Hələlik
Hələlik dağların
Zirvəsində qar,
Elə ki, yaz gəldi -
Əriyəcəkdir.
Gül kimi, tül kimi
Bəyaz dumanlar
Yerləri-göyləri
Bürüyəcəkdir.
Hələlik yay gəldi
Bişəcək aləm
Günəşin
Qırmızı təndirlərində,
Bişib kömbə-kömbə
Şişəcək aləm.
Hələlik payızın
Qumral gözləri,
Tökəcək şıdırğı
Yağışlarını.
Bağlara uzanan
Ayaq izləri
Yığacaq allahın
Bəhrə - barını.
Görəsən dünyada
Nədir əbədi?!
Məzar ki, deyirik
Məzar hələlik...
Bəzəkli-bəzəksiz
Daşlar hələlik.
Yerlə yeksanın da
Özü hələlik...
Yeddi mö’cüzədən
Qalan-qalmayan
Nami-nişanın da
Özü hələlik...
Ömür kitabının
Hər varağına
Tale möhür basıb
İmza atıbdır.
Uyma bu dünyanın
Təmtərağına
Nə nuhun gəmisi?!
Ay evi abad!
Qitələr, millətlər
İtib-batıbdır...
hələlik sözünün
Fərqinə varma!
Məni dərinliyə
Çəkib aparma!
Yaman qorxuludur,
Dərin dəryalar.
Yaman qorxuludur,
Dərin mə’nalar.
Yaman qorxuludur,
Dərin meşələr.
Yaman qorxuludur,
Dərin kişilər.
Dərin kişilərdən
Soruşsan əgər
Onlar söyləyər:
Bir ağıl, bir kamal
Hələlik deyil.
İntizar,
İstiqbal
Hələlik deyil.
Sonsuz fikir-xəyal
Hələlik deyil.
Zülmətdə nur olub
Doğur - hələlik...
Ümidsizlikləri
Boğur hələlik.
Nəsillər hələlik
Bəşər əbədi.
Bəşər ki...
Hələlik
Yaşar əbədi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-helelik
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Aşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,