XXI. Esterin romanı
Страница 4 из 5 · 60%
Sofiya dedi:
– Mənim sizin partiyanın kütləvi olub-olmaması ilə işim yoxdur. Mən öz qızımın sözünü danışıram. Mən səndən tələb edirəm ki, Hamazasb mənim evimdən ayağını çəksin; mən tələb edirəm ki, sən bir də mənim yanımda: «Mənim iki övladım vardır, birisi Ester, birisi də Hamazasb» deyə təkrar etməyəsən!
Araratyan əlindəki qəzet ilə Sofiyanın üzündən vuraraq:
– Kəs səsini! – dedi. – Bilmirəm sən bu alçaqlığı nə zaman buraxacaqsan!
– Mən alçaq deyiləm, ancaq alçaq işləri və alçaq adamları görməyə gözüm yoxdur! Mən heç vaxt onun, on yaşlı qızımı qucaqlayıb öpməsinə razı ola bilməyəcəyəm!
– Get gözümdən, ədəbsiz! – deyə Araratyan Sofiyanın üzünə bir şillə vurub qovdu.
Qonaqlar gəlirdi, Hamazasb və ev xidmətçisi süfrə döşəyirdi. Yeməkdən əvvəl, Araratyan daşnaq rəhbərlərini kiçik bir otağa toplayaraq Qafqaz canişini Vorontsov-Daşkova yazdığı ərizənin qaralamasını oxuyurdu:
«Həşəmətli Qafqaz canişini Vorontsov-Daşkov cənablarına.
Biz, sizin və Qarabağ general qubernatoru cənab Baranovskinin köməyi ilə, erməni revolyusionerlərinin planlarını pozduq. Bizim ermənilər və müsəlmanlar arasında apardığımız təşviqat nəticəsində erməni-müsəlman ittifaqı baş tutmadı.
Ağ-oğlan monastrında çağırılmış iclasda erməni-müsəlman ittifaqı məsələsi qoyulmuşdusa da bizim fəaliyyətimiz sayəsində Divanəli, Veysəlli kəndliləri onu tamamilə rədd etdilər.
Artıq erməni-müsəlman ittifaqı məsələsi xəyal olub qaldı, çünki hər iki millət hazırda bir-birinə qarşı vuruşmağa başlamışdır. İttifaq üçün çağırılan kəndlilər indi ermənilərlə vuruşurlar. Qarabağda erməni-müsəlman davası düşdü.
İğtişaş Cəbrayıl qəzasına sirayət etdi. Divanəli, Veysəlli, Qaçar, Qarabulaq, Çəmənli, Ağbulaq, Arış, Qışlaq, Məzrə və sair kəndlər bir-birini qırıb dağıdır.
Lakin bu tərəflərdə müsəlman kəndləri bir-birinə yaxın olduğundan, ermənilər böyük tələfat vermişlər.
Yalnız Divanəli və Veysəlli kəndlərindəki müharibədə 600 nəfər erməni ölmüşdür. Müsəlmanlar isə 50 nəfər tələfat vermişlər.
Cəbrayıl və Qaryakin qəzasında aşağıda göstərilən kəndlər dağılmış və əhalisi məhv olmuşdur: Əfşar, Dudukçu, Naxolu, Ağbulaq, Xərmənçik, Dolanlar, Xoşəndam və sairələr. Biz erməni camaatının başçıları bunu demək istəyirik: General Qoloşşapov cənabları general Baranovskinin siyasətini dəyişdiyindən və hökumət qoşunu yalnız Şuşadakı ermənilərə yardım üçün saxlayıb ətraf qəzalara və kəndlərə kömək vermədiyindən yuxarıda göstərilən kəndlər məhv edilmişdir. Buna görə də mahaldakı ermənilərə hökumət qoşunu kömək verməlidir.
Qarabağda baş verən hadisələrdə də ermənilər qalib çıxa bilməmişlər. Orada bizim adamlar işi çox yaxşı başladı. Avqustun səkkizində, şəhər kənarındakı Zarıslı kəndində dörd erməninin öldürülməsi xəbəri şəhərə yayıldı, mənim tapşırığım ilə Maşuriyans, Atabəyov, Doluxanov Zarıslı kəndində öldürülən ermənilər şəhərə gətirmək üçün atlandılar. Bazar içərisindən keçib «İravan qapısı» məhəlləsinə getdilər. Bu xəbərdən şəhər əhalisi küyə düşdü; müsəlmanlar məscidə, ermənilər kilsəyə toplandılar. Bir az sonra atdan yıxılıb yaralanmış bir ermənini şəhərə gətirdilər. Ermənilər bunu görüb həyəcanlandılar, erməni bazarından keçən Qara adlı bir müsəlmanı öldürdülər.
Bu xəbər müsəlmanlar arasında yayılar-yayılmaz həyəcan başlandı.
Şəhərdə və kəndlərdə şiddətli müharibələr gedir. Avqustun 16-dan 21-nə qədər olan vuruşmalarda, cənab canişinin bütün göstərişlərinə əməl edilmişdir. Lakin bizim bir çarəmiz də var ki, cənab Qoloşşapovun Qarabağdan geri çağırılması məsələsinə diqqət verilsin. Çünki buranın vəziyyətinə cənab Qoloşşapovdan da gözəl tanış olan bir zat yoxdur.
Biz heç bir zaman general Fleşer, general Baranovski, yaxud general Aleptanın Qarabağa general-qubernator təyin edilməsinə razı ola bilməyəcəyik. General Qoloşşapovun bəzi səhvlərinə baxmayaraq, o, həm erməni, həm də müsəlman xalqının ruhunu bilir. Biz, bütün erməni xalqı adından bir daha rica edirik ki, gələcək hadisələrdə hökumət qoşununun ermənilərə tərəf durmasını təmin edəsiniz: çünki onlar cənab canişinin tələblərini yerinə yetirmək uğrunda böyük tələfat vermişlər.
Xalq arasında oyatdığımız millətçilik ruhu üçün və inqilaba qarşı hərəkatın sönməsi üçün cənab canişin bizə verdiyi vədinə tamamilə vəfa etməlidir».
İclas yenicə bitmişdi. Araratyan bütün daşnaq rəhbərləri tərəfindən imzalanmış ərizəni bükub portfelinə qoyduğu zaman Hamazasb həyəcanla içəri daxil oldu:
– Əmi, nə oturmusunuz?! – dedi, – Durun! Bədbəxt hadisə üz vermişdir.
– Nə bədbəxt hadisə?!
– Sofiya xanım ölür!
– Ölür?!
– Bəli! Halı çox xarabdır! Ölmək üzrədir.
Araratyan o qədər də tələsmədi; o, ərizəni qoyduğu portfeli sandığa qoyub bağladı. Açarı şalvarının dal cibinə salıb Sofiya xanımın otağına girdi.
Doktor Araratyan, Sofiya xanımın çöhrəsinə baxan kimi:
– Naçins qızı zəhər içmişdir! – dedi və ətrafa baxdı. Zəhərli stəkanı gördü və dərhal qayıdıb o biri otaqdan bir stəkan dərman gətirdi.
Sofiya xanım yerində ilan kimi qıvrılırdı. Nə yalvarır, nə də danışırdı. O, qızı Esteri qucaqlayıb onun saçlarını oxşayırdı. Ester onun dodaqlarından öpmək istəsə də o geri çəkilərək mane olurdu.
Doktor Araratyan əlindəki stəkanı ona təqdimlə:
– Ölmək istəmirsənsə, – dedi, – bu dərmanı tez içməlisən!
Sofiya gözlərini çevirib Araratyanın üzünə açıqla baxdı. Əlini uzadıb dərmanı aldı, yerə tökdü, stəkanı kənara atdı və:
– Get gözümün önündən! – dedi. – Sən qatilsən. Sən öz şöhrətin üçün bütün erməni xalqını məhv edirsən! Sən minlərcə erməni və müsəlman kəndlilərinin qatilisən. Yüzlərcə kəndlinin qarət olunmasına və yandırılmasına sən fitva verdin!
Araratyan və Hamazasb dayanıb heyrətlə dinləyirdilər, Sofiya xanım deyirdi:
– Sən, yanında duran o alçağın vasitəsilə fağır bir erməni çobanın öldürülməsinə fitva verdin: çünki o namuslu idi; çünki o, erməni və müsəlman xalqının bir-birini qırmasına soyuqqanlılıqla baxa bilmirdi. Sənin, dağlarda dilənçi kimi həyat keçirən müsəlman çobanlarını qırdırmağına soyuqqanlı baxa bilmirdi. O gedib çobanlara xəbər vermiş, onları qaçırtmışdı. Sən ondan intiqam aldın. Hamazasbın vasitəsilə onu öldürtdün!
Araratyan yüyürüb Sofiya xanımı döymək istərkən, qulluqçu qadın onun ayaqlarına yıxılıb yalvardı.
Sofiya xanım yavaş-yavaş danışırdı:
– Ester! Mən hər gün ölməmək üçün bir kərə ölürəm. Sən Hamazasb kimilərə həmişə düşmən olmalısan. Çünki o da, sənin atan da erməni və müsəlman xalqlarının düşmənidirlər!
Bundan sonra Sofiyanın səsi kəsildi. Esterin fəryadı ucaldı:
– Ana! Ana! Aç gözlərini, aç! Ana, mənim üzümə bir də bax! Məni də özünlə apar!
Sofiya xanım bir daha gözünü açmadı, o daşnaq rəhbərini görmək istəməyən gözlərini əbədi olaraq qapamışdı.
Kənd qadınları Esteri cənazə üstündən qaldırıb apardığı zaman Hamazasb kibrit çəkib Araratyanın papirosunu yandırırdı. Hələ Sofiya xanımın meyidi aralıqda idi. Faytonçu içəri girərək Araratyanı səslədi:
– Ağa, fayton hazırdır!
Doktor Araratyan ayağa qalxaraq şalvarının dal cibindən açarı çıxartdı. Sandıqdakı portfeli götürüb faytona əyləşdi. Çünki o, Yevlax stansiyasına gedib Qafqaz canişini Vorontsov-Daşkov cənablarına yazdığı məktubu Tiflisə göndərməli idi. O, Hamazasbla faytona oturdu.
Meyidi kəndlilər basdırdılar. Araratyan bir gün sonra kəndə qayıtdıqda, Sofiyanın harada basdırıldığını belə soruşmadı.
O, Ester yatan otağa girdi. Ester yuxuda idi. Araratyan onun başı üstündə oturub saçlarını sığallayırdı.
Ester ayıldı, yenə də anasının faciəsini xatırlayaraq ağladı və Araratyanın əllərini kənara ataraq üzünü yana çevirdi.
Araratyan sual verdi:
– Sən kimin qızısan?
Esterdən səs çıxmadı, o ancaq ağlayırdı. Araratyan bir də soruşdu:
– Səndən soruşuram: sən kimin qızısan?
Ester üzünü qorxa-qorxa çevirib:
– Mən anamın qızı idim. İndi isə o yoxdur.
– Sən mənim qızım deyilsənmi?
– Yox!
– Nə üçün?!
– Çünki sən məni anasız qoydun. Onu sən öldürdün.
– Çünki o ölməli idi. O sənin xoşbəxt olmağına razı deyildi. Bundan sonra sən mənim qızım olacaqsan. Sənə hər şey alacağam.
– Mən heç bir şey istəmirəm! Ancaq anamı mənə yetir!
– O bir də bura qayıtmayacaqdır. Qoy qayıtmasın, çünki o yaxşı ana deyildi. Sənə ondan da mehriban, ondan da yaxşı bir ana tapacağam, sən heç vaxt ananın sözlərini yadında saxlama, sən yaxşı qız ol, mən səni həmişə sevəcəyəm, səni özümlə bərabər hara desən aparacağam.
Ester bir az düşünərək:
– Mən anamdan başqa heç bir kəsi sevməyəcəyəm. Çünki məni sevən ancaq yazıq anam idi: mən səni heç vaxt sevməyəcəyəm? Çünki anamı mənim əlimdən alan sənsən!
Araratyan qızarmış bir halda ayağa qalxdı və:
– Sən də onun qızısan! Sənin də anan kimi bir tərəfin nanəçibdir!—deyə yorğanı onun başına çəkdi və eşiyə çıxarkən şəhərdən pristav və sudyanın gəldiyini gördü.
Araratyan onları başqa otağa apardı, nahardan sonra, Sofiya xanımın ölümü haqqında belə bir protokol yazıldı:
«1905-ci il, avqust ayının iyirmi birində, gecə saat birin yarısında doktor Araratyan cənablarının qadını Sofiya xanım, qaranlıqda, öz ev aptekasını açıb baş ağrısı dərmanı əvəzinə zəhər içmişdir. Sofiya xanım hələ canı çıxmamış bunu cənab doktorun özünə söyləmişdir. Hamazasb və ev qulluqçusu da bu sözləri eşitmişlər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-xxi-esterin-romani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gəncə çayının coşqun ləpələri bahar günəşinin qızıl saçlarını böyük bir həyəcanla çimdirməyə başlamışdı. Bahar fəzasına məxsus pənbə buludlar mayıs gülünün qırmızı yanaqlarını kirşanlamağa hazırlanırdı. Şimali Midiyanın lətif təbiəti bağçaların boyuna biçdiyi yaşıl və çiçəkli donu tikib, bitirmək üzrə idi.Kəpəz dağından əsən külək fəzada nazlanan buludları Xanəgah kəndinin meşələrinə doğru sürdüyü zaman, şam ağacları da ağır-ağır başlarını əyirdi.
HüsaməddinQətibə başını əlləri arasına alıb Hüsaməddini diqqətlə dinləyirdi. Lakin Hüsaməddinin bir saatdan bəri ortalığa atdığı məsələlərin heç birisi Qətibənin eşitməmiş olduğu məsələ deyildi, çünki Hüsaməddin daima Qətibəni gördüyü zaman bu cür söhbətlərdən başlayırdı. O yenə də sözünü öz qəhrəmanlığından başlamışdı:– Mən yalnız Araz ölkəsinin qəhrəmanı deyil, bütün Azərbaycanın tanınmış və sınanmış qəhrəmanıyam. Siz özünüz bilirsiniz ki, Əmir həzrətlərinin hökmranlığı ancaq mənim qılıncımın sayəsində möhkəm olur. Pozulan cəbhələr, boğulan üsyanlar, tökülən qanlar, yüzlərcə qurbanlar da buna şahiddir. Bunun səbəbinədir ki, atanız mənim xidmətlərimi sizin gözəlliyinizlə mükafatlandırmaq vədəsini vermişdir. Atanız indi də öz sözünün üstündə durubdur, lakin mən sizdə bu meyli görə bilmirəm. Siz mənə adi adamlara baxan kimi baxır və mənim qəhrəmanlığımı qiymətləndirmirsiniz. Çox təəssüf ediləcək bir haldır ki, mənim sevgimi, mənim səadətimi yoxsul bir şairin əlinə tapşırmaq istəyirsiniz.
FəxrəddinMüşavirədə İlyas Fəxrəddinlə görüşərkən, birinci növbədə xaqanın göndərdiyi məktubu göstərdi. Şirvan xaqanı Əbülmüzəffər məktubda İlyası Şirvan sarayına dəvət edir və yazırdı:“Son şeirlərinizi oxudum, məndə böyük, unudulmaz bir təsir buraxdı. Xüsusən bahara yazdığınız şeir doğrudan da məndə həqiqi bir baharın nəşəsini yaratdı. Lakin məni düşündürən qorxulu bir məsələ vardır. O da Aran məmləkətinin düşdüyü ağır vəziyyətdən ibarətdir. Hazırda Aran və hətta Cənubi Azərbaycan belə hadisələr yuvasına dönmüşdür. Aranlılar və ümumiyyətlə azərbaycanlılar 515-ci illərdəki azərbaycanlılar olsaydılar, vəziyyət məni heç də düşündürməzdi. Hazırkı vəziyyətdə böyük şairin həyatına qarşı sui-qəsd edilməyəcəyinə əmin ola bilmərəm. Çünki Azərbaycan xalqının azadlıq duyğuları 515-ci illərdə olan şəkildə deyil. Onlardakı köhnə və ənənəvi azadlıq hissləri sönmüşdür.
DilşadBu gecə Əmir İnanc həddindən artıq içmişdi. İstinin şiddəti də onun sərxoşluğunu artırmış və hissiz düşüb qalmasına səbəb olmuşdu. Rəqqasələr və saqilər bu vəziyyətdən istifadə edərək çəkilib yataq otaqlarına getmişdilər. Xidmətçi və cariyələrdən də bir çoxu gözə dəymirdi. Gecə saat 2-də cariyələr və qulamlar Əmiri sərxoş bir halda xalçanın üstünə qoyub yataq otağına gətirdiyi zaman Əmirin süfrəsindən qayıdan artıq şərabları da Əmirin saray qarovulları içib bitirmək üzrə idi. Saray həyatı büsbütün dayanmışdı. Otaqlarda yanan şamdanlar söndürülmüşdü. Piy çıraqlarının piltələri yanıb böyrü üstünə düşürdü.Əmirin qapısında yanan fənərlərin piltəsindən qalxan sünbül biçimli alovlar minlərcə pərvanəni yandırıb səkidə mürgüləməkdə olan qarovulun başına tökürdü.