Страница 2 из 2 · 50%

Uzaqdan səslər eşidilir.

Yaşasın Yusif şah!

Xacə (əsəbi hallar keçirir, tez-tez gəzinir). Gəlirlər... Gəlirlər!

Yusifşah, Budaq, Rəhman, Qəhrəman və Səlma bir neçə asi ilə
vuruşa-vuruşa səhnəyə daxil olurlar.

Yusifşah. Dostlar! Zəfərin ən kəskin silahı cəsarətdir.

Budaq. Məslək uğrunda ölmək böyük şərəfdir!

Iasi (qılıncını Budağa endirərək). Al, bu sənə şərəfli ölüm!

Budağı vurmaq istərkən Yusif şah onu öldürür.

II asi. Qorxmayın, dostlar, Şah Abbas ordusu ilə bizə köməyə gəlir.

Səlmanı vurmaq istərkən Qəhrəman onu öldürür.

Qəhrəman. Dostlar, onlar min qarğadır, biz bir laçın quşu... (Hücum edir)

Rəhman. Ya şərəfli ölüm, ya şərəfli həyat!

III asi. Al, bu sənə şərəfli ölüm.

Rəhmanı vurub öldürür, Qəhrəman hücum edir.

Qəhrəman. Bu qanı yerdə qoymayacağam.

Qəhrəman sonuncu düşməni də öldürür. Səhnə boşalır.

Səslər. Yaşasın Şah Abbas!

Yusifşah. Gəlin, düşməni qarşılayaq.

Budaq. Yox, padşahım, mənim fikrim başqadır.

Yusifşah. Fikrin nədir?

Budaq. Gələcək döyüşlərə başlamaq üçün geriyə çəkilmək.

Yusifşah. Nə deyirsən Budaq? Düşmən qarşısından qaçmaq?

Budaq. Sən xalqa lazımsan.

Qəhrəman. Doğru deyir.

Yusifşah. Gecdir, gecdir...

Qəhrəman. Gec deyil. Saray bağçasından eşiyə çıxan gizli yol mənə məlumdur. Oradan getsək bizi görən olmaz.

Səlma. Qoy gəlib bizi tapmasınlar.

Budaq. Razı ol, Yusif!

Qəhrəman. mən sizi hər yerdən salamat qurtararam, gedək!

Səlma. Gedək, padşahım, gedək!

Budaq. Xalqımızın gələcəyi eşqinə gedək...

Yusifşah. Dostlar, bu sarayın qapısını bir də döymək üçün getmək lazımdır. Bir də ki, Şah Abbası, onun ətrafındakı xainləri daima təşvişdə, qorxu içərisində saxlamaq üçün geriyə çəkilməyimiz daha məsləhətdir. (Gülərək) Ulduzların bəlasına qoy Şah Abbas özü düçar olsun! (Gedirlər)

Səs get-gedə yaxınlaşır. Təbil səsi... Xacə əsəbi hallar keçirir.

Xacə. Gəlirlər... gəlir... (Boş qına baxaraq) Bu qını qılıncsız görsə Şah Abbas başımı bədənimdən ayırar.

Ölülərin qılıncını götürüb qına taxmaq istəyir. Qılınc girmir... Qılıncı qırıq bir qəbzə
tapır. Onu tez qına keçirib bir tərəfə çəkilir. ŞahAbbasMirzəSədrəddin
ilə səhnəyə daxil olur.

Şah Abbas. Pəh-pəh-pəh! Nə gözəl mənzərədir! Hanı mənim xidmətçilərim? Hanı mənim vəzirlərim? Xacə, Xacə!

Xacə gəlir, Şah Abbasa baş əyərək.

Xacə. Bəli, qurban.

Şah Abbas. Hanı Yusif şah!

Xacə. Padşah, mən Yusif şahı bizim adamlarla vuruşarkən gördüm, zalım oğlu hər zərbədə iki baş bədənindən ayırırdı. Mən arxadan ona bir qılınc endirmək istədim. O mənim üzərimə hücum edərkən tab gətirməyib qaçdım.

Şah Abbas. Sonra? Bəs o hara getdi?

Xacə. Xəbərim olmadı. (Əyilərək) Mən ancaq özümə vəkillik edə bilərəm.

Şah Abbas. Bəs Səlma?

Xacə. Çoxdan görmürəm. Zənnimcə, Yusif şah Səlma ilə Qəhrəmanı azad etdi.

Şah Abbas. Of, fəlakət!.. Mirzə Sədrəddin, bu nə oyundur? Ulduzları onlar aldatdı. Demək, göydən enən bəla məni məhv edəcək.

Mirzə Sədrəddin. Pərişan olmayın, şahım! Hər yerdə olsa da göydən enən bəlaya onlar düçar olacaqlar.

Şah Abbas. Yox, inana bilmirəm! Yusif Sərrac şahlıqdan əl çəkib qaçmış. Bu gün padşah mənəm. Demək, ulduzlardan enən bəla məni məhv edəcək. Of, gözlərim qaralır, bədənim əsir, mənə bir tədbir və çarə göstər! (Xacəyə) Vəzirlərim hanı?

Xacə. Xəbərim yoxdur, şahım!

Şah Abbas. Mirzə Sədrəddin, Mirzə Sədrəddin!.. Tez, durma, bir çarə və tədbir göstər.

Mirzə Sədrəddin (dili əsə-əsə). Padşahım... İzin ver, gedib Uluğ bəyin kitabına baxım.

Şah Abbas. Yox! Canını qurtara bilməzsən! Sənin verdiyin bu qara xəbər mənim büsatımı dağıtdı, sarayımı alt-üst etdi... Mən də səni sağ buraxmayacağam. (O tərəf-bu tərəfə baxır) Qəhrəman da belə getdi. (Xacəyə) Xacə!.. Vur bu itin başını.

Xacə əyilərək.

Xacə. Padşahım, mən baş vurmaq bacarmaram.

Şah Abbas. Sənə vur deyirəm, yoxsa... (Hücum edir)

Xacə. Baş üstə, padşah. (Qılıncını çəkir. Əlinə yalnız qəbzə gəlir. Heyrətlə qəbzəyə baxaraq) Bəs mənim qılıncım hanı? Bu nə sirrdir, padşahım?

Şah Abbas (çaşqın və əsəbi). Ah, mənim bəxtim dönmüş, taleyim sönmüş!.. Görünür, ulduzların bəlası məni məhv edəcək! (Ayaq üstə durmağa taqəti qalmayıb yıxılırkən) Tutun məni, tutun! (Şah Abbas Xacənin qolları üstünə yıxılır)

Xacə. Şahım, qalx... İran taxt-tacı sizi gözləyir.

Şah Abbas. Of!.. Ulduzlar bizi aldatdı!

Pərdə

Son

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов