Təbrizin baharı
Страница 3 из 3 · 67%
«Əziz yoldaş! Faytona yemək qoymadım. Siz gəzmək üçün söz yoxdur ki, «Üç dəyirmanlar» və «Yekə dükanlar» qabağına gedəcək, səyahətdən qayıdarkən naharı Hacağalar bağında yeyəcəksiniz.
Əqəl Kazım».
«Acı düz» atlılar və piyadalarla dolmuşdu. Yarışa bir çox qiymətli atlar çıxarılmışdısa da, işdə böyük bir təşkilatsızlıq nəzərə çarpırdı: hər kəs istədiyi adamla yarışırdı.
Burada, hər şeydən artıq, iki yüz nəfərə yaxın olan Marağa atlılarının həyasızlığı nəzər-diqqəti cəlb edirdi.
Miss Hanna bağların ətrafında əyləşib kef edənlərə baxmaqdan yarışa tamaşa etməyi üstün tuturdu. Buna görə də faytonun başını çevirib bağların yanına qayıtdıq.
Tiryək çəkənlər, oxuyanlar, çalanlar və şərab içənlər dəstəsi süfrəsini göy otların üstündə salıb oturmuş və yoldan ötənləri öz süfrələrinə dəvət edirdilər. Biz saat üç tamamda Hacağalar bağının qabağında idik. Tütünçüoğlu yol üstündə durub bizi gözləyirdi. Onu da yanımıza alaraq Hacağalar bağına apardıq.
Mən bu bağı görməmişdim. Doğrudan da, bağın gözəlliyi məni heyrətə saldı. Xüsusən miss Hanna əlvan çiçəklər örtüsünə bürünmüş meyvə ağaclarını gördükdə, bağdan qalxan xoş rayihəni udmaq üçün bir neçə dərin nəfəs aldı.
Məşədi Kazım ağanın nahar süfrəsi, izdihamdan çox kənarda, xiyabanda düzəlmişdi. Xiyabanın hər iki tərəfini yeni açılmaqda olan xeyri, şəbbu, qırmızı zanbaq və sair rəngarəng çiçəklər bürümüş idi.
Məşədi Kazım ağanın gördüyü bu hazırlıq bizi tamamilə heyrətə saldı; evdə düzələ biləcək bir nahar süfrəsi üçün hər nə mümkünsə, burada hazır idi. Süfrəyə düzülmüş yeməklərin bir çoxunun adını eşitməmişdim.
Amerikalı qız:
– 41 cür! – deyərək, süfrədə olan yeməkləri göstərdi.
Doğrudan da, Məşədi Kazım özünə milyonlar qazandıran və özünün bundan heç də xəbəri olmayan amerikalı qızın şərəfinə təntənəli bir nahar ziyafəti düzəltmişdi. O, qıza müraciətlə:
– Kiçik xanım bağışlasın, bu nahar süfrəsi ona layiq deyildir; hərgah bir gün əvvəl xəbər vermiş olsaydı, layiqli bir ziyafət düzəldərdim, – dedi.
Qız hansı tərəfə baxacağını bilmirdi. Mütrib Məcid ağanın oxuması və oynaması onun nəzərini ən çox cəlb edirdi, çünki o, Şərq kitablarında oxuduğu mütribi ancaq indi canlı həyatda görürdü.
– Bu nə qədər yüksək bir sənətdir! – dedikdə mən:
– Hələlik Şərqin incəsənəti, özünü toylarda, oyunlarda və küçə əyləncələrində göstərir, – dedim. – Əslən çox zəngin olan Şərq incəsənətinin bütün yüksəkliyini və məziyyətini yalnız onun təşkil olunduğu və səhnələrə keçirildiyi vaxt görmək mümkün olacaqdır.
– Bəs nə üçün bu mütrib qadın paltarı geymişdir?
– Çünki Şərqdə qadınlar açıq deyildir. Kişilər cəmiyyətdə açıq qadın görmədiyindən, gənc oğlanların qadın libasına girməsi tamaşaçı üçün maraqlı olur. Zənnimcə, Şərq kişiləri, incəsənət səhnəsində açıq qadının çıxışını gördükdən sonra, mütrib məclisləri get-gedə öz nüfuzunu itirəcəkdir. Şərq kitablarında, xüsusən incə söz ustadı Hafiz və Xəyyamın əsərlərində göstərilən mütriblərə gəldikdə, onlar sənin gördüyün bu mütriblərdən deyil.
Mütrib – tərəb sözündəndir, şadlıqverici və incəsənətin yüksək nümunələrini göstərən deməkdir. Lakin söz təhrif edilərək mütrib adı, əxlaqı pozulmuş və şəhvət aləti kəsilmiş ünsürlərə verilmişdir.
Miss Hanna:
– Yaxşı oldu ki, bu gün sən məni başqaları ilə səyahətə getməyə qoymadın. Yoxsa mən bu gözəl əyləncələrin zövqündən məhrum olacaqdım! – dedi. – Orijinal Şərqi və orijinal Şərq alətlərini görmək nə qədər nəşəlidir.
Bu vaxt bizə bir dəstə qaraçı qızı yanaşdı, dəfələrlə oynadıqdan sonra da, əllərini açaraq pul istədi.
Gənc və gözəl bir qaraçı qızı da miss Hannaya yanaşaraq:
– Gözəl qız, – dedi, – nəzərini qoy ovcuma ürəyindəkiləri deyim.
Mən bunu miss Hannaya anlatdım. O, iki qran çıxarıb qızın ovcuna atdı. Qaraçı isə miss Hannanın barmaqlarından tutaraq əlinin içinə baxdı və onun qəlbindəkiləri danışmağa başladı:
– Gözəl qızsan, canların canına, dünyanın malına dəyərsən. Qəlbində bir dərdin vardır. Amma onu heç kəsə inanıb deyə bilməzsən. Özün çox qəlbinaziksən; hamını da elə bilirsən. Sən birisini sevirsən, o da səni sevir; arada düşmən əli var; dalınca zəhərli dillər danışır, səni bir qorxu gözləyir, amma sən o qorxudan qurtaracaqsan. Əlin açıqdır, hər kəsə yaxşılıq edərsən, amma əvəzində yamanlıq görərsən. Evində çörəyini yeyib dalınca danışanlar vardır. Özün gözəlsən, bəxtin yoxdur. Bir qaragözlü arvaddan qorx! Gözəl qız, dünyanı bal eləyib xalqa yalatsan, axırda yenə sənin barmağını dişləyərlər...
Qaraçı qızı ümumi sözlərdən yüzlərcə saydı, miss Hanna isə qəhqəhə ilə gülərək:
– Elə bil bu sözləri Şümşad xanımdan öyrənmişdir, – dedi, – o da mənə fal açanda həmin sözləri deyirdi.
Bu da qurtardı. İndi də durub bağı gəzməyə başladıq. Hər bir dəstənin yanından keçərkən, bizi hörmətlə süfrəyə dəvət edirdilər:
– Bu həqir süfrəmizi müzəyyən buyurun!
– Xidmətinizdə ola bilərik!
– Bizi sərəfraz buyurun!
– Bizimlə də bir parça nan-pənir meyl buyurun.
– Əziz qonağımız ola bilərsiniz.
– Bu kasıb oğlanlarla da bir neçə dəqiqə vaxt keçirin!
– Özünüz, qardaşımız, xanımınız isə bacımızdır, əyləşin, başımızı uca edin!
Bir nəfər məni görürkən başına hərəkət verərək bu şeiri oxudu:
«Qovtim bahar ayəd eyşi bekonim,
Səd bar bahar ayəd bi ma güzərəd».
Biz sərxoşluq edən dəstələrin də yanından keçirdik, onların danışıqları başqa məzmunda idi:
– Qafqazlısan, namusuna qurbanam!
– Kişisiniz, sizə nökərçiliyimiz vardır.
– Allah mənə ölümü Bakıda qismət eləsin!
– Qurbanam sizə. Qoyun heç olmasa bir saatlığa dünyanı yadımızdan çıxaraq.
Onlardan biri piyaləsini mənə göstərib dedi:
– Sizin və Səttar xanın şərəfinə içirəm, tüfəngi qoyub gilası götürmüşəm, vaxt olar ki, yenə də tüfəngi ələ alarıq.
Oradan sürətlə ötüşdük.
Axşam saat səkkizə qədər bağı gəzdik. Sonra faytonlara oturub şəhərə qayıtdıq. Mən Tütünçüoğluna sabah axşam qaraçı evindəkiləri öyrənməyə gedəcəyimizi xəbər verib ayrıldım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-tebrizin-bahari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu günkü iclasda menşeviklər çıxışda bulunacaq idilər. Bolşevik fəhlələr bir-birinə xəbər vermiş, iclasda müvəffəqiyyət qazanmaq üçün vaxtında hazırlıq aparmışdılar.Pavluşa ilə Vasya iclasa çox gec gəldilər. Çox hissəsi menşeviklər tərəfində duran Bibiheybət fəhlələri sevinir və iclasda müvəffəqiyyət qazanacaqlarını düşünürdülər. Menşeviklər tərəfindən İlya Şendrikov çıxış etdi.
Menşeviklər burjuaziya xidmətindəHacı Zeynalabdın Tağıyevin özü də «1904-cü ilin axırları qorxulu və qarışıqdır» deyirdi.Bu gün həmin qorxulu günlərdən birisi idi.
Texniklər məktəbində gizli işJenyanın gimnaziya imtahanlarına hazırlıq işi texniklər məktəbi direktorunun iş otağında aparılırdı. Mixaylovski hər gün saat dördün yarısında öz kabinetində oturub Jenyanı gözləyirdi.Jenya gimnaziyaya hazırlaşmağa başladığı gündən Mixaylovski də ona öz sevgisini elan etməyə başlamışdı. O, Jenyanı cəmiyyət arasına çıxa biləcək ziyalı və mədəni bir qız edəcəyini, onun təhsil və tərbiyəsini gözəlliyi qədər yüksək dərəcələrə qaldıracağını vəd edirdi. O, hər gün öz kabinetində gül dəstələri, konfet, şokolad hazır etdirirdi, imtahana hazırlanmağa verilmiş iki saat vaxtın mühüm bir hissəsi sevgi fəlsəfələrinə, dostluq cümlələrinə sərf olunurdu.
Silahlı üsyan hazırlığı«Rus inqilabı labüddür. O, günəşin çıxması qədər labüddür!...Bu inqilabın başlıca qüvvələri şəhər və kənd proletariatı olacaqdır. Onların bayraqdarı isə siz cənab liberallar deyil, sosial-demokrat partiyası olacaqdır. Çar mütləqiyyəti tərəddüd etdiyi zaman bizim vəzifəmiz qəti hücuma hazırlaşmaqdır».
Стихи других поэтов
Məşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,
Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtimBürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,
Kütləyə dönmə, millətimKütlənin adı kütlədi,Kütlə xar edir milləti;
GülməlidirMən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.