Страница 2 из 5 · 20%

Mirzə Hüseyn

Bugünkü əmriniz nə barədədir, yoldaş Kərəmov?

Kərəmov

“Şəfəq” kolxozunun bütün üzvlərinə əmr eləyirəm: ya planı yüz faizdən artıq yerinə yetirsinlər, ya da ki, hamısını kolxozdan çıxardıram.

Mirzə Hüseyn

Düzgün fikirdir, gözəl tədbirdir.

Kərəmov

Salmanov, dur gedək, bunları bütün divarlara yapışdıraq.

Salmanov

Bəs, kağız? Biz ki, təcili kağız yazırdıq.

Kərəmov

O qədər də təcili deyil. Mirzə Hüseyn, işini qurtar, sən də gəl, təbliğat aparmaq lazımdır.

Mirzə Hüseyn

Baş üstə! (Kərəmov, Salmanov çıxırlar. Bir azdan o biri qapıdan dəmirçi Musa içəri girir) Buyur, buyur, Musa dayı, əleykəssalam, əleykəssalam, bəyəndiyin yerdə otur.

Musa

Məni niyə çağırmısan, Mirzə Hüseyn?

Mirzə Hüseyn

Necə yəni, niyə çağırmışam? Bəs yaxşı işləmisən, zəhmət çəkmisən, pul almaq istəmirsən?

Musa

Nə pul?

Mirzə Hüseyn

Nağd pul. Buradan sənə bir az qəpik-quruş yetişəcək. Zəhmət çək, imza at, pulları al. Daha bundan şad xəbər nə ola bilər?

Musa

Xeyr.

Mirzə Hüseyn

Necə xeyr?

Musa

Ərz elədik ki, xeyr.

Mirzə Hüseyn

Ərz eləməyini eşitdim, amma xeyrin mənasını başa düşmədim. Necə yəni xeyr, pul almaq istəmirsən?

Musa

Xeyr.

Mirzə Hüseyn

Qəribə işdir. Müfti-müsəlləm işləyirsən? Pul almırsan?

Musa

Xeyr.

Mirzə Hüseyn

A kişi, bunun harası xeyir oldu? Bir əməlli-başlı cavab ver. Bağrım çatladı ki...

Musa

Sən bu cavabın mənasını anlamazsan, mən sənə aydınaşkar deyirəm ki, pul almayacağam, çünki o işi mən bir nəfərin xətri üçün yerinə yetirmişəm.

Mirzə Hüseyn

Məni basdırasan, əgər bir kəlmə başa düşdümsə. Əşi, xətir nədir, zad nə dir? Gəl şaq-şaq şaqqıldayan yüzlükləri verim, qatla qoy cibinə.

Musa

Dedim ki, almıram.

Mirzə Hüseyn

Onda, bax, bu kağızın altından qol çək, xudahafiz, sən sağ, mən salamat.

Musa

Xeyr, qol da çəkməyəcəyəm.

Mirzə Hüseyn

Daha səninki oldu ətiacılıq. Bu gün “xeyr” sözünü əzbərləyib vıxodnoysuz işlədirsən. Qol çəkməsən olmaz, bura rəsmi idarədir. Pul istəmirsən alma, daha imza atmağa nə söz? Al bu qələmi, bu kağızın altından adını yaz, qurtarsın getsin.

Musa

Çəkil gözlərimin səkisindən. İmza da atmıram, pul da almayacağam. Vəssalam. Dedim, qurtardı.

Çöldən səs-küy eşidilir. Bir neçə kolxozçu əllərində divardan qopartdıqları əmr kağızları içəri girirlər.

İbrahim kişi

Kərəmov haradadır?

Təmraz

Bu necə əmrdir?

Mehralı və Şirəli içəri girir.

Şirəli

Bu cür əmr hələ tarixdə görünməyib.

Mehralı

Mirzə Hüseyn, o üzüqara haradadır?

Mirzə Hüseyn

Xəbərim yoxdur. Mənim vəzifəm burada oturub xırda-xırda çotka saymaqdır. Zəhmət çəkdin, haqqını gəl məndən istə. Budur, Musa dayı ilə də indicə onu danışırdıq.

Mehralı

Bıy, Musa, xoş gördük. Səni mən birinci dəfədir bizim kolxozun idarəsində görürəm. Camaata yaxınlaşmaqda çox gözəl iş görürsən.

Şirəli

Musa, Surxay deyirdi ki, kursa gəlməyə söz vermisən, düzdür?

Musa

Söz də vermişəm, gələcəyəm də... Mən camaatdan uzaqlaşmıram. Bəzi-bəzi adamlardan qaçıram, onlardan birini gözüm görəndə ağlım başımdan çıxır.

Mehralı

Kərəmovu deyirsən? Onu görəndə elə mənim də ağlım başımdan çıxır.

Bu söhbət əsnasında Mirzə Hüseyn yavaşdan çıxır. Surxay tələsik içəri girir.

Surxay

Salam, yoldaşlar, kolxoz sədrinin təzə əmrini oxumusunuz?

Şirəli

Oxumuşuq, oxumuşuq... İndicə o barədə danışırdıq.

Surxay (birdən Musanı görür)

Vay, Musa dayı, xoş-beş, on-beş... Siz hara, bura hara? Mehralı dayı, bir az o yana sürüş, qonağımız əyləşsin.

Musa

Yox, yox, oturmuram, gedirəm. Sağ olun... (Getmək istəyir)

Surxay

Fikir verdinizmi, yoldaşlar, Ziynətin briqadası bu gün yenə qiyamət elədi. (Musa ayaq saxlayıb qulaq asır) Hamını ötüb keçdi.

