İkinci pərdə
Страница 2 из 5 · 20%
Camal (iki əlini qaldırır)
Atam! Mən təslim. Sən məndən ağıllısan... Bilirəm, nə üçün işləmək istəyirsən. Neçə il təqaüd almısan, bəs işləməsən nə deyərlər? Lap istəyirsən, gəl mənim kontorumda mühəndis ol. Qoymaram əlini ağdan-qaraya vurasan. Ölməmişəm ki...
Bənövşə
Sən qəribə fikirlər irəli atırsan, qəribə sözlər danışırsan.
Camal
Dedim ki, mən təslim. Özüm öz xahişimlə sənə əsir düşürəm... Əsiri öldürməzlər ki...
Yusif gəlir.
Yusif
Nə mənzərədir?! (Öskürür) Mane olmadım ki...
Bənövşə
Yusif, xoş gördük!
Görüşürlər.
Yusif
Xoş gəlmisiniz, Bənövşə! Deyəsən, söhbətinizə mane oldum.
Bənövşə
Yox-yox... İçəri gəlin... Görürsünüz, mən hələ hücum eləməmişdən Camal təslim olub.
Yusif
Yəqin xasiyyəti dəyişib, o həmişə məğlub olur, ancaq təslim olmur...
Camal
Adamına baxır da...
Bənövşə
Nə olub? Yoxsa aranız soyuqdur. Bəs bir neçə il bundan qabaq can deyib, can eşidirdiniz?
Camal
Bir elə şey yoxdur. Yusifdir də... gah dalaşırıq, gah barışırıq... Mənə qalsa, on dəqiqədən sonra hirsim soyuyur.
Yusif
Hirs soyumağına soyuyur, amma yenə iş əvvəlki kimi qalır. Məsləhətçiləri qoymur ki...
Camal
Yusif, bu saat idarə söhbətlərinin yeri deyil.
Yusif
İdarədə deyirsən yeri deyil, burada deyirsən yeri deyil. Bəs harada danışaq, göydə?
Camal
Mənim ruhum bu saat həqiqətən göydədir. Dalımca çıxa bilsən, gəl danışaq.
Bənövşə
Göyə niyə çıxırsınız? Danışmaq istəyirsiniz, gedək evə. Camal, Yusifi evə dəvət elə.
Camal
Sən ki, mənim nişanlımı təbrikə gəlmisən, gündüzkü söhbətlər ləğv olunur. Uzat əlini, buyur evə.
Yusif (istər-istəməz Camal ilə görüşür)
Çox sağ ol. Mən, əslində, iclas olacağını xəbər verməyə gəlmişəm.
Camal
İclas?.. Ay-hay... Özgə vaxtda mədəniyyətdən danışırsan. Bu həngamədə iclas vaxtıdır?
Yusif
İclası mən çağırmıram, trest çağırır, səndən, məndən başqa bizim idarədən çox adam çağırıblar. Qabaqcıl fəhlələri, ustaları... Bizim məsələmizi müzakirə edirlər...
Camal
Əşi, nə danışırsan? Tərsliyə bax ha...
Yusif (Bənövşəyə)
Trestin rəisi sizi də soruşurdu, dedim gəlib...
Camal
O sənin gələcəyini haradan bilir?
Bənövşə
Yəqin Bakıdan deyiblər.
Camal
Dayan, mən bir zəng eləyim. (Səhnədən çıxmaq istəyir)
Bənövşə
Hara gedirsən, Camal? Evdə telefon var ki.
Camal
Hə, düz deyirsən... Lap rulu itirmişəm...
Qəmər pəncərədən səslənir.
Qəmər
Bənövşə! Səni telefona çağırırlar. Deyir trestdəndir.
Bənövşə
Gəldim... (Cəld evə girir)
Camal (onun arxasınca gedəndə, Yusifə)
Aşna, bunlar hamısı sənin işindir. Bircə dəqiqə idarədən ayrılan kimi məsələni yaman dolaşdırdın... (Evə gedir)
Yusif getmək istədikdə, Qəmər onu pəncərədən görür.
