Страница 4 из 7 · 43%

Sənin xoşbəxt həmşirən Sitarə.

Sevgili qardaşım!

Məktubunuzu aldım. Fəqət sonundakı: “Baqi vicdanlarda mətanət, məsləklərdə davam və istiqamət” kəlmələri birər nəştər kimi bağrımı deşdi. Rica edirəm bəradər, bir daha o sevmədiyim kəlmələri yazmayasınız. Zira o kəlmələr qəlbimi ümqündə çox qərib, çox qorxunc düşüncələr oyadır. Artıq o vicdan dediyiniz şey üzərimə vulkan kimi fışqıran dağ parçası kimi yuvarlanan atəşi-sevda içində parçalandı, məhv oldu. Nə yapım? Məcbur idim, başqa cür yapa bilməzdim, onu sevirdim, onu! Onun uğrunda bütün sərbəstliyimi, həyatımı, vicdanımı fəda etməkdən belə çəkinməyirəm. Ah sevda, sevda, nə qədər anlaşılmaz bir şey?! Bir zaman tülküsifətli, dovşan ürəkli bir adamı, qızmış aslan kimi, dağları, daşları dolaşdırır, bir zaman daha aslan ürəkli bir adamı tülkü kimi qurnazlıqlara, alçaqlıqlara endirir...

Əlavə, indisə mən həyata başqa cür baxmağa başladım. İçində yaşadığımız aləm bir mübarizəyi-həyat deyilmi? Hər kəs öz məsudiyyəti üçün əlləşmək, vuruşmaq, özünü təhlükələrə ilqa etmək bədəvi-xilqətdən bu anə qədər təbiətin xəlq etdiyi bir gücdən başqa deyil də nədir? Belə isə mən nə üçün yapmayayım? Bir dəfə belə olursa bəxtimi imtahan etməyəyim? Mənim bu fikrimə, siz mütləq inad edəcəksiniz və bir daha “eqoist” deyə nam verəcəksiniz. Hər nə deyirsiniz deyiniz, fəqət mən bu tutduğum yolu buraxmayacağam. Nəhayətinə qədər gedəcəyəm. Bu yol məni nereyə çıxarırsa çıxarsın. Bəsa olur ki, noşükuftə bir həyata yetirsin, bütün həyatımı səadətlə keçirməyə müvəffəq olum. İnanınız bəradər, bu yaşadığımız aləmdə zülm, rəhm yox kimidir. Yalnız bir güc var. Hər kəs güclü isə haqlı olur.

İndi beş gündür ki, sərbəst və azad bir quşam.

Zira artıq zövcəmlə qəti-əlaqə edərək, bilkülliyyə ayrıldıq. Əhvalatı sizə müfəssələn yazmaq, o qaranlıq və dəhşətli faciəni bir daha xatırlamaqla, həyatımı qaraltmaq istəməm. Bu qədər ki, indi bəxtiyaram. Yalnız onu düşünürəm, andan başqa fikrim yox.

Tam bir saat dünən pəncərələrinin önündə qonuşduq. Dəlicəsinə aşiq olduğum uzun kirpikləri arasındakı bayğın gözlərinə doyuncaya qədər baxdım. Usanclıqdan qızarmış, bozarmış bir halda ara-sıra sərin bir nəsim, tellərini üzümə, gözümə dağıdarkan, mini-mini bəmbəyaz əlləri ilə tellərini toplayaraq üzümə bir nəzəri-dilfiribanə fırladırkən ruhumu bir maqnit kimi çəkirdi. Ara-sıra onunla məhəbbətdən danışarkan, məhcub bir əda ilə qızarmış yanaqlarını tunbul-tunbul əllərilə qapayaraq, kiçik barmaqları arasından baxırdı. Ah, əlləri belə nə qədər gözəl, sevimli, oxşamlı, tumbul-tumbul, bəmbəyaz, bir atlas parçası kimi. Üzərindəki kiçik-kiçik çuxurcığazlar gözəlliyini bir qat daha artırmışdı...

Cavad

Rəmziyyə xanım!

Bəxtiyarlığın ilk şəfəqinə qarşı bir bənəfşə kimi, yenicə açılmağa başlayan şükufəyi-həyatım bu gün yenə də ürəyimin ümqündən qopan bir fəryadi-dilxiraşilə qaralmağa və sərsəri-xunü ələmlə solmaqla, məhv olmağa başladı. O günkü gözlərimi qamaşdıran şüa, bir möhtəzirin son nəfəsində üzünü saran müvəqqəti, aldadıcı nurdan başqa bir şey deyilmiş!.. Ah, bu həyat nə qədər anlaşılmaz bir şey! Dünənki şadilər, xəndələr, qəhqəhələr, bu günkü fəryad, ələm, xələcan, həp nədən?

Həmşirə canım! Əyər dünən orada vüqu bulan şiddətli dramanı görsəydiniz, mütləq bir çocuq kimi bağırıb ağlardınız.

Axşam üzəri, saat beş radələrində idi. Hənuz bəxtiyar idim. Qaryolamda uzanıb gözlərim bir nöqtəyə dikilmiş olduğu halda onu düşünür, onunla qonuşur, onunla sevişirdim. Gözlərimi qapadıqca, solğun bətbənizi ilə önümdə mücəssəm olaraq: “Xanım əfəndim, bilsəniz sizi nə qədər sevirəm? Ruhum qədər, canım qədər”, – deyə yorğun gözlərini qırpmaqsızın üzümə dikərək dururdu. O rəngsiz dodaqlarından tökülən atəşin kəlmələr, qulaqlarımın ucunda bir musiqi telləri kimi ruhumu oxşamaqda idi. Çox şən, çox bəxtiyar idim. Birdən-birə bir hissi-məchuldən dimdik qalxdım. Ümumi otağa qoşdum, nə görürəm? Nazik, gənc bir qadın ağlamaqdan nəfəsi tıxanmış, hıçqıra-hıçqıra bir para anlaşılmaz şeylər söyləyirdi. Anlaya bilmədim. Bir sandaliya üzərinə oturdum. Üç, dörd radələrində bir qız çocuğu zavallı qadının umuzuna dirsəklənərək iri gözlərini anasının üzünə dikib dalğın-dalğın baxırdı. Gözlərimi o məsum qızcığazdan götürməz oldum. Zira bilsəniz Cavada nə qədər şəbahəti var idi.

Fəqət, içəri girməmdən odanı ağır bir sükut qapladığından pozuldum. Anam da dalğın, çox darğın idi. Qaşlarının ucları aşağıya doğru şiddətlə əyilmiş, alnını, üzünü gözlərinin içinədək bir rəngi-zəfərani almış, ara-sıra gizli-gizli qəlbinin ümqündən fışqıran seylabi-hiddətdən üzündə kölgə kimi qaranlıq dumanlar uçuşurdu. Onların belə vəzindən artıq mən də darılmış və dolmuşdum. Qapı ucundan xalanın etdiyi kəskin bir işarətdən, dərhal dışarı fırladım. Artıq gözlərimdən atəşin damlalar yuvarlanmağa başlamışdı. Özümü zəbt edə bilmədim. Biixtiyar xalanın boynuna sarıldım. Sıxı-sıxı qucaqlayaraq hönkür-hönkür ağladım. Zavallı qadın çox mütəəssir olaraq: “Gözəl qızım, Allah eşqinə toxta, toxta”, – deyə yalvarmağa, təsəlliyə çalışırdı. Artıq bir az özümü toplayaraq sofanın üzərinə oturdum. Xala da yanıma oturaraq, əllərimi əlləri içində oxşamağa başlamışdı. Birdən-birə: “Bax, qızım, görürsən, tanımadığı bir adamla sevda yapmaq, insanı nə fəna nəticələrə sövq edir? Mən zatən həman gün Cavadın mütəəhhil olduğunu bildim. Həqiqət, bu gün bu zavallının halına acıdım. Cavad bəy çox mürvətsiz bir şey yapmış, hələ bu mini-mini məsum yavrusu nə?” – sözlərini bitirər-bitirməz, bilməm necə bir can kimi hayqırmışam: “Ah, necə? Cavad evlimi?”. Sadə qadın məni işdən müxbir sanırmış. İndi isə şaşalamış, özünü şaşırmış bir halda: “Qızım, mən zənn ilə söylərəm, zənn əksərən xəta bulur. Olur ki, onun zövcəsi olmasın. Mən, anan bilərəm də bu gün doğrusunu sənə söylərəm” dedi. Fəqət heyhat! Bu sözləri təqib, qəlbimin ümqündən qopan bir səyihədən durduğum yerdə bayılmış, getmişəm. Bir daha başım üzərində zavallı anacığım ağlaya-ağlaya: “Qızım, qızım Sitarə, məni öldürmə..” – deyən xələcanlı sədasından gözlərimi açdım. Artıq axşam olmuş, mumlar yanmış, bəxtim kimi hər yeri həzin bir qaranlıq istila etmişdi. Gecəni çox narahat keçirdim; zatən uyuya bilmədim. Mühkiməyi-vicdan hər an məni ağır-ağır zəncirlər altında boğur, ruhu xırpalayır, çox qorxunc, çox müdhiş uçurumlara doğru sürükləyir.

Ah, yarəb, bunca cəzalara müstəhəqqmiyəm? Bu fənalıqlara səbəb mənmi oldum? O zavallı qadının yuvasını mənmi dağıtdım? O məsud ürəyi mənmi parçaladım? Məhəbbətlə bərkimiş iki qəlbi bir-birlərindən mənmi ayırdım? Hələ o, məsum yavrusunun, ah, ah, o nazik dalın elə solğun-dolğunluğuna səbəb mənmi oldum? Bu acı suallar üzərində bütün-bütünə şaşırırdım. Özümü aldatmaq, vicdanımı ləkədar etmək kimi vəsilələrə qalxışaraq, mütərəddidanə başımı sallayarkən, dodaqlarımdan bir daha yavaşca “mənmi?” sualı çıxar-çıxmaz içimdən: “Əvət, sən! Sən!” – deyə müdhiş bir səda bütün əndamımı rəşədar edir. Qəlbimdə müdhiş uçurumlar, fəlakətlər doğurur. Ah, vicdan əzabı nə qədər acı, nə qədər müdhiş!

Nəhayət, bir şeyə qərar verməli idim. Bu gün Cavad bəyə bir məktub yazdım. Mənimlə bir daha görüşməmək şərtilə, Allah eşqinə, o zavallı qadını yenə sevmək, sevindirmək, parçalamış olduğumuz ürəyini yenidən təmir etmək kimi tövsiyələrdə bulundum. Ah, əgər sözümü tutacaq olursa, nə qədər sevinərdim. Artıq bu cəhənnəm əzabından qurtarıb da başımın çarəsini arardım. Hər halda həyat mənim üçün çox müdhiş görünür. Zira əgər öz məsudiyyətimi tutur, sevdiyim bir gəncin mənə doğru çəlipa kimi açılmış qolları arasına atılır olursam mühit və vicdan məni boğacaq olur. Əgər bu dörd divar arasında onu düşünərək sarala-sarala atəşi-sevda içində əbədiyyət üzərə yuvarlana-yuvarlana imrari-həyat edərsəm, bu daha güc, çəkəməm. Zira Cavadı çox sevirəm. İndi artıq onu görə bilmirəm, ondan nifrət edirəm, fəqət yenə də sevirəm, nə yapayım? Yox, yox, ondan ayrı yaşamaq, onu görməmək... Of, yenə çıldırıram... Bu qədər ki, həmşirəciyəzim, böyük bir şeyə qərar verəcəyəm.

Sitarə

Bəradərim, nəhayət hiss etdiyim o müdhiş bir fəlakət məni qarşılamağa, önümdə dərin-dərin uçurumlar açmağa başladı. Dünən Sitarədən məktub aldım. Zövcəm onlarda imiş. Ağlamış, sıtqamış, əhvalatı tamam anlatmışdır. Zavallı qıza bu faciə çox təsir etmişdir. Baxınız nə yazır: “Bəy əfəndi, daha dünən, ah o bəxtiyar olduğum, dünyalara sığmadığım gün, pəncərəmizin önündə bir kanareya kimi şaqır-şaqır ötərək: “Gözəl Sitarəm, indiyədək, sizinlə mükaliməyə girişməyə vicdanca haqlı deyil idim, zira bir səbəb var idi”, – söylədiyiniz cümlələr mənim üçün bilsəniz nə qədər mübhəm, nə qədər qaranlıq idi. Gecəni bu səbəbin nədən ibarət olduğu yolda düşündüm. Başımı yordum, anlaya bilmədim. Nəhayət, o söylədiyiniz səbəb bu gün meydana çıxdı, anladıq. Üç sənəlik bir rəfiqi-canı tərk etmək, bilməm nə böyük arzularla, ümidlərlə, sevə-sevə yenicə yapdığı yuvasını dağıtmamaq, başqasilə münaqişəyə girişməyə haqlıymısınız demək? Ey maşallah bəy əfəndi, bu bilicilik sizə neredən? Kaş ki, o erkəklərə məxsus bir istiqamət və vüqar ilə vicdanınızı hifz etməklə məni bu atəşin sevda içində o qədər yakaydınız, məhv oluncaya qədər. O mənim üçün çox güvara, çox qolay idi. İndi əzizim, mən eşqimi, bu zavallı qadına fəda etdim. Rica edirəm, siz də, siz də elə yapınız, rica edirəm. Yenə də zavallı zövcənizlə birləşərək, məni bu cəhənnəm əzabından qurtarınız! Uf! Bilsən məni nə dərəcədə sevindirəcək olursunuz. Artıq mühakiməyivicdaniyyədən qurtarıb başımın çarasını araram.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов