Təbriz şəhərinin havası və təmizliyi
Страница 8 из 11 · 64%
Doktor bundan sonra Münəvvər xanıma mütəvəccəh olub deyirdi: — Qızım, bu gün vaxt keçmişdir. Sabah yenə tezdən gələcəyəm. Olqanı da gətirərəm bir yerdə paltarlarıvu geyib dərsə gələrsiniz. Doktor xanı və Münəvvəri vida edib xanəsinə döndü.
Doktor Rzaqulu xanı və Münəvvəri vida edib xanəsinə döndükdən sonra Rzaqulu xanın yatağını bir sükunət əhatə etmişdir. Münəvvər xanım yoldaşlarını görmək, yenə təhsilə davam etmək üçün sübhi gözləyir, Rzaqulu xanı isə dərdinin, öz mərəzinin fikri deyil, övladının təhsilinin, vətənin xəyalı iştiğal etmişdi. Gecə yaxınlaşmış, Rzaqulu xanın otağında zəif işıqlı bir (noçnik) — yataq lampası yanır. Çırağın şö’ləsi yatağdakı aynalara düşüb Rzaqulu xanı narahat etməsin deyə xodu qayət alınmışdı. Nə Münəvvər yatırdı, nə də Rzaqulu xan. Münəvvər sübhün intizarını çəkirdi. Rzaqulu xan da sübhü fəqət doktorun gəlməsindən ötrü istəyirdi. Münəvvər tez-tez ağuşqalara baxıb öz-özünə deyirdi: Allah, bəs haçan sübh olacaq? Bu qaranlıq evdən haçan qurtaracağam?
Böyükxanımın otağında kəmafissabiq çilçıraqlar yanır, lalələr şö’lələnir. Otağın aynabəndləri hər tərəfdən parlayır, şamların, lampaların əksi aynalara düşmüş, hər tərəf atəş içindədir. Böyükxanım isə işıqların içində vaqe olan bir qara bulud parçası kimi əyləşmiş, sandıqları açıb öz atasından gətirmiş çehizlərini tökub hansı Münəvvər xanıma layiq isə ayırıb bir tərəfə qoyurdu. Bir azdan sonra nökərlər, kənizlər hər kəs öz yatağına çəkildi. Yatmaq istəyənlər hamısı yatdı, qapılar bütün bağlandı. Lakin Böyükxanım otaqda dolanırdı. Qulam xanın vəslinə Münəvvər kimi bir qızı əsir verməklə çarə etdiyi üçün şadlanırdı. Əlini belinə qoyub otağı gəzə-gəzə oxuyurdu. Hərdənbir Münəvvərin üstə gəlib üstünü basdırırdı. Bağrına basırdı. Barakallah balaca qızım, deyə gözlərindən, dodaqlarından öpürdü.
Münəvvər xanım — Ana, sən allah hələ sabaha çoxdur?
Böyükxanım — Gülüm, sübhü nə edirsən? Yat, hələ axşamdır! Sən olasan mənim canım Münəvvər de görüm sübhü nə edirsən?
Münəvvər xanım — Ana, sübh olan kimi əmim gələcək, Olqa da gələcək, yenə libaslarımı geyib dərsə gedəcəyəm, ana, sən allah sübhü mənə tez xəbər ver ki, yuxu məni aparmasın.
Böyükxanım — Qızım, bir vaxt olacaq ki, sən sübhü axtaracaqsan. Amma nəinki dərsə getməkdən ötrü... Rahət yat! Sən dərsi nə eləyirsən? Dövlətin var, gözəllik vardır, bəsdir. Sənin nə işin vardır Olqa ilə, dərs ilə, onları yadından çıxartgilən. Daha səni təhsilə buraxmayacağam.
Münəvvər xanım — Ana, məni istəyirsən dünyada rahat olum gərək ki, dərsdən, elmdən mən etməyəsən! Mənim boynuma bir haqq qoyarsan! Mən nə dövləti istəyirəm, nə də gözəlliyi, onlar insanın məcazi ziynəti isə də elm və mə’rifət insanlığın həqiqi ziynətlərindəndir. İnsaf elə, atam həyatda ikən məni mən etmə, qoygilən təhsil edim.
Münəvvər xanım bu sözləri dedikcə Böyükxanım da onu öpüb iyləyirdi. Lakin Münəvvəri şad edəcək bir cavab vermədiyi üçün Münəvvər ucadan ağlayırdı. Bu ağlamaqdan sonra yuxuya gedib Böyükxanım da üstünü örtüb öz yatağına getmişdi. Çoxdan sonra Münəvvər xanım gözlərini açıb sübhün yaxınlaşmasını hiss edirdi. Lakin yəqin dərəcəsində deyil idi. Fəqət çoxdan sonra dəryaçada üzən ördəklərin səsi sübh olmasını yəqin etdirirdi, sübhün asarı getdikcə kəsbi isbat edirdi, şişə ilə qaranlıq təfriq ediləcək dərəcədə olduğundan ağuşqanın qabağında olan meyvə ağaclarının meyvəsi ilə yarpağı mə’lum olurdu. Bundan sonra Münəvvər gözünü ağuşqadan dolandırıb qapıya dikmişdi, zira yoldaşı Olqa xanım və əmisi doktorun gəlmək vaxtları yaxınlaşırdı. Amma Münəvvəri şiddətli bir qızdırma basmışdı. Gözlərini qızdırmanın şiddətindən açmağa imkanı yox idi. Doktorun, Olqanın gəlmələrinə müntəzir olduğu üçün taqətsiz gözlərini qapıya dikib durmuşdu. Bədbəxt, zavallı Münəvvər nicatı və cəhalət əlindən rəhayab olmağı doktorun, Olqanın vürudindən bilmişdi. Lakin sonralar rahi-nicatın məqsud və məfqud olduğunu düşündü. Təhsildən, elmdən, hətta dünyadakı həyatından naumid oldu. Otaqları işıq tutub günün zərrati şişələrdən içəri duşər-duşməz doktor Lui və Olqa xanım da başının üstündə əyləşmişdilər.
Olqa xanım Münəvvərin başı üstündə əyləşib Münəvvərin üzünə baxır, rəngini qızarmış görüb babasına deyirdi: Baba! sən deyirdin naxoş deyil, indi Münəvvərin rəngi çox qızardığından görünür ki, naxoşdur.
Doktor — Bəli, axşam naxoş deyil idi. İndi isə qızdırmışdır. Münəvvərin başına bir ağ dəsmal bağlamışlar, siması, çöhrəsi qızarıb, dodaqları quruyub, nəfəsi iti-iti çıxır, qayət sərianə surətdə nəfəs alırdı. Tez-tez dilini çıxarıb qurumuş dodaqlarını yalayır. Münəvvər xanım birdən-birə diksinib gözlərini açdı. Yanında Olqa xanımı görüb çox münfəil bir surətdə qollarını çıxarıb Olqanın boynuna saldı. Zira qiyafəti dəyişilmişdi.
Münəvvər xanım — Olqa, sənin ayrılığın mənə bu mərəzin tə’sirindən şiddətlidir. Allah şahiddir ki, naxoşluğa razıyam, amma təhsildən və sizin söhbətlərinizdən məhrum olmağa razı deyiləm! İşimin axırından qorxuram, qabaqdakı maneə mənim bədbəxt olmağımı göstərir, allah o günləri göstərməsin ki, təhsildən qalım!
Münəvvər xanım bu sözdə ağladı, Olqa xanım da ağladı. Olqa xanım da üzünü Münəvvər xanımın balışı üstünə qoyub ağlamağa davam edirdi. Münəvvər xanım bihuş düşmüşdü. Doktor isə Rzaqulu xana lazım olan davaları içirdib deyirdi: qardaş, naxoşluqdan bir fayda yoxdur. Dur ayağa avqust ayı yaxınlaşmışdır, uşaqları göndərək getsinlər təhsillərinə, bu il də keçsə çox çətin olar. Rzaqulu xanın bu sözlərdən bir az rəngi açıldı. Məqsədin hüsulunu yaxınlaşmış görüb bir az şadlandı, üzü doktora:
– Qardaş, bir neçə gün səbr elə, Münəvvər də yaxşı olsun, xudanəkərdə, yollarda naxoş olsa uşaqlara əziyyət verər. Amma burasını səndən təvəqqe edirəm əvvəlcə qardaşın Rasinə yazasan ki, mənim hörmətimi riayətən zəhmət çəkib aparıb Münəvvəri yerinə qoysun.
Doktor — Qardaş, o barədə fikir eləmə! Olqa da Münəvvər ilə bir yerdə oxuyacaqlardır. Ancaq siz uşaqların tədarükünü tez görəsiniz.
Rzaqulu xan — Tədarük filan lazım deyil. Ümdə tədarük puldur ki, o da ingilis əmanətxanəsindədir. Sizə də lazım olsa çek verərəm alarsınız.
Doktor — Bizə pul lazım deyil! İndi neçə ildir ki, qənaət etmişəm, bir ilin xərcləri ilə yol məsarifini düzəltmişəm! İnşallah yenə qənaət edib düzəldərəm. Hərgah olmasa da evdə artıq fərşlər də vardır satıb göndərərəm. Amma gərək avqustun beşindən keçməsin!
Bu vaxt doktor getmək istəyirdi. Lakin Olqa getmək istəmirdi. Münəvvəri də aparmaq istəyirdi. Doktor isə qızım, naxoşdur indi getməsi mümkün deyil! Bir də iki gün dərs də olmayacaqdır. Səbr elə, bir az yaxşı olsun gələr. Bu cəhətə Olqa xanım Münəvvəri vida edib atası ilə bərabər xanələrinə döndülər. Böyükxanım da rəngi ağarmış yataq otağına girib xişm ilə Rzaqulu xana deyirdi: Bəli, bundan sonra Münəvvəri qoyacağam getsin, Firəngistana!!
Rzaquluxan — İnsaf elə, başımı ağrıtma! Frənkistana gedən kimdir? Sən öz dilivi danışa bilmirsən, indi bildin ki, biz nə danışırıq?
Böyükxanım — Mən görmürəm ki, Şvetsariya, Münəvvər sözü danışırsınız? Mənim də əqlim vardır! Vallah ona da Qulam xan deyərlər, onun nişanlısını Frənkistana göndərənin kökünü kəsər.
Rzaqulu xan — Mənim qızımı Qulam xana kim nişanlı qıldı? Mənim uşağıma kim vəkildir? Məgər şəriət yox? Allah yox? Mənim gözüm baxa-baxa kimin nə cür’əti vardır ki, mənim övladıma bu zülmü rəva görsün?
Böyükxanım — İstəyirsən məni öldürgilən, eşiyə salgilən, mən getdim, verdim, Mirzə Rəhim ağa kəbinini kəsdi. Sən iki nəfər oğlanlara vəkil ol! Mən də bir nəfər qızıma vəkil oldum. Qulam xana verdim.
Rzaqulu xan yerindən hövlnak qalxıb ağlaya-ağlaya Münəvvəri basıb bağrına deyir: Evim yıxıldı, qızım! Yaxşı elm təhsil elədin, yaxşı arzularıma nail oldum! Münəvvər xanım da Rzaqulu xan da qəşş edib bir yerə yıxıldılar. Amma bu gündən hər ikisi şiddətli naxoş oldular, daha ayağa durmaqları mümkün deyil idi. Doktor Lui, Olqa xanım və sairləri Münəvvərin, Rzaqulu xanın iyadətinə gəlirdilər. Doktor, Münəvvərin bədbəxt olmasını anlayıb deyirdi: heyif ki, Münəvvərin qəlbində olan arzular nəhayətə yetişmədi. Onun təhsilə olan məhəbbəti çox böyük idi. Münəvvər xanım və Rzaqulu xan naxoş yatırdılar. Avqust ayının beşi də yetişmişdi. Doktor oğlunu, qızını təhsilə göndərirdi.
Avqust ayının beşi, Rzaqulu xanın yazı xanəsində vurulan saat səkkizi çalmışdı. Rzaqulu xan mərəzin şiddətindən özünü bilmir, çırpınır, o səmtə bu səmtə dönür, sinəsi döyünür, iztirabını aşkar edirdi. Münəvvər xanım da qızdırmanın şiddətindən, öz təhsilindən naumid olmaq qüssəsindən narahat və bir iztirab içində idi. Böyükxanım da əlindəki xakəndaz içindəki atəşin içinə bir az üzərlik tökub Münəvvərə tüstü verirdi, dua oxuyurdu, onun xəyalınca Münəvvərin naxoşluğu göz dəyməsindən imiş. Bu heyndə qapı açıldı, doktorun oğlu, qızı səfər libasında olaraq atalarının məiyyətində Münəvvəri və Rzaqulu xanı vida üçün gəldilər. Qabaqca doktor Rzaquluxanın əhvalını soruşurdu, ona təsəlli verirdi: Qardaş, heç qəlbini sıxma, qəza həmişə insanın başındadır. Amma mən də bədbəxt oldum. Sənin yanında xəcalət qaldım. Dünən sübh saat beşdə Hacı xan və Pərviz xan Münəvvərin bədbəxtliyini eşidib bir çox ağladıqdan sonra Lizadan sizə gəlmək üçün izn hasil edirlər. Bu gün sübh eşidirəm hər ikisi bir faytonda Tehrana qaçmışlar. İndi siz nə məsləhət görürsünüz? Mən onları yolda tutdurum, yainki dallarınca getmək məsləhətdir?
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-tebriz-seherinin-havasi-ve-temizliyi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ağların «Pasledni novosti» qəzətəsi deyir ki: iyunun beşinə qədər Fransa Rusiyanı bilaşərt təsdiq edəcəkdir.*Bu dağılmış məmləkətlərdə həyamız qalmadı
Balaca felyetonSosialistlərin məramnaməsini göndəriblər məşhur müctəhid Mirzə Hüseyn Nainiyə; fitva göndərmişdir ki: bu əqidədə olanların arvadları boş və malları palaldır. («Siyasəti-islami» qəzetindən)*Bir müctəhidəm varmışam hər işdə kamalə
Bu gün...İran parlamanı açılan gün vəliəhd nitq söylədikdə göstərmişdir ki, İranda hər şey öz yerindədir.*İranda bu gün hökm sürür sülh-səlamət
Və’dəNəcəf və Kərbəladən qaçıb gələn mollalar Tehranda də’vətnamə buraxıb ingilislərin dinə təcavüz etdiklərindən şikayət edirlər.*Gəlməmişdən bu həyasız kişi əvvəl Nəcəfə
Стихи других поэтов
Günəş saraldı, söndü,Yavaş-yavaş büründü
Ey bolub eşqdə divanəvü rüsvay könülEy bolub eşqdə divanəvü rüsvay könül,Yüzünə çirmaşib ol zülfi-səmənsay könül,
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,