Страница 6 из 7 · 71%

– Məni buradan götürünüz.

– Nereyə?

– Nereyə olursa, uzaq, çox uzaq, hicra bir guşəyə, heç olmazsa köyumüzə...

– Çox gözəl qızım, zatən indi köyümüzün gözəl vaxtıdır. Bir az gec olmuş olsa da, yenə bir-iki ay qala bilərik.

– Yox xala, bir daha qayıtmamaq şərtilə gedəlim.

– Qızım!

– Nə deyəcəyinizi bilirəm. Heç bir üzrünüzü qəbul edə bilməyəcəyəm. Zira burada qalmaq qüvvəmdən xaric bir şey olduğunu bir kərrə düşününüz. Burada qalarsam mütləq özümü intihar edəcəym. Əgər mənim həyatımı təmin etmək istərsəniz, belə yapmalısınız, yoxsa!..

Zavallı qadın sallandı. Bir qədər tərəddüddən sonra: “Çox gözəl qızım, sən kədərlənmə, ananla bu gün qonuşaram, mütləq riza verəcək” deyə bir az daha məni dadlı dillərlə oxşadıqdan sonra qalxıb getdi.

Macəranı validəmə söyləmiş, zavallı qadın rizadan başqa çara bula bilməmişdi. Artıq dediyim kimi oldu.

İndi bir aydır köyümüzdəyəm. Əvvəlləri çox fəna keçirdi. Bir tərəfdən yalqızlıq, o biri tərəfdən də xəzanın həzin və dumanlı havası ələm və kədərimi bir qat daha artırırdı. Özümü məşğul etmək fikrilə götürdüyüm kitabları bir neçə kərrə oxudum. Lakin heç bir şey məni məhzuz və məşğul etməyəcəyini anladım. Nəhayət bilirmisən nə yapdım? Köy qızlarını bir odaya toplayaraq dərs verirəm. İndilik müəllimlik kimi böyük bir vəzifəni daşımaqla xoşnudam. Ah, bilsəniz bu köy əhlinin halı nə qədər mənə kədərlərimi unutdurmuş. Minlərcə bu qaranlıq və cəhalətin təhlükəli uçurumuna doğru yuvarlanan zavallıların istiqbalını düşünürəm.

İndilik bu fikirlərlə bütün-bütünə məşğul olduğuma çox şadam. Lakin onu da unutmayıram. Sevda bir qurd kimi qəlbimi yeyir, soldurur, saraldır. Hətta bu günlərdə quru bir öskürər məni yaxalamış. Arabir, axşamları isidirəm də... Xudahafiz!

Sitarə

Qardaşım Ağa, qaşqabaqlı Ağa, bilik yayan oğluna! Az gəldim, üz gəldim dağlar aşdım, dərələr keçdim. Məngilis dedikləri cənnətin ən gözəl parçası olan yerə yetişdim. Yox, mən Məngilis səfərimi müfəssəl yazmağı sizə söz vermişdim. Elə isə başdan başlayım. İyun ayının 9-da saat 2-də haman gün əşyaları toplayıb Bakı stansiyasına getdim. Zor-güc ikinci klasa Tiflisə bilet buldum. Əşyalarımı götürüb bir kupeyə oturdum. Yoldaşlarım bir nəfər cavan əfsər, bir ixtiyar rus sahibmənsəblərindən, bir də cavan bir yəhudi idi. Hacıqabul stansiyasına qədər çox sıxıntılı keçdi. Arabir ixtiyar rus ki, olduqca xoşsima və şux bir zat idi, əfsər ilə şirin söhbətlər edib dadlı lətifələr söyləməklə bir qədər ruhumuzu oxşayırdı. Fikrim Hacıqabul stansiyasında bir çaynik qaynar su alıb içdikdən sonra yatmaq idi. Qatar dayandı. Hacıqabula çatmışdıq. Çayniki götürüb stansiyaya çıxar-çıxmaz əziz dostlarımdan birilə görüşdüm. Elə şirin söhbətə girişdik ki, bir də üçüncü zəng çalındığını gördüm. Məcburən hər ikimiz ayrılıb vaqona atıldıq. Kupeyə girincə ixtiyar çaynikimi boş görüb: “Aha, qaynar su bulmadın? Elə isə gəl mən səni bir stəkan çaya qonaq edim” və cavaba macal verməyərək pəncərənin önündəki kiçik masa üzərinə qoyduğum stəkanımı götürüb doldurdu. Mən izhari-təşəkkür edərək stəkanı aldım. İxtiyar mənim nereyə getdiyimi və kim olduğumu sordu. Mən də bildiyimi söylədim. Sonra İran və Osmanlıda hürriyyət uğrunda olan fədakarlıqlardan sözə başladı və İranın halına təəssüflər yağdırdı. Mən: “Qanuni-təbiətə görə hürriyyət məsələsi İranda baş qaldırması zənnimcə hənuz tez idi. Zira ki, camaat hazır deyil idi. Hürriyyət nə olduğunu anlamamışlardı” deyincə, qoca bir qədər sallandı, düşündü. Sonra kiçik gözlərini yumaraq, yaşlı və ağappaq başını sürətlə titrədərək dedi ki: “Yox, bu xüsusda mən sizinlə əsla həmfikir ola bilmərəm. Zira ki, hürriyyət heç bir zaman heç millət üçün gec və tez ola bilməz!” Sonra iri, ağ qaşları altındakı sönük və kiçik gözlərində, qalın dodaqlarında bir təbəssüm zahir olaraq əlavə etdi ki: “Əzizim, insanın bəxti gətirəndə hər kəs: “Bax, flankəs nə qoçaq və ağıllı adamdır”, bəxt döndükdə hər kəs ondan üz döndərib: “Axmaqdır, nadandır” deyə onu tənqidə, təhqirə başlarlar. Bax, uzağa getməyəlim, mənim bir qaynım var. Bir zaman onun əli də gətirirdi, ayağı da. Gözəl və mədaxilli qulluğu var idi. Var-dövlət dolu kimi üstünə tökülürdü. Hər zaman bizə gəldikdə bilməzdim ki, nə tövr ona hörmət edim ki, narazı qalmasın və özünü də çox-çox sevərdim. Mən o zaman ondan ağıllı, ondan sevimli və gözəl yoxdur deyərdim. Vaxt oldu ki, xidmətdən çıxarıldı. Qazandıqlarını yeyib qurtardı, başqa bir qulluq da olmadı. Labüd bizə pənah gətirdi. İndi tamam iki ildir ki, həm özünü, həm əyalını bəsləyirəm. İnanız ki, indi mənim nəzərimdə ondan alçaq, ondan axmaq təsəvvürə gətirə bilmirəm. Hətta mənimlə arabir söz söyləyəndə sözünü kəsib durmaq istəyirəm. Onun hər rəftarı, hər hərəkəti mənə naxoş gəlir. Bir zaman mən də qulluqsuz qalmışam. Qulluqsuzluğun, əliboşluğun acılığını lazımınca dadmışam. Odur ki, məcbur olaraq ona bir tövr xoş üz göstərirəm. Yoxsa onu heç görməyə gözüm yoxdur. Halbuki, bu haman adamdır ki, bir zaman onu gördükdə başım ayaqlarım altında itirdi. İndi nə oldu? Bəxti döndü, ulduzu söndü. Artıq bir şey yox. Bax, əyər İran hürriyyət aldıqdan sonra gündən-günə işləri tərəqqiyə başlasaydı, hər kəs: “Bah nə qoçaq və istedadlı xalqdır” deyə təriflərini göylərə çıxarmışlardı.

Mən çayımı içib qurtardım, amma qoca sözünü tamam etməmişdi ki, bir cavan qız kupemizin yanından içəri baxaraq: “Boş yer yoxmu?” deyə sordu. Cavan əfsər ki, o biri pəncərənin önündə durmuşdu, dərhal: “Xayır xanım əfəndi, boş yer yoxdur, lakin əyər layiq görsəniz, mən öz yerimi sizə verə bilərəm” dedi. Həm də bu sözləri elə ciddi söylədi ki, biçarə qız önündə kiçilərək incə və lətif bir səslə: “Bəs siz?” deyə bildi. “Mən hər yerdə özümə yer taparam. Biz hər bir soyuq-istini dadmış, qışın ən şiddətli günlərində çadırsız, komasız boz qarların üstündə gecələmiş adamlarıq. Buyurun, xanım əfəndi... Bax, bu mənim yerimdir, sizə təqdim edirəm” dedi. Qız daha məhcub bir tövr alaraq gül yanağı qədər nazik, incə dodaqlarından: “Mersi, çox razıyam” kəlmələrini o qədər dadlı bir şivə ilə axıtdı ki, əfsər o nazşivənin altında əzilərək az qaldı ki, əriyib mənim günümə düşsün, hətta qonşum qoca rusda da bir hissi-aşiqanə oyandı, gözlərində bir parlaqlıq, üzündə bir aydınlıq doğdu. Özünü bir az doğruldaraq: “Xanım qız, sizə bir stəkan çay təklif etmək olarmı?” deyə soyuq və köhnə canı ilə Yusif bazarına çıxmaq istədi. Qız qaşlarını əyərək, dodaqlarını bükərək nazik bir şivə ilə: “Mersi, mən bu dəqiqə çay içdim” deyə cavab verdi.

Gecə yarıdan keçmişdi. Qoca əşyalarını cəm edib yuxarı çıxıb şirin-şirin yatdı. Mənim üstümdə də cavan yəhudi çoxdan xornasını başlamışdı. Mən də yerimi hazırlayıb yatmağa amadə oldum. Amma unutma ki, mənimlə bu qarşıda haman qız yatacaqdı ha! Qız hənuz yatmayır, dışarıda o biri pəncərə önündə əfsərlə şirin söhbətə girişmişdi. Hətta bir neçə kərrə əfsər gedib yatmağı qıza təklif etdi. Qız cavabında: “Mənim yuxum gəlməyir əfəndim, yoxsa sizi rahatsız edirəm?” deyə cavab verincə, əfsər: “Xayır, xanım, mənim üçün çox xoşdur”; kəlmələri bir ildırım kimi qulaqlarımın ucunda partlayır. Nə isə, hər ikisi ta səhərədək yatmadı. Mənim də yatmadığımı zatən anlayacaqsınız. İzharə hacət yox. Qəhqəhə, fısıltılar ilə məni də rahatsız etdilər, əsəblərimi həyəcana gətirdilər. Mən isə qardaşım, nə yatdığımı bilirəm, nə yatmadığımı. Aman o gecədən!..

Tiflisə gəldik. Gecə bir oteldə keçindim. Səhər saat 9-da bilet alıb dilcana oturdum. Aman, o nə? Bir də yanıma on dörd, on beş illik bahar görmüş bir qız oturmasını gördüm. Bir kərrə üzünə baxdım. Ah, yarəb! O mavi gözlərin içində nə qüvvətlər yaranmış?! Bir maqnitizm kürəsi kimi insanı biixtiyar özünə tərəf çəkir. Hələ o sol tərəfindəki şişman və boynu biçimsiz bu qadın nə? Bu, pərimizin validəsimi? Heç inana bilmədim. Sıxı-sıxı başını bu qadının çiyninə dayayıb: “Mama”, – deyə səsləndikdən sonra anası olduğunu bildim. Bu da qərayib. Divdən pəri, şeytandan mələk doğduğunu görməmişdim, onu da öyrəndim. Düdək çalındı, dilcan yola düşdü. Yavaş-yavaş Tiflisin bitməz-tükənməz dağlarını dırmanmağa başladıq. Uca dağları, qorxulu mənzərələri göstərir və qüdrətin yaratdığı o gözəlliklərin o fövqəladəliyinə heyran olur kimi üzündə, gözündə bir heyrət nuru parlayır. Mən isə böyür-böyürə oturan təbiətin bitirdiyi bu canlı çiçəyin seyr və tamaşasına məftun olaraq, ustadının nə qədər sənətkar olduğuna afərinlər, təhsinlər və heyrətlər yağdırırdım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов