İkinci pərdə
Страница 1 из 3
İkinci şəkil
Səhnə xanın evini və həyətini təsvir edir. Atakişi həyəti süpürür.
Balaoğlan. Süpür, süpür, bizim ömrümüz gecə-gündüz həyətbacanı, tövləni süpürməklə keçəcək.
Atakişi. İnsafsızlar hələ buna da razı deyil. Yenə də adımız tənbəl, yenə də adımız köpək oğludur. Doğ ay günəş, çəkil ey duman!
Zümrüd (gəlib Atakişinin qolundan tutaraq). Ata! Kimi döyürlər?
Atakişi. Heç kimi, qızım.
Zümrüd. Yox döyürlər. Qulağıma ağlamaq səsi gəlir.
Atakişi. Döyülən yoxdur, qızım. (Balaoğlana) Bu qız dərdə düşəli öz dərdimi də unutmuşam. Lənət olsun bu qapıya gəldiyim günə!
Balaoğlan. Sənin qulağına səs düşüb. Yoxsa döyülən, ağlayan yoxdur.
Zümrüd. Yox odur, bax, ağlayır, bağırır. Necə yoxdur?! (Hıçqıra-hıçqıra ağlayır)
Atakişi. Sakit ol, qızım, bir az sakit ol!
Balaoğlan. Yazıq qız!
Zümrüd. Vay, vay, yenə döyürlər. (Qaçır)
Atakişi (onun dalınca gedərək). Zümrüd! Ay qızım!
Mərcanxanım (daxil olur). Ey... Ay kişi! Səhərdən axşamacan bu dəli qızın nazı ilə oynayırsan, bəs bu işi, gücü kim görəcək? (Balaoğlana) A gədə, sən niyə işsiz, gücsüz sümsünürsən?! O dəli sizə bir tamaşa olub, onu bu qapıdan elə itirdim ki, heç iyi, tozu da qalmasın. Axmaq uşağı, müftə çörək tapıblar.
Gedir. Atakişi gəlib həyəti süpürməyə başlayır. Xan görünür.
Xan (Atakişiyə). A gədə!..
Atakişi. Nə buyurursan, xan?
Xan. Səməndər gəldimi?
Atakişi. Xan, hələ gəlib çıxmayıb.
Xan. Bunlar hansı cəhənnəmdə qaldı?
Acıqlı gedir. Baloğlan əlində atın cilovu gəlir.
Atakişi. Gördünmü? Ağzını açıb heyvan kimi elə qışqırır ki, sanki bizi yeyəcək.
Baloğlan. Ayı yaman canavardır, yedi, yedi də, əlimizdən nə gələr?
Atakişi. Bu gün yenə itə dönüb bilmirəm nə var.
Balaoğlan. Görəsən hansı yazığın ömrü tükənib.
Atakişi. Bizim Zümrüdə deyəsən xəbər verilir. Xan adam öldürmək, ya döydürmək istəyən gün onun naxoşluğu başlayır. Bu gün də qansız keçməyəcək.
Balaoğlan. Yırtıcı heyvanın xörəyi qandır. Qan içməsə, nə qarnı doyar, nə də gözü.
Mərcan xanım ilə Gövhər xanım daxil olurlar.
Mərcanxanım. Bura bax, ay kişi, sabah o dəlini bu qapıdan rədd edərsən.
Atakişi. Xanım, haram var, hara aparım? Balamdır, çölə ata bilmərəm ki?
Mərcanxanım. Atacaqsan, atmayacaqsan, o mənə borc deyil. Sabahdan onu bu qapıda görməyim! Mənim dəli-məli nazı çəkməyə halım yoxdur.
Atakişi. Xanım, özün görmüşdün, güldən, lətif, lalədən qırmızı bir qız idi. Bu qapıya gəldi, uşaq dəli oldu. O ancaq yenə bu qapıda sağalar.
Mərcanxanım. Çox danışma, qoca kaftar!
Telli (əlində səhəng həyətə girir). Xanım, xanım, muştuluğumu ver!..
Mərcanxanım. Nə var, ay qız?
Telli. Cümşüd xanın arvadı Cavahir xanım bizə qonaq gəlir.
Mərcanxanım. Ala kül başına! Mən də deyirəm görən nə var, hələ sən bu bəxtəvərlərə bax! Üç günlük yoldan basa-basa qonaq da gəlirlər...
Telli. Xanım! Yadındadırmı, beş il bundan əvvəl biz onlara qonaq getmişdik. Onlar da bizə qonaq gəlməyə söz verdilər. Ancaq boş gəlmirlər, deyəsən Gövhər xanıma elçiliyə gəlirlər.
Mərcanxanım. Bunu nədən bildin?
Telli. Danışanda eşitdim. Onlar dörd atlı idi. Su içmək, əlüzlərini yumaq üçün bulağa döndülər. Mən də çiynimdə səhəng dallarınca gedirdim. Cavahir xanım deyirdi: “Qızı o zaman görmüşük dəyişməmiş olsa yaxşıdır”. Fatma xanım dedi: “Niyə dəyişir? Rüstəm xan kimi atası var. Yeyib, içib, əmlik quzuya dönəcək”.
Xan (daxil olur). Bu bayquş yenə nə ulayır?
Mərcanxanım. Bu dəfə ulamır, bülbül kimi cəh-cəh vurur. Cümşüd xanın arvadı Cavahir xanım Gövhər xanıma elçi gəlir. Sən tez ol evdən çıx! Ay qız, Telli. Sən də qabaqlarına get!
Xan (Atakişi ilə Balaoğlana). Siz də həyətdə az görünün. Atları tövləyə bağlayın! Gədələr buralarda görünməsinlər.
Atakişi ilə Balaoğlan gedir.
Mərcanxanım (Gövhərə). Qızım, paltarını tez dəyiş, bizə qonaq gəlir. Onlar gələndə sən də qabaqlarına çıx!
Gövhərxanım. Yox, mən qabaqlarına çıxmayacağam.
Mərcanxanım. Ayıbdır, qızım. Tez, tez get, paltarını dəyiş.
Gövhər xanım gedir. Cavahir xanım, Fatma xanım, Telli, Atakişi
əllərində xurcun gəlirlər.
Cavahirxanım. Qonaq istəmirsinizmi?
Mərcanxanım. Sizin kimi qonaqları kim istəməz? Xoş gəlibsiz, səfa gətiribsiz. Siz hara, bura hara? Mən deyirdim, biz bir də görüşmərik.
Fatmaxanım. Dağ-dağa qovuşmaz, insan insana qovuşar. Görürsənmi, sözümüzə etibarlı çıxdıq. Bu uzun yolu basa-basa sizi görmək üçün gəldik.
Mərcanxanım. Çox sağ olun, ürək yaxın olsa, uzaq yol adama neylər.
Cavahirxanım. Doğrudur, başın üçün doğrudur. Beş ildir sizi görməmişəm. Könlümün quşu sizə elə qonmuş ki, bir gün yadımızdan çıxmırsız.
Mərcanxanım. Canın üçün, biz də... Hər gün sizdən danışırıq. Könüldən-könülə yol var.
Cavahirxanım. Biz o dostluğu daha da bərkitməyə gəlmişik.
Mərcanxanım. Xoş gəlmisiz, səfa gətirmişsiz! Gözlərimiz üstündə yeriniz var. İçəri buyurun!
Otağa girirlər. Xan pilləkənləri enib həyətə düşür.
SəməndərPoladı gətirir.
Səməndər. Xan! Gətirdim qulluğuna, bu da xalçası.
Xan. Çox əcəb. Bəs oğul-uşağı? Əkbər get, onları da gətir!
Əkbər. Bu saat onları da qulluğunuza gətirim. (Gedir)
Xan. Qoy qapısında bayquşlar ulasın. Mənim torpağıma fitnə salanın nəsli kəsilməlidir!
Polad. Mən neyləmişəm? Nə fitnə salmışam?
Xan. Bilmirəm, bilmirəm, rəiyyəti üzümə ağ eləyirsən. Hələ danışdığı sözlərə bax: Qazancımızı it yeyir, yaxamızı bit. Məni itə bənzədirsən?! Soyundurun, tez!
Polad. Bu sözü bütün el deyir. Hamı bilir ki, xalq işləyir, xan dişləyir.
Xan. Bu heyvan oğlunun hər sözü mənə bir nəştər kimi batır. Tez, tez, ölüncəyə qədər vurun!
Polad. Ölüm sənin kimi namərdlərə baş əyməkdən yaxşıdır.
Səməndər əlindəki matraq ilə vurur.
Xan. Vur, vur, bərk vur! Qoy bilsin ki, xana xain çıxanın cəzası ölümdür.
Polad. Uf... Elin ağzını bağlaya bilməzsən! Ağzını bağlasan da, qolunu bağlamaq olmaz! Sənə də bir gün bu cəzadan var!
Xan. Susdurun bu iti!..
Səməndər Poladı döyür.
Polad. Ah!.. ah!..
Atakişi (tərəfə). Tfu!.. Bu qapıdan girəli ölümdən, ah-nalədən başqa bir şey görmədim. Bu qanlı ocaq bilmirəm nə zaman dağılacaq?! Yazıq kişinin nəfəsi kəsildi.
Zümrüd. Vay, vay!.. Ata, qorxuram...
Atakaşi. Sənə demədim həyətə çıxma? Gəl gedək!
Zümrüd. Ata, ata, yenə döyürlər...
Balaoğlan. Qızı, tez ol, apar!
Atakişi Zümrüdü aparıb, yenə qayıdır. Səsə Mərcanxanım,
Cavahirxanım, Fatmaxanım eyvana çıxırlar.
Cavahirxanım. Bu yazıq kişini nə üçün döyürlər?
Mərcanxanım. Görünür bir günahı var.
Fatmaxanım. Kişidə can qalmadı, o daha dirilməz!
Atakişi. Ömrünü sənə bağışladı, xan!
ƏkbərAnaxanım ilə Eloğlunu gətirir.
Əkbər. Gətirdim xan!
Anaxanım (Poladı yerdə ölü kimi sərilmiş görüb). Vay, vay!..
Özünü onun üstünə atmaq istəyir. Səməndər qolundan tutub qoymayır.
Eloğlu. Ata!..
Özünü atasının üstünə atmaq istəyir. Əkbər qolundan bərk tutub çəkir.
Əkbər. Sakit ol! Çəkil!
Xan. Bu ilan yumurtasını da soyundurun! Bunların toxumu kəsilməlidir!
Səməndər Eloğlunu soyundurmaq istərkən Anaxanım
Eloğlunu bərk qucaqlayır.
Anaxanım. Vay!.. Onu buraxın, məni öldürün!..
Səməndər. Qalx, arvad! Sənə də növbə çatacaq, tələsmə!
Anaxanım Qoymaram!.. Buraxın!
Eloğlu. Ana, yalvarma!.. Yazıq anam!..
Cavahirxanım. Mərcan, ürəyimə ağır gəlir. Bizim bu xeyir iş üçün gəlişimizdə bu qan heç yaxşı deyil. Heç olmasa arvadı, oğlanı xan bizə bağışlasın.
Mərcanxanım. Xan, qonaqlarımız səndən təvəqqe edirlər ki, arvadı, oğlanı onlara bağışlayasan.
Xan. Yaxşı, qurban olsunlar qonaqlara. (Əli ilə Polada işarə edərək) A gədə, onu da atın tövləyə!
Poladı Atakişi ilə Səməndər götürüb tövləyə aparırlar.
Eloğlu ağlaya-ağlaya ona tərəf gedir.
Eloğlu. Ata can!
Anaxanım. Polad! Polad!..
Eloğlu birdən dayanır, vüqarlı vəziyyət alır.
Eloğlu (Anaxanıma). Ana, ağlama, atam bizə tapşırdı ki, kişi qızı, kişi oğlu namərd qabağında ağlamaz!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-eloglu-ikinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kür kənarı, səhər, gözəlcə hava,Bürünüb yamyaşıl çəmən, səhra.
Vərəmli həyatƏsir doğuldum, əsir getdim, ah, gənc ikən.Vərəm ciyərlərimi dəldi, ömrümü biçdi.
ŞəklindəÜzümdə gərdi-təkəddür niqab şəklində.Gözümdə əşki-təhəssür hübab şəklində.
LaylaLayla, mələgıim, körpə balam, sevdiciyim, yat!Bir də ələ düşməz bu uşaqlıq dəmi, heyhat!
Стихи других поэтов
Billəm ki, edər axir ol nərgisi-məstanəBu aşiqi şeydanı Məcnun kimi divanə.
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
Teleqraf müxbiri şərm eyləməyirTelqraf müxbiri şərm eyləməyir,Döndərib aslana balkanlıları.
Qeyrət eyləGəldi, şura gəldi,El, qeyrət eylə.