İkinci pərdə
Страница 1 из 5
Doqquzuncu şəkil
Fabrikin qabağındakı bağça. Saleh səhnədən keçib fabrikə tərəf gedir. O gedən kimi Aslan ağacın dalından çıxır, fit çalır. O biri ağacın dalından Fərmanın başı görünür.
Aslan
Gördün?
Fərman
Gördüm. Fabrikə getdi.
Aslan
Burada gözləyək, çıxan kimi işini bitirək. Mən onu bilirsən neyləyəcəyəm? Öldürəcəyəm, dirildəcəyəm. Sonra yenə öldürüb, yenə dirildəcəyəm.
Fərman
Lap qurtarmaq istəyirsən?
Aslan
Lap.
Fərman
Sonra sənin özünü də “lap” eləyərlər, qorxmursan?
Aslan
Fərqi yoxdur. Mən canımdan keçmişəm.
Fərman
Şef, yazığın gəlsin.
Aslan
Üz vurma, əl çəkən deyiləm. Ancaq qabaqcadan sənin işini bitirmək istəyirəm.
Fərman
Mənimlə işin olmasın, hələ muradım ürəyimdədir.
Aslan
Yenə hirsim başladı tvist oynamağa. Nə söz qanmayansan? Sənin məhəbbət məsələn qurtarsaydı, arxayın gedərdim.
Fərman
Sağ ol, mənə ürəyi yanan bircə sənsən. (Birdən səhnə arxasına baxıb çığırır) Gəlir.
Aslan
Hansı, mənimki?
Fərman
Yox, mənimki. Amma, hayıf tək deyil.
Aslan
Bir yanda gözləyək, quyruğu qırılsın, sonra mən onunla hesabı çürüdərəm.
Fərman
Şef, mən ölüm, onunla incə rəftar elə. Hirsinə de bu dəfə tvist oynamasın.
Aslan
Deyirəm, gəl!
Gizlənirlər. Xumarla Kəklik səhnədən keçib getmək istədikdə Zəki onların qarşısına çıxır.
Zəki
Xumar, sənə iki kəlmə sözüm var.
Kəklik
Zəki, sən yenə bir bəhanə tapıb gəldin?
Zəki
Xumar, mən səninlə tək danışmaq istəyirəm.
Kəklik (küskün)
Çox lazımdır, gedərəm. (Getmək istəyir)
Xumar
Gizlin sözdür?
Zəki
Gizlindir. Təzə pyes tapmışam. Səninlə məsləhətləşmək istəyirəm.
Kəklik (bu sözü eşidib geri qayıdır)
Təzə pyes? Bəs niyə mənimlə məsləhət eləmirsən?
Zəki
Xumar, ona de ki, bir adam ki, mənim üzümə belə baxmaq istəməyə, mən onunla necə məsləhət eləyə bilərəm?
Xumar
Özü eşitdi, cavabını versin.
Kəklik
Zəki, de görüm, necə pyesdir, mənə rol var?
Zəki
Mənim bütün tamaşalarımda baş rol həmişə sənin olacaq.
Kəklik
Sən nə yaxşı oğlansan! Gəl gedək! Gəl! Məni evə qədər ötür, danış. (Gedir)
Zəki (Kəkliyin arxasınca getdikdə Xumara)
Mizanı necə qurdum?
Xumar
Böyük rejissorsan, Zəki Səməndəroviç!
Qəhqəhə ilə gülüb geri döndükdə pusqudan çıxmış Fərman və Aslanla toqquşur.
Fərman
Qonşu qızı, bir dəqiqəliyə ayaq saxla!
Aslan
Bacıqızı!
Xumar
Fərman, utanmırsan, yenə buna qoşulub mənim yolumu kəsirsən?
Fərman
Sənin yolunu kəsənin qolunu kəsərəm.
Aslan
Bizdən qorxma, qənfet qız, biz bura müharibə üçün yox, sülh üçün gəlmişik. Bu yetim (Fərmanı göstərir) mənim yetirməmdir, xətrini çox istəyirəm. Bir-iki kəlmə mehriban danışmasan, cavan ömrü puç olub gedəcəkdir. (Fərmana) Ada, diz çöksənə.
Fərman
Kişi ölsə də, diz çökməz.
Xumar
Demək məndən əl çəkməyəcəksən?
Fərman
Səni bir dəqiqə, bir saniyə yadımdan çıxarda bilmirəm. (Aslana) Təsdiq eləsənə.
Aslan
On iki imam haqqı.
Xumar
İndi ki, əl çəkmirsən, onda şərtlərimə qulaq as!
Aslan
Gün çıxdı, buz əriyir.
Fərman
Hamısını qabaqcadan qəbul eləyirəm.
Aslan (Fərmana, yavaşdan)
Axmaq, kor-koranə alver eləməzlər ki?
Xumar
Birinci şərtim: yalan danışma.
Aslan
Mən də bu şərtin tərəfdarıyam.
Fərman
Heç mən sənə yalan danışaram?
Xumar
Nə mənə, nə də başqasına. Lap ölümlə üz-üzə də gəlsən, sözün düzünü de.
Fərman
Dayan bir qədəşlə məsləhətləşim. (Aslana) Bacararam?
Aslan
Əvvəl-əvvəl çətin olacaq, sonra öyrəşəcəksən. Papirosu tərgitmək kimi bir şeydir.
Fərman
Məhəbbət gör adamı nəyə məcbur eləyir. (Xumara) Razıyam.
Xumar
İkinci şərtim: taksidən çıx, gəl bizim fabrikdə işə gir. Həmişə gözümün qabağında ol.
Aslan (öz-özünə)
İstəyir təkcə özü minsin.
Xumar
Axşam məktəbinə gir, oxu, azsavadlı adamla mənimki tutmaz.
Aslan (öz-özünə)
Şərtlər get-gedə ağırlaşır.
Fərman
Razıyam. Məktəbə yox, lap ölümə də gedərəm.
Xumar
Geyimini dəyiş. Bu kostyumu at, təlxəklərə oxşayırsan.
Aslan
Təzə alıb ey. On iki imam haqqı.
Fərman
Sizin fabrikin məhsuludur.
Xumar
Ömründə bizim fabrikin tikdiyi kostyumu alıb əyninə geymə.
Aslan
Ağıllı şərtdir.
Fərman
Sən nəyi məsləhət görsən, onu alaram.
Umud gəlir. Onlar tez özlərini düzəldib hörmətlə dayanırlar.
Umud (Aslanla Fərmanı diqqətlə süzdükdən sonra)
Xumar, bunlar kimdir?
Xumar
Yoldaş müdir, bu oğlan bizim fabrikdə işə girmək istəyir. (Fərmanı göstərir)
Umud (Fərmana)
Sirkdə işləyirsən?
Fərman
Xeyr, yoldaş müdir.
Umud
Bəs bu nə paltardır, geymisən?
Xumar
Bizim məhsulumuzdur.
Umud
Ola bilməz, dayan baxım. (Fərmanın kostyumunu diqqətlə yoxlayır) Hə, doxsan beşinci artikul.
Fərman
Sizin daimi müştərinizəm.
Umud
Biz müştərilərimizi tanımırıq, onlardan çox uzağıq. Əgər uzaq olmasaydıq, bu cür zibilləri tikib satmazdıq. Bu kostyumu gətir təhvil ver bizim fabrikə, tapşıraram sənə təzəsini tikərlər. Xərci də yazılsın mənim ayağıma. Mənim kimi müdirə hələ o da azdır. Sənətin nədir?
Aslan
Sürücüdür.
Fərman
Yox, mexanikəm, bütün motorlardan başım çıxır.
Umud
Xumar, işə götürək, götürməyək?
Xumar
Siz bilərsiniz, yoldaş Umud.
Umud
Sən necə, məsləhət görürsən?
Xumar
Neyləyək, yalvarır da.
Umud
Bax, pis işləsən Xumara deyəcəyəm səni işdən çıxartsın. (Xumara) Göndər kadr şöbəsinə əmrini versinlər.
Fərman
Çox sağ olun. (Xumar onlara işarə edir ki, getsinlər)
Aslan (Fərmanın qulağına)
Uzağa getmək olmaz, burada olaq. (Gedirlər, səhnədə Xumarla Umud qalır)
Xumar
Bəs siz evə getmişdiniz, yoldaş Umud, bir də təzədən niyə qayıtdınız?
Umud
Evə girə bilmədim. Şəlalə bağlayıb gedib.
Xumar
Hara gedib?
Umud
Bilmirəm, bu gün idarəyə zəng eləməmişdi?
Xumar
İki dəfə.
Umud
Bəs mənə niyə deməmisən?
Xumar
Sizi yox, müavininizi soruşurdu.
Umud
Onunla nə işi var?
Xumar
Bilmirəm.
Umud
Xumar, nə eləyirsən elə, məni arvadımla görüşdür.
Xumar
Hansı ilə?
Umud
Əsil arvadımla. Onun yanında üzüqarayam.
Xumar
Görüşdürərəm, ancaq indi yox, xəstəxanadan çıxandan sonra.
Umud
Xəstəxanadadır?
Xumar
Bu gün səhər gedib.
Umud
Hansındadır?
Xumar
Doğum evində.
Umud (həyəcanla)
Ürəyimə dammışdı. Bu gün səhərdən narahat idim. Bəs mən neyləyim? Gedim ona gül göndərim? (Tələsik çıxır)
Xumar (tək, öz-özünə)
Kişilər nə qədər yüngül olurlar, lap kəpənək kimi. (Fırlanır, içəri girən Salehlə toqquşur)
Saleh
Xumar, burada neyləyirsən, niyə evə getmirsən?
Xumar
Gedirəm. Sağ olun, Saleh əmi.
Saleh
Sağ ol, qızım. (Hərəsi bir tərəfə gedir)
Saleh gedən kimi Aslan və Fərman tez səhnəyə çıxırlar.
Aslan
Düşmənimi tapdım. Gəl gedək. İntiqam, intiqam...
Salehin arxasınca gedirlər. Səhnə qaranlıqlaşır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabit-rehman-yalan-ikinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əsgər ağa konyak butulkasını boşaltdıqdan sonra qolunun bütün qüvvəti ilə bağın aşağısına doğru fırlatdı və ayağa durub donuq gözləri ilə o yan-bu yana baxmağa başladı.Uzaqdan qulağına incə bir zarıltı gəldi.
Çiy ətTədarük anbarının müdiri Məmməd Qəribov səhər tezdən yerindən qalxıb tələsik geyinməyə başladı.Arvadı təəccüb qaldı:
CeyranAtalar deyirlər ki, söz vaxtına çəkər. Elə keçən il bu vaxt, bizim məhəllədəki Əhməd evləndi. Əhmədin atası Qənbər kişinin bizim tərəflərdə tanımayan az tapılar. Böyük bir idarənin anbar müdiridir. Evi də düz anbarın yanındadır. Qapıbir qonşudular. Çox rica edirik ki, bu, sizin ağlınıza pis-pis fikirlər gətirməsin, Qənbər kişini hələ bu vaxta kimi əliəyrilikdə tutan olmayıb. Düzdür, bir az qohumbazlığı var, məsələn, oğlu müavinidir, arvadı tədarükçü adı ilə məvacib alır. Ancaq bunların işə heç bir təsiri yoxdur. Anbar düpbədüz, aptek tərəzisi kimi işləyir. Söhbət bunda deyil, söhbət Əhmədin toyundadır. Bir toy oldu ki, gəl görəsən. Zurna çalan kim, şabaş yığan kim, tar dəstəsi gətirən kim, müxtəsər, Əhməd gözəl qız aldığına o qədər sevinmişdi ki, qırx gün, qırx gecə toy çalsaydı yenə ürəyi soyumazdı.Əhmədin öz savadı yediillikdən yuxarı deyildisə də, qız ali məktəbdə oxuyur, adı Ceyrandır. Həqiqətən adına layiq qızdır... Yeriyəndə min can alır, danışanda elə bil bülbül oxuyur, güləndə ətrafa sanki gül səpələnir. Qərəz, toyda oturanlara elə gəlirdi ki, Ceyran nağıl kitablarının səhifələrindən çıxıb bir baş bu toya gəlib.
Altı qızın atasıArvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!
Стихи других поэтов
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Külək, dəniz, gecə, ölüm və Səlim(Ballada)*Şəhər təzə salınırdı;
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı