Qarabağ getsə əgər
Məni udsun qara torpağ, Qarabağ getsə əgər,Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.
Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.
Dərd vətən dərdidi, bağ dərdi çəkənlər alacaq,Özgə bir yerdə gözəl bağ, Qarabağ getsə əgər.
Qorxudar bir gecə vallah səni xalqın qəzəbi,Yetməz imdadına çildağ, Qarabağ getsə əgər.
Oxuyub tarixi bir gün nəvələrmiz deyəcək,Bizə min tən ilə qorxaq, Qarabağ getsə əgər.
Oynasaq erməninin işvə-nazıynan yenə biz,Qoyacaq çox yerə barmaq, Qarabağ getsə əgər.
Girəcək tayqulağın qəbrinə tuş çaldıracaq,Deyəcək bizdədi Arsağ, Qarabağ getsə əgər.
Qatılır gah vəhabiylə xristian bu işə,Atmaq üçün təzə qarmaq, Qarabağ getsə əgər.
Belə sirli və müəmmalı gedişnən, Pünhan,Ümid Allahadır ancaq, Qarabağ getsə əgər.
15 iyun, 2001
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-qarabag-getse-eger
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dilimizdə itə bağlı çoxlu ifadələr işlənir. Məsələn «it günündə yaşayırıq» «it yiyəsini tanımır», «it itin aağını basmazh» «itin yadına daş salma», «it aparan olsun» və s. Güzəranımız itin güzəranına yaxınlaşdıqca, bu ifadələr leksikonumuza daha çox daxil olur. Və «it insanın dostudur» deyimi, tədricən «İt Azərbaycan xalqının günüdür»ifadəsinə çevrilir.Bütün bu fikirlər məni «it günündə» rədifli bir şer yazmaq ehtiyacında qoydu. Və yazdım.
«Cıdır düzü» olmasın Çadır düzü olsunƏziz iqtidar sahibləri, mülk sahibləri və pul sahibləri! Sizlərə xitab edən «Çadır düzü»nün sakinləridir. Əvvəla, nəzərinizə çatdırmaq istəyirik ki, sihin bizdən xəbəriniz olmasa da, bizim sizdən xəbərimiz var. Uzaqdan uzağa da olsa sizin gün-güzəranınınzı izləyirik. Sevinirik ona görə ki, xalqımızın doxsan faizinin dilənçi kökündə, səfalət içərisində yaşadığı bir zamanda siz özünüzə belə gözəl, firavan həyat qura bilmisiniz. Yəni belə qabiliyyət hər millətdə ələ düşən şey deyil. Deyirəm heyf, «Cıdır düzü»ndə, İsa bulağında yeyib-içib kef elədiyiniz günlər. Amma fikir çəkməyə dəyməz. Bu xoş günləri yada salmaq üçün, biz hamılıqla sizi Çadır düzünə dəvət eləyirik.Əşi, İsa bulağı olmasın, bulanıq su olsun. «Cıdır düzü» olmasın, Çadır düzü olsun, nə fərqi? Heç oraynan-buranın yeməklərində də bir təfavüt görməyəcəksiniz. Məsələn, biz sizə lülə kabab yox, «Lələ» ləqəbli bir sakinimiz fikriləşib tapıb, ona görə adını «Lələ kabab» qoymuşuq. Manqalsız, şişsiz hazırlanan bir şeydir. Döyülmüş otdan, samandan ibarət olur. Basdırma zad lazım olmur. Çünki Allah özü basdırıb. Biz ancaq qoparıb doğrayırıq. «Lələ kabab»dan sonra tikə-tikə olmuş «Ürək kabab» görəcəksiniz. Bu kabab, demək olar ki, hər çadırda olur. Axırda isə çizi «Yara ciyər kababı»na və «Vərəm qovurma»sına qonaq edəcəyik. Yeməkdən sonra sizə konsert göstərəcəyik. Şru proqramdan fərqli olaraq uzun illər lovda olduğumuzdan bizimki «Lou» proqram adlanır.
Bakıda kişi çoxalıbYerevan kəşfiyyatının agenti Artavası keçən ay Bakıya göndəriblər ki, get bir az məlumat topla gətir. Baxmayaraq ki, mütəmadi olaraq mərkəzi qadın bərbərxanasında işləyən agent Sirr-Anuş bizim sirləri hər gün Yerevana çatdırır, amma bu dəfə Artavasın əlinə fotoaparat da veriblər ki, əhalinin şəkilini çəksin. Mən də o gündən qorxuya düşmüşəm ki, bu alçaqlar birdən Novruz bayramında terror-zad eləmək istəyərlər.Sonra yadıma düşüb ki, yox, böizim KQB okeanın o tayında, hətta balıqların da bilib susduqları işləri aça bilirsə, ermənilərin terror törətmək niyyətlərini bilmək onlar üçün «ikruşka»dır. Və sakmtləşdim. Bəli, Artavas keçən ay Yerevandan əlində fotoaparat «Po-plostunski», yəni sürünə-sürünə üzü Bakıya tərəf yola düşüb. Bir aya yaxın sürünən agent yollarda heç kəsə rast gəlməyib. Bakıya çatanda görüb ki, ay dadi-bidad, bütün Azərbaycan burda imiş ki. Və urusun verdiyi bombalardan bircəciyinin bu əhaliyə bəs edə biləcəyinə sevinib.Deyirəm, gör bizdə zəhmə bax ki, o boyda Bakıya qədər sürünüb və bura çatanda heı qorxusundan ayağa da durmayıb ki, fərli – başlı şəkil çəkə bilsin. Şəkilləri elə uzanan yerdə çəkib. Lazımi adamlarnan görüşəndən və lazımi obyektlərin şəkillərini çəkəndən sonra qohum-əqrəbası onu Binə aeroportundan yola salıb. Yerevanda şəkilləri çıxarıb görüblər ki, bu nədir, şəhərin hansı bir nöqtəsində şəkil çəkiblərsə, adamların hamısı kişi çıxıb. Qalıblar çaş-baş ki, bəs bunların qızları, arvadları necə oldu. Düşüblər qorxuya (hə, belə qorxarsız, a!) Az sonra mənim özünümü də fikir götürdü. Axı bizdə bu qədər kişi yoxdur. Olsaydı, yəqin ki, Qarabağı çoxdan alardıq. Əşi, birdən-birə adıma nə düşsə yaxşıdır. Axı bu zalım oğlu şəkilləri uzanan yerdə çəkib. Camaatın şəkli beldən aşağı düşüb. Axı, bizdə də hamı şalvar geyinir. Deyirəm, heç özümüzün də xəbərimiz olmadan erməninin gözünü qorxutmağın üsulunu əla tapmışıq.
PartapartYeni ildən bir neçə gün sonra Yerevana xəbər yayılıbmış ki, bəs, Bakıda vətəndaş müşaribəsi başlayıb. Küçələrdə yaman partapartdır. Neçə-neçə adam gözdən şikəst olub, onlarla öz yaşlı uşaqların qorxudan dilləri tutulub, ürəyi xəstə qocalar partlayış səslərindən ömürlərini tapşırıb. Bu işlə əlaqədar olaraq erməni «razvedka»sının agenti Haykanuş Yerevandan, Bakının «N» qadın bərbərxanasında işləyən və bizim sirləri mütamadi olaraq onlara çatdıran agent, bərbər – əSirr Anuşa telefon açıb:–Alo, slaam, mataq, mənəm. O nə həncamədir Bakıda çıxarıblar? Deyirlər yaman partapart olub.