. Bunlar nə tövr müsəlmandırlar deməyə ehtiyac yoxdur. Çünki bir kəsdə, bir millətdə tərəqqi olmadı, yəqin elə ki, düzkün məzhəb də yoxdur. Çünki hər kəsin tərəqqisi öz məzhəbində qaim olmaqda və əsrə yaxışan tədarükləri görməkdədir. Müsəlmanlıq isə həmişə insanı tərəqqi və səadətə də’vət edir. İndi belə mə’lum, xudavəndi-aləmin adəmə və peyğəmbərlərə və onların vasitəsilə bəndələrə tə’rif etdiyi behişt nə qədər vəsi, nə qədər geniş isə də fəqət beş-üç yalançı və məzhəb çibkirlərindən ötrü imiş. Lakin onu bilmirlər ki, hər kəs, hər millət axirətdə əməlinə baxmış müzd alacaqdır.
Münəvvər xanım bülbül kimi danışdıqca əvam, hətta qur’anda Yusif surəsini oxumayan Böyükxanım quruyub qalmışdı. Sonra gülə-gülə deyirdi: — Vallah bilsəm ki, mən gedən behiştə sənin müəllimən Liza xanım da gedəcək mən cəhənnəmə getməyə razı olaram. Bir də mən ona razı olmaram ki, mənim rəhmətlik atam gedən behiştə doktor Lui də getsin. Sən yəqin elə ki, allah behiştə bir nəfər xarici məzhəb aparsa bütün müsəlmanlar, xüsusən bizim təbrizlilər açıq edib hamısı behiştdən çıxarlar.
Münəvvər xanım yavaş-yavaş gülürdü, dəsmalını ağzına tutub gülməyini anasına aşkar etmirdi. Deyirdi: — ana, özgələr ilə işim yoxdur. Mənim babam rəhmətlik ki, sənin atandır, ömrünü padşah qapısında başa verdi. Heç ola bilərdi ki, zülmkar bir padşahın yanında olan qulluqçu camaata zülm eləməsin? Bir də babam bu qədər dövləti haradan cəm eləyib?? Padşahdan ona yetişən məvacib onun qatırçılarını görməz imiş. Bəs bu milyon dövlət ki, bizə hibə edib onu kimdən almışdı? Söz yoxdur ki, fəqir camaatın malıdır. İndi bizim doktoru deyim. Onun anası-atası öz ruzilərindən kəsib onu dərsə qoyublar, nə qədər zəhmətlər çəkib ömür sərf edib, darülfünun qurtarıb, nə zülm etmək bacarır, nə qəlb sındırmaq. Nə də saır mərdümazarlıq kimi işləri öyrənibdir. Özü də gəlib Təbrizdə bu müsəlmanlara müalicə eləyir. Minlərcə insanı ölümdən qurtarır. İndi bax gör bunların hansı behiştə layiqdir?
Böyükxanım Münəvvərin sözlərindən dilgir oldu. Lakin cavabını verə bilmədi, çünki hamama daxil olmuşdular.
Böyükxanım evlərindən gəlmiş bir ipək xalçanın üstündə əyləşib, Münəvvər xanımın libasını soyundurub bir ağ buxçaya basır, bir-birinin üstünə qalayır, libasları, şlyapasını əzirdi. Libasını bu surətlə görən Münəvvər xanım deyirdi: — Ana, bu libasları böylə ki, elədin daha bunları bir də əyinə geymək olacaqmı?
Böyükxanım Münəvvərin iltimasına qulaq vermirdi. Övrətlər də hər tərəfdən Münəvvəri ortaya alıb tamaşa edirdilər. Böyükxanıma tanış olan övrətlərdən bə’zisi izhari-məhəbbət edərək Münəvvərin üzündən öpürdü. Münəvvərin üzü qayət qızarmış, gördüyü vəhşaniyyət onu fövqəl’adə heyrətə düşürmüşdü. Övrətin birisi şlyapasına baxır, içindən gələn ətri qoxuluyur, valeh olur, öz-özünə deyir ki, «Xudavənda gör bu kafirlər müsəlmanı necə yoldan çıxarmaq istəyirmişlər?» Övrətlərin birisi də Münəvvərin qara tüklərini əlinə alıb mülahizə edir; tüklər nəzafətin axır dərəcəsində saxlanmışdır. Lakin övrət öz-özünə deyirdi: «Baxırsan qara şəvə kimi tükdür, bir-bir sayılacaq dərəcədə təmizdir. Amma əli vuranda adamın əti çimçəşir, çünki kafir əlindən çıxıbdır!» Münəvvər bütün zahiri, daxili libaslarını tökub üstündə bir ipək fitə olaraq anasının dalınca içəri hamama gedirdi. Dalınca vəhşilər sürüsü tökülüb barmaq çalırdılar, dodaq atıb deyirdilər: — Bu gün hamama cədidulislam gəlibdir, gül başıva Böyükxanım, yaxşı rüsvay olmusan, yaxşı axirətin bərbad olub! Bu qızın yedi evli həmsayələrə də zərəri vardır. Allah divanınızı eləsin, yaxşı müsəlmanlığı aradan götürmək istəyirsiniz!..
Böyükxanım hamamın mütəəffin suyunu Münəvvərin müəttər sabunlar ilə yuyulmuş başına tökub isladırdı. İslatdıqdan sonra gil suyu ilə yuyub üzünə ruşul sürtürdü. Çimdirdikdən sonra saçlarını İran övrətləri kimi nazik-nazik hörüb başda bit-sirkə olmamaq üçün vaxt ikən evdə öldürülmüş çivəni başının tüklərinin arasına çəkirdi. Çünki hamamda müsəlman övrətlərinin qisməti olan kəsafətdən Münəvvər xanıma da bir hissə yetişmişdi. Validənin fərti-cəhalətindən dünən təmizlik və nəzafətcə fransız qızlarına təfəvvüq edən Münəvvər xanım bu gün kəsif və mənfur bir iranlı qızı olmuşdu.
Münəvvər xanım kəsrəti-ələmdən bilmirdi nə danışsın, nə etsin, ancaq ah çəkib deyirdi:
– Ana başıma sürtdüyün çivəyə diqqət elə, çünki mənim başım bə’zi heyvanların müçavirətinə adət etmədiyindən böyük zəhmətlərə düçar olacaqdır. Bu gün mənim bədənimdə kəsafət və üfunətin töxmünü əkdin, bu sulardan aparıb kəhvarədəki uşağın bədəninə sürtsən iki gündə bit-sirkə çıxar, mən isə haman suya çimdim və başımı da yudum. Mənə rəhmin gəlmədi, axır mənim başımı nə üçün bu hala saldın? Bir də bu tükləri daramaq, açıb təmizləmək mümkün olacaqdırmı? Əlhəmdüllah mən müsəlman qızıyam, amma sən məni müsəlman etmək üçün başımı, bədənimi nəzafətdən çıxarırsan. Burada gərək şəriətimiz heç kəsə mötəərriz olmasın, çünki tükün, əlbəsənin əqaid və məzhəbə dəxli yoxdur. Bir də sabah mən bu halətlə doktorun evinə necə gedəcəyəm? Bu suların qoxusu bir ay qədər mənim bədənimdən yəqin ki, getməyəcəkdir. Əlalxüsus, müsəlman övrətlərinin qiyafətini daima tənqid edən doktorun nemsə müəlliməsi məni bu halda görsə bilirsən necə tə’n dilini açacaqdır?!
Böyükxanım — Qızım qorxma, sənin yaxavı qurtardım, daha qoymıyacağam gedəsən.
Münəvvər xanım — Ana, öylə buyurma! Buyur ki, yaxan qurtardı, səni öldürəcəyəm, sən onu yəqin elə ki, mən təhsildən qurtarmamış dünyada rahəti özümə həqarət hesab edirəm.
Böyükxanım bu tövr sözlərdən mütəəssir olmadı. Münəvvər xanımı eşiyə çıxarıb Təbriz qızlarına məxsus libaslardan geyindirib, qabağına salıb evə aparırdı. Münəvvər xanım ağlayır, balaca Münəvvərin çöhrəsinin təravəti, vücudunun nəzafəti getmiş, gün qurub etmiş kimi bir şəfəq qalmış, o isə qara bulud məsabəsində olan çadrşəbi-tərin içindən parlayır, gözlərindən əşki-növmidi cari qılaraq deyirdi: ana mənim təqsirim nədir ki, bu libaslar ilə məni insanlıq hey’ətindən çıxartdın?
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-tebriz-seherinin-havasi-ve-temizliyi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ağların «Pasledni novosti» qəzətəsi deyir ki: iyunun beşinə qədər Fransa Rusiyanı bilaşərt təsdiq edəcəkdir.*Bu dağılmış məmləkətlərdə həyamız qalmadı
Balaca felyetonSosialistlərin məramnaməsini göndəriblər məşhur müctəhid Mirzə Hüseyn Nainiyə; fitva göndərmişdir ki: bu əqidədə olanların arvadları boş və malları palaldır. («Siyasəti-islami» qəzetindən)*Bir müctəhidəm varmışam hər işdə kamalə
Bu gün...İran parlamanı açılan gün vəliəhd nitq söylədikdə göstərmişdir ki, İranda hər şey öz yerindədir.*İranda bu gün hökm sürür sülh-səlamət
Və’dəNəcəf və Kərbəladən qaçıb gələn mollalar Tehranda də’vətnamə buraxıb ingilislərin dinə təcavüz etdiklərindən şikayət edirlər.*Gəlməmişdən bu həyasız kişi əvvəl Nəcəfə
Стихи других поэтов
Günəş saraldı, söndü,Yavaş-yavaş büründü
Ey bolub eşqdə divanəvü rüsvay könülEy bolub eşqdə divanəvü rüsvay könül,Yüzünə çirmaşib ol zülfi-səmənsay könül,
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,