Deyirlər
Deyirlər: hökmü var dövrün, zamanın,Anın da hökmü var xeyirdə-şərdə.Daim döyünsə də qəlbi insanın,Dincəlir bu ani döyüntülərdə.
Deyirlər: qovğadan çıxmış bir aslanBaxıb sinəsinin axan tərinə,Ağac kölgəsinə uzanıb, bir anBaşını söykədi biləklərinə.
Deyirlər: bir darda el qəhrəmanı,– Eli qurtaracaq öz əlim, – dedi.Əzib yeddi başlı bir əjdahanı,– Haqqım var azacıq dincəlim, – dedi.
Deyirlər: otuz il bir münəcciminYuxusuz gözləri səmada qaldı.Elə ki, hökmünə inandı yəqin,O gecə bir şirin yuxuya daldı.
Deyirlər: bir düha oddan-alovdanƏzmlə çıxardı bəşəriyyəti.Dünyanı nurlarda gördüyü zaman,Unutdu çəkdiyi min əziyyəti.
Deyirlər: göylərdən çox məğrur gəlirOv alıb dönəndə şahin şikardan.Böyük sərkərdələr belə dincəlirMüzəffər çıxanda vuruşmalardan...
Bakı, noyabr, 1945
Kitabxana.az · https://kitabxana.az/ru/works/osman-sarivelli-deyirler
Клавиши ← → для перехода, R — случайное стихотворение