Qəmər
Yusif!
Yusif (geri dönür)
Bu nədir? Gözlərimə inana bilmirəm!
Qəmər pəncərədən əlini uzadır, görüşürlər.
Qəmər
Burada işləyirsiniz?
Yusif
Bəli... Sizdən nə əcəb? Yəqin Bənövşənin toyuna gəlmisiniz.
Qəmər
Yox, həmişəlik gəlmişəm. Burada, xəstəxanada işləyəcəyəm. Mən həkimlik oxuyurdum axı, yadınızdan çıxıb?
Yusif
O günlər hamısı bir-bir mənim yadımdadır. Bəlkə siz unutmusunuz?
Qəmər
Heç bədbəxtlik unudularmı?
Yusif
Bədbəxtlik nə üçün? Məndən daha yaxşısını sevdiniz, ərə getdiniz, əriniz yəqin bir hörmətli adamdır, uşaqlarınız var. Kasıb bir tələbəni unutmaq çox asandır.
Qəmər
Yox, elə olmadı, Yusif! Məni aldatdılar, hörmətsiz, ləyaqətsiz bir adam məni aldatdı. Altı ay cəhənnəm əzabı çəkəndən sonra ayrıldım. Həm uşaq saxladım, həm də oxudum.
Yusif
Mən belə olduğunu bilmirdim, Qəmər! Bağışlayın, keçmişləri nahaq yada saldım.
Qəmər
Keçmişdən xoş xatirələr də var. Yadınızdadırmı? O günlər mənim həyatımın ən xoş dəqiqələridir. (Sükut) Siz çoxdan buradasınız? Yəqin bütün ailəliklə köçüb burada yaşayırsınız?
Yusif
Anam, qardaşım Bakıdadırlar. Mən özüm burada tək oluram. Ayrı bir ailəm yoxdur. O gündən, sizin ərə getdiyinizi öyrəndiyim dəqiqədən, ömrümün axırına kimi evlənməməyə söz verdim.
Camal və Bənövşə həyətə düşürlər. Qəmər tez çəkilir. Yusif pəncərədən ayrılır.
Camal
Yaman həngamədir. Qoymurlar adam nişanlısı ilə iki kəlmə danışsın.
Bənövşə
Nə isə, məsələ çox ciddidir. Sənin vəziyyətin necədir, Camal? Mənə düzünü de.
Camal
Necə olacaq, maşın kimi... Bir həftəyə planı dolduraram.
Yusif
İş təkcə planda deyil ki.
Camal
Yusif! Səndən xahiş elədim ki, qapını hələlik bağla!
Yusif
Tutaq ki, burada danışmadım... Trestdə bağlı qapının dalında oturmaq olmayacaq... Orada havanı çox sevirlər, istəyirlər qapılar da, pəncərələr də açıq olsun.
Camal
Olsun da... (Tələsik qapıya sarı gedir) Mən bu saat...
Bənövşə
Hara gedirsən, Camal? Dayan, mən trestin təzə binasını tanımıram.
Camal
Bu saat qayıdıram, gedim bu zəhrimarları dəyişim. (Ayaqqabıları göstərir)
Bənövşə
Eybi yoxdur. Sən oradan düz trestə gələrsən. Məni Yusif aparar.
Camal (cəld geri qayıdır)
Necə, necə? Saxla, özüm aparacağam. Ayaqqabıları dəyişməli olmadım.
Ceyran xala və Qəmər səhnəyə gəlirlər.
Ceyran xala
Bəs, nə vaxt qayıdacaqsınız, Bənövşə? Axşama xörək hazırlayıram.
Bənövşə
Axşamacan qayıdarıq, anacan. Sən Qəmərdən muğayat ol! Qəmər, mənim əvəzimə anama kömək elə!
Qəmər
Sən deməmişdən də eləyərəm. Onsuz da bilirəm, səndən Ceyran xalaya qız olmayacaq.
Ceyran xala
Nə yaxşı dedin, doktor! Belə qız olar? Qoymadı ki, doyunca üzünü görüm.
Bənövşə
Anacan, tez qayıdacağıq, arxayın ol. Qəmər, sən Yusiflə tanış deyilsən? Tanış ol. Yusif Camalın ən yaxın dostudur.
Camal
İdi...
Qəmər (gülməyini güclə saxlayır)
Bənövşə mənə sizdən o qədər danışıb ki...
Yusif
Mən də Bənövşənin xətrini çox istəyirəm.
Camal
Aman, aman, aman... (Ayağını tutur)
Bənövşə
Nə oldu, Camal?!
Camal
Bu mədəniyyət məni sıxıb öldürmədi?.. (Tərs-tərs Yusifə baxır) Zəhrimar başıma vurur.
Yusif
Mədəniyyət ayaqdan başlayanda həmişə başa vurar.
Bənövşə
Gedək... Camal, gir qoluma, mənim köməyim olmasa, sən trestə kimi öz ayağınla yeriyə bilməyəcəksən.
Çıxırlar. Qəmər evə girir. Ceyran xala onları həyət qapısına qədər ötürüb geri döndükdə, Zərifə ilə rastlaşır.
Zərifə
Ceyran xala, təbriklər! Lap vağzala gedəcəkdim, amma paltarımı, tuflimi dəyişincə gecikdim. Bu gülləri də götür suya qoy, lap “Krasnı Moskva” iyi verir. Bənövşə bacı haradadır?
Ceyran xala
İclasa getdi.
Zərifə
Toy eləməkdənsə, iclasa getdi? Daha mənim heç sözüm yoxdur. Heyf! Yenə gecikdim.
Ceyran xala
Axşam atanla bərabər bizə qonaq gələrsən, Bənövşəni də görərsən.
Zərifə
Gələrəm, niyə gəlmirəm? İstəyirsən, lap qabaqcadan gəlim, sənə kömək eləyim? Hə, Ceyran xala?
Ceyran xala
Sağ ol, qızım.
Zərifə
Qonaqların siyahısını tutmusan? Onda ver mənə, telefonla hamısına xəbər verim. Ya heç siyahı lazım deyil. İdarədəkiləri bir ucdan çağırım? Camal yoldaşın o qədər dostu var ki... hamı xətrini istəyir...
Ceyran xala
Yox-yox, nə danışırsan? Lazım deyil... Sən zəhmət çəkmə, lazım olan adamlara özüm deyəcəyəm.
Zərifə
Yaxşı, onda gedim vaxtında hazırlıq görüm. Gülləri ver, gələndə özüm gətirərəm.
Gülləri Ceyran xalanın qucağından alıb çıxır. İşıq sönür.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabit-rehman-nisanli-qiz-ikinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dördüncü şəkilCeyran xalanın otaqlarından biri. Yan otaqda qonaqlıqdır. Gülüş və danışıq səsləri gəlir. Sonra qonaqlar Qasımı əhatə edərək bu biri otağa keçirlər.*
Dördüncü pərdəBeşinci şəkilTikinti idarəsi. Birinci pərdənin dekorasiyası. Böyük səliqə hiss olunur.*
Beşinci pərdəAltıncı şəkilYeni tikilmiş evin qabağındakı meydan. Bu evin birinci mərtəbəsindən şkaflar daşınır. Uzaqdan alqış, musiqi səsi gəlir. Evin qurtarması münasibətilə tikinti işçiləri arasında çağırılmış mitinq artıq qurtarmışdır. Camaat yavaş-yavaş dağılır, Mirzə Salman səhnəyə gəlir, şkafların daşınmasına baxır. Bənövşə ilə Yusif gəlirlər.*
Toy5 pərdə, 8 şəkildə*İştirak edənlər
Стихи других поэтов
Ah-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur