Страница 2 из 3 · 33%

Qapının zəngi çalındı. Qapıçı ingilis miralay Sondersin gəldiyini bildirdi. Leyla təcili ayağa qalxaraq, çamadanı evin ortasına qoydu və şkafdakı paltarları ortalığa tökdü. Sonders içəri daxil olduqda Leyla xanımı səfərə hazırlaşan görüb dedi:

– Mən də xanımın yanına bunun üçün gəlmişdim. Xanımı gəmiyə aparmaq üçün mənim öz xüsusi maşınım saat 10-da göndəriləcəkdir. Bəlkə də gəmilər saat 11-də limandan uzaqlaşdı, çünki çəbhələr tamamilə tərk olunur. Gecə türk süvarilərinin şəhərə girməsi ehtimal olunur.

Leyla həyəcanlı bir vəziyyət alaraq dedi:

– Aman, miralay, ehtiyatlı olun! Maşın göndərməyə lüzum yoxdur. Mənə əlli göz baxır, məni təqib edənlər fürsətdən istifadə edə bilərlər. Faytonda gələcəyəm. Ancaq məni körpüyə buraxmaq üçün vəsiqə lazımdır.

Miralay Sonders razılaşdı: «İngilis dostlarını» körpüyə buraxmaq və Bakıdan qaçırmaq üçün düzəldilmiş vəsiqələrdən birisini çıxarıb Leyla xanıma verdi və dedi:

– Körpünün qapısında duran mayor Leydir. O, vəsiqəsiz də sizi tanıyır.

O, sonra da generalın xüsusi məktubunu çıxarıb Leyla xanıma təqdim etdi və vidalaşıb ayrıldı.

Leyla generalın məktubunu açdı.

«Möhtərəm Leyla xanım! Sizi gəmiyə aparmaq üçün özüm gələ bilmədim. Çünki ordunu köçürmək üçün bütün məsuliyyət mənim öhdəmdədir. Sizə özümün və ərkani-hərbi gəmisində xüsusi otaq hazırlanmışdır. İstirahətiniz təmin ediləcəkdir. Sizi köçürmək vəzifəsi miralay Sonders cənablarına tapşırılmışdır.

General Denster-Vil».

14 sentyabr.

Leyla məktubu stol üzərinə atdı, ortalığa töküdüyü paltarını və çamadanları götürüb yerinə qoydu. Telefon dəstəyini götürüb Araratyanın evinə zəng etdi:

– Doktorun özüdürmü?.. Axşamınız xeyir olsun!.. Cənab doktor, hazırmısınız?.. Mən də hazıram! Bu saat miralay Sonders, generalın məktubunu gətirdi. Mən generalla ərkani-hərbin yerləşdiyi gəmi ilə gedəcəyəm. Mən çox arzu edərdim ki, biz birlikdə gəmiyə gedə idik. Doğrusu mən çox qorxuram, azərbaycanlılar məni təqib edir. Mən sizin yolunuzun üstündə yaşayıram. Köçüb Hacının evinə gəlin. Oradan birlikdə körpüyə gedərik.

Esteri telefona çağırın!... Beş dəqiqə?!.. Eybi yoxdur... Rica edirəm Estərə mənim dilimdən salam söyləyin!

Leyla dəstəyi yerinə asdı.

Beş dəqiqə sonra telefon zəngi çaldı. Leyla tələsik dəstəyi götürdü.

– Dinləyirəm... ay qız, harada idin?.. Vannada?.. Yola çıxmaq vaxtında da vannaya gedərlərmi!.. Ester, mən istəyirəm ki, yığışıb bura gələsiniz, birlikdə gedək. Nə üçün?.. Miralay Keyvort?.. Qoy gəlsin!.. Miralay Sonders generaldan məktub gətirmişdi. Birlikdə gedərik... Çünki mən sənsiz getmək istəmirəm. Leyla acıqlı halda dəstəyi asaraq evi dolaşmağa və öz-özünə danışmağa başladı:

«Mən bu erməni qızını ələ gətirə bilməyəcəyəmmi?»—deyə otaqdan çıxdı.

Salonda paşalara səhər yeməyi vermək üçün ziyafət hazırlanırdı.

Hər şey öz yerində idi. Leyla hazırlıq işlərini gözdən keçirdikdən sonra şəhərin kənarında yerləşən Türkiyə ərkani-hərbinə telefon etdi.

– Düz saat 10-da ingilis qoşunları çəbhəni tərk edir. Araratyanın qızını bir saat sonra həbs edəcəyəm. Onlar bu gecə ingilislərlə bərabər İrana köçür. İngilislər «Abo» və «Kursk» gəmisinə toplanırlar. Gəmilər saat 11-də Bakı limanından çıxacaqdır. Şəhər başlı-başına qalmışdır. Xalqın böyük bir hissəsi körpülərdədir.

Araratyan çox tələsirdi. O, ingilislərin müsaidəsilə əlinə gələni gəmiyə daşıyırdı. Ester də öz şeylərini və zinətlərini iki kiçik çamadana doldurmaqda idi. O, heç də tələsmirdi və atasının həyəcanına cavab olaraq deyirdi:

– Nə üçün də biz tələsirik? Madam ki, otağımız gəmidə hazırdır, madam ki, biz ərkani-hərbin gəmisində gedirik, daha tələsməyə nə lüzum var?

Araratyan qızına nəsihətverici halda dedi:

– Qızım, demirəm ki, sən ağılsız qızsan. Lakin bəzi mühüm işlərdə çox soyuqqanlı tərpənmək də yaramaz. Özün bilirsən ki, Mərkəzi Kaspi Diktaturası üzvləri gizlənmək üçün siçan deşiyi arayırlar. Onlardan bir-ikisi gedib yerimizi tutsa nə deyə biləcəyik? İngilislər də heç vaxt onların xatırına dəyməz.

Ester:

– Keyvort bizə ehtiram bəsləyir, nə olur-olsun o, bizim istirahətimizi təmin edəcəkdir,—deyə Araratyanı təskin edirdi.

Miralay Keyvort daxil oldu. O, Esterin getməyə hazırlaşdığını görüb həddən artıq sevindi. Çünki Ester neçə gün bundan əvvəl nə İran, nə Türküstana gedəcəyini və ancaq Bakıda qalacağını söyləmişdi.

Keyvort dedi:

– Gəminin hərəkət etməsinə saat yarım qalmışdır. Bir saatdan sonra şəhərin asayişini saxlamaq üçün təyin edilmiş ingilis gəzmə qoşun dəstələri də götürüləcəkdir. Şəhərdən qoşun çəkilməmiş, siz gəmiyə getməlisiniz. Bəlkə də qoşun çəkildikdən sonra iğtişaş və talan başlandı.

Ester qara gözlərini ingilis miralayına çevirərək soruşdu.

– Bizim gəmiyə tez getməyimizdən maraqlanırmısınız?

Miralay öz hiyləgər və ingilis diplomat dilini işə saldı:

– Əlbəttə maraqlanıram! Siz mənim Qafqaz səfərimdən canlı bir xatirəsiniz. Mən London xalqı arasında fəxr edəcəyəm. Mən heç vaxt iftixar etdiyim bir familiyanı təhlükə qarşısında qoyub getməyəcəyəm.

Ester nazlanır və şeylərini yığmağa o qədər də tələsmirdi.

O dəstəyi götürüb Leylanı səslədi.

– Leyla xanım! Şeylərini faytona qoy, bizə gəl! Miralay da buradadır. Gəl!.. Gəl!.. Gəl!.. Buradan birlikdə gəmiyə gedək... Nə üçün?.. Eybi yoxdur! Faytonla gəl bizə, bir yerdə getdikdə sənin şeylərini də Hacının evindən faytona qoyub apararıq... İnana bilərəmmi? Bircə dəfə de ki, «sənin canın üçün gələrəm» mən inanım... İndi isə inandım... Tez-tez!..

