Страница 3 из 3 · 67%

Saleh

Səni həyat özü mühakimə edəcəkdir.

Umud, Xumar, Rəfiqə, Kəklik və Zəki əllərində gül dəstələri içəri girirlər.

Şəlalə (Umudun üstünə qaçır)

Umud can! Bunlar mənə böhtan atırlar. Bu güllər nədir, hara gedirsiniz?

Umud

Doğum evinə gedirik. Oğlum olub, onu bu dostlarımla tanış etmək istəyirəm. Daha məni gözləmə, Şəlalə, öz ailəmə qayıdıram.

Şəlalə

Öz ailən hansıdır?

Umud

Sevgi və qayğı ilə dolu olan ev mənim ailəmdir.

Şəlalə

O evin qiymətini uşaq olan kimi bildin?

Umud

Yox, hələ uşaq olmamışdan qabaq, səni yavaş-yavaş tanıyanda onun qiyməti qalxmağa başlamışdı. İndisə, bu uşaq məni ailəyə, həyata elə bağladı ki, min Şəlalə yığılsa, qopara bilməz.

Şəlalə

Qopma, çox lazımdır, onsuz da mənə layiq kişi deyildin.

Umud

Biz gedirik, Şəlalə, sən isə, işə gir, öz əlinin əməyilə yaşa.

Şəlalə

Gedin. O sizin borcunuz deyil, yaşamağın qaydasını mənə öyrətməyin. Mən özüm öz işimi çox yaxşı bilirəm.

Rəfiqə

Gözəlliyinə arxayın olma. Yalan get-gedə öləcək, sən də onunla bərabər.

Şəlalə

Ölməyəcəyəm. Mən ölümün özünü də aldadacağam.

Rəfiqə

Gedək, Umud qardaş, arvadınız gözləyir.

Xumar

Körpənin gözü yoldadır.

Kəklik

Körpənin də, anasının da, Zəki, qabağa düş, yol göstər!

Zəki

Yolumuz aydındır!

Çıxırlar. Şəlalə səhnədə tək qalır.

Şəlalə

Hamı getdi. Hərənin bir işi, bir ailəsi var. Mən isə burada, küçədə tək qaldım. Elə bil bütün dünyada təkəm.

Son dərəcə qocalmış, haldan düşmüş Tərlan xanım gəlir.

Tərlan xanım

Tək deyilsən. Mən də səninlə varam.

Şəlalə

Xala, nə yaxşı gəlib çıxdın. Məni niyə qoyub getmişdin?

Tərlan xanım

Heç yerə getməmişdim, həmişə səninlə idim. Həmişə sənin ürəyində, beynində dolaşırdım. Hərəkətlərinə rəhbərlik eləyirdim, sözlərinə istiqamət verirdim.

Şəlalə

Nə yaman qocalmısan, ayaq üstə dayana bilmirsən.

Tərlan xanım

Məni bu təzə dünya qocaltdı. Ayağımı hara atıramsa, başımdan vurub məhv eləməyə çalışırlar. Uzun zaman bir yerdə qərar tuta bilmirəm, tanıyıb qovurlar. Hayıf deyildi o vaxtlar, atam Muxtar bəyin dövləti...

Şəlalə

Sən yenə yalan danışmağa başladın?

Tərlan xanım

Bizim sənətimiz odur. Yalan dünyada ən güclü silahdır. Əlində bu cür silah olandan sonra niyə tək qalırsan? Həyat sənə zərbə vuranda daha güclü bir zərbə ilə ona cavab ver. Mənim bir ayağım keçmişdədir, bir ayağım qəbirdə. Sən ki, bu zamanın övladısan, özünü niyə itirirsən?

Şəlalə

Düz deyirsən, xala, təslim olmaq yaramaz. Mən yenə vuruşacağam. İnsanlar havasız, susuz yaşaya bilmədikləri kimi yalansız da yaşaya bilmirlər.

Tərlan xanım

Əlini ver mənə. Heç qəm çəkmə. Arxayınam ki, ölsəm də səni öz yerimdə qoyub gedəcəyəm. (Şəlaləni qucaqlayır, sonra qolundan tutub qabağa çəkir. Səhnə fırlanır, tamaşaçıların gözləri qarşısında şəhərin müxtəlif mənzərələri canlanır. Qorxmuş, özünü itirmiş Şəlalə get-gedə canlanmağa, gülümsəməyə, nəhayət, gülməyə başlayır. Səhnə fırlandıqca Şəlaləni, Tərlan xanımı da fırladır)

Saleh və Aslan hərəsi bir tərəfdən gəlib tamaşaçılara müraciət edirlər.

Saleh

Bu cür kişilər də var, ayıq olun.

Aslan

Ehtiyatlı olun! Yalan aramızda gəzir, yaxın qoymayın!

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов