Üçüncü fəsil
Страница 2 из 3 · 33%
Əşrəf Moskvada yalnız üç il qala bildi. Əvvəlləri kursda, sonra bir orta məktəb müəllimi yanında xüsusi olaraq çalışır, dərslərində az-çox müvəffəqiyyət göstərə bilirdi. Ancaq onun elm dalınca getməyi çox az davam etdi. O, yenə qaranlıq yollarda dolaşmağa, hər cür kef və işrət dalınca qaçmağa başladı. O, Əhmədi də tamamilə bu yola çəkmək istəyirdi. Əhməd dostu Əşrəfin fikrini anlamışdı. O, Əşrəf kimi dövlətli balalarının əhval-ruhiyyəsini gözəl bilirdi. O bilirdi ki, Əşrəf kimi cahillər hər bir məziyyət və qiyməti yalnız sərvət və dövlətdə görür.
Əhməd üçün isə bilik və ixtisasdan başqa güvənəcək və gələcəyini təmin edəcək heç bir vasitə yoxdur. Ona görə də bütün qüvvət və iradəsi ilə dərslərinə sarılaraq, ondan ayrılmırdı. Məhərrəm əmidən aldığı məktubların da onun üzərində böyük təsiri olurdu. Bununla bərabər Əşrəf arabir Əhmədi də özü ilə bərabər aparır, o azğın həyatın acı və füsunkar zövqünü ona dadızdırırdı.
Bir gün Əhməd dostu Zəki ilə bərabər oturub danışırdı. Əşrəf atasından aldığı məktubu əlində tutduğu halda içəri girdi. Qürurla üzünü Əhmədə tutub:
– Əhməd, atamdan aldığım məktubu sənə oxumaq üçün gəldim, qulaq as! “Oğlum Əşrəf! Mənim işim o qədər çox, vaxtım o qədər azdır ki, sənə məktub yaza bilmirəm. Sən mənə baxma, məktubunun arasını kəsmə. İndi ki, oxumağa qərar vermisən, sözüm yox. Ancaq canını çox üzmə, keçinmək üçün lazımınca sərvətimiz var. Elm insan özünü idarə və təmin edə bilmək üçün deyilmi? Ye, iç, kefdən qalma, dünyadan istədiyin qədər kam al!.. Sənə iki min manat göndərdim, kifayət etməzsə yaz, yenə göndərim. Sağ ol. Atan Mürsəl”.
Əşrəf məktubu oxuyub bitirincə sevinclə parıldayan gözlərini Əhmədin üzünə dikərək:
– Bax, məktub belə olar! Sən də qocanın məktublarını elə bir fərəhlə oxuyursan ki, elə bil göydən enmişdir, – dedi.
– Qoca kimdir? Yoxsa Məhərrəm əmini deyirsən? – deyə Zəki maraqla soruşdu.
Əşrəf acı-acı gülümsəyərək cavab vermədi.
– Bu daşlar ona atılır, ancaq Əşrəf, sənin dədənin məktubu sənə aiddir, mənə də atalıq edən qocanın məktubu qiymətlidir, – deyə Əhməd ciddi bir səslə cavab verdi.
Zəki dostunun sözlərini təsdiq etdi:
– Bir bax, kim kimi bəyənmir! O qoca sənin və mənim kimi gənclərdən, hətta dədən Ağamürsəldən qat-qat uca bir insandır. Bunu anlamaq lazımdır. Məncə oxuduğun o məktub ağlını və şüurunu itirmiş bir sərsəmin söylədiyi sözlərdən başqa bir şey deyildir! Şüurlu ata oğluna belə məktub yazmaz!
Əşrəf Zəkinin sözündən çox pozuldu, ancaq cavab vermək istəmədiyindən:
– Elm və ixtisas özünü idarə və təmin edə bilmək üçün lazımdır. Mənim isə özümü idarə edə biləcək qədər sərvətim vardır, – deyə qürurla gözlərini Əhmədin üzünə dikdi.
– Odur ki, oxumağın daşını atdın. Ancaq məncə sərvət insanı təmin edər, idarə etməz. İdarənin nə olduğunu bilmək üçün elm və ixtisas lazımdır.
– Heç lazım deyil, həqiqət göz qabağındadır. Bizdə oxumamış, çalışqanlığı ilə milyonlar qazanan və özünü gözəlcə idarə edə bilənlər azdırmı?
– Onların elm və ixtisası olsaydı, daha çox və səmərəli qazana bilər və sərvətləri faydalı yerə sərf olunardı.
– Sizin elm və biliyiniz daha faydalı yerlərə sərf edildiyi kimi!
Zəki hər ikisinə etiraz etdi:
– Hər ikiniz yanlış düşünürsünüz. Məncə elm və sərvət insana idarəçilik öyrədə bilməz! İdarəçilik yalnız heyvan kimi qarnını hər cür həşərat və nəbatat ilə doldurmaqdan ibarət deyil. Məmləkətimizdə atan Ağamürsəl kimi sərvətdarlar və müəyyən ixtisas sahibi olan ziyalılarımızın çoxu həyatı ancaq belə düşünür. Halbuki həqiqi bir vətəndaş, kamil bir insan yalnız öz həyatını təmin etməyi, özünü idarə edə bilməyi düşünməz. Bunu anlamaq üçün hər şeydən əvvəl ictimai şüur və tərbiyə lazımdır! Demək, bu məsələ əxlaq və ictimaiyyətlə əlaqədardır. Bu olmayınca əşrəflərin sərvəti, əhmədlərin, zəkilərin elmi və ixtisası dənizdəki dalğalar üzündəki köpüklərdən başqa bir şey deyildir!
Bu sözləri söylərkən Zəki ciddi bir natiq vəziyyəti almışdı. Onun hərarətlə dediyi sözlər hər ikisinə ağır təsir etdi, Əşrəf istehza ilə gülərək:
– Zəki, zurnanı çox ucadan başladın! – deyə təhqirə başladı. O ictimai şüur və tərbiyəni, şübhəsiz, səndən öyrənmək lazım gələcəkdir.
Zəki çox səbirli və iradəli bir gənc idi. O əvvəlki ciddiyyətlə cavab verdi:
– Onu məndən deyil, həyatdan, mühitdən, xalqımızın ehtiyacından öyrənməlisiniz! Fərdi həyat yaşayanların ömrü az, səadəti qısa olur.
– Qısa olsun, ancaq daşqın, coşqun olsun! Sürünməyə də həyat deyərlər?
– Yenə səhv edirsən, insana həyatı sevdirən, onu şənləndirən mübarizədir. Sənin və atan Ağamürsəl kimi sərvətdarların daşqın və coşqun yaşadığına nədən hökm edirsən? Onun çirkablı sular üzərindəki bulanıq bir köpük olduğunu tezliklə anlayacaqsınız. Bu təbiətin qanunudur. Əyyaşlığın sonu yorğunluq və səfalət, səfalətin sonu heçlik və fəlakətdir!
Əşrəf deyişmənin belə uzanıb getməsindən darıxdı. Verilən cavablar qarşısında aciz qaldığını hiss edincə:
– Biz o heçliyə də razıyıq, siz xoşbəxt yaşayın! – dedi.
– Həyat mübarizəsində qalib gəlmək ümidi ilə yaşamaq haqqımızdır.
– Oho, təbrik edirəm. Moskva səni də qudurtmuş, xalis sosialist etmişdir.
– Məni qudurdan Moskva deyil, məmləkətimi və xalqımı öz vəhşi pəncəsi altında əzməkdə olanlardır. Onları gördüyüm zaman qızmış bir aslan kimi üzərinə atılıb parçalamaq istəyirəm.
– Qızmış aslan kimi deyil, qorxaq bir pişik kimi cırmaqlamaq istəyirəm, desən daha doğru olardı.
– Yox, Əşrəf, cırmaqlamaq sənin kimi həyatda kor və qorxaqlara yaraşar, hüququnu anlayanlar cırmaqlamaz, əzər, parçalar!
Əşrəf əlini köksü üzərinə qoyaraq, istehzalı bir səslə:
– Bağışlayın, vəhşi bir pələng olduğunuzu bilmirdim! – dedi.
Zəki eyni sakitliklə:
– Nə qədər vəhşi olsam, hər halda səndən daha şüurlu və mülayim bir insanam, – dedi.
Sözün belə uzanıb getməsi Əşrəfi əsəbiləşdirirdi. Onunla bu gün görüşdüyünə heç məmnun deyildi. Zəkidən uzaqlaşmaq fikri ilə Əhmədin əlindən çəkərək:
– Qalx gedək! Bu səni də azdırar, – dedi.
– Hara?
– Onu yolda təyin edərik.
Əhməd mütərəddid bir vəziyyət aldı. Zəki cavaba imkan verməyərək:
– Bu gün gedə bilməyəcək, onunla mühüm bir işim vardır, – dedi.
– Yoxsa gizli iclasınız var? O halda mane olmayım, – deyə Əşrəf onu şübhəli baxışlarla süzərək otaqdan çıxdı.
Zəki mənalı nəzərlə Əhmədə baxdıqdan sonra dedi:
– Əxlaqsız! Gecəni kim bilir yenə hansı bataqlıqda keçirəcək. Başqa millətlərin sərvətdarları xalqı istismar etsə də, heç olmasa az-çox məmləkəti abad etmək, maarif və sənayeni yüksəltmək kimi ümumi faydalar da verirlər. Bizimkilər isə ancaq qarnını həşəratla doldurmaq, şansanetkaların kirli yubkalarını qoxulamaqdan başqa bir şey düşünməyiblər. Gözlə o səni də azdırmasın. Yoldaşlıq naminə belə adamlardan uzaq olmağını məsləhət görürəm.
Əşrəf Əhmədin otağından kefsiz çıxdı. Zəkinin iynəli sözlərini xatırladıqca nəşəsizliyi daha da artır, köksünü sıxmaqda olan sıxıntı və kədər onu narahat etməyə başlayırdı. O yalnız bu sözlərin həsəd və qəzəbdən irəli gəldiyinə hökm verməklə bir az təsəlli tapırdı. Nəşəsizliyini qaçırmaq üçün çarə axtarmağa başladı. Yanından keçən bir faytona oturub, tam iki saat Moskvanın ən gözəl küçələrini, meydançalarını dolaşdı. Avropa oteli qarşısında faytondan endi. Oteldə iki böyük otaq kirələdi. Yeməkdən sonra uzanıb axşama qədər yatdı. Oyanınca zəngi basdı. Hazır olan xidmətçiyə bir çox sifariş verdi. Xidmətçilər yemək masasını açıb, hazırlıq görməyə başladılar. Masa yeməklə və əlvan çiçəklərlə bəzəndi. Dörd-beş şansanetka və orkestr hazır oldu. Oyun və çalğı başlandı. İçki məclisi quruldu. Arası kəsilmədən yeməklər gətirildi. Məclis getdikcə şənləndi. Əşrəf gecəni səhərə qədər eyş və işrətlə keçirdi. O artıq Zəkinin sözlərini tamamilə unutmuş, dörd bir ətrafını almış şansanetkalar içərisində özünü bəxtiyar sanırdı. Deyir, gülür, əylənirdi. Səhərə yaxın məclis bitdikdən sonra günortaya qədər yatdı. Oyandıqdan sonra qəlyanaltı edib, oteldən çıxdı. Küçəyə çıxınca hara gedəcəyini təyin edə bilmədi. Vücudunda əzici bir yorğunluq, əsəblərində acı gərginlik vardı. Bu hal ona Zəkinin: “Əyyaşlığın sonu yorğunluq və səfalət, səfalətin sonu isə heçlik və fəlakətdir” sözünü xatırlatdı. O indi bir az Zəkiyə haqq verməyə başladı, dodaqaltı: “Bu da həyatmıdır?” – deyə mırıldandı.
Ağamürsəl səfalətin uçurumlarında yuvarlanır, onun çıxılmaz, yorucu bataqlığında əl-qol atırdı. Əyyaşlıq onu əsəbiləşdirir, bədbinləşdirir, həyat və sərvət nəzərində öz əhəmiyyətini itirməyə başlayırdı. Günlər, saatlar ona uzun və yorucu görünürdü. Həyatda onu sevindirəcək bir şey yox idi. Hər şey ona qaranlıq, hər şey ona şübhəli və dumanlı görünürdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-esrimizin-qehremanlari-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tülkü tələsik qaçırdı. Bir dovşan onu görüb soruşdu:– Tülkü qardaş, nə var? Nə olub?
Hacıleylək və sərçəBir Hacıleylək çinar ağacının ən yuxarı budağında yuva tikmişdi. Bir sərçə də həmin yuvanın altında məskən salmışdı. Bir gün hacıleylək sərçəyə dedi:– Qonşu, sən mənim yuvamın kölgəsində yaşayırsan, mən olmasam günəş səni və balalarını yandırıb kül edər. Sərçə cavab verdi:
Tülkü və dəvəBir tülkü gedənlər hinə girib kəndin toyuq-xoruzunu yeyirdi. Kənd əhli bu tülkünün əlindən təngə gəlmişdi. Nə qədər çalışırdılar, onu tuta bilmirdilər.Bir gün həmin kəndin dəvələrindən biri otlaya-otlaya kənddən uzaqlaşır. Doyduqdan sonra dincəlmək üçün bir baş tülkünün yuvasının ağzında uzanır. Özü bilmədən elə uzanır ki, quyruğu yuvanın ağzına düşür. Tülkü dəvəni görüb çox şad olur, öz-özünə düşünür: “Bu ovu mənə baxtım gətirib, quyruğundan tutub bu dəvəni yuvama çəkərəm, sonra da düz bir ay ləzzət ilə yeyərəm”.
Dəvə, tülkü və qurdBir kəndli dəvəni o qədər işlətmişdi ki, bir dəri, bir sümük qalmışdı. Dəvənin işləməyə artıq taqəti yox idi. Ona görə də kəndli dəvəni səhrada buraxıb getdi. Dəvədə nə tərpənməyə, nə də yeməyə hal var idi. Dəvəni bu vəziyyətdə görən tülkü ona yaxınlaşdı:– Dəvə baba, bu səhrada tək başına nə edirsən? Nə üçün bu qədər zəifləmisən?
Стихи других поэтов
Qadir Allah birliyini sevirsən,Yetər gələn bir dəvayə dərdimi,
GözəlinGözü bademdir, gərdəni mina,Şüşədəndir sol-sağı gözəlin.
Nigârâ la'l-i lebün benzedür isem kandaNigârâ la'l-i lebün benzedür isem kandaHatâ ola ki şeker kanda ola ol kanda
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.