Ester miralaya dedi:

– İndi hər şey bitdi. Leyla xanım da bizə gəlir. Birlikdə getdiyimiz vaxt onun da çamadanlarını götürüb faytona qoymalıyıq.

Miralayın gözləri işıqlandı və ümidləri canlandı; o qoynundan çıxardığı iki parça kağızı Esterə verib dedi:

– Bunlar körpüyə keçmək üçün vəsiqədir. Körpünün qapısında mayor Ley duracaqdır. Onun özünə də tapşırmışam. Mən daha dura bilməyəcəyəm, çünki ixtiyarımda olan hissələrin gəmilərə yerləşdirilməsinə nəzarət etməliyəm.

Keyvort Esterin əlini öpdü və eşiyə çıxdı.

Ester yenə tələsmirdi. Araratyanın təkidinə, təhqiredici sözlərinə baxmayaraq, Esterin hər parça şeyi götürüb çamadana qoyması bir neçə dəqiqə çəkirdi. Qapıda bir fayton dayandı. Bu fayton Esteri götürməyə və Leylanın əmri ilə aparıb Bakı evlərinin birində həbsə almağa gələn fayton idi. Digər faytonda da Leyla xanım gəlmişdi. Leyla xanım Esteri özü ilə götürüb aparmaq üçün öz şeylərini də Hacının evindən çıxarmışdı. Çünki ingilislərin Esteri axtarmaq üçün Hacının evinə gələcəyindən qorxurdu. Leyla xanım içəri girdikdə Esteri qucaqlayıb öpdü və dedi:

– Nə üçün təxir edirsiniz?! Gəmilərin hərəkətinə az qalmışdır.

Bu sözdən sonra Leylanın özü də Esterə şeylərinin toplanmasına yardım etməyə başladı. Onlar şeyləri götürüb aşağı düşdüyü vaxt gəmilər də ikinci dəfə fit verib deyirdi: «Qaçmaq istəyənlər təxir etməsin!»

Faytonlar bir-birinə qarışmışdı: hamı qaçır, ancaq sahilə, körpülərə doğru qaçırdı. Faytonlar erməni burjuaziyasının qapısında durub zəngin çamadanlarla yüklənib körpülərə yollanırdı. Araratyanın nökərləri şeyləri pilləkənlərdən düşürüb faytonlara yığırdı. Hamıdan sonra Leyla ilə Ester aşağı endi, qapının qabağında duran faytonçulardan biri Leyla xanıma müraciətlə dedi:

– Xanım, buradayam! Buyurun əyləşin!

Leyla xanım, öz faytonu zənn edərək çıxıb əyləşdi. Ester də çamadanlarını qoyub oturdu.

Araratyan şeylərini iki faytona yığdı. Birində özü, o birisində xidmətçisi əyləşdi. Onların faytonları qabaqca, Leyla və Esterin oturduğu fayton isə arxada gedirdi. Bir az sonra Leyla və Ester əyləşən fayton yolunu dəyişdi. Bu yol körpüyə gedən yol deyildi. Lakin Leyla və Ester buna etiraz etmir və danışmırdı. Leylanın fikrincə, fayton onu Hacının evindən götürən faytondur ki, o, Esteri həbs etmək üçün təyin olunmuş evə aparmaqdadır. Lakin bir az sonra fayton öz yolunu yenə dəyişdi. Leyla həyəcanlandı və faytonçuya sual verdi:

– Sən məni hara aparırsan?

Faytonçu yavaşıdı və dedi:

– Həbsxanaya!

Leyla bir az sakit oldu, faytonçunun öz faytonçusu olduğunu və Esteri həbsxanaya aparmaq istədiyini zənn etdi. Lakin o yenə də bu yollardan şübhələnirdi, çünki bu yol yuxarı məhəllələrə deyil, neft mədənlərinə doğru idi. Fayton sürətini artırdı. Leyla artıq yoldan uzaqlaşdığını yəqin edərək dedi.

– Qaytar!.. qaytar, deyirəm sənə!—Fayton durdu. Dalınca gələn bir fayton da onlara yanaşdı. Faytondan iki nəfər düşüb Leyla və Ester oturan faytona çıxdı. Onlar tapançalarını çıxarıb qızların köksünə dirədilər:

– Susun! Yoxsa hər ikiniz öləcəksiniz!

Faytonçular atları döyməyə və mədənlərə doğru sürməyə başladılar.

Leyla xanım yalvarıcı bir səslə:

– Mərhəmət edin! Məni haraya aparırsınız?—dedikdə Heydər cavab verdi:

– Sən Rayanı göndərdiyin yol ilə gedirsən!

Leyla məsələni anladı və dedi:

– Mən Rayanı heç bir yerə göndərməmişəm. O, Şimali Qafqaza getmişdir.

Bu sözdən sonra silahlılardan biri dilləndi:

– Raya Şimali Qafqazdan qayıtmışdır. Tapançanı sənin köksünə dirəyən Rayanın özüdür!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

IX. Sui-qəsdin ifşa edilməsi

Bugünkü iclasa Şaumyan hamıdan sonra gəldi. O, yenə də portfel götürmüşdü. Bu portfeli o, ancaq fövqəladə və mühüm iclaslarda əlinə alardı.Şaumyan stulda oturan kimi menşeviklər və eserlər oturan stulları gözdən keçirtdi. Menşevik və eserlərin hamısı öz yerini tutmuşdu, yalnız bir nəfərin yeri boş idi. Sovet üzvlərindən gəlməyənlər çox az idi. Çünki Şaumyanın mühüm bir məsələ barəsində çıxışda bulunacağı bütün siyasi partiyaların fraksiyasında danışılmışdı. İvanovun həbs edilməsinə baxmayaraq yenə də eser və menşevik rəhbərləri Rayanın ətrafından çəkilməmiş və Sovet hökumətinə qarşı başladıqları bu sui-qəsdin Raya tərəfindən kəşf edildiyini xəyallarına belə gətirməmişdilər. Buna görə də bugünkü iclasda Raya da menşeviklərlə bərabər iştirak edirdi.

4 мин
X. Məktublar

Leyla xanım iki məktub aldı. Məktubun birisi Bakı milyonçusu hacı Zeynalabdın Tağıyevdən, ikincisi Türkiyə ordusu ərkani-hərbindən idi. Məktubların ikisi də mühüm idi.Leyla xanım çox düşündü ki, «məktubların hansını əvvəlcə oxuyum». Əvvəlcə Türkiyə ərkani-hərbindən gəlmiş məktubu oxumağa qərar verdi. Çünki bu məktub Leyla xanımın Türkiyə ərkani-hərbinə göndərdiyi mühüm bir məktuba cavab olmalı idi.

5 мин
XI. Hacının bağında

Leyla xanım hacının evinə köçmüşdü, lakin hacı ilə Bakıda görüşmək mümkün deyildi. Çünki hacı da başqaları kimi Mərdəkana köçmüş və öz bağında yerləşmişdi.Hacı Leylanın məktubundan sonra ona ikinci bir məktub göndərib Mərdəkanda, onun şərəfinə düzəlmiş ziyafətə gəlməsini xahiş etmişdi.

12 мин
XII. Raya oğurlandı

Bu gün Leyla xanım Rayanı hacının evində düzəltdiyi nahara dəvət etmişdi, naharda Leyla və Rayadan başqa heç kəs yox idi. Yeməyə başlamazdan əvvəl, Leyla xanım yaşadığı möhtəşəm, milyonçu evini Raya xanıma təqdim etdi, özünün nə qədər möhtərəm sayıldığını bir daha söylədi.Yenicə süfrəyə oturmuşdular. Xadimə gəlib:

7 мин

Стихи других поэтов