Страница 6 из 11 · 45%

Böyükxanım — Qızım, sən mənim ürəyimin parçası, bədənim və vücudumun rahətisən, mən razı olmadım ki, beş günlük dünya rahətindən ötrü həmişəlik cəhənnəm odunda yanasan.

Münəvvər xanım — Hərgah xudavəndi-aləm bu libasları geymək üçün insanı axirətdə cəhənnəm oduna yandıracaqsa bu libaslar da dünyada insana cəhənnəmi göstərir. Haliyədə bu libaslardan məni cəhənnəm qoxusu vurur, sən yəqin elə ki, bu libaslar əcəl libasıdır, mən örtdüm.

Bu vaxt Münəvvər xanımın və Böyükxanımın yolu Dəvəçi qəbristanından düşmüşdü. Cümə axşamı olduğundan qəbristanda böyük izdiham var idi. Camaat sərilib orada olan kəçxanələrin kölgəsində əyləşib: kimisi börkünü alıb əlinə kənarlarını bitliyir, kimi kömləyini qaldırıb uclarında olan çüçüləri təmizləyir, kimisi də əlində yasin çərəkəsi, cümə surəsi (sübhanə) oxuyurdu. Bəylərbəyinin pişxidməti Qulam xan da nökərlər ilə durub Böyükxanıma və Münəvvərə tamaşa eləyirdi. Böyükxanım və dalınca Münəvvər xanım yavaş-yavaş gedirdilər. Lakin yolları Qulam xanın qabağından idi. Qulam xan qabağa keçib Böyükxanıma salam verdi. Böyükxanım isə cavabını verib keçdi. Ancaq Münəvvər xanım əvam və qur’anda Yusif surəsini oxumayan Böyükxanımın işlərinə şaşıb qalmışdı. Bir tərəfdən libaslar dəyişib, başmaqlar dəyişib, bir tərəfdən çadrşəb əl-ayağına dolaşır. Bir tərəfdən də Böyükxanım kimi əvamın özgə kişi ilə salamlaşmasını görüb özünü itirmişdi. Təəccüb edirdi. Yolu rast gedə bilmirdi. Gah o tərəfə, gah bu tərəfə gedirdi. Başını qaldırıb yuxarı baxmağa, hətta ayağının altını da görməyə macal etmirdi. Zira nə çadrşəbə, nə də ayaqları bir-birinə dolaşdıran başmaqlara adət etmişdi.

Böyükxanım isə Qulam xanı Münəvvərə nişan verərək deyirdi: Münəvvər, görürsən mənə salam verən oğlan necə oğlandır? Görürsən necə gözəldir? Necə boy-buxunu, əndamı vardır? Sən allah, Münəvvər, heç baxıb o xanı gördün?

Münəvvər xanım — Ana, mənim nə işim vardır ona baxım? Kişi tayfası ilə mənim nə rabitəm vardır?

Böyükxanım — O xan istəyir ki, bizim ilən qohum olsun. Bax gör xoşuva gəlir ya yox?

Münəvvər xanım — İndi ərz elədim ki, mənim o tövr adamlar ilə nə işim vardır ki, baxım görüm gözəldir ya çirkindir. Hər kəsdir özünə.

Böyükxanım qəbristandan uzaqlaşınca bir gedib, bir də dönüb baxırdı. Qulam xanın hüsni-camalına və saxta vəcahətinə firiftə olan Böyükxanım Qulam xana yaxın olmaq üçün qəlbində vəsilələr axtarırdı. Fəqət zavallı və bədtale Münəvvər xanımı bədbəxt eləməkdən başqa bir çarə tapa bilmirdi. Münəvvər xanım da özünə məşğul olub, öz aləmində, öz fikrində idi. Bir tərəfdən qiyafət dəyişilib, insanlıqdan çıxıb, təhsildən qalıb, həm də Ermənistan məhəlləsinin yolu uzaqdan görünür: Yoldaşları yadına düşüb qayət müztərib olmuşdu. Böyükxanım da daima Qulam xanı Münəvvərə tə’rif, təvsiyə edirdi.

Münəvvər xanım — Ana, mənim bu tövr sözləri əvvəlinci dəfə eşitdiyimdir. Səndən xahiş edirəm bu sözləri kənara qoyasan! Mənim ürəyimi xarab eləmə! Hissiyatımı dağıtma! Mənim nə rücuim vardır ki, Qulam xan bizimlə qohum olmaq istəyir? Mən də istəyirəm bir saat, bir dəqiqə təhsildən qalmayım, mümkün olurmu? Səndən təvəqqe edirəm, mənim ismətimə, abrıma, həyamə toxunacaq sözlər danışmayasan.

Böyükxanım birahələr ilə Münəvvəri dolandırıb axşam əzanı çəkiləndə evə yetirdi. Rzaqulu xan da qızının təbdili-qiyafət etməsini görüb qayət dilgir oldu. Lakin Böyükxanım bu tövr işlərə baxmayıb gülürdü.

Münəvvər xanım başında çadrşəb, mütəhəyyir və gözləri qızarmış evin aşağı başında durub, Böyükxanım da gülürdü. Amma Rzaqulu xanın rəngi təğyir tapmış, haləti dəyişmiş, bədəni titrəyirdi. Üzü Böyükxanıma kamali-xişm ilə deyirdi: — Mənim qızımı nə üçün belə təhərdən çıxardın? Sənə kim dedi ki, qızın libasını dəyişəsən?

Böyükxanım — Qızı mən müsəlman elədim! Hərgah sənin sözünə baxsa idim ölənə kimi qız firəng evində qalacaq idi.

Rzaqulu xan — Mən bu saatda özümü bu qüssələrdən qurtararam. Əlini atıb mıxdan tapançanı götürüb özünü öldürmək istədi, bu vaxt nökərləri tökülüb əlindən tapançanı aldılar. Amma Rzaqulu xan qəşş elədi. Yatağına gətirdilər. Münəvvər xanım da ağlamaqdan bihuş düşmüşdü. Rzaqulu xan və Münəvvər xanım qüssələrindən naxoş olub daima yataqlarında qaldılar. Amma Böyükxanım da bunların naxoş olmasını qənimət bilib daha Münəvvəri təhsilə buraxmaqdan vaz keçmişdi. Buna cəhət adamlar göndərib Qulam xanın anası Sərfnaz xanım ilə Münəvvərin işini qurtarmaq üçün sual-cavab edirdi. Lakin Rzaqulu xandan vahimə etdiyi üçün hərdənbir gəlib onu başa salmaq üçün müqəddimə açıb deyirdi:

– Kişi indi mən mülahizə edirəm, sən özün olmusan bəstəri naxoş, uşaqların sinni kiçik, heç bir iş bilmirlər. Mal-dövlət, kəndlər, mülklər, bağlar tökülüb dağılır, bir pərəstar yox, baş çəkən yox; indi lazımdır ki, biz bir adam tapaq bu işlərə baş çəksin. Mülahizə edirəm, öylə bir xatircəm olmalı adam da yoxdur. Ancaq bir əlac ona qalıb ki, qızı verək Qulam xana. Eybi nədir, bu qədər dərs oxuyub bəsdir, bunun əvəzinə uşaqları göndərərik bir neçə il artıq təhsil edərlər.

Rzaqulu xan — Övrət əqlin, huşun başında olsun. Mənim naxoş vaxtımda ürəyimin ipini qırma! Əvvəla budur ki, Münəvvər gərək təhsildən qurtarsın. İkinci gərək ərə getməli vaxtı gəlsin. Üçüncüsü mən qızımı insana və namus, qeyrət sahibinə verərəm. Nəinki Qulam kimi... ki indi də özgələrə övrətlik edir. Bəylərbəyi onu nədən ötrü yanında saxlayır, heç bilirsən? O tövr nakəsə qız vermək, bizə ar deyilmi? Bir halətdə ki, qız da uşaqdır. Bir də Qulam xan kimdir, sən və mən kimlərik? Onun atası Məmmədqulu Soltan qatırçı başı, sənin atan İranın məşhur nəcibzadələrindən hesab olunan Xudayar xandır. Heç əqlin yoxdur ki, onu özünlə bərabər edirsən?

Böyükxanım — Qız tayfası səkkiz sinnində kəbirdir. Təvəqqe edirəm özündən təzə şəriət qayırma. Bir də mən qızımı firəng evində qoymayacağam! O ki, qaldı Qulam xana nanəcib deyirsən bu bir söz deyil: çünki hələ uşaqdır. Biz onu yaxşı əqlə gətirərik ki, Təbrizdə əvvəlinci adam olar. Bir də mən bundan sonra Qulam xan kimi gözəl, göyçək oğlanı haradan tapıb qız verəcəyəm? Hərgah onun Təbrizdə qız almaq xəyalı olursa Təbrizdə əlli adam ona qız verər. (Öz-özünə) Münəvvərin sinni azdır. Ərə getmək vaxtı deyil, söz tapıb deyir! (Rzaqulu xana) Xob, hərgah qızı səkkiz, doqquz yaşda ərə verməzlər, nədən bəs Hacı Nizamüddövlənin qızını yeddi sinnində və Hacı Qəvamülmülkün nəvəsi Sona xanımı səkkiz yaş yarımda, Hacı Mübəssirin bacısı Nazəndə xanımı doqquz yaşda ərə verdilər?

Rzaqulu xanın bu sözlərə ürəyi daha tab etmiyərək yatağında bihuş düşmüşdü. Münəvvər də gecəni yatmadığı üçün bitab olmuşdu. Amma Böyükxanım böylə vəziyyətləri qənimət bilib Qulam xan ilə nə qədər tez olsa rabitə salmağı arzu etməkdə idi. Buna binaən bir tağa qiymətli şal, on tümən də pul götürüb cənab Mirzə Rəhim ağanın hüzuruna getdi.

Böyükxanım başında zərbaf çadrşəb Mirzə Rəhim ağanın məhkəməsinə salam verib daxil oldu. Amma Qulam xanın anası Sərfnaz xanım vaxt ikən gəlib ağanın hüzurunda əyləşmişdi. Böyükxanım içəri girən kimi, Mirzə Rəhim ağa Böyükxanımın qiyafətini görcək Sərfnaz xanımdan xəbər aldı: Sərfnaz xanım bu kimdir?

Sərfnaz xanım — Ağa, Böyükxanımdır, Rzaqulu xanın övrətidir.

Mirzə Rəhim ağa — Xoş gəlmisən; qədəm rəncə buyurmusan... Böyükxanım, nə əcəb, sən hara bura hara? Dünyanın işi belədir birisi qız ərə verəndə, oğluna kəbin kəsdirəndə bizi yadına salar. Vallah indi Sərfnaz xanıma deyirdim. Sənin rəhmətlik atan mənim barəmdə nə qədər məhəbbət edirdisə öz yerində. Öz sahibin Rzaqulu xanın da bizə əlahiddə iltifatları vardır. Amma, düşəndə Nisə bəyim xanımdan ki, bizim uşaqların anasıdır, xəbər alaram sizdən heç bir iltifat bizim haqqımızda olduğunu söyləməz! Nə qonaq gəlirsən, nə qonaq çağırırsan. Eybi yoxdur, indi mən bunların hamısının əvəzini çıxardaram. Davalı iş olanda məni taparsınız.

Böyükxanım — Ağa, sən özün alimsən, bilirsən ki, Rzaqulu xanın pis xasiyyətinə görə peşəmiz axşama kimi evdə çırpışmaqdır. Götürüb uşaqları qoyub firəng evinə dindən, məzhəbdən, yoldan çıxarıbdır. İndi mənim ərzim budur ki, bir növ eliyəsən qızı kafirlikdən qurtarasan.

Mirzə Rəhim ağa — Doğrusu Rzaqulu xanın bu xasiyyətləri mənə çox naguvara gəlir. Neçə dəfə də çağırıb məzəmmət, məlamət eləmişəm, yenə başa gəlməyibdir. Hərgah xatiri mənzur olmasa idi verərdim səngsar edərdilər, daşlardılar, çünki Təbrizdə bir para bid’ətlər də qoyur. Qız nədir, firəng paltarı nədir? Heç bilirsən Rzaqulu xanın bu tövr xasiyyətləri və bid’ətləri səbəbinə bu Təbriz üləması məni nə qədər incidirlər? Nə vardır ki, Rzaqulu xan sənə ildə üç yüz tümən pul verir, ona görə onun eyblərini gizlədirsən, vəhalonki mən min tümənə şəriətin bir tükü-nü vermərəm. Rzaqulu xan olmasın vəliəhd olsun mən şəriəti dünya malına satan alimlərdən deyiləm! Rzaqulu xan mənə pul verir, məhz elm cəhətinə nəinki məni sakit etmək üçün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов