Xüsusi iclas
Страница 1 из 6
İngilislərin Hacı Səməd xan Şücaüddövlə vasitəsilə həyata keçirdikləri xəyanətin acı təsirləri Təbrizdəki demokratları və eləcə də ziyalı və işçi təbəqəsini düşündürürdü.
Mürtəce qüvvələr dini təşkilatlar düzəldir və hər yerdə təziyə məclisləri təşkil edirdilər. Demokrat firqəsi bu təzə xəyanəti ifşa etmək barəsində xüsusi iclas çağırmağı qərarlaşdırırdı, lakin üç-dörd nəfərin bir yerə yığışıb danışmağı mümkün deyildi. Xalq ancaq təziyə məclislərində bir-birləri ilə görüşə bilirdi. Buna görə də xüsusi iclas Məşədi Kazım ağanın düzəltdiyi təziyə məclislərində baş tutacaqdı. Təziyə məclisi bərpa etmək hər kəs üçün məcburi bir vəzifə hesab olunurdu, çünki imkanı olan adamların təziyə məclisi bərpa etməməsi Hacı Səməd xanın şübhəsinə səbəb olurdu.
Bu iclasda firqə son hadisələr münasibəti ilə öz xətt-hərəkətini təyin edəcəkdi. Eyni zamanda firqə ingilis konsulxanası tərəfindən düzəldilmiş dini təşkilatın məramnaməsini müzakirə edəcəkdi.
Əlimizdə olan məlumata görə, İntizariyun firqəsi din və mövhumat mündəricəsi daşımaqla bərabər, siyasi məqsədlər də daşıyırdı.
İngilislər Təbrizdə Kərbəla ziyarəti təşkil edir, yoxsullardan ibarət zəvvar dəstəsinin içərisində öz əks-kəşfiyyatçılarını da o tərəfə göndərirdilər.
Xüsusi iclasda iştirak edən üzvlərimiz bu cəhətlərdə heç bir mübarizə təşkil etməməyi qərara aldı.
Lakin demokrat firqəsinin üzvləri din və mövhumatın genişlənməsi üçün ingilislərin aralığa atdığı təşəbbüslərə qarşı ciddi mübarizə aparmaq lazım olduğunu da qeyd etdilər. İngilislər Səttar xan hərəkatından aldıqları bir çox təcrübələr nəticəsində Azərbaycan xalqının dərin bir inqilabi duyğuya malik olduğunu bilirdilər. Xüsusən onlar Təbriz qadınlarının Səttar xan inqilabında iştirak etdiyini və altmış nəfərə qədər qadının əlində silah səngərlərdə «Azadlıq və istiqlaliyyətlə deyə can verdiyini unutmamışdılar. Bu məqsədlə də hər yerdə qadın təziyə məclisləri düzəltdirir və qadınların inqilabi hislərini din və mövhumatla çürütməyə çalışırdılar.
İngilislər Səttar xan zamanında ifşa edilmiş və bağlanmış siğəxanaları bərpa edir və inqilabi gəncliyin əxlaqını pozmağa səy edirdilər. Məqbərə və ziyarətgahlara müəyyən paralar buraxılır və qəbiristanlarda dini tablolar nümayiş etdirməklə, qadınları ora cəlb edirdilər.
Hacı Səməd xanın əmri ilə Sayınqələ, Tikantəpə və Külçətəpədən Təbrizə falabaxanlar, qaraçı qadını dəstələri cəlb olunurdu.
Bu və sair məsələləri müzakirə etdikdən sonra firqə aşağıdakı qərarı çıxardı:
Din təbliğatı əleyhinə mübarizə aparılan zaman çox ehtiyatlı hərəkət etmək lazımdır, çünki ehtiyatsız aparılan mübarizə əks-təsir də bağışlaya bilər.
Təziyə məclislərinin əleyhinə heç bir təşəbbüs edilməsin.
Siğə məsələlərinə toxunulmasın, ancaq qadınları yoldan çıxarıb siğə etdirən tək-tək adamlar ifşa edilsin və cəzalandırılsın.
Qadınlar üçün açılacaq təziyə məclislərini rövnəqdən salmaq məqsədi ilə kinolar və sairə ictimai əyləncələr təşkil edilsin.
Firqəyə təzə üzvlər qəbulu dayandırılsın, çünki ingilislər bu vasitə ilə firqə üzvlərini öyrənməyə çalışırlar.
Vali tərəfindən Təbrizə cəlb edilən cadugər və falabaxan qadınların Təbrizdən qovulması üçün adamlar təyin edilsin.
Səttar xan tərəfindən qapadılmış qadın bazarının Hacı Səməd xan tərəfindən açılmasına qarşı mübarizə təşkil edilsin.
Ümumi firqə iclası çağırılmamalıdır. Lazımi məsələlər firqənin rəhbər üzvləri vasitəsi ilə həll olunmalıdır.
9, İndiyə qədər siyasi siması bəlli olmayan firqə üzvlərinin üzərinə ciddi nəzarət təyin edilsin.
Osmanlı-alman tərəfdarlarının Rusiya və İngiltərə əleyhinə apardıqları təbliğata qarşı ciddi bir mübarizə təşkil edilsin, çünki osmanlı və almanların bütün təşəbbüsləri Azərbaycan xalqının zərərinədir.
Təbrizdən qaçan, öldürülən, zindanlarda yatan inqilabçıların ailələrinə kömək etmək üçün maddi yardım toplanilsın.
Xüsusi iclas bu vəzifələri ifa etmək üçün bacarıqlı adamların siyahısını düzəltdikdən sonra işini bitirmiş oldu.
Tütünçüoğlu Tacıqızı Züleyxanı çoxdan bəri təqib edirdi. Bu cürə qadınları isə ancaq qəbiristanlarda və ziyarətgahlarda tapmaq mümkün idi. Cümə axşamı idi, şəhərin qadınları tamamilə qəbiristanlarda və ziyarətgahlarda idilər.
Tütünçüoğlu Tacıqızı Züleyxanı təqib edib Gəcil qəbiristanında gördü, onun dalınca düşərək, Acudanl qapısına qədər gətirdi və orada:
– Ədabazın birisi, bəs niyə belə qaçırsan? Dur görək nə var, nə yox? – dedikdə Tacıqızı acıqlı bir surətdə dönüb dedi:
– Haramzadanın birisi, günün günorta çağında nə üçün mənim dalımca düşmüsən? Bicin birisi, sizin əlinizdən xalqın övrətləri qəbiristana dolana bilməyəcəkmi?
– Ay Züleyxa, niyə acıqlanırsan? Sən bal deyilsən ki, küçənin ortasında barmaqlayım?
Tacıqızı Züleyxa bu sözə təəccübləndi, barmağını dişinə qoyaraq danışdı:
– Vay, mənim başıma kül olsun! Bu küçə gədə-güdəsi mənim adımı haradan öyrənibdir? Mən ərimə nə cavab verə biləcəyəm? Mən xalqın üzünə necə baxacağam?
– Özünü ələ al, hökm deyil ki, küçədə danışan arvad əxlaqsız arvad olsun. Adam küçədə anası ilə, bacısı ilə də rast gəlib danışır. Gül deyilsən ki, dərib yaxama taxım, bir söz deyəcəyəm, qəbul edərsən də atan rəhmətdə, qəbul etməzsən də atan rəhmətdə. Bundan acığın niyə gəlir?
– Əlbəttə ki, acığım gələr. Övrət tayfası elə bir şeydir ki, güldən də tez ləkə götürər. Bəlkə, burada məni ərim görəydi, bəlkə, burada qardaşlarıma, qayınlarıma rast gələydim?1 Onda mən canımı hara qoyardım? Onda səni tikə-tikə doğrasaydılar kim qabaqlarına duracaq idi? Heç bilirsən mən kiməm? Heç bilirsən mənim tayfam kimdir?1
– Ayqız, niyə acıqlanırsan? Mən sənin nə qulluğunu əlindən alıram, nə də deyirəm ki, sən nanəcib yerdənsən. Ancaq deyirəm ki, qoy bir sözüm var, sənə yetirim. O ki qaldı tanışlığımıza, biz bir-birimizlə çoxdan tanışıq.
" Acudan – adyutant, yavər deməkdir.
Tacıqızı Züleyxa yenə də acıqlandı:
– Qələt eləmə, küçə gədəsi! Verərəm nökərlərimin əlinə, o qədər döyərlər ki, adın yadından çıxar. Mən səninlə nə üçün tanış oluram? De görüm hansı xalçanın qırağısan?
– Yaxşı, mənim nə təqsirim vardır ki, məni döydürürsən?
– Çünki sən küçədə namuslu, varlı arvadların dalınca düşürsən. Bu saatda tutdurub verərəm Hacı Şücaüddövlənin əlinə, onda yaxanı hara qoyarsan?l
– Yaxşı, nə ad qoyub məni tutduracaqsan? Heç bilirsən mən sənə nə demək istəyirəm?
– Niyə də bilmirəm. Kişi arvada nə deyəcəkdir?
– Sən mənə qulaq as, gör nə deyirəm, hərgah xoşuna gəlməsə, yenə də ixtiyar səninkidir.
– De görüm sözün nədir? Amma onu da bil ki, mən sənin dediyin arvadlardan deyiləm hal Mən hələ indiyə qədər naməhrəmlə danışmamışam.
– Mən ki, naməhrəm deyiləm, dediyim də budur ki, gəl yenə də tanış olaq, sən ki, məni tanıyırsan, mən ki, özgəsi deyiləm, nə üçün hövsələdən çıxırsan?
– Mən səni haradan tanıyacağam? Qələt eləməyinə bax!
– Sən məni Seyid İbrahim məqbərəsindən tanıyırsan! Sən məni daş qapılı bağda, mil dibində, Hacı Allahyar bağında görmüsən.
– O mən deyiləm, bibim qızı Zəhradır. Canı yanmış lap mənə oxşayır.
– Yaxşı, bir saatlığa qoyaq ki, bibin qızı Zəhradır, sən deyilsən. Adamın adamla tanış olması günahdır? Adamın adama işi düşər, sən mənim sözümə baxsan, bizim də işimiz düzələr, sənə də xeyir olar.
– Necə yəni işimiz düzələr?l Məgər səndən savayı bir başqasıdamı vardır?
– Bəli, bir də yoldaşım vardır.
– Amma sən onu da bilməlisən ki, mən evimə hər qor-qoduğu buraxmaram, onu da bilirsənmi?
– Ay Züleyxa, sən hələ də bizi qor-qoduq hesab edirsən, biz elə də alçaq-ulçaq cahillərdən deyilik, sənin evində cib dolusu qran da xərcləyə bilərik.
– Sənin adın nədir?
– Mən qaraməlikli İbrahiməm, Hacı xan Sərtibin bacısı oğluyam.
– Çox yaxşı, indi nə istəyirsən?
– Nə istəyəcəyik, subay oğlanlarıq, iki nəfər tapıb siğə etmək istəyirik.
– Bəs mən özüm?
– Sən öz yerində, sənə həmişə qulluq edə bilərik. Hələlik iki nəfər tapıb bizim üçün bir yaxşı kef düzəldin.
– Mənim əlimdə olan qızlar özgə yerə getməzlər.
– Getməsinlər, qoyun sizin evinizdə olsunlar.
– Amma çox ucuz oturmayacaq hal..
– Nə qədər lazımdır?
– İki nəfər siğə üçün on tümən. Siğə pulu bir tümən, ev kirayəsi iki tümən, yemək, içmək, məzə isə sizin özünüzdən asılıdır.
– Heç bir sözüm yoxdur. Bu da bizim gözümüz üstə, daha nə qulluğun vardır?
– Amma bu gecə olmaz.
– Nə üçün?
– Bu gecə lazımlı qonaqlarım vardır.
– Biz də bir qonaq, nə eybi var?
– Elə adamlardır ki, bəlkə də, siz onlardan çəkindiniz?
– Kimdirlər ki, biz onlardan çəkinək?
– Birisi Kazımdır, birisi də Süleyman!
– Biz onlar ilə çox yaxşı dostuq, nə üçün onlardan çəkinirik?
– Elə isə axşam qaş qaralanda gəlin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-xususi-iclas
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şərqin qalib və yorulmaz hökmdarı Səlahəddin Əyyubinin ölüm xəbəri Şərqdə böyük dəyişiklik yaratdı. Sərhədlər və xəritələr tez-tez şəklini dəyişdi, xəlifə bayrağı altında hökumət sürən bir çox Atabəy özünü müstəqil elan etdi.Musil Atabəyi Məsud, Səlahəddinin ölümündən istifadə edərək, bir tərəfdən Suriya, o biri tərəfdən də İraq və İran tərəflərinə qoşun göndərməyə və məmləkətini Toğrulun məmləkəti hesabına genişləndirməyə qərar verdi.
HəmdünyanToğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi.Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi.
NaxçıvanToğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı.Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı.
Toğrulun qətliSəlcuqilərin son hökmdarı olan III Toğrulun səhvləri üzündən, səlcuqilərin və onların atabəyləri olan Eldəniz xanədanının tədbir və qəhrəmanlıqları sayəsində düzəlmiş imperatorluq dağılmağa başladı. Məmləkət parçalara bölündü. Toğrulun azərbaycanlılarla olan son müharibəsi onun hökmranlığına son qoydu.Azərbaycan ayrılıqdan sonra, Rey və İraqda Toğrula qarşı uzun-müddətli müharibələr başlandı. Bir kərə Qəzvin altında əzilərək Xarəzm şahı Sultan Təkişin yanına qaçmış Qütlüğ İnanc orada çox böyük hörmətlə qarşılandı. Qütlüğ az zaman Xarəzmdə qalandan sonra Xarəzm ordusu ilə bərabər İraqa hücuma başladı.