Mehralı

Gözəl insandır, gözəl qızdır, gözəl də briqadirdir. Bütün gözəlliklər onda bir yerə cəm olub.

Musa

Göz dəyməsin, tuf-tuf-tuf, göz dəyməsin.

Şirəli

Musa, öz-özünə nə danışırsan?

Surxay

Musa dayı, söhbət şirin yerdən düşüb, əyləşin, görək.

Musa

Surxay, işim çoxdur, mən burada ləngiyə bilmərəm.

Ziynət içəri girir.

Surxay (yavaşdan Musaya)

Hə, di get görüm, necə gedirsən?

Musa

Mənim sözlərimi ona yetirmisənmi?

Surxay

Əlbəttə...

Ziynət

Surxay! İclas çağırmışıq, gedək. Siz də gəlin, yoldaşlar, açıq iclasdır. Mehralı dayı, Şirəli dayı, siz də gəlin gənclərin səsinə səs verin.

Mehralı

Biz hələ uşağıq, qızım, gənclik yaşımız deyil.

Hamı gülür.

Ziynət

İclasdan sonra aqronomun mühazirəsi var. Ona da qulaq asarsınız.

İbrahim kişi

Mühazirə nə barədədir?

Surxay

Məhsuldarlığın artırılması barədə, gedək yoldaşlar!

Təmraz

Mühazirə ilə məhsuldarlıq artmaz. Kolxozun işlərini qaydasına salmaq lazımdır.

Mehralı

Nə danışırsan, əşi, elm ağlın çırağıdır, nə qədər çox oldu, o qədər yaxşıdır. Bacardıqca oxu, doldur başına, bir gün gərək olar. Saxla samanı, gələr zamanı.

Şirəli

Yüz gün yaraq, bir gün gərək.

Mehralı

Musanı da özümüzlə aparaq. Dur gedək, Musa. Kolxoz iclasına gəlmirsən, heç olmasa, gənclərin iclasında iştirak elə.

Ziynət

Musa dayı burada imiş? Bağışlayın, mən sizi görmədim... Xoş gördük. (Onunla görüşür)

Musa

Ziynət, quzum, mən sənin xahişini yerə salmadım, tapşırığını bir günün içində yerinə yetirdim. De görüm, indi nədir fərmanın, canı qurban sənə bu Musanın.

Ziynət

Demək, o sifarişi mənim xətrimə yerinə yetirmisiniz?

Musa

Yalnız və yalnız.

Surxay (öz-özünə)

Məsələ yavaş-yavaş yoğunlayır.

Ziynət

Çox sağ olun, Musa dayı! Mənə böyük xəcalət vermisiniz.

Musa

Nə xəcalət, nə üzrxahlıq? Ən müqəddəs borcumdur... (Özünü itirir, Surxaya) Surxay, məndən əvəz sən deyərsən, onu görəndə nitqim lal olur.

Surxay

Ziynət, Musa dayı deyir ki, bu cür tapşırıqlardan yüzünü yerinə yetirərəm, yenə yorulmaram...

Ziynət

Bilirəm, yorulmaz. Doğrudan, yaxşı diqqət eləyəndə bu uzunluqda saqqala, bu cür papağa görə Musa dayı quş kimi cəld və bacarıqlı adamdır. Hə yoldaşlar, gedək, buyurun, Mehralı dayı!

Mehralı

Yox, qızım, sən buyuracaqsan.

Şirəli

Əşi, buyur-buyura salmayın görək.

Gedirlər. Səhnədə Musa ilə Surxay qalır.

Surxay

Musa dayı, gedək.

Musa

Çəkil gözlərimin səkisindən! O nə dedi?

Surxay

Sizi tərif elədi.

Musa

Sükut! Bağla söz körüyünün ağzını. O nə üçün mənim saqqalımın uzunluğundan söhbət saldı. Məgər, bilmir ki, məhəbbət olan yerdə saqqaldan söz açmazlar!

Surxay

Musa dayı, mən Ziynət ilə bu barədə uzun-uzadı danışmışam. O deyir ki, ortada müəyyən eşq əmələ gəlməsinə saqqal mane olur. Çünki, doğrudan da, sizin saqqalınız çox uzundur.

Musa

Demək, saqqal mane olur?

Surxay

Əlbəttə, mane olur.

Musa

Saqqal yalnız üzü örtən tüklərdən ibarətdir. Sevgi isə...

Surxay

A kişi, sizə deyirəm ki, saqqal eşqin qabağını çəpər kimi tutur.

Musa

Elə isə ləğv olundu. Əgər mənimlə onun arasında bu saqqal durubsa, onu məhv eləyərəm. “Ey məni eyliyən aləmdə pərişan saqqal, səni mən eyliyərəm yer ilə yeksan, saqqal.” İndi burada sevgilinin kölgəsi qabağında titrəyən dizlərim yarım saat sonra dəlləyin qabağında büküləcəkdir.

Surxay

Dəlləkpulu da məndən.

Musa

Əlvida, ey saqqal! Bu vaxta qədər sənə bir ülgüc toxundurmamışam. Neçə illərdir ki, sən mənə çox insanlardan vəfalı olmusan. İndi isə ayrılmalıyıq.

Surxay

Saqqal sükut eləyir, Musa dayı. Sükut razılıq nişanəsidir.

Musa

Çəkil gözlərimin səkisindən. Bu saqqalın yaşı səninkindən çoxdur. Bu saqqal səndən daha təcrübəlidir. Eşqin mənə göstərdiyi gücə bax ki, bu cür təcrübəli bir dostu mən yarım saatdan sonra bir dəlləyin çirkli ayaqlarına tökəcəyəm. Əlvida, ey saqqal, əlvida!..

İşıq sönür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов