Dəyişirik gəzə-gəzə Azərbaycanı,Təbiəti yenilməyən gücdür, qüdrətdir.Bulağını görən kəsin qaynayır qanı,Qıjıltılı çaylarısa coşan qeyrətdir.

Aşırımlarda sərgi açan min gül, min çiçəkKönüldəki diləklərdir – sayrışır rəng-rəng.Buludlardan çıxan zirvə vüqara dönür,Cəsarətə məşəl tutur qartal yuvası.Yay qarında dəli qəzəb soyuyub sönür,Dan yerindən şəfəq alır eşqin səması,

Mehribanlıq – dərələrin gülüşündədir,Düzlük-saflıq – dolaylarda, dağ döşündədir.Təbiətdən pay götürüb təbiətimiz,Pak duyğular bəxş eləyib bu torpaq bizə!Odur salan idraka da naxış-naxış iz,İşıq səpən qəlbimizə, gözlərimizə.

Yer üzünün belə nadir bir guşəsindəİgidlərin, gözəllərin hesabı yoxdur,Burda hərə öz işində, öz peşəsində,Qəm-qüssə az, səadət çox, məhəbbət çoxdur.

Lakin tək-tük insan da var içindən yanar,İşıq saçmaz ətrafını zülmət alsa da,Dağda yaşar, özünü də uca dağ sanarBoyu kömür tayı kimi gödək olsa da.Tanıyıram birisini, tanıyır çoxu,Əli qələm tutan gündən, düşüb mərəzə –Gül-çiçəkli bir məkanda bilməyir yuxu,Məktub yazıb o, tel vurur gündə mərkəzə.

Məktub yazır sol əliylə, ayaqlarıylaGah imzalı (özgə adla!), gah da imzasız.Qarşılaşır rəqibiylə o bilə-bilə,Söyüb ara vuranları, edir dil-ağız.

Zəhərini boşaltmasa gedib xəlvətiVərdişlidir, bir an aram ola bilməyir,Qarayaxma nəşəsindən çatan ləzzətiTəzə beçə balından da ala bilməyir.

Düşünürəm: yaşıl donlu qadir təbiətMəlhəm qoyub hər yaram, dərdi itirir,Addımbaşı göstərir o, möcüzə, hikmət –Sarp qayalar sinəsində palıd bitirir.

Bəs bu məğrur gözəlliyin, hüsnün əlləriNiyə qaba bir xislətə əncam çəkməyir?Seyr edirəm bozqırlarda bitən gülləri,Niyə dağlar hər ürəkdə mərdlik əkməyir?

Bu halətlər müəmmalı göründü mənə –Heyrət etdim təbiətin acizliyinə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе